Məhkəmə qərarları › İş №2-1(118)-1218/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1218/2021

21.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1218/2021 21.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh2 nümayəndəsi Ağakişiyeva Arzu Hafiz qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh2nə qarşı “20 noyabr 2020-ci il tarixli əmrin ona aid hissədə ləğv edilməsi və onun işə bərpa olunması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh2nə qarşı “20 noyabr 2020-ci il tarixli əmrin ona aid hissədə ləğv edilməsi və onun işə bərpa olunması”na dair iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin Məhkəmənin 14 aprel 2021-ci il tarixli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin normaya uyğun olaraq iddiaçının tələbi aydınlaşdırılmış və ona hüquqi yardım olunmuşdur. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, orta ixtisas təhsillidir. 1981-ci ildə Bakı Plan-Uçot Texnikumunun mühasibat uçotu üzrə ixtisasını bitirdmişdir. 1981-1986-cı ilədək Xaçmaz rayon təhsil şöbəsində mühasib, 1986-cı ildən 28.04.2011-ci ilədək X2 inspektor vəzifəsində işləmişdir. 28.04.2011-ci ildə idarənin təkmilləşdirilməsi ilə əlaqədar ixtisara düşmüşdür. 01.07.2011-ci ildən 23.07.2014-cü ilədək Quba rayon ƏSMM-də mühasibat sektorunda məsləhətçi vəzifəsində işləmişdir. 23.07.2014-cü ildən 20.11.2020ci ilədək Xaçmaz şəhər DSMF-də mühasibat sektorunda məsləhətçi işləmişdir. 2003-cü ildən dövlət qulluğuna keçirilmişdir. İşlədiyi dövr ərzində haqqında heç bir şikayət və töhmət olmamışdır. 2003-cü ildən onlara dövlət qulluqçusu statusu verilərkən struktur dəyişikliyinin aparılmasına baxmayaraq, əvvəldən işlədikləri üçün Əmək Məcəlləsinin tələblərinə əsasən heç bir araşdırma aparmadan və təhsilin hansı pilləsinə malik olmalarına baxmayaraq işdə saxlanılmışdılar. Struktur dəyişikliyi ilə əlaqədarona təzyiq göstərilərək işdən azad olunması barədə tarix göstərilməyən ərizənin yazılması üçün ərizənin nümunəsi göndərilmişdir. 29.07.2020-ci ildən işdən azad edilmişdir.17.08.2020-ci ildən işə qəbul edilmişdir. İşdən azad olunan işçilərin şikayətlərinin qarşısının alınması üçün bilik və bacarıqlarının qiymətləndirilməsinin nəticələrində əməkdaşlardan çoxunun işlədiyi sahəni saxtalaşdıraraq tamam başqa sahələri qeyd etmişlər. Onlar da əvvəldən işlədikləri üçün onlarla müddətsiz müqavilə bağlanmalı idi. Publik hüquqi şəxs haqqında Qanunda ali təhsil tələb olunmur. Müqavilədə “ştatdankənar işçi” kimi qeyd olunsa da elektron məlumatda vəzifəsi mütəxəssis kimi qeyd olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, hazırkı iddia üzrə mübahisə predmetinə mülki icraat qaydasında baxılmalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarından da göründüyü kimi, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Plenum qərarının 3.4-cü bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İstinad olunan Plenum qərarının 4-cü bəndində qeyd olunur ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibəti olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Hazırkı mübahisə predmeti üzrə mübahisələndirilən əmrləri qəbul etmiş orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh2 olmuşdur. Belə ki, 14.08.2020-ci il tarixli xxxxxxx00030 nömrəli əmək müqaviləsi üzrə işəgötürən tərəf Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh2dir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh2 yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Fondun Nizamnaməsi təsdiq edilmişdir. İstinad olunan Nizamnamənin 1.1-ci bəndində qeyd olunur ki, Cavabdeh2 məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum qərarından da aydın olduğu kimi DSMF hazırkı əmək münasibətlərində hakimiyyət səlahiyyətlərinin subyekti kimi yox, xüsusi hüquq subyekti kimi çıxış etmişdir. Çünki sözügedən orqanın əmək fəaliyyəti ilə bağlı münasibətlərdə iştirakı onun hakimiyyət səlahiyyətlərini həyata keçirmə forması olmamaqla, yalnız ona xas fəaliyyətin realizə şəkli deyildir. DSMF bu münasibətlərdə hər bir işəgötürən kimi xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu tərəfi kimi çıxış etmişdir. Deməli, mübahisə inzibati məhkəmə icraatı predmeti deyil, mülki məhkəmə icraatı predmetidir.Müstəsna olaraq qeyd etmək zəruridir ki, dövlət qulluqçularının və hərbi qulluqçuların əmək münasibətləri ilə bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda istinad olunan Plenum qərarının 12-ci bəndindən də göründüyü kimi, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. İddiaçı dövlət qulluğu vəzifəsini tutduğuna əsaslanaraq inzibati iddia ilə məhkəməyə müraciət etmişdir. Dövlət qulluğu haqqında Qanunun 9-cu maddəsinə əsasən “Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir.” Publik hüquqi şəxslər haqqında Qanunun 2.2-ci maddəsinə əsasən Publik hüquqi şəxs - dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlətvə (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Belə ki, DSMF publik hüquqi şəxsə çevrildiyi üçün dövlət orqanı statusunu itirmiş, bunun nəticəsi olaraq onun strukturunda dövlət qulluqçusu vəzifəsi ləğv olunmuşdur. İddiaçının mübahisələndirdiyi münasibətlər bu tarixdən sonra yarandığı üçün dövlət qulluqçusunun əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı normalar cari münasibətlərə tətbiq oluna bilməz. Həmçinin istinad olunan Plenum qərarında qeyd olunur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı münasibətə uyğun izahat verərək, iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçının tələbi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh2 20 noyabr 2020-ci il tarixli əmrinin ona aid hissədə ləğv edilməsi və onun işə bərpa olunmasından ibarətdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 2-ci bəndində mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Hazırkı işdə iddiaçının mübahisələndirdiyi əmrlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh2 yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Fondun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 1.1-ci bəndində qeyd olunur ki, Cavabdeh2 məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Yuxarıda qeyd edilən hüquq normalarının məcmusundan göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh2 dövlət orqanı olmamaqla həmin qurumun işçiləridə dövlət qulluqçusu statusuna malik deyildirlər. Ali məhkəmənin yuxarıda adı qeyd olunan Plenum qərarının 12-ci bəndindən də göründüyü kimi, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, dövlət qulluqçusu olmayan şəxslərlərlə işə götürən orqan arasındakı xidməti mübahisələrə inzibati məhkəmə icraatında qaydasında baxılması nəzərdə tutulmamışdır. Onlar arasındakı əmək mübahisələri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimləməli olan hüquq münasibətlərinə aid olmaqla mülki məhkəmənin araşdırma predmetinə aiddir. Buna görə də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar