Məhkəmə qərarları › İş №2-1(118)-1210/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1210/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1210/2025 05.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “xx.xx.2022-ci il qeydiyyat tarixli, **********31 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 2i ərazisində yerləşən 0.4220 ha torpaq sahəsinə dair iddiaçıya JN 249 kodu 30408038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında nəzərdə tutulmuş koordinatlar əsas götürülməklə “torpaq sahəsinin planı və ölçüsü sənədi”nin hazırlanıb verilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “xx.xx.2022-ci il qeydiyyat tarixli, **********31 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 2i ərazisində yerləşən 0.4220 ha torpaq sahəsinə dair iddiaçıya JN 249 kodu 30408038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında nəzərdə tutulmuş koordinatlar əsas götürülməklə “torpaq sahəsinin planı və ölçüsü sənədi”nin hazırlanıb verilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, anası Kübra Qasımovanın mülkiyyətinə Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli, 04 saylı qərarı ilə ünvan 2i ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0.42 ha torpaq sahəsi ayrılıb verilmişdir. Həmin torpaq sahəsinə dair anasının adına JN 249, kodu 30408038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. İddiaçının anası vəfat edəndən sonra həmin torpaq sahəsini vərəsəliklə öz adına keçirmişdir və 0.4220 ha torpaq sahəsinə dair adına xx.xx.2022-ci il qeydiyyat tarixli, **********31 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan torpaq sahəsi naturada ölçülərək iddiaçıya göstərilsə də, 0.4220 ha torpaq sahəsinə dair iddiaçıya torpaq sahəsinin planı və ölçüsü sənədi verilməmişdir. Ona görə də xx.xx.2022-ci il qeydiyyat tarixli, **********31 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 2i ərazisində yerləşən 0.4220 ha torpaq sahəsinə dair JN 249, kodu 30408038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında nəzərdə tutulmuş koordinatlar əsas götürülməklə “torpaq sahəsinin planı və ölçüsü sənədi”nin verilməsi üçün xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh quruma rəsmi qaydada müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ərizənizə əlavə edilmiş JN-249 KOD 30408038 nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilən torpaq sahəsi üzərində çöl-ölçmə işləri aparılmış lakin qonşu torpaq sahələrinin mülkiyyətçiləri ilə mübahisə halı qeydə alınmışdır. Bu səbəbdən X8ı uçotu informasiya sistemində (TEKİUS) düzəlişlərin edilməsi mümkün olmamışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İşlə bağlı təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı iddiasına qarşı münasibətin (etirazın) bildirilməsi ilə bağlı sərəncamın icrası ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş məktubunuza baxılmışdır. İddia ərizəsində göstərilənlərlə əlaqədar bildirirlər ki, Şabran rayonu Şahnəzərli kəndi ərazisində yerləşən, İddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair məlumatların X8 uçotu informasiya sistemində düzəliş edilməsi barədə xx.xx.2023-cü il tarixli ********** nömrəli ərizə ilə Daşınmaz Əmıakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-Q-03xx-xx/2023 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Bildiririk ki, ərizənizə əlavə edilmiş JN-249 KOD 30408038 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsi üzərində çöl-ölçmə işləri aparılmış lakin qonşu torpaq sahələrinin mülkiyyətçiləri ilə mübahisə halı qeydə alınmışdır. Bu səbəbdən X8ı uçotu informasiya sistemində (TEKUİS) düzəlişlərin edilməsi mümkün olmamışdır. Bildiririk ki, Ərazi İdarəsinin məktubun məzmunu ərizənin icrasından imtina edilməi barədə deyildir, texniki göstəricilərin əldə edilməsi ilə bağlı daşınmaz əmlak üzərində müayinə işlərinə yaradılmış maneələrlə bağlıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd olunanları nəzərə alaraq İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı verilmiş iddia ərizəsinə etiraz edirik və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətləri; JN 249 KOD 30408038 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən iddiaçıya ünvanlanan 19 mart 2024-cü tarixli imtina məktubu və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 19 mart 2024-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Şabran rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, ********** qeydiyyat nömrəli, xx.xx.2022ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən 0.42 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İddiaçı ona məxsus olan torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan tərəfindən 19 mart 2024-cü il tarixli məktub ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İş materialları ilə müəyyən edilir ki, mübahisə predmeti olan torpaq sahəsi Dəvəçi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarı ilə X12 ayrılmış, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları JN 249 KOD 30408038 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə rəsmiləşdirilmişdir. 12 noyabr 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən X11 öldükdən sonra İddiaçı onun vərəsəsi elan edilmişdir. Daha sonra İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarış tərtib edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya plan-ölçü sənədinin verilməsindən imtina edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən tərtib edilmiş müayinə aktında aşağıdakılar qeyd edilmişdir: “********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən iddiaçıya məxsus 0.422 ha torpaq sahəsi, Şabran rayon notariat ofisinin xx.xx.2022-ci il tarixli 2V-355 nömrəli vərəsəlik şəhadətnaməsinə əsasən mərhum anası X9 məxsus JN- 249 KOD-30408038 saylı dövlət aktındakı torpaq sahəsidir. Həmin torpaq sahəsi Şabran rayon Şahnəzərli kəndi ərazisində yerləşir. Torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-248 KOD-30408038 saylı 2.5324 ha torpaq sahəsinin şimal-qərb hissəsində yerləşir və sahələr bir-birinə bitişikdir. Hal-hazırda İddiaçın faktiki istifadəsində olan torpaq sahəsi 2.6554 ha-dır və ümumi torpaq sahəsində 0.299 ha çatışmamazlıq mövcuddur. İddiaçı çatışmayan 0.299 ha sahənin şimal-qərb tərəfdə yerləşən torpaq sahəsində olduğunu iddia edir. Bildiririk ki, şimal-qərb tərəfdə yerləşən torpaq sahəsinin 1.0 ha hissəsi metal torla hasarlanıb və daxilində meyvə bağı mövcuddur. Ümumi massivdə çatışmamazlıq yoxdur. Həmin massivdə torpaq mülkiyyətçiləri X3 üzrə 0.2657 ha torpaq sahəsi olduğu halda faktiki istifadəsində 0.6249 ha torpaq sahəsi, X2 üzrə 0.8051 ha torpaq sahəsi olduğu halda faktiki istifadəsində 1.3169 ha torpaq sahəsi mövcuddur. Bu səbəbdən də, İddiaçı sənəd üzrə 2.9544 ha torpaq sahəsi olduğu halda faktiki istifadəsində 2.6554 ha, X1 üzrə 1.1103 ha torpaq sahəsi olduğu halda faktiki olaraq 0.9171 ha torpaq sahəsindən istifadə edir. X6 mülkiyyətində 1.0 ha torpaq sahəsi mövcuddur. Faktiki metal torla hasarladığı sahə 1.0453 ha-dır. Bundan başqa X8 X10 (TEKUİS) ümumi massiv üçün tərtib olunmuş cizgilər vətəndaşların faktiki istifadə vəziyyətinə uyğun deyil”. Göründüyü kimi iddiaçının adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarış verilməsinə baxmayaraq, cavabdeh orqanın planölçü sənədinin tərtib edilməsindən imtinası əsassız olmaqla iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Bununla yanaşı məhkəmə bildirir ki, müayinə aktında da qeyd edilən mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ümumi massiv üçün tərtib olunmuş cizgilərin X8 uçotu informasiya sisteminə əsasən torpaq sahələrinin faktiki istifadə vəziyyətinə uyğun olmaması halı iddiaçının təqsiri kimi qiymətləndirilib, onun ziyanına şərh edilə bilməz. Məhkəmə qeyd edir ki, plan-ölçü əslində çıxarışın aid olduğu əmlakı fərdiləşdirməyə imkan verən texniki göstəriciləri özündə əks etdirir. Bu baxımdan da həmin sənədlər çıxarışın tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Hazırki mübahisə ilə bağlı məhkəmə araşdırması zamanı aydın olur ki, çıxarış əsasında İddiaçı məxsus olan 0.4220 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilməlidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 7.2-ci maddəsinə görə “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinə əsasən: 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.26. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək; 3.2.14. kadastr və mərzçəkmə işlərinə fiziki və hüquqi şəxsləri cəlb etmək və s. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir. İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1- 24.3-cü maddələri). Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 23-cü maddəsinə əsasən Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022ci il qeydiyyat tarixli, **********31 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 2i ərazisində yerləşən 0.4220 ha torpaq sahəsinə dair iddiaçıya - JN 249 kodu 30408038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında nəzərdə tutulmuş koordinatlar əsas götürülməklə - “torpaq sahəsinin planı və ölçüsü sənədi”nin hazırlanıb verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. xx.xx.2022-ci il qeydiyyat tarixli, **********31 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 2i ərazisində yerləşən 0.4220 ha torpaq sahəsinə dair iddiaçıya JN 249 kodu 30408038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktında nəzərdə tutulmuş koordinatlar əsas götürülməklə - “torpaq sahəsinin planı və ölçüsü sənədi”nin hazırlanıb verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar