Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1211/2023 31.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin ehtiyat zabit hazırlığı kursunun motoatıcı tağım komandiri ixtisasını bitirmiş, 17 may 2009-cu ilədək xidmətdə olmuş və daha sonra tərxis olunmuşdur. 2-ci Qarabağ Müharibəsi başlayandan sonra 02 oktyabr 2020-ci ildə könüllü olaraq cəbhəyə yollanmışdır. İlk olaraq N saylı hərbi hissənin şifahi tapşırıqları əsasında hərbi hissənin şəxsi heyətinin mənəvi psixoloji vəziyyətinin daim yüksək saxlanmasında, N və N saylı hərbi hissələrdə işğal olunmuş torpaqların azadlığı uğrunda gedən döyüşlər zamanı hərbi hissəyə maddi texniki dəstək göstərmişdir. Ümumiyyətlə, döyüş zamanı sursat daşınması, əsgərlərin təxliyyəsi, onların maddi təminatının həyata keçirilməsini, ümumiyyətlə 44 günlük Vətən Müharibəsi dövründə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən yaralı hərbiçilərin və şəhidlərin təxliyəsində könüllü olaraq Füzuli rayon Mərkəzi Xəstəxanasında xidmət göstərmişdir. Bununla bağlı Fəxri Fərmanlarla təltif olunmuşdur. Bu faktların özü də cavabdeh tərəfindən inkar edilmir, lakin iddiaçı inzibati orqana müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar müraciət etsə də müraciətindən imtina edilmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh tərəfindən iddia tələbinə münasibət bildirilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, inzibati işin tam və hərtərəfli araşdırılması məqsədilə sorğu göndərilmiş, həmin sorğuya cavab olaraq N nömrəli hərbi hissənin N yanvar 2023-cü il tarixli 146 nömrəli arayışına əsasən iddiaçının 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək “Vətən müharibəsi” zamanı N və N nömrəli hərbi hissələrə daxil olması və çıxması barədə nizami hissə üzrə əmrlər kitabında heç bir məlumat yoxdur. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya 23 sentyabr 2022-ci il tarixli qərarı ilə 065, N və N nömrəli hərbi hissə komandirlərinin məktublarına əsasən iddiaçının hərbi xidməti təsdiqlənmədiyinə görə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İş materiallarında olan cavabdeh orqanın 18 oktyabr 2022-ci il tarixli məktubuna əsasən iddiaçının ərizəsi təmin edilməmişdir. • İşdə olan Füzuli rayon Mərkəzi Xəstəxanasının 02 iyun 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı 44 günlük vətən müharibəsi dövründə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən yaralı hərbiçilərin və şəhidlərin təxliyəsində könüllü olaraq iştirak edərək nümunəvi xidmət göstərmişdir. • İşə əlavə edilmiş N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 25 dekabr 2020-ci il tarixli fəxri fərmana əsasən iddiaçı Azərbaycan ordusunun müvəffəqiyyətli əks hücüm əməliyyatları zamanı N nömrəli hərbi hissənin döyüş növbəsi aparan hərbi qulluqçularının təminatında yüksək peşəkarlıq nümayiş etdirdiyinə görə, N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 10 oktyabr 2020-ci il tarixli fəxri fərmana əsasən hərbi hissənin şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətinin daim yüksək saxlanmasında yaxından və fəal iştirak etdiyinə görə, N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 26 oktyabr 2020-ci il tarixli fəxri fərmana əsasən işğal olunmuş torpaqların azadlığı uğrunda gedən döyüşlər zamanı hərbi hissəyə göstərdiyi dəstəyə görə təltif olunmuşdur. • İddiaçıya məxsus ZE seriyalı ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı 2007-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin ehtiyat zabit hazırlığı kursunu “motoatıcı tağım komandiri” ixtisası üzrə bitirmişdir. Ona 2007-ci ilin 12 oktyabr tarixində leytenant hərbi rütbəsi verilmişdir. xx.xx.2007-xx.xx.2009-cu illərdə Azərbaycan Silahı Qüvvələrində xidmət göstərmişdir. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “A” bəndinə əsasən (xidmət müddətinin başa çatdığına görə) Azərbaycan Respublikası MN-nin 0137 nömrəli, xx.xx.2009-cu il tarixli, hərbi hissə komandirinin N nömrəli, xx.xx.2009-cu il tarixli əmrinə əsasən ehtiyata tərxis olunmuşdur. 44 günlük Vətən Müharibəsi dövründə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərindən yaralı hərbiçilərin və şəhidlərin təxliyəsində könüllü olaraq Füzuli rayon Mərkəzi Xəstəxanasında nümunəvi xidmət göstrəmişdir. • N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli, N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli və N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli məktublarına əsasən iddiaçının vətən müharibəsi zamanı həmin hərbi hissələrə daxil olması və çıxması barədə nizami hissə üzrə əmrlər kitabında heç bir məlumat aşkar edilməmişdir. • Məhkəmə sorğusu nəticəsində əldə edilmiş N nömrəli hərbi hissənin xx.xx.2023cü il tarixli məktubuna əsasən iddiaçıya fəxri fərmanın verilməsinə əsas olan heç bir sənəd mövcud olmamış və iddiaçının hansı bölgələrdə xidmət göstərməsi ilə bağlı hərbi hissədə rəsmi məlumat olmamışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, iddiaçı həmin dövrdə Müdafiə Nazirliyinin şəxsi heyətinə mənsub olduğu üçün bu qəbildən olan iddialar qanunvericiliklə Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, inzibati orqan isə iddiaçının ərizəsinin icrasından 18 oktyabr 2022-ci il tarixli məktubla imtina etmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının yaşayış yeri Abşeron rayonu olduğundan məhkəmə hesab edir ki, aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin qeyd hissəsi: bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Həmçinin, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnamə”də qeyd olunur ki, müharibə veteranı adını və müvafiq veteran vəsiqəsini almaq üçün şəxs döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş (hərbi xidmətə qəbul və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmış) olmalıdır. Hazırkı işdə də iş materiallarında olan sənədlərdə iddiaçının döyüş bölgəsində olması öz əksini tapsa da, qanunvericiliyin tələbi olaraq İddiaçı müharibə veteranı adı və vəsiqənin verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı müxtəlif hərbi hissələr tərəfindən - N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş fəxri fərmana əsasən Azərbaycan ordusunun müvəffəqiyyətli əks hücüm əməliyyatları zamanı həmin hərbi hissənin döyüş növbəsi aparan hərbi qulluqçularının təminatında yüksək peşəkarlıq nümayiş etdirdiyinə görə, N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 10 oktyabr 2020-ci il tarixli fəxri fərmana əsasən hərbi hissənin şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətinin daim yüksək saxlanmasında yaxından və fəal iştirak etdiyinə görə və N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş 26 oktyabr 2020-ci il tarixli fəxri fərmana əsasən işğal olunmuş torpaqların azadlığı uğrunda gedən döyüşlər zamanı hərbi hissəyə göstərdiyi dəstəyə görə təltif olunmuşdur. Məhkəmə həmin hərbi hissələrə sözügedən fəxri fərmanların verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi barədə sorğu göndərmiş və cavab olaraq N nömrəli hərbi hissədən verilən xx.xx.2023-cü il tarixli məktuba əsasən iddiaçıya fəxri fərmanın verilməsinə əsas olan heç bir sənədin mövcud olmadığı, habelə iddiaçının hansı bölgələrdə xidmət göstərməsi ilə bağlı hərbi hissədə rəsmi məlumat olmadığı bildirilmişdir. Bundan əlavə N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli, N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli və N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli məktublarına əsasən iddiaçının vətən müharibəsi zamanı həmin hərbi hissələrə daxil olması və çıxması barədə nizami hissə üzrə əmrlər kitabında heç bir məlumat aşkar edilmədiyi bildirilmişdir. İddiaçının şəxsi iş materialları də sorğu əsasında tələb olunsa da məhkəməyə təqdim edilməmişdir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 № li qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözlərinin əlavə edilməsi qərara alınmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli Qərarı ilə qeyd olunan normaya dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və arxiv arayışı da hərbi qulluqçuya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün imperativ olaraq nəzərdə tutulmuşdur. Yəni, hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi müddətin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması, habelə həmin halların rəsmi sənədlərdə əks olunması şərtlərinin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsini istisna edir. Mübahisənin mahiyyəti ilə bağlı məhkəmənin qənaəti belədir ki, İddiaçı hərbi xidmət üzrə şəxsi heyətin sıralarına daxil olması və tərxis olunması mötəbər sübutlarla öz təsdiqini tapmır. Nəzərə alınmalıdır ki, Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən müvafiq komissiya iddiaçının hərbi hissələrə daxil olması və çıxması barədə müsbət qərar qəbul etməmişdir. Bundan əlavə iddiaçının hərbi xidməti və döyüş əməliyyatlarında iştirakı barədə arxiv arayışında arxiv məlumatları aşkar edilməmiş, hazırkı icraatda bu halı təkzib edən tutarlı sübut təqdim edilməmişdir. Odur ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. 25 dekabr 1991-ci il tarixli “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Eyni zamanda, 10 iyun 1992-ci il tarixində qəbul edilmiş və zamana görə qüvvədə olmuş “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən, ümumi və ya qismən səfərbərlik Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan olunur. Azərbaycan Respublikasına hərbi basqın təhlükəsi olduqda və ya fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikası Prezidentinin hüququ var ki, səfərbərlik elan etmədən lazımi sayda hərbi vəzifəliləri üç ayadək müddətə ehtiyatdan hərbi xidmətə çağırsın. Həmin qanunun 26-cı maddəsinə əsasən, səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə həyata keçirilir. Sadalanmış bu müddəalardan bəlli olur ki, müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövr də xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq fərman qəbul etməlidir. Habelə, belə fərman qəbul ediləndən sonra müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Müdafiə Naziri və müvafiq olaraq hərbi hissələrin komandirləri) hərbi heyətin ehtiyata və ya istefaya buraxılması barədə əmr qəbul edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, “müharibə veteranı” adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (maddə 52). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (68.2). Beləliklə, iddiaçının döyüş əməliyyatlarında hərbi qulluqçu statusunda hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla çıxması sübut olunmadığından cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev