Məhkəmə qərarları › İş №2-1(118)-1216/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1216/2021

30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1216/2021 30.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X7 və Əlizadə Zümrüd Ceyhun qızının ona məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 12 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq “X7 və Əlizadə Zümrüd Ceyhun qızının ona məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 12 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 12 saylı mənzil tam mülkiyyət hüququ üzrə onun adına 30.01.2008-ci ildə qeydiyyata alınmışdır. Sözügedən mənzili 12 yanvar 2008-ci il tarixdə AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X1 Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 12 saylı evi satın almışdır. Müqavilənin şərtlərinə əsasən satıcı mənzili alıcının faktiki sahibliyinə verməyi və mənzildən qeydiyyatdan çıxarmağı öhdəsinə götürmüşdür. X7 və onun qızı Əlizadə Zümrüd Ceyhun qızı mənzilin əvvəlki mülkiyyətçisinin qohumlarıdır. Onlar daimi yaşamaq üçün başqa ünvana köçmüş, 2008-ci ildən sözügedən mənzildə yaşamırlar. Lakin formal olaraq mənzilin pasport qeydiyyatında qalırlar. Bu faktı təsdiq edən qonşuların iştirakı ilə tərtib edilmiş aktı da ərizəsinə əlavə etmişdir. X7 və onun qızı Əlizadə Zümrüd Ceyhun qızının mübahisəli mənzilə istifadə hüququ olmamasına və həmin mənzildə yaşamamasına baxmyaraq, mübahisəli mənzildə hələ də formal olaraq qeydiyyatda qalmışlar. Bu isə onun mülkiyyətçi olaraq hüquqlarını pozur. Məhkənmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Sumqayıt şəhər Polis İdarəsinin heç bir etirazı yoxdur. İddiaçı iddiası ilə əlaqədar qərar qəbul olunarsa tərəflərindən icra olunacaqdır. X7 və Əlizadə Zümrüd Ceyhun qızı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsləin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində 0,014 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı 12 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. - X4, X5 və X2 tərəfindəb tərtib edilmiş və Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 03.05.2021-ci il tarixli aktda qeyd olunmuşdur ki, X7 və Əlizadə Zümrüd Ceyhun qızı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 12 saylı fərdi yaşayış evində yaşamırlar. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin İddiaçı ünvanladığı 18.05.2021-ci il tarixli məktubundan görünür ki, X6 və onun qızı Əlizadə Zümrüd Ceyhun qızının iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. -“Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, 28.04.2021-ci il tarixli arayışdan və Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 03.05.2021-ci il tarixli 649 saylı (Forma 2) arayışından görünür ki, X6 və Əlizadə Zümrüd Ceyhun qızının iddiaçıya məxsus ünvan 2 ünvanında qeydiyyatda olduqları qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 12 saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Həmin evdə X7 və Əlizadə Zümrüd Ceyhun qızı da qeydiyyatdadırlar. Hazırki iş üzrə iddiaçı həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqanın 18.05.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslərin mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Üçüncü şəxslər məhkəmə iclaslarına dəvət olunmasına baxmayaraq, məhkəməyə gəlməmiş, qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X6 və Əlizadə Zümrüd Ceyhun qızının Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 12 saylı evdən qeydiyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. X6 və Əlizadə Zümrüd Ceyhun qızının Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 12 saylı evdən qeydiyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar