Məhkəmə qərarları › İş №2-1(118)-1210/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1210/2020

30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1210/2020 30.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı “onun xx.xx.1972-xx.xx.1974-cü illərdə 1 saylı Trestin 18 saylı Tikinti İdarəsində 2-ci dərəcəli dülgər vəzifəsində, xx.xx.1974xx.xx.1976-cı illərdə Sovet Ordusunda xidmətini, xx.xx.1976-cı ildə 1 saylı Trestin 18 saylı Tikinti İdarəsində fəhlə kimi xx.xx.1982-ci ilə kimi, xx.xx.1983-xx.xx.1985-ci illərdə Azərbaycan Dəmir Yolları Bakı Vaqon DEPO-da sərnişindaşıma vaqonunda bələdçi, xx.xx.1986-cı il tarixdən-xx.xx.1987- ci il tarixə kimi 1 saylı Trestin 11 saylı X2 3-cü dərəcəli asfalt-betonçu, xx.xx.1988-ci il tarixdən-xx.xx.1988-ci il tarixə kimi Sumqayıt “Yaşıllaşdırma” gülçülük İdarəsində 2-ci dərəcəli bağban-fəhlə, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixə kimi MPMK 23 saylı Trestin “Aqrarsənayetikinti-2”-də 3-cü dərəcəli dülgər, xx.xx.1989-cu il tarixdən-xx.xx.1989-cu il tarixə kimi Sumqayıt Sanitar təşviqat Evində rəssam, xx.xx.1989-cu il tarixdən-xx.xx.1990-cı il tarixə kimi Sumqayıt “Azneftkimyazavodtəmir”in İxtisaslaşdırılmış təmir-mexanizasiya sahəsində 2-ci dərəcəli fəhlə, xx.xx.1990-cı il tarixdən-xx.xx.1996-cı il tarixə kimi Azərbaycan Respublikası DİNnin Sumqayıt şəhər Daxili İşlər Şöbəsi nəzdində mühafizə bölməsində mühafizəçi, xx.xx.1996-cı il tarixdən-xx.xx.2006-cı ilə kimi kimi X1 İdarəsində 6-cı dərəcəli avtomobil təmiri üzrə çilingər, xx.xx.2006-cı il tarixdən-xx.xx.2009-cu il tarixə kimi “xxxx” firmasının Mexanizasiya sahəsində 6-cı dərəcəli avtomobil təmiri çilingəri kimi işlədiyi müddətlərin ümumi iş stajı kimi sosial sığorta stajına daxil edərək ona 64 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı xx.xx.1955-ci ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuş, hal-hazırda, yuxanda göstərilən ünvanda yaşayır. O, xx.xx.1972-xx.xx.1974-cü illərdə Sumqayıt şəhərində əmək fəaliyyətinə başlayaraq 1 saylı Trestin 18 saylı Tikinti İdarəsində 2-ci dərəcəli dülgər vəzifəsində işləmiş, xx.xx.1974-xx.xx.1976-cı illərdə Sovet Ordusunda xidmət etmiş, xx.xx.1976-cı ildə 1 saylı Trestin 18 saylı Tikinti İdarəsində işə başlayaraq xx.xx.1976-cı ildən 3-cü dərəcəli dülgər vəzifəsində işləmiş, xx.xx.1979-cu ildə həmin müəssisədə 2-ci peşə-bənna sənəti üzrə 4-cü dərəcə almış və xx.xx.1982-ci ildə öz xahişi ilə işdən azad olmuş, xx.xx.1983-xx.xx.1985-ci illərdə Azərbaycan Dəmir Yolları Bakı Vaqon DEPO-da sərnişindaşıma vaqonunda bələdçi vəzifəsində işləmiş, xx.xx.1986cı il tarixdən-xx.xx.1987-ci il tarixə kimi 1 saylı Trestin 11 saylı X2 3-cü dərəcəli asfaltbetonçu vəzifəsində işləmiş, xx.xx.1988-ci il tarixdən-xx.xx.1988-ci il tarixə kimi Sumqayıt “Yaşıllaşdırma” gülçülülük İdarəsində 2-ci dərəcəli bağban-fəhlə vəzifəsində işləmişəm. xx.xx.1988-ci il tarixdən- xx.xx.1988-ci il tarixə kimi MPMK 23 saylı Trestin “Aqrarsənayetikinti-2”-də 3-cü dərəcəli dülgər vəzifəsində işləmiş, xx.xx.1989-cu il tarixdən-xx.xx.1989-cu il tarixə kimi Sumqayıt Sanitar təşviqat Evində rəssam işində, xx.xx.1989-cu il tarixdən-xx.xx.1990-cı il tarixə kimi Sumqayıt “Azneftkimyazavodtəmir”in İxtisaslaşdırılmış təmir mexanizasiya sahəsində 2-ci dərəcəli fəhlə vəzifəsində, xx.xx.1990-cı il tarixdən- xx.xx.1996-cı il tarixə kimi Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər Daxili İşlər Şöbəsi nəzdində mühafizə bölməsində mühafizəçi vəzifəsində, xx.xx.1996-cı il tarixdən- xx.xx.1998-ci il tarixə kimi X1 İdarəsində 6-cı dərəcəli avtomobil təmiri üzrə çilingər vəzifəsində, xx.xx.1998-ci ildə həmin mexanizasiya İdarəsi Mexanizasiya sahəsi adlandırılıb və həmin tarixdə Azərkimyatikinti trestinin və 4 N-li TTQŞ-nin bazasında yaradılmış “Sumqayıt Kimya-Tikinti” ATSC-nin Mexanizasiya sahəsində 6-cı dərəcəli avtomobil təmiri üzrə çilingər kimi işləməkdə davam etmiş, xx.xx.2006-cı il tarixdə “Sumqayıt Kimya-Tikinti” ATSC “xxxx” ASC adlandırılıb və xx.xx.2006-cı ilə kimi həmin müəssisədə işləməkdə davam etmiş və göstərilən tarixdə əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad olmuş, xx.xx.2006-cı il tarixdən-xx.xx.2009-cu il tarixə kimi həmin “xxxx” firmasının Mexanizasiya sahəsində 6-cı dərəcəli avtomobil təmiri çilingəri kimi işləməkdə davam etmişdir. xx.xx.2019-cu ilə kimi onun ümumi 34 il 3 ay 27 gün əmək stajı vardır. Əmək pensiyası almaq ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Sumqayıt şəhər şöbəsinə ərizə ilə müraciət etmişəm. Lakin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Sumqayıt şəhər şöbəsi ərizəmi rədd edərək bildirmişdir ki, tələb olunan ümumi iş stajınız olmadığına görə yaşa görə əmək pensiyası hüququnuz yoxdur, əmək pensiyası təyin edilməsi qanuna ziddir, narazı qaldığınız halda məhkəməyə müraciət edə bilərsiniz. Ona görə də, o məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, hesab edir ki, imtina əsassızdır. Çünki onun əmək kitabçası var, bundan əlavə işləməyini təsdiq edən sənədləri, hərbi biletini və sairə rəsmi sənədləri də cavabdehə təqdim etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə edərək bildirmişdir ki, İddiaçı hərbi xidmət illəri və Əmək kitabçasında qeyd olunan müəssisələrdə (“xxxx” ASC-də işlədiyi illər daxil olmadan) işlədiyi dövrləri sosial sığorta stajına daxil edilərək ona hüququnun yarandığı tarixdən, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə prosesində eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaçının ərizəsindən imtina edərək bildirmişdir ki, xx.xx.2020-cu il tarixli yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar ərizənizə əsasən bildirir ki, Azərbaycan Respublikasının Prezidentinin xx xxx 2017- ci il tarixli 1352 saylı Fərmani ilə “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən tələb olunan 25 il sığorta stajına qarşı 21 il 02 ay 26 gün sığorta stajınız olması səbəbindən sizə əmək pensiyası təyin edilməsi qanuna ziddir. Məlumat üçün bildiririk ki, Sizə pensiya təyin edilərkən şöbəyə təqdim etdiyiniz əmək kitabçanızda qeyd olunan xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək sosial sığorta stajınızın yoxlanılması zərurəti yaranmışdır. Lakin müəssisənin arxiv sənədlərinin olmaması səbəbindən qeyd edilən dövrlərin yoxlanılması mümkün olmamışdır. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək sosial sığorta stajınızın yoxlanılması məqsədi ilə arxiv sənədləri tələb edilmiş,lakin iddiaçının 1996-cı ildən 2006-cı ilə kimi işlədiyi müəssisənin arxiv sənədləri aşkar edilməmişdir. Ona görədə hesab edir ki, iddiaçının əmək pensiyasına çıxması üçün tələb edilən sığorta stajı kifayət deyil. Qeyd edilənləri nəzərə alaraq cavabdeh təşkilatın nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, iddiaçıya məxsus И-İ ******* nömrəli Əmək kitabçasının surəti, hərbi biletin surəti, DSMF-nin Sumqayıt şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli, **********6 saylı imtina məktubu, Füzuli Avtonəqliyyat ASC-nin 07 saylı xx.xx.2020-ci il tarixli məktubu, Azərbaycan Respublikası Dövlət Axiv Sumqayıt filialının xx.xx.2020-ci il tarixli 111 saylı məktubu, 2 saylı Ərazi Vegilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********351600 və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********6 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb sosial sığorta stajının yoxlanılması mümkün olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir kimi qiymətləndirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3.1-ci bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı;. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: xx xxxxxx 2006-ci il tarixinə qədər - ümumi iş stajı, xx xxxxxx 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin xx xxxxxx 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı xx xxxxxx 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Həmin qərarın 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: Əmək kitabçası; əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı; Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt ; sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. İş materiallarında olan И-İ ******* nömrəli Əmək kitabçasının surətindən müəyyən olunmuşdur ki, 1972-ci ildən 2006-cı ilə qədər müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapmışdır. Eyni zamanda H3 ******* nömrəli Hərbi biletin surətindən də görünür ki, iddiaçı 1974-1976-cı illərdə hərbi xidmətdə olmuşdur. Cavabdeh təşkilatın gətirdiyi əsas arqumentlərdən biri ondan ibarət olmuşdur ki, İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək sosial sığorta stajının yoxlanılmasının mümkün olmaması səbəbindən iddiaçının həqiqətəndə həmin təşkilatlarda işləməsi şübhəlidir. Cavabdeh təşkilatın imtinasının bu hissəsində gətirdiyi arqumenti araşdıraraq, məhkəmə hesab edir ki, müvafiq müəssisələrin sığorta haqlarının lazımi qaydada həyata keçirilməməsi səbəbindən və ya cavabdehin sosial sığorta stajının yoxlanılmasının mümkün olmaması səbəbindən iddiaçının pensiya ilə təmin edilməsi hüququ məhdudlaşdırıla bilməz. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qeyd olunan maddələrin tələbləri baxımından müəyyən olunur ki, hazır ki, iş üzrə cavabdeh təşkilat DSMF-nin 1 saylı regional ərazi filialı İddiaçı Əmək kitabçasında qeyd olunan müəssisələrində işləməsi ilə bağlı təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığını sübut edə bilməmişdir. Halbuki, DSMFnin 1 saylı regional ərazi filialı İddiaçı Əmək kitabçasında qeyd olunan müəssisələrində işləməsi ilə bağlı təqdim etdiyi sənədlərin mötəbərliyini müəyyən etməli idi. Belə olduğu tədqirdə İddiaçı Əmək kitabçasında olan qeydlər həqiqi hesab edilməlidir. Ona görədə məhkəmə hesab edir ki, cavabdeh təşkilatın imtinasında qeyd etdiyi bu arqumentlər də əsassızdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Əmək kitabçasına görə İddiaçı əmək stajı (2 il hərbi xidmət, 28 ildən çox iş stajı) 30 ildən çox təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2020-ci ilin iyul ayınadək kişilərə pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 64 il 6 aydır. İddiaçının xx.xx.1955-ci ildə anadan olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 64,6 yaşında, xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaradır. Belə olduğu tədqirdə hesab olunur ki, İddiaçı yaşa və sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilərək İddiaçı hərbi xidmət illəri və Əmək kitabçasında qeyd olunan müəssisələrdə (“xxxx” ASC-də işlədiyi illər daxil olmadan) işlədiyi dövrləri sosial sığorta stajına daxil edilərək ona hüququnun yarandığı tarixdən, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hərbi xidmət illəri və Əmək kitabçasında qeyd olunan müəssisələrdə (“xxxx” ASC-də işlədiyi illər daxil olmadan) işlədiyi dövrləri sosial sığorta stajına daxil edilərək ona hüququnun yarandığı tarixdən, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar