Məhkəmə qərarları › İş №2-1(118)-1206/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1206/2024

28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1206/2024 28.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin imtinasını əsassız hesab etməklə, ona xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixə kimi olan dövr üçün (2 il 07 ay müdddətə) aylıq kirayə haqqı 300 manat məbləği üzrə hesablanmaqla kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin imtinasını əsassız hesab etməklə, ona xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixə kimi olan dövr üçün (2 il 07 ay müdddətə) aylıq kirayə haqqı 300 manat məbləği üzrə hesablanmaqla kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2002-ci ildən xx.xx.2020-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddəidən artıq həqiqi hərbi xidmət keçmiş və AR MN-nin N saylı hərbi hissə Komandirinin xx.xx.2020-ci il tarixli Əmrinə əsasən (xəstəliyə görə) AR Silahlı Qüvvələrindən ehtiyyata buraxılmışdır. xx.xx.2020-ci il tarixdə AR SHXÇX-nin Sumqayıt şəhər İdarəsində hərbi uçota alınmış və Sumqayıt şəhər İcra hakimiyyətinə müraciət edərək mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Lakin cavabdeh onu mənzil növbəsinə götürməkdən imtina etdiyi üçün o, iddia ərizəsi ilə Sumqayıt İnzibati məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli 2- 1(118)-2678/2022 saylı Qərarı ilə onun iddia təlləbi təmin olunmuş, icra edilməsi üçün cavabdehə göndərilmiş və o, Sumqayıt şəhər İcra hakimiyyəti Başçısının 141 saylı 13 mart2023-cü il tarixli Sərəncamı ilə yaşayış yeri üzrə mənzil növbəsinə alınmış və həmin tarixdən mənzil kirayə haqqı ilə təmin olunmuşdur. O, xx.xx.2020-ci ildə Sumqayıt şəhər SHXÇX-də uçota alınmış və bu tarixdən də mənzil növbəsinə götürülməsi barədə müraciət etməsinə baxmayaraq, cavabdeh onu vaxtında mənzil növbəsinə götürməmiş, hüququ yarandığı vaxtdan 2 il 7 ay sonra o, mənzil növbəsinə götürülmüşdür. Belə hesab edir ki, onun vaxtında mənzil növbəsinə götürülməməsi cavabdehin təqsiri üzündən olmuş, buna görə də cavabdeh ona həmin 2 il 7 ay üçün aylıq kirayə haqqı həcmində kompensasiya ödəməlidir. O, bununla bağlı cavabdehə müraciət etmiş, lakin ona ünvanlanan 31,07.2023cü il tarixli məktubla cavabdeh bundan imtina etmişdir. Cavabdehin bu imtinası tam əsassızdır, ona görə də hesab edir ki, onun bu hərəkətləri qanunsuz hesab edilməli və 2 il 07 ay üçün aylıq kirayə haqqı həcmində kompensasiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Əvvəlki şifahi məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya etirazında qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş çavuş İddiaçı 212 nömrəli Hərbi Hissə komandirinin xx.xx.2020ci il tarixli 063 əç nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında ” Əsasnamənin 156-cı maddəsinin V bəndinə əsasən (xəstəliyə görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı mənzil uçotuna alınması ilə əlaqədar təqdim etdiyi sənədlər araşdırılmış, müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən özünün və arvadı X1 Yardımlı rayonunun Alçabulaq və Masallı rayonunun Rudəkənar kəndində (ümumbirgə mülkiyyətdə olan) kənd təsərrüfatı torpaq sahələri, o cümlədən, Masallı rayonu, Rudəkənar kəndində Ülkər İsmayılovanın adına (6 nəfərlə ümumbirgə) 0,0600 həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Ailənin mülkiyyətində həyətyanı torpaq sahəsinin olması səbəbdən və mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq İddiaçı mənzil uçotuna alınması barədə müraciətinə imtina verilmişdir. İddiaçı daha sonra təqdim etdiyi xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrinin arayışından məlum olmuşdur ki, 06,00 ha (6 nəfərlə ümumbirgə) həyətyanı torpaq sahəsi özgəninkiləşdirilmişdir. Belə olan halda Mirzə Mİrzəyeyin yenidən müraciəti əsasında o, xx.xx.2023-cü il tarixdə mənzil uçotuna alınmış və ona mənzil kirayə xərci ödənilməsi təmin edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2678/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı; Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 141 saylı, 13 mart 2023-cü il tarixli sərəncamı; Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 31 iyul 2023-cü il tarixli məktubu və digər sənədlər daxildirlər.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan cavabdeh inzibati orqanın onun təmin edilməsindən imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-2678/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı 15 ildən artıq xidmət etmiş və xəstəliyə görə ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil uçotuna götürülməsi öhdəliyinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 141 saylı, 13 mart 2023-cü il tarixli sərəncamı ilə İddiaçı 5 nəfərdən ibarət ailə üzvü yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. İddiaçı bundan sonra cavabdeh orqana müraciət edərək, onun mənzil uçotuna alındığı tarixədək, xx.xx.2023-cü il tarixə kimi olan dövr üçün (2 il 07 ay müdddətə) aylıq kirayə haqqı 300 manat məbləği üzrə hesablanmaqla kompensasiyanın ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan isə özünün 31 iyul 2023cü il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” xx.xx.2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində – 55 manat. Həmin qərarın 2-ci bəndinə əsasən həmin qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. İstinad olunan normativ hüquqi aktda mənzil kirayəsi xərclərinin ödənilməsi məbləği, məsələn Sumqayıt şəhəri üçün bu məbləğin 100 manat təşkil etməsi, eləcə də mənzil kirayəsi xərclərinin ödənilməsi qaydasının yalnız nağdsız qaydada, yəni pul nişanlarından istifadə etmədən pul vəsaitlərinin bir bank hesabından digər bank hesabına köçürülməsi vasitəsilə həyata keçirilərək ödənilməsi qaydası nəzərdə tutulmuşdur. Yuxarıdakı qanunvericilik normasından göründüyü kimi, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi nəzərdə tutulmuşdur. İnzibati iş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 141 saylı, 13 mart 2023-cü il tarixli sərəncamından görünür ki, İddiaçı 5 nəfərdən ibarət ailə üzvü yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Belə olan halda isə yuxarıdakı qanunvericilik normalarına əsasən onun yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı tarixdən öncəki tarixlər üçün kompensasiya tələb etməsi əsassızdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır. İmtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin imtinasını əsassız hesab etməklə, ona xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixə kimi olan dövr üçün (2 il 07 ay müdddətə) aylıq kirayə haqqı 300 manat məbləği üzrə hesablanmaqla kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin imtinasını əsassız hesab etməklə, ona xx.xx.2020-ci ildən xx.xx.2023-cü il tarixə kimi olan dövr üçün (2 il 07 ay müdddətə) aylıq kirayə haqqı 300 manat məbləği üzrə hesablanmaqla kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar