Məhkəmə qərarları › İş №2-1(118)-122/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-122/2022

28.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-122/2022 28.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 (Sumqayıt Regional Vəkil Bürosunun vəkili, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 80, ev 265-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının əsassız hesab edilməsi, Abşeron rayon XDS İK-nin 20.09.1991-ci il tarixli 193 saylı qərarı ilə iddiaçıya ayrılmış Abşeron rayonu Novxanı kəndinin ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, Abşeron rayon XDS İK-nin 20.09.1991-ci il tarixli 193 saylı qərarı ilə iddiaçıya ayrılmış Abşeron rayonu Novxanı kəndinin ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Abşeron rayon XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli 193 saylı qərarına əsasən Abşeron rayonu Novxanı kəndinin ərazisindən kənd təsərrüfatına yararsız sahədən 0,12 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Maddi imkanı zəif olduğuna görə həmin torpaq sahəsində fərdi yaşayış evi tikə bilməmişdir. Hal-hazırda o, mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata almaq və torpaq sahəsinə dövlət reyestrindən çıxarış almaq istəyir. Bu məqsədlə o, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi müraciət etmiş, lakin oradan müsbət cavab ala bilməmişdir. Belə ki, imtina məktubunda ayrıc aktının olmaması və torpaq sahəsi yararsız olduğuna görə çıxarış verilməsi mümkün olmadığı qeyd edilir. Cavabdehin imtina cavabı Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanına, “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə ziddir. 30 il bundan əvvəl iddiaçıya XDS İK tərəfindən torpaq sahəsi ayrılarkən ayrıc aktının verilməməsinin təqsiri onda deyil. Bundan başqa iddiaçıya ayrılmış torpaq sahəsinə qonşu olan digər mülkiyyətçilərə də həmin vaxtı Abşeron rayonu Novxanı kənd İcraiyyə Komitəsinin məlum qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri ayrılmışdır. Həmin mülkiyyətçilərdən onlara məxsus torpaq sahələrinə dair daşınmaz əmlakdan çıxarış veriləndə onlardan ayrıc aktı tələb olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi R.İldırımzadə iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində göstərmişdir ki, aparılan araşdırma zamanı vətəndaşa 0.12 ha torpaq sahəsinin Abşeron Novxanı kənd XDS İK-nin 31 oktyabr 1991-cu il tarixli 33.2 saylı qərarı ilə ayrıldığı məlum olmuşdur və torpaq sahəsinin ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna daxil edilməmişdir. Qanunvericiliyə əsasən torpaq sahəsi ayrılması üçün həmin sahənin istifadəyə, icarəyə və ya satılması məqsədi ilə müvafiq qərar qəbul edilənə qədər torpaq sahəsi yerdə və xəritədə müəyyən edilir. Tərtib edilmiş torpaqayırma planı həmin sahənin istifadəyə, icarəyə və ya satılması barədə müqavilənin ayrılmaz hissəsi hesab edilir. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən Fərmanın birinci hissəsindəki sənədlərin Sivahısı"nda torpaq sahələrinin ayrılması barədə kənd/qəsəbə nümayəndəliklərin sərəncamları nəzərdə tutulmamışdır. Həmçinin baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin yararsız (şoranlıq) ərazidə yerləşdiyi aşkar edilmişdir. Vətəndaşın adına ləğv edilmiş DT və XK tərəfindən torpaqa mülkiyyət hüququna dair şəhadətnamə tərtib olunmuşdur. Abşeron rayonu Aqrar İslahat Komissiyasının 30.08.1999-cu il tarixli, 28 nömrəli qərarı ilə 0,08 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan : -Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin 31 oktyabr 1991-ci il tarixli 33.2 nömrəli qərarından çıxarışdan görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991 -ci il tarixli qərarı və kənd əhalinin müraciətləri nəzərə alınaraq vətəndaşlara (o cümlədən İddiaçı) hər birinə 0.12 hektar torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verilməsi qərara alınmışdır. -Abşeron rayon Novxanı bələdiyyəsi tərəfindən tərtib edimiş torpaq sahəsinin planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı ayrılmış 0.115 ha torpaq sahəsinə dair tərtib edilmişdir. -14.06.2021-ci il tarixli torpaq sahəsinin ayrıc aktından görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991 -ci il tarixli 193 saylı qərarına əsasən Abşeron rayonu Novxanı kəndinin ərazisindən kənd təsərrüfatına yararsız sahədən fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə ayrılmış 0.12 ha torpaq sahəsi vətəndaş İddiaçı iştirakı ilə Novxanı kəndinin Baş İnkişaf Planına uyğun olaraq yerində ölçülüb nişangahlar qoyulduqdan sonra vətəndaş İddiaçı təhvil verilmiş, torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yoxdur. Vətəndaş tərəfindən 30 ildir ki, maneəsiz və mübahisəsiz istifadə edilir. -DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş 19.05.2021-ci il tarixli **********19 saylı imtina bildirişindən görünür ki, kənd (qəsəbə) nümayəndəliklərinin sərəncamlarının mülkiyyət hüququnun qeydə alınması üçün əsas kimi nəzərdə tutulmadığı, torpaq sahəsinin yararsız (şoranlıq) ərazidə yerləşməsi və həmin torpaq sahəsinə sair vətəndaşın adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edildiyindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 22.12.2021-ci il tarixli cavab məktubundan görünür ki, JN-732A KOD 30800118 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair **********96-10301 reyestr nömrəli çıxarış verilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə almaqdan üç əsasla imtina etmişdir : 1) kənd (qəsəbə) nümayəndəliklərinin sərəncamlarının mülkiyyət hüququnun qeydə alınması üçün əsas olmaması; 2) torpaq sahəsinin yararsız (şoranlıq) ərazidə yerləşməsi; 3) vətəndaşın adına ləğv edilmiş DTXK tərəfindən torpağa mülkiyyət hüququna dair şəhadətnamə tərtib edilməsi . Məhkəmə cavabdehin birinci dəlili ilə bağlı qeyd edir ki, zaman görə qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Bununla bağlı məhkəmə qeyd edir ki, Abşeron rayon Novxanı XDS İK-nin 33.2 saylı 31.10.1991-ci il tarixli qərarında torpaqların vətəndaşlara Abşeron rayon XDS İK-nin 20.09.1991-ci il tarixli qərarı əsasında ayrılması qeyd olunduğundan Novxanı XDS İK-nin torpaq sahəsini vətəndaşlara ayırmaq səlahiyyəti olmuşdur. Məhkəməyə təqdim olunmuş Abşeron rayon XDS İK-nin 20.09.1991-ci il tarixli qərarından görünür ki, fərdi yaşayış evinə ehtiyacı olan bətəndaşlara həyətyanı torpaq fondunun ayrılması haqqında Novxanı XDS İK-nin məktubu və kənd sakinlərinin xahişləri nəzərə alınaraq hər ailəyə 0.12 hesabı ilə 100 ailəyə 12.0 ha həyətyanı torpaq fondu üçün, 3.0 ha küçə və yollar altına – cəmi 15.0 ha Novxanı üzümçülük sovxozunun dəmyə dinc yerindən torpaq sahəsinin Novxanı XDS İK-nə verilməsi qərara alınmışdır. Torpaq sahəsinin yararsız (şoranlıq) olmasını təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, məhkəmə sorğusuna əsasən əldə edilmiş JN- 732A KOD 30800118 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən İddiaçı Abşeron rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli 28 saylı qərarı ilə 0,08 ha torpaq sahəsi ayrıldığı müəyyən edilir. Hazırda isə iddiaçı Novxanı XDS İKnin31.10.1991-ci il tarixli 33.2- saylı qərarına əsaslanaraq 0.12 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Aqrar islahat Komissiyasının istinad olunan qərarı qüvvədədir. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı aqrar islahat komissiyasının qərarı qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmişdir. Belə olan halda həmin qərar hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə hesab edir ki, həmin qərar hüquqi cəhətdən etibarlı olduğundan iddiaçının 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair tələbi əsassız hesab edilərək təmin edilməməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM- 14.3). NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar