Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1212/2021 14.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cəmaləddin qızının cavabdehlər Cavabdeh3 rəisi, kiçik ədliyyə müşaviri Elşən Məmmədova, Cavabdeh1-nin etibarnamə üzrə nümayəndəsi Anar İbrahimova və Xaçmaz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs maliyyə şöbəsinin müdiri T.A.Məlikova qarşı “iddiaçı barəsində 699,83 manat kredit borcundan 779,71 manat qanunsuz olaraq artıq tutulduğuna görə qalan 779,71 manat və 20 manat dövlət rüsumunun alınaraq geri qaytarılması, Cavabdeh1 KB ASC-nin hesabına iddiaçının əmək haqqından 50 % ödənilməsinin ləğv edilməsi, kiçik ədliyyə müşaviri Elşən Məmmədovun, icra məmuru X2 və Cavabdeh1 KB ASC-nin nümayəndəsi Anar İbrahimovun barəsində “İcra haqqında” qanunları pozduğuna görə xüsusi qərar çıxarılması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cəmaləddin qızı cavabdehlər Cavabdeh3 rəisi, kiçik ədliyyə müşaviri Elşən Məmmədova, Cavabdeh1-nin etibarnamə üzrə nümayəndəsi Anar İbrahimova və Xaçmaz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs maliyyə şöbəsinin müdiri T.A.Məlikova qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “iddiaçı barəsində 699,83 manat kredit borcundan 779,71 manat qanunsuz olaraq artıq tutulduğuna görə qalan 779,71 manat və 20 manat dövlət rüsumunun alınaraq geri qaytarılması, Cavabdeh1 KB ASC-nin hesabına iddiaçının əmək haqqından 50 % ödənilməsinin ləğv edilməsi, kiçik ədliyyə müşaviri Elşən Məmmədovun, icra məmuru X2 və Cavabdeh1 KB ASC-nin nümayəndəsi Anar İbrahimovun barəsində “İcra haqqında” qanunları pozduğuna görə xüsusi qərar çıxarılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 kiçik ədliyyə müşaviri Elşən Məmmədov qeyri-qanuni olaraq iddiaçının iş yerinə rəsmi müraciət edib ki, onun 699,83 manat kredit borcu var. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-323/201 saylı, 17 yanvar 2014-cü il tarixli məhkəmə əmri icraya yönəlmiş və icra sənədi üzrə məhkəmə əmrinin təmin olunması üçün Xaçmaz rayon Mərkəzi Xəstəxanasına məktub göndərilmiş və iddiaçının maaşından onun xəbəri olmadan 450 manat pul tutularaq Cavabdeh1 KB ASCnin hesabına köçürülmüşdür. Lakin onların Cavabdeh1 KB ASC-yə heç bir borcu yoxdur. Cavabdeh3ndə aparılmış araşdırma zamanı iddiaçının banka borcunun olmadığı müəyyən edilmişdir. Sonradan isə iddiaçıya məxsus borcun olması bildirilərək ödənilməsi tələb edilmişdir. Həmin borc əsassız olaraq hesablanmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin olunması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə, iddianın cavabdehlər Cavabdeh3 rəisi, kiçik ədliyyə müşaviri Elşən Məmmədova, Cavabdeh1-nin etibarnamə üzrə nümayəndəsi Anar İbrahimova və Xaçmaz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs maliyyə şöbəsinin müdiri T.A.Məlikova qarşı yönəldilməsi ilə bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi inzibati hüquq münasibətlərində cavabdeh qismində mütləq qaydada inzibati orqan çıxış edir. Bundan başqa İnzibati Prosessual Məcəllənin 27-ci maddəsi qısa olaraq inzibati prosesdə iştirakçıların dairəsinə dair qaydanı nəzərdə tutur. Normaya görə 2 qrup iştirakçılar fərqləndirilir. Birinci qrup prosesin “əsl iştirakçılar”ından, yəni iddiaçı və cavabdehdən, ikinci qrup isə prosesə “xüsusi qərar əsasında cəlb olunmuş iştirakçılardan təşkil olunur. Cəlb olunmanın xüsusi prosessual əhəmiyyətə malik olmasını nəzərə alaraq qanunverici bu institutu İPM-nin 28-ci maddədə aynca tənzimləmişdir. Prosesdə iştirakı zəruri olan iştirakçılar kimi iddiaçı və cavabdeh tanınır. İnzibati məhkəmə icraatında həm iddiaçı, həm də cavabdeh tərəfində şəxs və ya şəxslər birliyi çıxış edə bilər. Prosesdə iddiaçı və cavabdeh birlikdə tərəflər adlandırılırlar. Məhkəmə prosesində tərəflər qismində bir qayda olaraq öz adından dövlətdən mübahisəsinin həlli üçün hüquqi yardım istəyən və tələb edən şəxslər çıxış edirlər. Yəni məhkəmə prosesində tərəf kimi təmsil edən yox, təmsil edilən qəbul edilir. Prosesdə tərəf olan şəxs nə şahid, nə üçüncü şəxs, nə də başqa proses iştirakçısı qismində çıxış edə bilməz. Tərəflər ilə bağlı mülki prosessual qanunvericiliyin ümumi qaydaları tətbiq edilir. Əsl olmayan tərəfin əvəz edilməsi zamanı məhkəmə inzibati hüquqi qanunvericiliyin tələblərini nəzərə almaqla, MPM-in bu tərkiblə bağlı ümumi qaydalarını tətbiq edir. İnzibati prosessual qanunvericilik belə bir tezisdən çıxış edir ki, iddia ancaq o zaman yolveriləndir ki, iddiaçı həqiqətən də irəli sürdüyü tələbə malik olsun. Amma əgər prosesin gedişi zamanı hər hansı dəyişiklikdən irəli gələrsə ki, iddiaçı əsl olmayan tərəfdir, onda əsl olmayan iddiaçının razılığı əldə edildiyi halda, əsl iddiaçı ilə əvəz edilmə baş verir. Nəzərə alınmalıdır ki, iddiaçının cavabdehlər qismində fiziki şəxslərə qarşı iddia tələbi ilə inzibati məhkəməyə müraciət etməsi İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmamışdır. Hesab olunur ki, vətəndaşların fiziki şəxslərə qarşı pul tələbi ilə bağlı iddialarına mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələbləri baxımından verilmiş iddia tələbi inzibati mübahisənin predmeti olmadığı təqdirdə iddia ərizəsi qeyrimümkün hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, hazırkı iddia ilə Mülki Prosessual Məcəlləsinə uyğun olaraq ümumi şəhər (rayon) məhkəmələrinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-1212/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1212/2021
14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver