Məhkəmə qərarları › İş №2-1(118)-1212/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1212/2023

17.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1212/2023 17.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı “iddiaçıya məxsus “MAZDA CX-9" markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı “iddiaçıya məxsus “MAZDA CX-9" markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Səid oğlu “MAZDA CX-9” markalı **-VE- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirillməsinə köməklik göstərilməsi ilə bağlı DİN Baş X1 İdarəsinin Qeydiyyat-imtahan idarəsinə ərizə ilə müraciət etsə də, sonuncu müraciəti təmin etməkdən imtina etmişdir. Belə ki, xx.xx.2022 tarixli ********** nömrəli cavab məktubunda qeyd edilir ki, “MAZDA CX-9” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması və şassi birkasının olmaması səbəbindən xahişinizin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X2 İdarəsinin Qeydiyyatimtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Hesab edir ki, ona verilmiş imtina əsassız olmuşdur. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, “MAZDA CX-9” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair qeydiyyat hərəkətlərinin aparılması öhdəliyi cavabdeh Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi üzərinə qoyulmalıdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri İş üzrə təyin olunmuş şifahi məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, cavabdeh tərəfindən iddiaya yazılı münasibət bildirilməmişdir, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikası Baş X1 İdarəsinin iddiaçıya ünvanladığı 01 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, “MAZDA CX-9” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş AD № 921330 saylı “Nəqliyyat vasitəsinin qeydiyyatı şəhadətnaməsi”nin surətindən görünür ki, “MAZDA CX-9” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. - 05 oktyabr 2022-ci il tarixli “Nəqliyyat vasitəsinin texniki müayinə aktı”nın surətindən görünür ki, “MAZDA CX-9” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban nömrəsinə müdaxilə olunaraq qaynaq işlərinin aparılması və birkasız olması aşkar edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 22/1079 a saylı, xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, MAZDA CX-9” markalı **-VE-*** dövlət qeydiyyat nişanı olan avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş ban nömrəsində olan “JM7TB19A490110125” hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin avtomobilin ban nömrəsinin ətrafında qaynaq aparılmışdır. Həmçinin həmin hissənin qismən korroziyaya uğraması və həmin hissələrdə təxmini 1x3, 1x4, 2x4 və 1x22 mm ölçüdə metal çatışmamazlığı (deşiklər) müşahidə edilmişdir; avtomobildə zavod lövhəsi (birka) aşkar edilməmişdir, yoxdur; avtomobilin qabaq ön şüşəsinin aşağı tərəfində lövhə üzərində ban nömrəsini göstərən “JM7TB19A490110125” hərf və rəqəmlər çap üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir.

4. İddianın növü və mümkünlüyü Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan istifadə etdiyi avtomobilin texniki baxışdan keçirilməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müvafiq idarənin hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan avtomobilin dövlət qeydiyyatına alınması səlahiyyəti BDYPİ-yə aiddir. Belə olduğu tədqirdə BDYPİ-nin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddia tələbi ilə bağlı cavabdeh orqana müraciət edilmiş, lakin inzibati orqanlar tərəfindən tələb təmin edilməmiş və məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Abşeron rayonu, Xırdalan şəhəri olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibti iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, AD № 921330 saylı “Nəqliyyat vasitəsinin qeydiyyatı şəhadətnaməsi”nin surətindən görünür ki, “MAZDA CX-9” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. İddiaçı mülkiyyətində olan “MAZDA CX-9” markalı **-VE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə müraciət etmişdir. Həmin orqan tərəfindən ona mülkiyyət hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materialları ilə eyni zamanda müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan “MAZDA CX-9” minik markalı **-VE-*** dövlət qeydiyyat nişanlı, minik tipli, CA10259869 mühərrik nömrəli, JM7TB19A490110125 ban nömrəli, 2008-ci il buraxılışlı avtomobilin texniki müayinəsi zamanı avtomobilin ban nömrəsi ətrafında qaynaq işlərinin aparıldığı və şassi birkasız olması aşkar edilmiş və bu səbəbdən də qeydiyyat hərəkətləri aparılmamışdır. İş üzrə araşdırılma aparılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 22/1079 a saylı, xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, MAZDA CX-9” markalı **-VE-*** dövlət qeydiyyat nişanı olan avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş ban nömrəsində olan “JM7TB19A490110125” hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin avtomobilin ban nömrəsinin ətrafında qaynaq aparılmışdır. Həmçinin həmin hissənin qismən korroziyaya uğraması və həmin hissələrdə təxmini 1x3, 1x4, 2x4 və 1x22 mm ölçüdə metal çatışmamazlığı (deşiklər) müşahidə edilmişdir; avtomobildə zavod lövhəsi (birka) aşkar edilməmişdir, yoxdur; avtomobilin qabaq ön şüşəsinin aşağı tərəfində lövhə üzərində ban nömrəsini göstərən “JM7TB19A490110125” hərf və rəqəmlər çap üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mübahisə predmeti olan nəqliyyat vasitəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından həmin avtomobilin ban nömrəsinin ətrafında qaynaq işlərinin aparılması əsas kimi göstərilmişdir. Lakin yuxarıda adı qeyd olunan arayışda qeyd edilmişdir ki, avtomobilin qabaq ön şüşəsinin aşağı tərəfində lövhə üzərində ban nömrəsini göstərən “JM7TB19A490110125” hərf və rəqəmlər çap üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, avtomobilin ban nömrəsində aşkar edilmiş qüsur iddiaçının təqsiri üzündən baş vermədiyindən həmin qüsurla təkrar qeydə alınma cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “MAZDA CX-9" markalı, **-VE- *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətlərinin aparılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ:

İddia təmin edilsin. “MAZDA CX-9" markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətlərinin aparılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar