Məhkəmə qərarları › İş №2-1(118)-1221/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1221/2025

21.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1221/2025 21.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, çıxarışın verilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Sumqayıt şəhər bələdiyyəsinin 14 sentyabr 2007-ci il tarixli, 28 nömrəli qərarından görünür ki, Sumqayıt şəhəri, Novxanı bağları ərazisində yerləşən, sahəsi 1.100 kv.m olan rəsmiləşdirilməmiş istifadə olunan bağ torpaq sahəsi İddiaçı icarəsinə verilmişdir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 20 fevral 2024-cü il tarixli, 3-21-3-31/2-İ-0001-8/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, B- 3421V ünvanında yerləşən ümumi sahəsi 0,11 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə əlaqədar müraciətilə bağlı olaraq bildirilmişdir ki, ərizəsinə sözügedən torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ: İddia ərizəsinin dəlilləri

3. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 0,11 ha olan 3421V saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 0,11 ha olan 3421V saylı torpaq sahəsi uzun illərdir iddiaçıya məxsusdur və faktiki istifadəsindədir. İddiaçı bu torpaq sahəsinə görə vergi və ödənişləri həyata keçirməklə yanaşı, burada öz şəxsi vəsaitəsilə yaşayış evi tikmiş və ailə üzvlərilə yaşayır. Bu torpaq sahəsi ilə bağlı mübahisə yoxdur. İddiaçı Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 0,11 ha olan 3421V saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin iddiaçıya imtina olunmuş və cavabdeh orqan bunu onunla əsaslandırmışdır ki, iddiaçı ərizəyə torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş sənədləri əlavə etməmişdir. Cavabdehin bu imtinası ilə razı deyil və belə hesab edir ki, imtina əsassız sayılmalı və qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır.

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

6. Məhkəmənin 19 fevral 2025-ci il tarixli, 2-1(118)-1221/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, çıxarışın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt şəhər Sumqayıt bələdiyyəsinin (bundan sonra – “üçüncü şəxs”) üçüncü şəxs qismində (adi cəlbetmə) məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

7. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

8. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir. İddia ərizəsinə qarşı etirazın dəlilləri

9. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, imtina məktubunda (§2) qeyd edilən hallara isitnad etmiş, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

10. Etirazın maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8, 9.1.2, 11, prosessual hüquqi əsası kimi İPM-in 35.1-ci maddələrinə istinad edilmişdir.

11. Üçüncü şəxs iddia tələbinə qarşı etiraz təqdim edərək, iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmişdir.

12. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüququ olmadığı halda, tamamilə əsassız şəkildə mülkiyyət hüququnun dövlət qeydiyyatından keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Halbuki iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 0,11 ha olan, 3421V saylı bağ torpaq sahəsi Suqmayıt bələdiyyəsinin 14 sentyabr 2007-ci il tarixli, 28 saylı iclasının qərarı ilə iddiaçının mülkiyyətinə deyil, icarəsinə verilmişdir. Belə ki, iddiaçı həmin dövrdə torpağın alqı-satqı pulunu ödəmək imkanına malik olmadığını bildirdiyi üçün torpaq sahəsi alqı-satqı qaydasında onun mülkiyyətinə verilməmişdir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin ziddinə olaraq mübahisələndirilən torpaq sahəsi üçüncü şəxs tərəfindən mülkiyyət hüququ ilə iddiaçıya ayrılmamış, mübahisələndirilən torpağın adı çəkilən şəxsin mülkiyyətinə verilməsi ilə bağlı üçüncü şəxs tərəfindən hər hansı inzibati akt qəbul edilməmiş və iddiaçı tərəfindən torpağın alqı-satqısı ilə bağlı bələdiyyəyə hər hansı ödəniş edilməmişdir. Bu səbəbdən hesab edilir ki, iddiaçının mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı mülkiyyət hüququ yaranmadığından, onun hal-hazırkı iddia tələbləri ilə çıxış etməsinin hüquqi əsasları mövcud deyildir.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

13. Məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsi uzun illər, yəni 1978-ci ildən bəri iddiaçının və onun ailə üzvlərinin faktiki istifadəsindədir və onlara məxsusdur. Həmçinin, qeyd etmişdir ki, torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair mülkiyyətçiləri tərəfindən çıxarış əldə edilmişdir.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etirazı müdafiə edərək, iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmiş, həmçinin üçüncü şəxs tərəfindən təqdim edilən etiraz ilə razılaşaraq bildirmişdir ki, torpaq sahəsi iddiaçı tərəfə icarəyə verildiyi üçün torpaq sahəsinə dair mülkiyyət hüquqlarına subyektiv hüququ mövcud deyildir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında təmsil edilməmişdir. 16.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “...42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

17. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

18. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

19. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

20. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.

21. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

22. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

23. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

24. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

25. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

27. İddiaçının hazırkı iddia tələbi ondan ibarətdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 0,11 ha olan 3421V saylı torpaq sahəsi uzun illərdir iddiaçıya məxsusdur və faktiki istifadəsindədir, torpaq sahəsinə görə vergi və ödənişləri həyata keçirməklə yanaşı, burada öz şəxsi vəsaitəsilə yaşayış evi tikmiş və ailə üzvlərilə yaşayır. Bu səbəbdən də həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınaraq, müvafiq çıxarış verilməlidir.

28. Cavabdehin isə etiraz edərək bildirir ki, mübahisələndirilən torpaq sahəsinə dair iddiaçı tərəfindən mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq inzibati akt mövcud olmadığı üçün, iddia tələbi təmin edilməməlidir.

29. Üçüncü şəxs iddia tələbinə qarşı etirazını bildirmiş, bələdiyyə iclasının qərarı ilə mübahisələndirilən torpaq sahəsinin iddiaçının mülkiyyətinə deyil, icarəsinə verildiyi üçün qərarın mümkünsüz hesab edilməsini xahiş etmişdir.

30. İş materialında olan sənədlərin tədqiqi ilə müəyyən olunur ki, Sumqayıt şəhər bələdiyyəsinin 14 sentyabr 2007-ci il tarixli, 28 nömrəli qərarı ilə Sumqayıt şəhəri, Novxanı bağları ərazisində yerləşən, sahəsi 0,11 ha olan bağ torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir.

31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

32. İş materiallarından müəyyən olunduğu kimi, mübahisələndirilən torpaq sahəsi üçüncü şəxs tərəfindən iddiaçının mülkiyyətinə ayrılmamış, icarəsinə verilmişdir. Bu səbəbdən də onun Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 0,11 ha olan 3421V saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi tələbinə dair subyektiv hüququnun olması müəyyən edilmir.

33. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: - öz hərəkətlərinə hüquqi ixtiyar; - başqa (borclu) şəxslərdən tələb etmək hüququ; - müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 225/2024 saylı qərarında qeyd olunmuşdur ki, “31. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. 32. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.”

35. Məhkəmə yuxarıda qeyd edilən normaların tələblərinə istinad edərək bildirir ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından, iddia iddiaçının subyektiv hüququnun olmaması əsası ilə mümkün sayılmamalıdır.

36. İPM-in 13-cü maddəsinin tələblərinə əsasən, məhkəmə iddiaçı tərəfə hüquqi yardım edərək izah edir ki, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün ilk öncə üçüncü şəxs Sumqayıt şəhər Sumqayıt bələdiyyəsinə müraciət edilməli, torpaq sahəsinin alqı-satqısı razılaşdırıldığı təqdirdə, tərtib edilmiş müvafiq akt əsasında cavabdeh orqana hazırkı tələb ilə müraciət edə bilər.

37. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

38. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, ümumi sahəsi 0,11 ha olan 3421V saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar