Məhkəmə qərarları › İş №2-1(118)-122/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-122/2025

04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-122/2025 04.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: torpağa mülkiyyət hüququna dair şəhadətnamənin dəyişdirilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpağa mülkiyyət hüququna dair şəhadətnamənin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 4 fevral 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. JN 281F KOD 30214018 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə X2 0,15 ha torpaq sahəsi ayrılmışdır.

2. AZ seriyalı, 048897 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X9 14 may 2000-ci il tarixdə ölmüşdür.

3. AZ-İ seriyalı, 772229 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X10 31 oktyabr 2015-ci il tarixdə ölmüşdür.

4. Xaçmaz Rayon Dövlət Arxivinin 10 yanvar 2023-cü il tarixli, 28 nömrəli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Xaçmaz rayon dövlət arxivində saxlanılan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 saylı protokolu ilə Xaçmaz rayonunun Bakı sovxozunda torpaq payı alan subyektlərin siyahısında Qımıl-qışlaq kəndi üzrə 53-cü X4 adına qaytanlanmış kitab üzrə 0,15 ha, faktiki 0,15 ha torpaq sahəsi qeyd olunmuşdur (torpaq payçılarının sayı 5 nəfər). Qoşma şəklində subyektlərin siyahısından çıxarış göndərilmişdir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13 yanvar 2023-cü il tarixli, 3-21-3-34/2-H-000-8/2023 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən torpaq sahəsinə dair vətəndaş Hüseynova (Kərimova) Könül Mirzəbala qızının adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən hazırlanmış JN-281F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 11 iyul 2023-cü il tarixli, 3-21-3-60/2- 1553/2023 nömrəli məktubu ilə Xaçmaz rayon, Qımılqışlaq kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahılarından (əlyazma və elektron) X10 (ailə üzvləri ilə birgə) və X1 adları qeyd edilmiş hissədən, eləcə də Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarından çıxarışların təsdiq olunmuş surəti qoşma şəklində göndərilmişdir.

7. Xaçmaz Rayon Dövlət Arxivinin 15 dekabr 2023-cü il tarixli, 3-48-18-RA/2-10xxxx/2023 nömrəli məktubu ilə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997ci il tarixli, 16 saylı protokolundan “Bakı” sovxozuna aid hissənin surəti və həmin qərarla “Bakı” sovxozunun ərazisində torpaq payı alan subyektlərin siyahısından X14 (53-cü) oğluna aid hissənin surəti qoşma şəklində göndərilmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 18 dekabr 2023-cü il tarixli, 3-21-3-60/2- 2962/2023 nömrəli məktubundan görünür ki, Xaçmaz rayon Dövlət Arxivinin 10 yanvar 2023-cü il tarixli, 28 nömrəli arayışında qeyd olunan məlumatlar Xaçmaz rayon Qımılqışlaq kənd inzibati ərazi vahidi üzrə torpaq payı almaq hüququ olan vətəndaşların siyahısından çıxarışdır. Əlavə olaraq bildirilmişdir ki, Mərkəzin arxivində yalnız Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarından çıxarış mövcuddur. Qərarın özü mövcud deyildir. Mərkəzin arxivində saxlanılan Xaçmaz rayon Qımılqışlaq kənd inzibati ərazi vahidi üzrə torpaq payı almaq hüququ olan vətəndaşların (pay torpaq sahəsinə dair) siyahısından X9 və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən, eləcə də Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarından çıxarışların təsdiq olunmuş surəti qoşma şəklində göndərilmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(118)-151/2023 nömrəli qərarı ilə X10 və İddiaçı adının qeyd olunduğu “Torpağın mülkiyyətə verilməsinə dair” JN-280F KOD 30214018 saylı şəhadətnamənin ləğv edilməsi qərara alınmışdır.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri:

10. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 saylı protokolun qərarını və 0,15 ha torpağın mülkiyyətə verilməsinə dair siyahını əsas tutaraq, X3 adına verilmiş KOD 30214018 JN281 saylı şəhadətnamədə mülkiyyət hüquqlarının bərpa edilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi işin hallarına istinad edərək onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə ailə başçısı iddiaçının atası X9 olmaqla, X9, X10, iddiaçı, X11, X5 0,15 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. Lakin həmin 0,15 ha torpaq sahəsinə tək bir nəfərin, X3 adına KOD 30214018 JN-281F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişir. Qeyd olunan torpaq sahəsində atası, anası və iddiaçının hüquqlarını təmin etmək üçün cavabdehə mürcaiıt edilmiş, qeyd olunan müraciətinin icrasından imtina edilmişdir. Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 saylı protokolun qərarına və verilmiş siyahıları nəzərə almadan həmin torpağın mülkiyyətə verilməsinə dair kod 302140** JN *** saylı şəhadətnamə qanunsuz olaraq tək X3 adına verilmişdir. Faktiki 5 nəfərə verilməli sənəd saxtalaşdırılaraq bir nəfərin adına qeydiyyatdan keçmişdir. Bununla da həmin siyahıda olan 4 nəfərin torpağa mülkiyyət hüquqları pozulmuşdur.

12. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

13. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, X3 adına verilmiş JN-281, KOD 30214018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi və 0,15 ha torpaq sahəsinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 saylı qərarında göstərilmiş şəxslərin adına hüquqların dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

14. Məhkəmənin 2 iyun 2023-cü il tarixli, 2-1(118)-1971/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “torpaq sahəsinə dair şəhadətnamənin dəyişdirilməsi” tələbinə dair iş üzrə X8 (bundan sonra – “üçüncü şəxs”) üçüncü şəxs qismində (zəruri cəlbetmə) məhkəmə icraatına cəlb edilmişdir.

15. Məhkəmənin 22 yanvar 2026-cı il tarixli, 2-1(118)-122/2025 nömrəli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi (bundan sonra - “cavabdeh”) ilə əvəz edilmişdir.

16. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı cavabdehin etirazın dəlilləri:

17. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, imtina məktubunda olan hallara (§5) istinad edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

18. Etirazın maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3, 2.4, 4.1, 9.1.2, 11.1-cü maddələrinə istinad edilmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdirlər.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

21. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

22. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

23. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş, eyni zamanda bildirmişdir ki, üçüncü şəxs qardaşının həyat yoldaşıdır, yəni gəlini olmuşdur. O, 0,24 ha torpaq sahasindən 0,08 torpaq sahəsini qanunsuz olaraq tələb etmiş, digər tərəfdən isə 0,15 ha torpaq sahəsində həm onun, həm də övladının adı qeyd olmunmuşdur. Halbuki, hər iki torpaq sahəsi ayrı-ayrı torpaq sahələri olmuşdur. Üçüncü şəxs torpaq sahəsini satmaq istəyərkən məlumat almışdır ki, torpaq sahəsi 5 nəfərin adına rəsmiləşmişdir.

24. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş, həmçinin iddiaçının ailə üzvlərinə ayrı-ayrılıqda 0,24 ha və 0,15 ha torpaq sahələrinin verildiyini, digər 0,24 ha torpaq sahəsinə dair məhkəmə işinin hazırda Ali Məhkəmənin icraatında olduğunu, hazırda mübahisələndirilən şəhadətnamənin bütövlüklə üçüncü şəxsin adına olması qanunsuz olduğunu bildirmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

25. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

26. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

27. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

28. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

29. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq:

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:

Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. (-)

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; (-)

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-)

Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar

139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; (-) Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası] Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). (-)

32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. 62.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yazılı inzibati akt mediada dərc olunur. İnzibati akt dərc edildiyi gündən 10 gün keçdikdən sonra elan olunmuş sayılır. 62.5. Yazılı inzibati aktın mediada dərc olunması qaydası müvafiq inzibati orqan tərəfindən müəyyən edilir.

Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

34. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)

Maddə 68. Məhkəmə qərarının əsası

68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

c) Məhkəmənin mövqeyi

35. Məhkəmə proses iştirakçılarının vermiş olduğu izahatlarını nəzərə alaraq, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara mövcud olan qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir.

36. İddia tələbinin əsası kimi qeyd olunmuşdur ki, mübahisələndirilən torpaq sahəsi Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 saylı protokolun qərarı ilə iddiaçı və onun 5 nəfər ailə üzvlərinə ayrılmış, lakin üzərində mülkiyyət hüququna dair şəhadətnamə verilərək, 5 nəfər ailə üzvlərindən yalnız üçüncü şəxsin adı qeyd edilmişdir.

37. Cavabdeh tərəf isə iddia tələbinə etiraz edərək bildirir ki, müvafiq şəhadətnamənin ləğv edilməsi yalnız məhkəmə qaydasında mümkündür.

38. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 saylı qərarı əsasında üçüncü şəxsə 0,15 ha torpaq sahəsi ayrılmış, bu barədə JN 281F KOD 30214018 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir.

39. İddiaçı hazırkı iddia tələbini qaldıraraq, Xaçmaz rayon Qımılqışlaq kənd inzibati ərazi vahidi üzrə torpaq payı almaq hüququ olan vətəndaşların siyahısına istinad etmiş, həmin siyahıda 5 nəfər ailə üzvlərinin adının (üçüncü şəxsin adı daxil omaqla) qeyd edildiyini bildirir.

40. Məhkəmə qeyd edilən halların araşdırması məqsədilə müvafiq sorğular göndərmiş, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin təqdim etdiyi Qımılqışlaq kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahılarından çıxarışdan müəyyən etmişdir ki, həmin siyahıda “280” sıra nömrəsi ilə X10, İddiaçı, X6 adlarının qarşısında 54 nömrəli 0,24 ha, “281” sıra nömrəsi ilə isə yalnız üçüncü şəxs X1 adının qarşısında 512a nömrəli 0,15 ha torpaq sahəsi qeyd edilmişdir.

41. Göründüyü kimi, JN 281F nömrəli şəhadətnamədə əks edilmiş torpaq sahəsinin ailə üzvlərinə deyil, üçüncü şəxsə ayrılması nəzərdə tutulmuş, bu səbəbdən də həmin aktın iddiaçı və onun ailə üzvlərinin adına verilməsi tələbi əsaslı deyildir.

42. Bundan əlavə, həm iş materiallarına əlavə edilmiş sənədlərdən, həm də iddiaçı tərəfin verdiyi izahatından müəyyən edilir ki, ümumilikdə ayrılmış iki fərqli 0,24 ha və 0,15 ha ölçüdə torpaq sahələri mövcuddur və hazırda 0,24 ha olan torpaq sahəsi digər məhkəmə icraatın mübahisə predmeti olmuşdur.

43. Belə ki, qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(118)-151/2023 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, “ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 05 aprel 2004-cü il tarixli JN-280F, KOD 30214018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə iki dəfə tərtib edilmişdir. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş ilkin JN- 280F, KOD 30214018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi kimi X6, X7 və İddiaçı adı qeyd edilmişdir. Daha sonra yenidən verilən eyni adlı və nömrəli şəhadətnamədə isə yalnız X7 və İddiaçı adı qeydə alınmışdır. Məhkəmə tərəfindən inzibati işin tam və hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədi ilə aidiyyatı üzrə bütün sorğular verilmiş, yuxarıda adı qeyd edilən sorğu məktublarında da torpaq sahəsinin X6, X7 və İddiaçı adına ayrıldığı qeyd edilmişdir. Beləliklə, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hansı əsaslarla iki dəfə ayrı-ayrı JN-280F KOD 30214018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin verilməsi müəyyən edilə bilməmişdir, üçüncü şəxsin nümayəndəsi özü də məhkəmə icraatı zamanı İddiaçı və X7 adına verilmiş ikinci nüxsənin əsassız olaraq, orqana müraciətləri əsasında iddiaçının adının çıxarılaraq tərtib edilyini etiraf etmişdir.”

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 fevral 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. ... Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir.Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. ...”

45. Göründüyü kimi, hazırkı iş üzrə iki torpaq sahəsinin mövcud olması, JN 280F nömrəli 0,24 ha ölçüdə ayrılmış torpaq sahəsinin X10, İddiaçı, X11 üçün, mübahisə predmeti olan JN 281F nömrəli 0,15 ha torpaq sahəsinin isə üçüncü şəxsə ayrılmasının nəzərdə tutulduğu müəyyən olunmuşdur.

46. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı tərəfin mövqeyi əsassız olduğundan, cavabdeh orqanın mövqeyi isə qanuni və əsaslı olduğundan, hazırkı iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

47. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar