Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1213/2021 18.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt şəhər şöbəsinə qarşı qızı X2 dekabr 2019-cu il tarixdən avqust 2020-ci il tarixə kimi ödənilməmiş ayların müavinət pulunun ödənilməsinin cavabdehə həvalə edilməsinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt şəhər şöbəsinə qarşı iddia qaldıraraq qızı X2 dekabr 2019-cu il tarixdən avqust 2020-ci il tarixə kimi ödənilməmiş ayların müavinət pulunun ödənilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında dinlənilmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq onun tələbi aydınlaşdırılmış və ona hüquqi yardım edilmişdir. Həmin normaya əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının nümayəndəsi iddiaçının qızının anadangəlmə sağlamlıq imkanlarının məhdud olduğunu, təkrar həkim komissiyasından 2019-cu ildə keçdməli olduğu halda, koronovirus pandemiyası ilə əlaqədar 2020-ci ilin avqust ayında keçdiyini, 2019-cu ildən 2020-ci ilin avqust ayına qədər ödənilməyən müavinətin iddiaçıya ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət etdiklərini, lakin cavabdeh tərəfindən müraciətlərinə cavab verilmədiyini bildirərək, 2019-cu ildən 2020-ci ilin avqust ayınadək ödənilməyən müavinətin ödənilməsini istədiyini bildirdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sumqayıt şəhər şöbəsini qoymuşdur ki, hal-hazırda Nazirliyin belə bir şöbəsi mövcud deyildir. Beləliklə iddiaçı mövcud olmayan orqana qarşı iddia qaldıraraq, hüquqlarının təmin edilməsini məhkəmədən xahiş edir. Bundan başqa hazırki iddia ödənilməmiş müavinətin ödənilməsi ilə bağlı olmaqla öhdəliyin icrası haqqında iddia növünə daxildir. Məhkəmədə həmin növ iddiaya baxılması üçün məhkəməyə müraciət etməmişdən öncə şəxs tərəfindən səlahiyyətli cavabdeh inzibati orqana konkret tələblə müraciət edilməsi, eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verməməsi tələb olunur. Lakin hazırki işdə iddiaçı tərəfindən səlahiyyətli inzibati orqana müraciət edilməsi müəyyən edilmir. İddiaçı tərəfindən iş materiallarına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməsi ilə bağlı qəbz əlavə olunmuş və o, iddia ərizəsində həmin orqan tərəfindən onun müraciətinə cavab verilmədiyini bildirmişdir. Halbuki müavinətlərin təyin edilməsi, hesablanması, ödənilməsi birbaşa adı qeyd olunan Nazirlik tərəfindən deyil həmin Nazirliyin tabeliyində olan Dövlət Sosial müdafiə Fondu publik hüquqi şəxsinin müvafiq regional ərazi filialları tərəfindən həyata keçirilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini mövcud olmayan orqana yönəltdiyindən və səlahiyyəti olmayan, hazırki iddiasına cavab verməli olmayan inzibati orqana müraciət etdiyindən iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, ona ödənilməyən müavinətin ödənilməsi ilə ilk öncə səlahiyyətli inzibati orqana müraciət etməli, bundan sonra səlahiyyətli inzibati orqan tərəfindən hər hansı hərəkətsizlik edildiyi və ya müraciətinin təmin olunmasından imtina olunduğu təqdirdə, iddia tələbi ilə bağlı aidiyyatı məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt şəhər şöbəsinə qarşı qızı X2 dekabr 2019-cu il tarixdən avqust 2020-ci il tarixə kimi ödənilməmiş ayların müavinət pulunun ödənilməsinin cavabdehə həvalə edilməsinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1213/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1213/2021
18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver