Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1217/2021 05.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı "16.07.2001-ci il tarixdə iddiaçı tərəfindən doğulmuş uşağa doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: 16.07.2001-ci il tarixdə iddiaçının övladı dünyaya gəlmişdir. Şəxsi səbəblərdən ona bugünə qədər doğum haqqında şəhadətnamə ala bilməmişdir. Bunun üçün iddiaçı cavabdehə müraciət etmişdir. Həmin vaxt iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən ona verilmiş, uşağın doğumunu təsdiq edən tibbi sənədi də təqdim etmişdir. Lakin buna baxmayaraq cavabdeh müvafiq doğum haqqında şəhadətnaməni iddiaçıya verməkdən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, doğum haqqında tibbi şəhadətnamə təqdim edilməmişdir. Doğumun olduğu tibb müəssisəsi hazırda mövcud olmadığından həmin məlumatlar sorğu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsindən götürüldü. Beləliklə, cavabdeh orqan doğum haqqında şəhadətnaməni verməkdən əsassız olaraq imtina edir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsi iddia tələbinə münasibət bildirməmiş, həmçinin, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə: Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 may 2021-ci il tarixli, 05/Q-1209/15 saylı imtina məktubu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin 12.04.2021-ci il tarixli məktubu və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 16.07.2001-ci il təvəllüdlü oğlu üçün doğum haqqında şəhadətnamə almaq məqsədilə Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin uşağın doğumu haqqında tibbi şəhadətnamə olmadığı üçün Sumqayıt şəhər Qeydiyyat Şöbəsi ona doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. İşin araşdırılan hallarından məlum olmuşdur ki, mübahisənin predmeti doğum qeydi ilə bağlı deyil, mövcud olmuş doğum qeydinin əks olunduğu doğum haqqında şəhadətnamənin verilməsindən ibarətdir. İşdən göründüyü kimi iddiaçının övladı 16.07.2001-ci il təvəllüdlüdür, yəni yetkinlik yaşına çatmışdır. Lakin buna baxmayaraq iddia ərizəsi onun anası X1 tərəfindən verilmişdir. Buna səbəb isə həmin şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənədlərin olmamasıdır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli Qərarının 2.5.3-cü maddəsinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən sənəd təqdim edilməlidir. İş materiallarından göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinə müraciət etmiş və İdarə tərəfindən verilən 12.04.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ləğv edilmiş M.Hacıqasımov adına 1 nömrəli Doğum Evinin arxiv sənədlərinə əsasən X1 16.07.2001-ci il tarixdə, saat 07:30-da çəkisi 4500 qram, ölçüsü 58 sm olan diri oğlan uşağı doğmuşdur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin həmin məktubu doğum haqqında tibb müəssisəindən verilən sənədə bərabər tutulur. Ona görə də Sumqayıt şəhər Qeydiyyat şöbəsinin irəli sürdüyü imtina əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 16.07.2001-ci il təvəllüdlü oğluna Doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsinin üzərinə qoyumalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. 16.07.2001-ci il tarixdə iddiaçı tərəfindən doğulmuş uşağa doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1217/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1217/2021
05.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver