Məhkəmə qərarları › İş №2-1(118)-1209/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1209/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1209/2022 29.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Şıxalıyev Daxil Mahmud oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Novxanı bağ massivi, 143 A ünvanında yerləşən 0.11 hektardan ibarət bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Şıxalıyev Daxil Mahmud oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Sumqayıt şəhəri, Novxanı bağ massivi, 143 A ünvanında yerləşən 0.11 hektardan ibarət bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Bağ Təsərrüfatı İdarəsi ilə onun arasında bağlanmış 12 iyul 2004-cü il tarixli 13661 saylı müqavilə ilə qanuni istifadəsində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 143 A ünvanında yerləşən 0.11 hektardan ibarət bağ torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın alınması barədə 18 dekabr 2021-ci il tarixli ərizə ilə Cavabdehnə müraciət etmişdir. Müraciətinə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədi - 12 iyul 2004-cü il tarixli 13661 saylı müqaviləni əlavə etmişdir. Lakin Cavabdeh torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatının aparılmasından 38 gündən sonra, yəni 19 yanvar 2022-ci il tarixli bildirişlə imtina etmişdir. Cavabdeh həmin imtina bildirişində qeyd etmişdir ki, ərizəyə əlavə olunmuş bağ sahələrinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə 12 iyul 2004-cü il tarixli 13661 saylı müqavilənin arxiv məlumatlarının araşdırılması zamanı müəyyən olunmuşdur ki, istifadəsində olan bağ sahəsi bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə 2305 nömrəli xx.xx.1981-ci il tarixli müqaviləsi əsasında X4 verilmiş 0.225 ha torpaq sahəsinin bir hissəsidir, lakin arxiv qovluğunda həmin torpaq sahəsinin bir hissəsinin ona verilməsi ilə bağlı hər hansı əlaqələndirici sənəd aşkar olunmamışdır. Bildirişdə həmçinin qeyd etmişlər ki, tərəfindən təqdim olunmuş xx.xx.2004-cü il tarixli müqavilənin verilməsinə əsas kimi qeyd olunan xx.xx.1996-cı il tarixli 435 nömrəli protokolun təsdiq olunmuş surətinin idarəyə təqdim olunması ilə bağlı Dövlət Arxivinin Sumqayıt Filialına sorğunun cavabı olaraq “Bağ torpaq sahələrinin icarəyə verilməsi, geri alınması qaydaları və şərtləri haqqında əsasnamənin təsdiq edilməsi barədə” Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1996-cı il tarixli 435 saylı ümumi sərəncamının təsdiq olunmuş surəti təqdim edilmişdir. Cavabdehin imtinası əsassızdır. Torpaq sahəsi yuxarıda qeyd edilən icarə müqaviləsi əsasında həmin müqavilədə qeyd olunan tarixdən onun istifadəsindədir və bu istifadə qanuni əsaslara söykənir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh orqanın imtinasının əsasını təşkil edən X1 ailə üzvləri tərəfindən tərtib edilən ərizələr - həmin torpaq sahəsinin vərəsəlik qaydasında hər kəsə çatan hissəsinin iddiaçıya satılması məqsədi ilə tərtib edilmiş, daha sonra isə torpağın yalnız müqavilə ilə iddiaçıya satılması qərara alındığından qeyd edilən ərizələrə ehtiyac qalmamışdır. Lakin, ərizələr məhv edilməmiş, arxivdə saxlanılmışdır. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı Şıxəliyev Daxil Mahmud oğlu Sumqayıt şəhəri, Novxanı bağ massivi, 143A ünvanda yerləşən torpaq sahəsi üzərində Şıxəliyev Daxil Mahmud oğlunun mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və plan ölçünün verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı əvvəlki müraciətin icrasından imtina edilmiş və **********34 nömrəli bildiriş məktubu göndərilmişdir. Həmçinin qeyd edilir ki, sözügedən torpaq sahəsi ilə bağlı arxiv məlumatları yenidən araşdırılmış və müəyyən olunmuşdur ki, “bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə" 2305 nömrəli, xx.xx.1981-ci il tarixli müqaviləsi əsasında X3 verilmiş 0.225 ha torpaq sahəsinin yarı hissəsinin icarədarın ailə üzvlərindən, arvadı - X6 verilməsi ilə bağlı oğlu - X7 tərəfindən və digər yarı hissəsinin isə oğlu- X5 verilməsi ilə bağlı arvadı-X8 tərəfindən xx.xx.2004-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə Sumqayıt şəhər İcra Hakimiyyətininin nəzdində olan Sumqayıt şəhər Bağ təsərrüfatı idarəsinə müraciət olunsa da, icarədarın ailə üzvləri ilə hər hansı müqavilə bağlanmamış və icarədarın gəlini X9 tərəfindən torpaq sahəsinin bir hissəsinin Şıxəliyev Daxil Mahmud oğlunun adına keçirilməsinə razılığı barədə xx.xx.2004-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə verilmişdir. Digər tərəfdən Şıxəliyev Daxil Mahmud oğlunun adına verilmiş “bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 13661 nömrəli, xx.xx.2004-cü il tarixli müqavilənin verilməsinə əsas kimi xx.xx.1996-cı il tarixli, 435 nömrəli protokol qeyd olunmuşdur. Bu səbəbdən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və plan ölçünün verilməsi ilə əlaqədar müraciətin icrası təmin edilə bilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya yazılı etirazla eyni məzmunlu izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 19 yanvar 2022-ci il və 30 mart 2022-ci il tarixli məktublarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının və X1 ailə üzvünün daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Bağ təsərrüfatı sahəsi ilə Şıxalıyev Daxil Mahmud oğlu arasında bağlanmış Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün 13661 nömrəli, 12 iyun 2004-cü il tarixli müqavilədən görünür ki, Şıxalıyev Daxil Mahmud oğluna Novxanı bağ massivi, 143 A ünvanında yerləşən 0,11 ha dan ibarət olan bağ torpaq sahəsi üzərində icarə hüququ verilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Sumqayıt şəhər İcra Hakimiyyətinin 19 iyun 1996-cı il tarixli 435 saylı sərəncamından görünür ki, bağ torpaq sahələrinin icarəyə verilməsi, geri alınması qaydaları və şərtləri haqqında Əsasnamənin təsdiq edilməsi qərara alınmış və həmin sərəncamın imzalanması ilə əlaqədar olaraq Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının “Sumqayıt şəhərində bağ sahələrinin icarəyə verilməsi üçün vətəndaşların qeydiyyata götürülməsi, bağ sahələrinin bölünməsi, sənədləşdirilməsi, bağ torpaq fondunda səmərəli istifadə edilməsi və bağ evi kirayəsində dəyişikliklər edilməsi haqqında” 1992-ci il 19 mart tarixli, 287 saylı sərəncamı öz qüvvəsini itirmiş hesab edilmişdir. - Məhkməyə sorğu əsasında daxil olmuş X9 tərəfindən, X7 tərəfindən verilmiş ərizələrdən görünür ki, Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Karvan yolu küçəsi 143 a saylı bağın Şixəliyev Daxil Mahmud oğluna satılmasına etiraz edilməmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı istehsalat İstismar birliyi tərəfindən verilmiş “Vətəndaşların istifadəsində olan bağ təsərrüfatının texniki pasportundan görünür ki, 13661 saylı müqavilə əsasında icarəyə verilmiş bağ təsərrüfatına dair iddiaçının adına texniki pasport tərtib edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Bağ təsərrüfatı sahəsi ilə Şıxalıyev Daxil Mahmud oğlu arasında bağlanmış Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün 13661 nömrəli, 12 iyun 2004-cü il tarixli müqavilədən görünür ki, Şıxalıyev Daxil Mahmud oğluna Novxanı bağ massivi, 143 A ünvanında yerləşən 0,11 ha dan ibarət olan bağ torpaq sahəsi üzərində icarə hüququ verilmişdir. İddiaçıya həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən imtinada və etirazda torpaq sahəsi üzərində hüququn qeydiyyata alınmasından imtinanın əsası kimi “bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə" 2305 nömrəli, xx.xx.1981-ci il tarixli müqaviləsi əsasında X3 verilmiş 0.225 ha torpaq sahəsinin yarı hissəsinin icarədarın ailə üzvlərindən, arvadı - X6 verilməsi ilə bağlı oğlu - X7 tərəfindən və digər yarı hissəsinin isə oğlu - X5 verilməsi ilə bağlı arvadı - X8 tərəfindən xx.xx.2004-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə Sumqayıt şəhər İcra Hakimiyyətininin nəzdində olan Sumqayıt şəhər Bağ təsərrüfatı idarəsinə müraciət olunsa da, icarədarın ailə üzvləri ilə hər-hansı müqavilə bağlanmadığı; icarədarın gəlini X9 tərəfindən torpaq sahəsinin bir hissəsinin Şıxəliyev Daxil Mahmud oğlunun adına keçirilməsinə razılığı barədə xx.xx.2004-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə verildiyi; digər tərəfdən Şıxəliyev Daxil Mahmud oğlunun adına verilmiş “bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi barədə” 13661 nömrəli, xx.xx.2004-cü il tarixli müqavilənin verilməsinə əsas kimi xx.xx.1996-cı il tarixli, 435 nömrəli protokol qeyd olunduğu göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0 və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırki işdə də iddiaçıya torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Bağ təsərrüfatı sahəsi ilə onun arasında bağlanmış Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün 13661 nömrəli, 12 iyun 2004-cü il tarixli müqavilə əsasında verilmişdir. İddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh İdarənin onun müraciətini rədd etməsini əsaslı hesab etmək olmaz. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçıya torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh orqan iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etdiyi bağ sahəsinə dair digər şəxslərin adına hər hansı bir sənədin, müqavilənin olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Etirazda qeyd olunan ərizələr isə həmin bağ torpaq sahəsinin digər şəxslərin icarəsinə verildiyini təsdiq etmir. Eyni zamanda həmin torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə əvvəlki icarədar olan, həmçinin etirazda qeyd olunmuş ərizəni verən X7 tərəfindən etiraz edilməmişdir. Buna dair ərizə iş materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 143 A ünvanında yerləşən 0.11 hektardan ibarət torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, Novxanı bağ massivi, 143 A ünvanında yerləşən 0.11 hektardan ibarət torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar