Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1214/2021 23.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Dərvişova (Əhmədova) Gülnarə İsrafil qızının cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X4, X3, X5 və X1 iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 31, mənzil 8-dən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 5-ci mikroayon, ev 31-də yerləşən 8 saylı mənzil 1996-cı ildən iddiaçının şəxsi mülkiyyətindədir. İddiaçı ailə üzvləri ilə həmin mənzildə yaşayır. 2015-ci ildə qızı Salatın Tanrıverdiyevanın keçmiş həyat yoldaşı X9, onun anası X8 və qardaşları X10, X6 bildirdilər ki, qeydiyyata düşməyə ünvanları olmadığı üçün şəxsiyyət vəsiqəsi ala bilmirlər. Buna görə də iddiaçı həmin şəxslərin ona məxsus mənzilə formal olaraq qeydiyyata düşmələrinə razılıq verdi. Lakin onlar bu vaxta qədər qeydiyyatdan çıxmayıblar. Həmin şəxslərin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaları idddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Onlar bir gün də olsun iddiaçıya məxsus mənzildə yaşamamış, onların həmin mənzilə heç bir aidiyyatları yoxdur. İddiaçı cavabdeh təşkilata ərizə ilə müraciət etsə də, ona 21.05.2021-ci il tarixli məktubla imtina edilərək məhkəməyə müraciət etməyi tövsiyə etdilər. Qeyd olunanlara əsasən iddiaçı məhkəməyə müraciət edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, hazırki iddia tələbinə heç bir etirazının olmamasını və qərar qəbul olunacağı təqdirdə tərəfindən icra olunacağını bildirmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 26.05.2021-ci il tarixli qərardadı ilə X9, X8, X10 və X7 iş üzrə üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilmiş və onların qeydiyyat ünvanına - ünvan 1 göndərilmiş, lakin rabitə orqanı tərəfindən zərf geri qaytarılmışdır. Bundan başqa məhkəmə iclasının keçirilmə yeri və vaxtı barədə 3-cü şəxslərə telefon vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş 21.05.2021-ci il tarixli 123-19229D- 3221 nömrəli imtina məktubu, iddiaçının adına reyestrdə 14 nömrə ilə qeydiyyata alınmış Qeydiyyat Vəsiqəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayış, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 7 saylı Mənzil-kommunal sahəsinin 927 saylı, 22.06.2021-ci il tarixli ailə tərkibi haqqında arayışı, qonşular tərəfindən tərtib olunmuş akt, həmin MKS tərəfindən qəbul edilmiş 2№-li forma arayışı, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən 05.05.2021-ci il tarixli arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı Dərvişova (Əhmədova) Gülnarə İsrafil qızı Sumqayıt şəhəri, 5-ci mikroayon, ev 31-də yerləşən 8 saylı mənzilin mülkiyyətçisidir. Hazırki iddia tələbi üzrə 3-cü şəxslər – 07.08.1992-ci il təvəllüdlü X9, 03.06.1972-ci il təvəllüdlü X8, 16.07.1993-cü il təvəllüdlü X10 və 10.05.1999-cu il təvəllüdlü X6 2014-cü ildən etibarən qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadırlar və mübahisəli mənzildə yaşamırlar. Nəzərə alınmalıdır ki, hazırki iddia tələbi üzrə 3-cü şəxslərin sözü gedən mənzilə pasport qeydiyyatına düşməsi onların həmin mənzildə istifadə hüququnun yaranmasına əsas ola bilməz. Qeyd olunan mənzil 3-cü şəxslər ilə yaxın qohum münasibətlərində olan şəxsin, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində qeyd olunan şəxslərin (Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenum qərarında həmin şəxslərin dairəsi müəyyən edilib) dairəsinə daxil olsaydılar onların həmin mənzildə istifadə hüquqları yaranmış olardı. Lakin həmin şəxslərin pasport qeydiyyatına düşdüyü mənzil keçmiş qohumu olan Dərvişova (Əhmədova) Gülnarə İsrafil qızının mülkiyyətində olduğuna görə həmin mənzilə 3-cü şəxslərin istifadə hüquqları Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaranmalı idi. Qeyd olunan Məcəllənin 228.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçinin notarial qaydada verdiyi razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alındığı vaxtdan şəxsin məzildə istifadə hüququ yaranır. İşin araşdırılan hallarından məlum olmuşdur ki, istifadə hüququnun yaranması üçün tələb edilən razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, X4, X3, X5 və X2 mübahisəli mənzildə istifadə hüququnun olmaması səbəbindən mülkiyyətçinin iradəsinə zidd olaraq mənzildə pasport qeydiyyatında qalmaları yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, X4, X3, X5 və X2 Sumqayıt şəhəri, 5-ci mikroayon, ev 31-də yerləşən 8 saylı mənzil üzərində hər hansı hüquqa malik olmadıqları halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla Dərvişova (Əhmədova) Gülnarə İsrafil qızının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. X4, X3, X5 və X1 iddiaçı Dərvişova (Əhmədova) Gülnarə İsrafil qızına məxsus Sumqayıt şəhəri, 45-ci mikroayon, ev 31-də yerləşən 8 saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1214/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1214/2021
23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver