Məhkəmə qərarları › İş №2-1(118)-1215/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1215/2021

03.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1215/2021 03.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi İddiaçı Cavabdehnə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Ordu Korpusu komandirinin şəxsi heyət üzrə müavinin köməkçisi polkovnik leytenant Kamal Əliyevin 14.08.2017-ci il tarixli, 40KK-051/ƏÇ nömrəli əmrinin ləğv edilməsi, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə və öz əvvəlki vəzifəsinə bərpa edilməsi, qanunsuz əmrin verildiyi gündən-14.08.2017-ci ildən məhkəmə qərarı çıxanadək olan müddətin onun xidməti illərinə hesablanmasına, həmin müddət ərzində iddiaçıya ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Ordu Korpusu komandirinin şəxsi heyət üzrə müavinin köməkçisi polkovnik leytenant Kamal Əliyevin 14.08.2017-ci il tarixli, 40KK-051/Əç nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Durhasan oğlunun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə və öz əvvəlki vəzifəsinə bərpa edilməsi, qanunsuz əmrin verildiyi gündən 14.08.2017-ci ildən məhkəmə qətnaməsi çıxanadək olan müddətin onun xidməti illərinə hesablanması ”na dair iddia ərizəsi ilə Məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcmini artıraraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Ordu Korpusu komandirinin şəxsi heyət üzrə müavinin köməkçisi polkovnik leytenant Kamal Əliyevin 14.08.2017-ci il tarixli, 40KK-051/ƏÇ nömrəli əmrinin ləğv edilməsi, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə və öz əvvəlki vəzifəsinə bərpa edilməsi, qanunsuz əmrin verildiyi gündən-14.08.2017-ci ildən məhkəmə qərarı çıxanadək olan müddətin onun xidməti illərinə hesablanmasına, həmin müddət ərzində iddiaçıya ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini məkhəmədən xahiş etmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi iş üzrə icraata üçüncü şəxs kimi cəlb edilmişdir. Məhkəmənin 23.10.2020-ci il tarixli, 2-1(118)-80/2020 saylı Qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 09.04.2021-ci il tarixli, 2-1(105)-118/2021 saylı qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2-1(118)-80/2020 saylı qərardadı ləğv edilmiş, inzibati iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisələndirilən əmr iddiaçıya birbaşa elan edilməmiş, poçt rabitəsi vasitəsilə onun ünvanına göndərilməmiş, eləcə də, ehtiyata buraxılmasına baxmayaraq bu gunə kimi hərbi bilet iddiaçıya təqdim edilməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbəsi tərəfindən vəkil sorğusuna cavab olaraq yazdığı 10.02.2021-ci il tarixli 175 saylı məktubdan görünür ki, iddiaçının şəxsi işi 06.09.2017-ci tarixdə N saylı hərbi hissədən Xidmətin Şamaxı rayon Şöbəsinə daxil olmuş, lakin iddiaçının təyinat vərəqəsi və hərbi bileti daxil olmadığı üçün müvəqqəti qeydiyyata götürülmüşdür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun: 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3-cü maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Sadalanmış müddəaların mənasından bəlli olur ki, inzibati aktın təqdim edilməsi və ya elan edilməsi ilə bağlı mübahisə yarandığı halda, inzibati orqan aktın təqdim edilməsi və ya elan edilməsi faktını və müddətini sübut etməlidir. Mübahisənin yaranması isə maraqlı şəxsin inzibati aktı almadığı və ya geç aldığı halların müəyyən edilməsi ilə əlaqədardır. Yəni hər bir halda maraqlı şəxs tərəfindən hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. Hazırkı iş üzrə, iddiaçı ehtiyata buraxılma barədə əmrin ona rəsmi olaraq təqdim edilmədiyini və elan edilmədiyini iddia etdiyindən, 62.3-cü maddənin tələbinə görə, sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşsə də, sonuncu bu vəzifəni icra edə bilməmişdir. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxan məhkəmə müddətin ötürülməsi səbəbi ilə iddianı mümkün saymamaqda düzgün nəticəyə gəlməmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı həqiqi hərbi xidməti bitirdikdən sonra N saylı hərbi hissənin rəhbərliyi tərəfindən 26.11.2016-cı il tarixdə rabitə- radio-telefonçu kursuna göndərilmişdir. Kursu bitirdikdən sonra N saylı hərbi hissədə 09.02.2017-ci il tarixdən rabitə-radio-telefonçu kimi müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işə qəbul edilmiş və bu barədə ona AD seriyalı, №0033709 saylı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun şəxsi vəsiqəsi verilmişdir. Hərbi hissədə çalışdığı dövrdə ona hər hansı intizam tənbehi elan edilməmiş, işinə vicdanla yanaşmış, tapşırıqları vaxtından və düzgün yerinə yetirmişdir. 15.08.2017-ci il tarixdə məzuniyyətə çıxmış, 25.08.2017-ci il tarixdə məzuniyyətdən qayıtdıqdan sonra ondan müvafiq jurnala 24.08.2017-ci il tarixi üçün imza atması istənilmiş, lakin bu barədə ona heç nə bildirilməmişdir. Bugünə kimi rəsmi şəkildə İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılıb- buraxılmaması, ehtiyata buraxılmışsa bunun səbəbləri, onun əsası, əgər mövcuddursa buraxılma əmri barədə məlumat verilməmiş, şəxs hər hasnı bu tipli rəsmi sənədlə tanış etdirilməmişdir. Dəfələrlə N saylı hərbi hissə komandanlığına müraciət etsə də, müraciətləri cavabsız qalmışdır. Üstəlik iddiaçı qeyd edir ki, ona təhkim edilmiş silah bugünə kimi onun adından çıxarılmamış, onun Şəxsi vəsiqəsində bu barədə qeydiyyat aparılmamış, ümumiyyətlə ona məxsus həqiqi hərbi xidmət hərbi qulluqçusunun şəxsi vəsiqəsi özündə qalmış, ona hərbi bilet verilməmişdir. Bu fakt baş vermiş qanunsuzluğa, vəzifə səriştəsizliyinə, habelə vəzifədən sui-istifadəyə dəlalət edir. Bu barədə V.Mikalıyov Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, orada bildirilmişdir ki, o rəsmi olaraq ehtiyata buraxılmamışdır və mütləq şəkildə hərbi hissəyə, xidmətinin başına qayıtmalıdır. İddiaçı birdaha hərbi hissəyə qayıtsa da, o hərbi hissəyə buraxılmamışdır. İddiaçı ərizələrinə bu günə qədər rəsmi cavab verilməmişdir. Halbuki, Azərbaycan Respublikası "Hərbi qulluqçuların statusu haqqında" Qanununun 22-ci maddəsinin 1-ci bəndində deyilir ki, hərbi qulluqçular dövlət orqanlarına, ictimai təşkilatlara və birliklərə, hərbi idarəetmə orqanlarına təkliflər göndərmək, ərizələr vermək, habelə vəzifəli şəxslərin, dövlət orqanlarının, ictimai təşkilatların və birliklərin, hərbi idarəetmə orqanlarının, habelə vətəndaşların (o cümlədən hərbi qulluqçuların) hüquqa zidd hərəkətləri barəsində müəyyən edilmiş qaydada şikayət etmək hüququna malikdirlər. Həmin maddənin 4-cü bəndinə deyilir ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətləri (təklifləri, ərizələri, şikayətləri) daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. İddiaçı bugünə qədər qanunsuz şəkildə hərbi hissəyə buraxmamaqla onun "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş əmək hüququ, pul təminatı, maddi təminat hüququ, istirahət hüququ və digər hüquqları kobud şəkildə pozulmuşdur. Həmin Qanunun 3-cü maddəsində deyilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Göründüyü kimi İddiaçı hərbi qulluqçu statusunu qanuni şəkildə əldə etsə də, bu statusu itirməsi barədə ona rəsmi şəkildə hər hansı sənəd təqdim edilmədiyindən o hələ də hərbi qulluqçu hesab edilir. Eyni zamanda iddiaçı qeyd edir ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin 1-ci bəndinə əsasən Dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. Həmin Qanunun 26-cı maddəsinin 2-ci bəndinə əsasən onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət qulluqçularının isə xidmət hərbi xidmət müddətinə daxil edilir. Bunlara əsaslanaraq, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 15-ci maddələrini rəhbər tutaraq, verilmiş vəkil sorğusuna Abşeron rayonu, Pirəkəşkül-2 y/m yerləşən N saylı Hərbi hissə əmrin özünü deyil, ehtimal edilən əmrin verilməsi üçün əsas olmuş sənədləri rəsmi şəkildə 08.05.2019-cu il tarixdə təqdim etmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, güya hərbi qulluqçu İddiaçı xidməyi dövrdə bir neçə dəfə intizam məsuliyyətinə cəlb edilmiş və ona töhmət elan edilmişdir. Halbuki bu kimi hərəkətlər zamanı müvafiq orqan şəxsi rəsmi şəkildə, müvafiq sənədə imza atdırılmaqla bu barədə məlumatlandırmalı idi. Həmçinin göndərilən sənədlərdən belə məlum olur ki, İddiaçı ehtiyata buraxılması barədə əmr polkovnik leytenant Kamal Əliyev tərəfindən verilmişdir, hansı ki, o, N saylı Ordu Korpusunun şəxsi heyət üzrə müavinin köməkçisidir. Əmr 40KK-051/ƏÇ nömrəsi ilə qeydiyyata alınmış və 14.08.2017-ci il tarixdə verilmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maraqlıdır ki, əgər hərbi qulluqçu 14.08.2017-ci il tarixdə xidməti uyğunsuzluq əmri ilə ehtiyata buraxılırsa, o zaman 15.08.2017-25.08.2017-ci il tarixlərində rəsmi məzuniyyətə necə buraxılmışdır? Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2-ci və 2.2.1- ci maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edirlər. 23.11.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı və onun vəkili və nümayəndəsi Vəkil işitrak etmiş, ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsi və dəqiqləşmə barədə ərizədə texniki səhv olaraq iddiaçının qulluq etmiş olduğu hərbi hissənin nömrəsi bir yerdə “877” əvəzinə “887” kimi göstərilmişdir. Bu texniki səhvi nəzərə alaraq hərbi hissənin N olduğunun nəzərə alınmasını məhkəmədən xahiş etmiş, idia ərizəsinə uyğun izahat verərək, iddianən təmin edilməsini xahiş etmişdirlər. Cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin 14.08.2017-ci il tarixli, 051/ƏÇ nömrəli əmri ilə N nömrəli hərbi hissənin əməliyyat imkanları konsepsiyası taboru qərargah bölüyü rabitə taqımı radiorabitə manqası radiotelefonçusu İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) uyğun olaraq ehtiyata buraxılmışdır. Həmçinin, N nömrəli hərbi hissə komandirinin 24.08.2017-ci il tarixli 240 nömrəli əmri ilə N saylı hərbi hissə komandirinin 14.08.2017-ci il tarixli, 051/ƏÇ nömrəli əmri əsas götürülməklə iddiaçı 24.08.2017-ci il tarixdən şəxsi heyyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbəsinə göndərilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Ordu Korpusu komandirinin şəxsi heyət üzrə müavinin köməkçisi polkovnik leytenant Kamal Əliyevin 14.08.2017-ci il tarixli, 40KK-051/ƏÇ nömrəli əmrinin ləğv edilməsi, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə və öz əvvəlki vəzifəsinə bərpa edilməsi, qanunsuz əmrin verildiyi gündən-14.08.2017-ci ildən məhkəmə qərarı çıxanadək olan müddətin onun xidməti illərinə hesablanmasına, həmin müddət ərzində iddiaçıya ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsini istəyir. Qərarın təsviri hissəsində də qeyd edildiyi kimi iddiaçının işdən azad edilməsinin əsasını İddiaçı ilə aparılmış 10.07.2021-ci il tarixli 1-ci və 11.08.2021-ci il tarixli 2-ci söhbət vərəqələri təşkil edir. İddiaçı isə qeyd edir ki, həmin söhbət vərəqələrinə o imza etməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1215/2021 saylı, 18.06.2021-ci il qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. İş materiallarında olan 10.06.2017-ci il tarixli İddiaçı ilə aparılmış 1-ci "Söhbət vərəqəsi'nin "Söhbət aparılan şəxsin cavab və mülahizələri"qrafasında edilmiş qeydlər İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra edilmişdir?

2. İş materiallarında olan 11.08.2017-ci il tarixli İddiaçı ilə aparılmış 2-ci "Söhbət ərəqəsi'nin "Söhbət aparılan şəxsin cavab və mülahizələri" və "Digər xahiş və suallar" qrafalarında edilmiş qeydlər İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra edilmişdir?

3. İş materiallarında olan 10.06.2017-ci il tarixli İddiaçı ilə aparılmış 1-ci “Söhbət vərəqəsi”nin və 11.08.2017-ci il tarixli İddiaçı ilə aparılmış 2-ci "Söhbət vərəqəsi”nin “Tanış oldum” qrafasındakı imza İddiaçı və ya başqa şəxs tərəfindən icra edilmişdir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksertizası Mərkəzinin 16 avqust 2021-ci il tarixli, 4/977 saylı məktubu ilə məhkəmə xətşünaslıq eksertizasının aparılmasından imtina edilməsi barədə 16 avqust 2021-ci il tarixli ekspert məlumatı 31.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İmtinanın əsası kimi qeyd edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsində baxılan 2- 1(118)-1215/2021 nömrəli inzibati iş üzrə 18 iyun 2021-ci il tarixdə təyin edilmiş məhkəməxətşünaslıq ekspertizasının aparılması və rəy verilməsi üçün zəruri olan 10.06.2017-ci il tarixli İddiaçı ilə aparılmış 1-ci və 11.08.2017-ci il tarixli 2-ci söhbət vərəqələrinin əsillərinin, İddiaçı 5-7 vərəqədə eksperimental xətt nümunələrinin təqdim edilməsi barədə 14 iyul 2021-ci il tarixdə verilmiş ekspert vəsatətinin təmin olunmaması göstərilmişdir. Məhkəmə tərəfindən 10 iyun 2017-ci il tarixli İddiaçı ilə aparılmış 1-ci və 11 avqust 2017-ci il tarixli 2-ci söhbət vərəqələrinin əsilllərinin məhkəmə eksertizası mərkəzinə təqdim edilməsi barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbəsinə və Cavabdehnə sorğu edilmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbəsi 26.08.2021-ci il tarixli, 823 saylı cavab məktubu ilə bildirmişdir ki, İddiaçı ilə aparılmış 10.07.2021-ci il tarixli 1-ci və 11.08.2021-ci il tarixli 2-ci söhbət vərəqələri aşkar edilməmişdir. Məhkəmə tərəfindən tələb olunan sənədlərin əsilləri cavabdeh orqan tərəfindən təqdim edilməməklə yanaşı inzibati orqanlar məhkəmə iclasında da iştirak etməmişdirlər. Cavabdeh inzibati orqanın mübahisələndirilən inzibati aktın qəbul edilməsinə əsas olmuş yuxarıda qeyd edilən söhbət vərəqələri möhtəbər sübut kimi məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia əsaslı qəbul edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin inzibati orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Ordu Korpusu komandirinin şəxsi heyət üzrə müavinin köməkçisi polkovnik leytenant Kamal Əliyevin 14.08.2017-ci il tarixli, 40KK- 051/ƏÇ nömrəli əmri ləğv edilməli, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə və öz əvvəlki vəzifəsinə bərpa edilməsi, qanunsuz əmrin verildiyi gündən-14.08.2017-ci ildən məhkəmə qərarı çıxanadək olan müddətin onun xidməti illərinə hesablanması, həmin müddət ərzində iddiaçıya ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Ordu Korpusu komandirinin şəxsi heyət üzrə müavinin köməkçisi polkovnik leytenant Kamal Əliyevin 14.08.2017-ci il tarixli, 40KK-051/ƏÇ nömrəli əmri ləğv edilsin, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə və öz əvvəlki vəzifəsinə bərpa edilməsi, qanunsuz əmrin verildiyi gündən-14.08.2017-ci ildən məhkəmə qərarı çıxanadək olan müddətin onun xidməti illərinə hesablanması, həmin müddət ərzində iddiaçıya ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar