Məhkəmə qərarları › İş №2-1(118)-1228/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1228/2021

21.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1228/2021 21.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “üçüncü şəxs- X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. X5 onun baldızının oğludur və heç vaxt həmin ünvanda yaşamayıb. 3-cü şəxsin həmin mənzilə pasport qeydiyyatına aılınması üçün əsas onun Sumqayıt Polis İdarəsində verdiyi ərizə olmuşdur. Qeyd olunan şəxsin həmin evdə istifadə hüquqları yoxdur və onun mənzildə pasport qeydiyyatında qalması mülkiyət hüquqlarını məhdudlaşdırır. Yuxarıda qeyd edilən faktları nəzərə alaraq, X4 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən pasport qeydiyyatından çıxarılması ilə bağlı ərizə ilə Sumqayıt RPİ-ə müraciət etmiş, lakin həmin idarə 123-15063i-3221 saylı 22.04.2021-ci il tarixli məktubu ilə xahişini təmin etməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. 3-cü şəxs X4 pasport qeydiyyatında olduğu ünvanına məhkəmə bildirşi göndərilmiş, lakin onun həmin mənzildə yaşamaması səbəbindən məhkəmə iclası barədə məlumat verilməsi mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən 3-cü şəxsin iştrakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş 22.04.2021-ci il tarixli 123-15063i- 3221 nömrəli imtina məktubu, Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X2,Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastır İdarəsinin verdiyi Qeydiyyat vəsiqəsinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, X4 mübahisə predmeti olan mənzildə pasport qeydiyyatında olmasına baxmayaraq, mənzildə istifadə hüququ yoxdur. Nəzərə alınmalıdır ki, X1 gedən mənzilə pasport qeydiyyatına düşməsi onun həmin mənzildə istifadə hüququnun yaranmasına əsas ola bilməz. Qeyd olunan mənzil İddiaçı mülkiyyətində olduğu və onunun X5 ilə yaxın qohum münasibətlərində olmaması səbəbindən qeyd olunan mənzildə istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1-ci maddəsində göstərilən qaydalara riayət olunmalı idi. Belə ki, həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən tələblərinə əsasən mülkiyyətçinin notarial qaydada verdiyi razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alındığı vaxtdan şəxsin məzildə istifadə hüququ yaranır. İşin araşdırılan hallarından məlum olmuşdur ki, istifadə hüququnun yaranması üçün tələb edilən razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmamışdır. Ona görədə məhkəmə hesab edir ki, X5 mübahisəli mənzildə istifadə hüququnun olmaması səbəbindən mülkiyyətçinin iradəsinə zidd olaraq mənzildə pasport qeydiyyatında qalması yolverilməzdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzərində hər hansı hüquqa malik olmadığı tədqirdə iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. X4 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən pasport qeydiyyatından çıxarılması vəzifəsi Sumqayıt şəhər Polis İdarəsinə üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar