Məhkəmə qərarları › İş №2-1(118)-1229/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1229/2022

20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1229/2022 20.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Abşeron rayonu, Masazır qəsəbəsi Ə.Əliyev küçəsi döngə 1 mənzil 33-də yaşayan), Cavabdehin nümayəndəsi X1 (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Məhkəmə Mübahisələri üzrə iş şöbəsinin hərbi rütbəli şəxslərə pensiya təyinatı şöbəsinin baş mütəxəssisi, yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı cavabdehin xx.xx.2022-ci il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması, hüquqi yardım üçün ödədiyi 100 manat pulun cavabdehdən onun xeyrinə tutulması və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün yaşa görə əmək pensiyasının hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab olunması, hüquqi yardım üçün ödədiyi 100 manat pulun cavabdehdən onun xeyrinə tutulması və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün yaşa görə əmək pensiyasının hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2009-cu ildən xx.xx.2020-ci ilədək 2-ci qrup əlilliyə görə əmək pensiyası almışdır. xx.xx.2020-ci il tarixdə onun əlillik müddəti bitmiş, əlillik müddəti növbəti dəfə artırılmamış və ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda o, yaşa görə əmək pensiyası alır. Lakin ona əlilliyinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün yaşa görə əmək pensiyası hesablanmamış və ödənilməmişdir. Hesab edirəm ki, ona əlilliyinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün yaşa görə əmək pensiyası hesablanmalı və ödənilməlidir. Belə ki, o, 2008-ci ildə ehtiyata buraxılarkən yaşa görə əmək pensiyası almaq hüququ olmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün yaşa görə əmək pensiyasının hesablanaraq ödənilməsinə göstəriş verilməsi xahişi ilə o, etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə xx.xx.2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin bu günə kimi müraciəti cavablandırılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədi və izah etdi ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş 3 mart 2008-ci il tarixli 59108 nömrəli məlumat vərəqəsinə uyğun olaraq 14 mart 2008-ci il tarixindən Mərkəzi Filial tərəfindən iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 26 il 3 ay 11 gün xidmət müddəti üçün hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə 2008-ci ilin may ayından etibarən ödənilmişdir. Eyni zamanda 26 dekabr 2008-ci il tarixdə İddiaçı ödənilən yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçmək üçün Mərkəzi Filiala müraciət etmişdir. Araşdırma zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən yaşa görə əmək pensiyası növündə təyinat aparılmış əmək pensiyaçısının sonradan əlilliyə görə əmək pensiyası növünə keçməsi hüququ olmadığı halda ona 17 noyabr 2008-ci il tarixdən yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilməklə pensiya təyinatı aparıldığı müəyyən edilmişdir. Bu səbəbdən də 2021-ci ilin dekabr ayında adıçəkilən şəxsə yaşa görə 719,03 manat əmək pensiyası təyin edilmiş, həmçinin əmək pensiyası xx.xx.2007-ci il tarixdən yenidən hesablanaraq ona 3121,30 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı artıq ödənilən 3121,30 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə qaytarılması ilə əlaqədar yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan : - İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1977-cı il təvəllüdlüdür. - DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, iddiaçının xidmət etdiyi orqan tərəfindən daxil olan Məlumat vərəqəsinə əsasən onun vəzifə maaşı - 460,00 manat, rütbə maaşı -127 manat, xidmət illərinə görə 15 faiz əlavə - 88,05 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası - 64,00 manat və 15 faiz digər əlavə – 69.0 manat olmaqla cəmi təminat xərcliyi 808,05 manat təşkil edir. 2-ci qrup Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyə görə təminat xərcliyinizin 80 faizi, yəni 646,44 manat məbləğində pensiya düzgün hesablanaraq ödənilir (baza hissəsi - 110,00 manat, sığorta hissəsi - 210,20 manat, qulluq stajına görə əlavə - 326,24 manat).Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası himayədə olanlara görə_verilən əlavə nəzərə alınmadan yalnız baza hissəsindən ibarət olmaqla ödənilir. Bu səbəbdən də "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlədiyi müddətdə, yəni 01 yanvar 2015-ci il tarixdən 30 iyun 2017-ci il tarixədək artıq aldığınız cəmi 5663,24 manat sığorta hissəsi ayda 128,71 manat olmaqla pensiyadan tutulur. -DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş 3 mart 2008-ci il tarixli 59108 nömrəli məlumat vərəqəsinə uyğun olaraq 14 mart 2008-ci il tarixindən Mərkəzi Filial tərəfindən sizə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1 -ci maddəsinə uyğun olaraq 26 il 3 ay 11 gün xidmət müddəti üçün hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə 2008-ci ilin may ayından etibarən ödənilmişdir. Araşdırma zamanı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən yaşa görə əmək pensiyası növündə təyinat aparılmış əmək pensiyaçısının sonradan əlilliyə görə əmək pensiyası növünə keçməsi hüququ olmadığı halda 17 noyabr 2008-ci il tarixindən yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilməklə pensiya təyinatı aparıldığı müəyyən edilib. Bu səbəbdən də 2021-ci ilin dekabr ayında yaşa görə 719,03 manat əmək pensiyası təyin edilmiş, həmçinin əmək pensiyası xx.xx.2007-ci il tarixindən yenidən hesablanaraq 3121,30 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. - DSMF-nin Abşeron rayon şöbəsinin pensiya və pensiyaya əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2008-ci il tarixli qərarından görünür ki, İddiaçı Soltan oğluna xx.xx.2008-ci il tarixdən ömürlük pensiya təyin edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göstərilən Qanunun 9.5.1-ci maddəsinə görə hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya 2008-ci ilin may ayında yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra 2008-ci ilin dekabr ayında həmin pensiya əlilliyə görə əmək pensiyası növünə dəyişsirilmişdir. Lakin 2020-ci ilin dekabr ayında pensiyanın ödənilməsi dayandırılmış və iddiaçıya artıq məbləğdə pensiya ödənilməsi müəyyən edilmişdir. Belə ki, həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən yaşa görə təyin edilmiş əmək pensiyasının əlilliyə görə əmək pensiyası növünə dəyişdirilməsi nəzərdə tutulmamışdır. Bununla bağlı iddiaçı 2020-ci ilin dekabr ayında cavabdeh orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin onun müraciəti cavablandırılmamışdır və yalnız 2021-ci ilin noyabr ayının 01-dən ona yenidən yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əvvəldən yaşa görə əmək pensiyası hüququ yaranmış olduğundan və həmin pensiyasının ödənilməsi əlilliyə görə əmək pensiyası növünə dəyişməsinə görə dayandığından əlilliyə görə əmək pensiyası dayandırıldığı vaxtdan iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ bərpa edilməli və ona həmin növdə pensiyanın ödənilməsi davam etdirilməli idi. Lakin cavabdehin izah edə bilmədiyi səbəbdən iddiaçının həmin hüququ yalnız 2021-ci ilin noyabr ayının 01-də bərpa edilmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Göstərilən Qanunun 10.1-ci maddəsinə əsasən bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2- 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Qanunun 10.2-ci maddəsinə görə bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır (10.3). Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır (10.4). Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinin vaxtında və qanunauyğun şəkildə cavablandırılması öz təsdiqini tapmadı. Cavabdeh həmin müraciətin vaxtında cavablandırılması və iddiaçıya rəsmi təqdim edilməsini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etmədi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Göstərilən Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilərək təmin edilməli, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə cavab verilməməsi qanunsuz hesab edilməli, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün yaşa görə əmək pensiyasının hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı və iddiaçının hüquqi yardım üçün ödədiyi 100 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazilriyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfidən xx.xx.2022-ci il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan hərəkətsizliyi qanunsuz hesab edilsin. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün yaşa görə əmək pensiyasının hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. İddiaçının hüquqi yardım üçün ödədiyi 100 manat pul cavabdehdən onun xeyrinə tutulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar