Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1226/2025 12.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, əvvəlki pensiya məbləğinin bərpa edilməsi” tələblərinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikası AZE seriyalı, 0******* nömrəli “Vətəndaşın şəxsiyyət vəsiqəsi”ndən görünür ki, İddiaçı xx xxxxxx 1959-cu il tarixdə doğulmuşdur.
2. İddiaçı məxsus 3 dekabr 1981-ci il tarixli, ИT-l seriyalı, ******* nömrəli “Əmək kitabçası”.
3. "xxxx" ASC-nin 2018-ci il tarixli arayışından görünür ki, İddiaçı 4 dekabr 1981-ci il tarixdən 1 may 1993-cü il tarixədək tam iş günü ilə isti işlərdə məşğul olan odadavamlı materialla işləyən odadavamçı vəzifəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının İİİ bölməsinin 2 bəndinin şifr 1030200a-15416 koduna əsasən 1 saylı siyahısına güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verilir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının göndərilmiş 1 mart 2024-cü il tarixli, 3-17-1/2-R-51351/2024 nömrəli İddiaçı göndərilmiş “Artıq ödənilmiş pensiya məbləği haqqında” məktubundan görünür ki, pensiya işinə dair sənədlərə əlavə edilmiş "xxxx" ASC-nin 26 dekabr 2008-ci il tarixli, 09 nömrəli arayışında 4 dekabr 1981-ci il - 1 may 1993-cü il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisədə odadavamçı vəzifəsində işlədiyi qeyd edilmişdir. Bununla əlaqədar olaraq, iş stajına aid məlumatların dəqiqləşdirilməsi zamanı sözügedən müəssisənin sənədlərində qeyd olunan işlədiyi odadavamçı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarla təsdiq edilmiş 1 nömrəli Siyahıda deyil, 2 nömrəli Siyahıda nəzərdə tutulduğu müəyyən edilib. Bu fakt "xxxx" ASC-nin 18 sentyabr 2023-cü il tarixli, AZB 01/217 nömrəli məktubu ilə təsdiq edilmişdir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamamlandığı 15 yanvar 2016-cı il tarixdən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı 15 yanvar 2009cu il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. Belə ki, pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006cı il tarixədək ümumi iş stajı 27 il 10 ay 8 gün təşkil edir. Bununla əlaqədar 1 yanvar 2006-cı il tarixədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 32,89 manat (27,86 il x 170 manat : 144 ay) hesablanaraq 15 yanvar 2016-cı il tarixə indeksləşdirilib 63,45 manat müəyyən edilməklə üzərinə, 1 yanvar 2006-cı il – 15 yanvar 2016-cı il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 20.846,88 manat sığorta kapitalına uyğun 144,77 (20.846,88:144) manat və 100 manat baza hissəsi əlavə edilərək 15 yanvar 2016-cı il tarixə 308,22 (63,45+144,77+100) manat (indeksləşdirilərək 1 fevral 2022-ci il tarixə 503,07 manat) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Bununla əlaqədar, əmək pensiyası təyin olunduqdan sonra 6 il və daha çox işləməyilə əlaqədar pensiya məbləği 1 fevral 2022-ci il tarixdən yenidən hesablanaraq 503,07 manatdan 876,94 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla və indeksləşdirilərək 1 yanvar 2023-cü il tarixinə 1.024,96 manat), 15 sentyabr 2023-cü il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyilə əlaqədar həmin tarixdən 1.024,96 manatdan 1.138,05 manata artırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılmışdır. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinin dinlənilməsi üçün qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə 20 dekabr 2023-cü il tarixli məktub göndərilməklə 10 yanvar 2024-cü il tarixədək Mərkəzi Filiala gəlməyi xahiş edilmişdir. Lakin mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmişdir. Qeyd olunanlara əsasən, son üç il üzrə 31.930,54 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 31.930,54 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar əmək pensiyası 1 yanvar 2024-cü il tarixdən 1.265,51 manat təşkil edir.
Cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 5 fevral 2024-cü il tarixli, 3-17-1/3-3-1685/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarından görünür ki, 15 yanvar 2016-cı il tarixdə İddiaçı təyin edilmiş hazırkı pensiya məbləği 1.281,02 manat, yeni hesablanmış pensiya məbləği 1.268,83 manat olaraq göstərilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 27 fevral 2024-cü il tarixli, 3-17-1/3-3-3013/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarından görünür ki, 15 yanvar 2016-cı il tarixdə İddiaçı təyin edilmiş hazırkı pensiya məbləği 1.268,83 manat, yeni hesablanmış pensiya məbləği 1.265,51 manat olaraq göstərilmişdir.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat”dan görünür ki, İddiaçı 30 aprel 2022-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 7 avqust 2024-cü il tarixli, 3-17-1/2-187042/2024 nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir: - 1 mart 2024-cü il tarixli, 3-17-1/2-R-51351/2024 nömrəli İddiaçı göndərilmiş “Artıq ödənilmiş pensiya məbləği haqqında” məktub (§4); - 20 dekabr 2023-cü il tarixli, 3-17-1/2-R-299939/2023 nömrəli İddiaçı göndərilmiş məktub; - Filialının 5 fevral 2024-cü il tarixli, 3-17-1/3-3-1685/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı (§5); - Filialının 27 fevral 2024-cü il tarixli, 3-17-1/3-3-3013/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı (§6); - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 11 yanvar 2024cü il tarixli, 3-17-1/3-3-409/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarından görünür ki, 15 yanvar 2016-cı il tarixdə İddiaçı təyin edilmiş hazırkı pensiya məbləği 1.860,68 manat, yeni hesablanmış pensiya məbləği 1.281,02 manat olaraq göstərilmişdir.
9. "xxxx" ASC-nin 18 sentyabr 2023-cü il tarixli, AZB 01/217 nömrəli arayışından görünür ki, "xxxx" ASC-nin (keçmiş Azərbaycan Boruyayma zavodu) Metallurgiya Sobalarının Təmiri sexinin metallurgiya (marten) sobalarının və qızdırıcı qurğuların təmiri sahəsində “odadavamlı materiallarla işləyən” peşəsi, həmçinin, odadavamlı materiallarla işləyən köməkçisi” peşəsi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 2-ci Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndində “odadavamlı materiallarla işləyənlər” - (2040200a-15416) peşəsi ilə, X3 sexində “soyuq boru kəsicisi” peşəsi isə həmin bölməsinin 4-cü Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri bəndinin (a) fəhlələr yarımbəndinin “boru və pəstahların kəsiciləri” - (2040400a-17968) peşəsi ilə eynilik təşkil edir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
10. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasının azaldılması, tutulması barədə cavabdehin qərarının ləğv edilməsi, əvvəlki pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbinin dəlilləri işin hallarına (§1-4) istinad edilməklə qeyd edilmişdir ki, cavabdeh orqan tərəfindən qəbul edilmiş qərar ləğv olunmalı, iddiaçının pensiyası əvvəlki məbləğdə bərpa edilməli, tutulmuş məbləğ geri qaytarılmalıdır.
12. İddia tələbinin maddi hüquqi əsası kimi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8, 39.1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 64.2, 67.5-ci maddələrinə, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixdə həmin Qanunun 13-cü maddəsinin "a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarına, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 1.2, 2.2.2, 2.2.3, 73.1-ci maddələrinə istinad olunmuşdur.
13. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
14. Daha sonra iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Əmək pensiyasının yenidən hesablanması haqqında” 5 fevral 2024-cü il tarixli, 3-17-1/3-3-1685/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli, 3-17-1/3-3- 3013/2024 nömrəli qərarlarının ləğvi, əvvəlki qaydada və məbləğdə pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 12 mart 2025-ci il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir.
15. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir. İddia ərizəsinə qarşı etirazın dəlilləri
16. Cavabdeh iddia ərizəsinə qarşı etirazında iddiaçıya göndərilmiş “Artıq ödənilmiş pensiya məbləği haqqında” məktubunda (§4) qeyd olunmuş halları əsas gətirərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
17. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7, 9.1, 9.8, 27, 29.1, 37.3.1, 39.1, 45, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1.2-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”na istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
18. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...
42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
21. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
22. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
23. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
24. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin səlahiyyətli nümayəndəsi X1 iddia tələbini qəbul etməyərək, etirazda qeyd olunan dəlillərə əsaslanaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
25. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
26. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
27. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
28. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir.
Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...
30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-) 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; (-)
Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. (-)
31. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.
32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt; 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt.
Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ...
Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ...
Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 28.5. Bu Qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu Qanunun Vİİ fəslində müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu fəsildə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.
Maddə 35. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur.
Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
33. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
34. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.
35. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
36. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə, “Əmək pensiyasının yenidən hesablanması haqqında” 5 fevral 2024-cü il tarixli, 3-17-1/3-3-1685/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli, 3-17-1/3-3-3013/2024 nömrəli qərarlar əsasssız olduğundan, onun əvvəlki qaydada və məbləğdə pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməlidir.
37. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamamlandığı 15 yanvar 2016-cı il tarixdən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı 15 yanvar 2009-cu il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edildiyi üçün, tələb əsassızdır.
38. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçı barəsində əmək pensiyası məbləğinin yenidən hesablanması zamanı qəbul etdiyi qərarın və onun əsası kimi istinad etdiyi halların qanuni olub-olmaması, habelə həmin halların hansı tarixdən ona məlum olması halının araşdırılması zəruridir.
39. İddiaçı barəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasının qanuni əsası qismində məhz “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndi çıxış etmişdir. Qeyd olunan Qanunun 9.8-ci maddəsinin dispozitiv şərtlərindən görünür ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
40. Göründüyü kimi, həmin şəxslərə münasibətdə həm yaşa, həm də staja aid tələblər məhz əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə tətbiq edilir. Həmçinin, digər qeyd edilən Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən 50 yaşına çatmış kişilər 20 il ümumi və 10 il güzəştli iş satjına malik olduqda, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yaranır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD №li Qanununa əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
41. Cavabdeh orqanın etirazının əsasına görə, "xxxx" ASC-nin ona dair 26 dekabr 2008-ci il tarixli, 09 nömrəli arayışında 4 dekabr 1981-ci il - 1 may 1993-cü il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisədə odadavamçı vəzifəsində işlədiyi qeyd edilmiş, bu vəzifənin isə 320 nömrəli Qərarla təsdiq edilmiş 1 nömrəli Siyahıda deyil, 2 nömrəli Siyahıda nəzərdə tutulduğunu bildirərək, "xxxx" ASC-nin 18 sentyabr 2023-cü il tarixli, AZB 01/217 nömrəli məktubuna istinad olunmuşdur.
42. Göründüyü kimi iddiaçının odadavamçı vəzifəsində işləməsi işin mübahisəsiz halıdır.
43. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına (1 №-li əlavə) “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısında “isti işlərdə məşğul olan odadavamlı materiallarla işləyənlər” vəzifəsi - 1030100a-15416 adı qeyd olunmuşdur.
44. Bu hal "xxxx" ASC-nin 2018-ci il tarixli arayışından da görünür. Belə ki, arayışda iddiaçınnı dını birbaşa göstərilməklə onun işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının İİİ bölməsinin 2 bəndinin şifr 1030200a-15416 koduna əsasən 1 saylı siyahısına güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verildiyi qeyd olunmuşdur.
45. Lakin cavabdehin istinad etdiyi məktub ümumi məzmunludur və birbaşa iddiaçıya dair heç bir hala istinad olunmamışdır.
46. Bu səbəbdən məhkəmə, "xxxx" ASC-nin 18 sentyabr 2023-cü il tarixli, AZB 01/217 nömrəli məktubunu yetərli sübut kimi qəbul edə bilmir.
47. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, cavabdehin istinad etdiyi hallar əsaslı olsa idi belə, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunvericiliklə müəyyən edilmiş müddətlərə aid tələbə də riayət etmədiyindən, həmin əsasla da iddiaçı barəsində qəbul edilmiş qərar qanunvericiliyin tələbinə uyğun olmamışdır.
48. Çünki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 4 dekabr 2024-cü il tarixli, 2-1(102)-3135/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, “Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir.”
49. Göründüyü kimi, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər.
50. Pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 27 il 10 ay 8 gün təşkil edir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 50 yaşının tamamlandığı 15 yanvar 2009-cu il tarixdən əmək haqqına əsasən hesablanaraq təyin edilmişdir. Bununla əlaqədar 1 yanvar 2006-cı il tarixədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 32,89 manat (27,86 il x 170 manat : 144 ay) hesablanaraq 15 yanvar 2016-cı il tarixə indeksləşdirilib 63,45 manat müəyyən edilməklə üzərinə, 1 yanvar 2006-cı il – 15 yanvar 2016-cı il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 20.846,88 manat sığorta kapitalına uyğun 144,77 (20.846,88:144) manat və 100 manat baza hissəsi əlavə edilərək 15 yanvar 2016-cı il tarixə 308,22 (63,45+144,77+100) manat (indeksləşdirilərək 1 fevral 2022-ci il tarixə 503,07 manat) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Bununla əlaqədar, əmək pensiyası təyin olunduqdan sonra 6 il və daha çox işləməyilə əlaqədar pensiya məbləği 1 fevral 2022-ci il tarixdən yenidən hesablanaraq 503,07 manatdan 876,94 manata (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla və indeksləşdirilərək 1 yanvar 2023-cü il tarixinə 1.024,96 manat), 15 sentyabr 2023-cü il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyilə əlaqədar həmin tarixdən 1.024,96 manatdan 1.138,05 manata artırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılmışdır. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinin dinlənilməsi üçün qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə 20 dekabr 2023-cü il tarixli məktub göndərilməklə 10 yanvar 2024-cü il tarixədək Mərkəzi Filiala gəlməyi xahiş edilmişdir.
51. Bununla da aydın olur ki, cavabdeh orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbini gözlənilməmişdir. İddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Odur ki, cavabdeh xeyli müddətdən sonra iddiaçının pensiya məbləğinin səhv təyin edilməsinin bildirilməsində və pensiyadan müvafiq tutulmaların aparılmasında haqlı olmamışdır.
52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazını yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir.
53. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddia əsaslı olduğundan təmin edilməli, qərarlar ləğv edilərək, əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
54. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 5 fevral 2024-cü il tarixli, 3-17-1/3-3- 1685/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli, 3-17-1/3-3-3013/2024 nömrəli qərarları ləğv edilsin. İddiaçı münasibətdə ödənilmiş pensiya məbləğinin əvvəlki qaydada və məbləğdə bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova