Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1221/2021 05.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 01.05.2021-ci il tarixli **********9 nömrəli imtinasının qanunsuz hesab edilməsi və 1.24 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh orqanın vəzifəli şəxslərinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 01.05.2021-ci il tarixli **********9 nömrəli imtinasının qanunsuz hesab edilməsi və 1.24 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh orqanın vəzifəli şəxslərinin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 09 1998-ci il tarixli 03 saylı qərarı ilə 1.24 ha torpaq sahəsi 3 üç nəfər olmaqla iddiaçının ailəsinin mülkiyyətinə verilmişdir. 2003-cü ildən iddiaçılar torpaq sahəsindən kənd təsərrüfatı mallarının istehsalı məqsədilə istifadə etmişdirlər. Nümayəndələri vasitəsi ilə 1.24 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Quba "Asan Xidmət" Mərkəzinə 21.04.2021-ci il tarixli **********, ********** qeydiyyat nömrəli ərizələrlə ilə müraciət olunmuşdur. Cavabdeh orqan **********39 nömrəli 01.05.2021-ci il tarixli məktubla "Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında " Azərbaycan Respublikası Qanunun ll.l.və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina etmişdir. Aşağıdakı əsaslara görə imtinanı qanunsuz hesab edir: Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun: Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; Göründüyü kimi Daşınmaz Əmlakın dövlət Reyestrindən imtina üçün qanuni heç bir əsas mövcud deyildir. Lakin cavabdeh orqan müayinə zamanı torpaq sahəsi üzərində mübahisə olmasına istinad etmişdir. Belə olan halda isə cavabdeh orqan mübahisəni qanuni yolla həll etməli və Dövlət Aktında göstərilən koordinatları müəyyən etməklə bizə mülkiyyətimiz olan 1.24 ha torpaq sahəsini qeydiyyat almaqla plan ölçülərini müəyyən edərək çıxarış hazırlamalıdır. İddianın hüquqi tövsiri barədə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: -2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə [ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); -2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia). Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən . İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası Konstitusiya Qanunun 60-cı maddəsinə görə Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. AR Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə AR-da mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. AR MM-nin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. AR MM-nin 17.1-ci maddəsinə görə bütün dövlət hakimiyyəti orqanları..., mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludur. AR MM-nin 14.2.6-cı maddəsinə görə başqa şəxsə zərər vurulması və 14.2.9-cu maddəsinə görə mülki nəticələrin baş verməsi ilə bağladığı hadisə - mülki hüquqların və vəzifələrin əmələ gəlməsinə səbəb olur. Həmçinin həmin məcəllənin 6.1.1-ci maddəsinə görə mülki hüquq subyektlərinin bərabərliyi və 6.12.8-ci maddəsinə görə - pozulmuş hüquqların bərpasının təmin edilməsi mülki qanunvericiliyin əsas prinsiplərindən olduğuna baxmayaraq cavabdeh orqan qanunsuz imtinası ilə bizim konstitusiya qanunu ilə qorunan mülkiyyət hüquqlarımızı pozmuşdur. AR-da ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan, həmçinin AR-nın Qanunvericilik sisteminin əsasını təşkil edən Konstitusiyanın 7-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Dövləti hüquqi respublikadır və dövlətimizdə hər bir hüquq münasibəti mövcud hüquqi aktların tələblərinə müvafiq qaydada həll edilməlidir. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Azərbaycan Konstitusiyasının 24-cü maddəsində deyilir ki, "Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır". 26-cı maddədə isə bunun təminatını vətəndaşların qurduğu dövlətə verir: "Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir". Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Allahverdi oğlu iştirak etmiş, iddia ərizəsində qeyd edilənləri müdafiə etmiş, məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, onlar uzun müddət Rusiya Federasiyasında yaşamışlar, ona görədə torpaq sahəsi hazırda başqa adamların istifadəsindədir. Həmin şəxslərin torpaq sahəsindən çıxarılması ilə bağlı müraciət etməmişlər.İddiaçı sonda iddianın təmin edilməsini məhkmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsində müraciəti qeydə alınmamışdır, o cümlədən Ərazi İdarəsi tərəfindən münasibət bildirilməmişdir və bununla da inzibati akt mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 2.2.1-2.2.4-cü maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. İddia ərizəsində göstərilən iddiaçıdan fərqli olaraq Quba rayonu, Mirzəmməd kəndi ərazisində yerləşən 1.24 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 21.04.2021-ci il tarixli **********, ********** qeydiyyat nömrəli ərizə ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi vətəndaş X2 tərəfindən müraciət olunmuşdur. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, torpaq sahəsi üzərində mübahisə mövcuddur. Belə ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş torpaq sahəsi digər şəxs tərəfindən istifadə edildiyindən müayinə işlərinin aparılması mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu, səbəbdən də, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizələrin icrasından 01.05.2021-ci il tarixli, **********39 nömrəli məktubla imtina olunmuşdur. Göstərilən çatışmazlıqlar aradan qaldırılaraq yenidən müraciət olunacağı təqdirdə, hüquqlarınızın dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır. Bildirirlər ki, ərazi idarəsinin imtina məzmunu mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılmasından deyildir, həmin hüquqların qeydə alınması üçün texniki göstəricilərin əldə edilməsi ilə bağlı daşınmaz əmlak üzərində müayinə işlərinə yaradılmış maneələrlə bağlıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasiarın olub-olmamasının müəyyən edilməsi. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən “Hüquqların döviət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. İddianın mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddia öhdəliyin icrası barədə iddiadır, iddiaçı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, imtina edildikdən sonra məhkəməyə müraciət etmişdir. İddiaçının inzibati orqana nümayəndəsi vasitəsi ilə müraciət etməsi qanunvericiliyin tələblərinə zidd deyil və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını istədiyi torpaq sahəsi ilə bağlı mübahisə vardır, həmin torpaq sahəsindən faktiki olaraq başqa şəxs istifadə edir, iddiaçı torpaq sahəsinə faktiki sahiblik edə bilmir. Bu qeyd edilən hallar torpaq sahəsinə mülkiyyət sənədinin verilməsindən inzibati orqanın imtinası üçün əsas təşkil edir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Lakin iddiaçı bəyən olunan hüquqlarının yoxlanılması üçün şərait yarada bilmədiyi üçün inzibati orqanın hərəkətlərini qanunsuz hesab etmək olmaz. İnzibati orqan mahiyyəti etibarı ilə iddiaçının tələbinin təmin edilməsindən imtina etməmiş, qeyd edilən çatışmamazlıqların aradan qaldırılaraq, yenidən müraciət ediləcəyi təqdirdə qanunla nəzərdə tutulmuş qaydada müraciətə baxılacağı izah edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati orqanın imtinası əsaslı olduğu üçün iddia rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı düzgün olmayan hüquq müdafiə vasitəsi seçmiş, torpaqdan qanunsuz istifadə edənlərin həmin sahədən çıxarılması ilə bağlı mülki məhkəmə icraatı qaydasında iddia qaldırmayaraq, əsassız olaraq cavabdeh inzibati orqanın hərəkətlərini mübahisələndirmişlər. İddiaçıya izah edilsin ki, torpaq sahəsindən istifadə edən şəxslərlə aralarında olan münasibətləri mülki məhkəmə icraatı qaydasında həll edə bilər, mübahisənin nəticəsinə uyğun olaraq, yenidən inzibati orqana müraciət edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1221/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1221/2021
05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver