Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1209/2021 30.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı "X1, Mirzəbabayev Çingiz Həsənoviçin, X3 və Mirzəbabayev Elxan Çingiz oğlunun mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq X1, Mirzəbabayev Çingiz Həsənoviçin, X3 və Mirzəbabayev Elxan Çingiz oğlunun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları və onların qeydiyyatda olduqları müddətdə məişət tullantıları ilə bağlı 37 manat borcun Mirzəbabayev Çingiz tərəfindən ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək X1, Mirzəbabayev Çingiz Həsənoviçin, X3 və Mirzəbabayev Elxan Çingiz oğlunun mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. X2, Mirzəbabayev Çingiz Həsənoviç, X7 və Mirzəbabayev Elxan Çingiz oğlu inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında onun mülkiyyətindədir. X4 onun qızı, Mirzəbabayev Çingiz Həsənoviç kürəkəni, X7 və Mirzəbabayev Elxan Çingiz oğlu onun nəvələridir. Qızı və ailəsi ailə qurduqları vaxtdan heç vaxt onun yanında yaşamamışlar. Yaşadıqları ev sənədsiz olduqdan onun evinə qeydiyata düşmüşlər. Onların özünə məxsus evdən qeydiyatdan çıxarılmaları ilə bağlı cavabehə müraciət etsə də, cavabdeh tərəfindən həmin şəxslərin qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin heç bir etirazı yoxdur. İddiaçı iddiasına dair qərar qəbul olunarsa tərəflərindən icra olunacaqdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X2 məhkəməyə təqdim etdiyi ərizədə və izahatında bildirdi ki, özlərinə məxsus evin sənədləri olmadığından, özü, əri və övladları, atasına məxsus mənzilə qeydiyyata düşmüşlər. İddia tələbini qəbul edir və ailə üzvlərinin, yəni həyat yoldaşı, övladları və onun qeydiyyatdan çıxarılmasına etiraz etmir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və üçüncü şəxs X2 gəlmiş, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X6, Mülkiyyət Hüquqularının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhər 4-cü mikrorayonda yerləşən 2/68 saylı evin 4 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, 04.05.2021-ci il tarixli və Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyinin 12 saylı Mənzil Kommunal sahəsinin 79 saylı, 23.07.2021 tarixli arayışlarından görünür ki, ünvan 1 ünvanında X2, Mirzəbabayev Çingiz Həsənoviç, X7 və Mirzəbabayev Elxan Çingiz oğlu qeydiyyatdadırlar. - X9 və X11 tərəfindən tərtib edilmiş və Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-X5 birliyinin 12 saylı Mənzil Kommunal sahəsi tərəfindən təsdiq edilmiş 03.05.2021-ci il tarixli aktda qeyd olunmuşdur ki, X2, Mirzəbabayev Çingiz Həsənoviç, X7 və Mirzəbabayev Elxan Çingiz oğlu ünvan 1 ünvanında qeydiyyatda olsalar da, 2000-ci ildən həmin ünvanda yaşamırlar. - Sumqayıt şəhər Polis İdarəsinin iddiaçıya ünvanladığı 19.05.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının X1, Mirzəbabayev Çingiz Həsənoviçin, X3 və Mirzəbabayev Elxan Çingiz oğlunun ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı müraciəti təmin edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhər 4-cü mikrorayonda yerləşən 2/68 saylı evin 4 saylı mənzili İddiaçı məxsusdur. Həmin mənzildə X2, Mirzəbabayev Çingiz Həsənoviç, X7 və Mirzəbabayev Elxan Çingiz oğlu da qeydiyyatdadırlar. Hazırki iş üzrə İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh orqanın 19.05.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslərin mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Eyni zamanda üçüncü şəxs X2 məhkəmə iclasında ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini və ailə üzvlərinin, yəni həyat yoldaşı, övladları və onun qeydiyyatda çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X1, Mirzəbabayev Çingiz Həsənoviçin, X3 və Mirzəbabayev Elxan Çingiz oğlunun ünvan 1 ünvanından qeydiyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. X1, Mirzəbabayev Çingiz Həsənoviçin, X3 və Mirzəbabayev Elxan Çingiz oğlunun ünvan 1 ünvanından qeydiyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1209/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1209/2021
30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver