Məhkəmə qərarları › İş №2-1(118)-1229/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1229/2024

22.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1229/2024 22.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçının nümyəndəsi Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 02 fevral 2017-ci ildən 57 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 02 fevral 2017-ci ildən 57 yaş tamam olan gündən güzəştli şərtlərlə pensiya təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğinin öənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10505/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1960-cı il təvəllüdlüdür. O, 01 yanvar 2006-cı il tarixədək 25 ildən çox ümumi, 21 il xüsusi staj qazanmışdır. Belə ki, o, “Aztransqaz” X5 X6 Qaz Kəmərlər İdarəsində İdarənin Kompressor stansiyasında kompressor qurğuların maşinisti vəzifəsində 16 may 1984-cü ildən (əmr№48-k $2) 01 oktyabr 1994-cü ilədək (əmr№33-k), 10 il (on) 15 gün sonra isə “Aztransqaz” İstehsalat Birliyində və “Azəriqaznəql” İstehsalat Birliyində 01 oktyabr 1994-cü ildən (əmr№50- k) 15 dekabr 2005-ci ilədək (əmr№47-k $3) “texnoloji qurğuların təmiri üzrə çilingər” vəzifəsində 11 (on bir) ay 14 gün, ümumilikdə 21 ildən çox zərərli və ağır iş şəraitində işləmişdir. Bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 12-ci bölməsinin (Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa) kömür və şistin emalı) 3-cü bəndində “kompressor qurğularının maşinisti” şıfrə 2130302a-13775 və “texnoloji qurğuların təmiri üzrə çilingər” şifrə 2130302a-18547 nəzərdə tutulmuşdur. Bununla bağlı o, yanvar 2021-ci il tarixdə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fodunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Mərkəzi Filial 07 aprel 2021-ci il tarixli məktubla əsassız olaraq ona imtina etmişdir. Sonradan bir neçə dəfə müraciə etsə də, ona pensiya təyin edilməmişdir. Filial ona pensiya hüququm yaranan gündən təyin etmək əvəzinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıya 24 dekabr 2022-ci il tarixli 451 nömrəli Qərarla edilmiş dəyişikliyi əsas gətirərək 2022-ci ilin dekabr ayından pensiya təyin etmişdir. Halbuki, həmin pensiya ona 57 yaşdan təyin edilməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, iddiaçının xx.xx.1984xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Socar Qaz İxrac” İdarəsində kompressor stansiyasının maşinisti və texnoloji qurğuların təmiri üzrə çilingər vəzifələrində işlədiyi dövr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2022-ci nil tarixli 451 nömrəli Qərarı ilə əlavə edilmiş, göstərilən səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2022-ci il tarixdən təyin edilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi iş stajı tamam olsa da, onun 57 yaşı tamam olduğu tarixdə 1984-2005-ci illərdə işləditi kompressor stansiyasının maşinisti və texnoloji qurğuların təmiri üzrə çilingər peşələri güzəştli şərtlərlə pensiya almaq hüququnu verən peşələrə aid olmadığından ona imtina cavabı verilmişdir. İş materiallarında olan : - - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1960-cı il təvəllüdlüdür. - -НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1978-1980-cı illərdə hərbi xidmətdə olmuşdur. - - İddiaçının adına açılmış ИТ№ ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1982-xx.xx.1984-cü illərdə Kalinin adına sovxozda, xx.xx.1984-xx.xx.1994-cü il tarixərdə “Aztransqaz” İB Siyəzən X6 Qaz Kəmərləri İdarəsində texniki kompressorlar maşinisti, xx.xx.1994-xx.xx.1997-ci illərdə həmin idarədə texnoloji qurğuların təmiri üzrə çilingər, xx.xx.1997- xx.xx.2000-ci il tarixlərdə Sumqayıt Magistral Qaz Kəmərləri İdarəsində texnoloji qurğuların təmiri üzrə çilingər, xx.xx.2000-xx.xx.2005-ci illərdə “Azəriqaznəql” İB-nin Siyəzən Magistral Qaz Kəmərləri İdarəsində texnoloji qurğuların təmiri üzrə çilingər işləmişdir. - - SOCAR Qaz İxrac İdarəsi Siyəzən Magistral Qaz Kəmərləri sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 160 saylı arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1984xx.xx.1994-cü il və xx.xx.1994-xx.xx.1997-ci il tarixlərdə “Aztransqaz” İB-də, xx.xx.1997xx.xx.2000-ci il və xx.xx.2000-xx.xx.2005-ci il tarixlərdə “Azəriqaznəql” İB Siyəzən Magistral Qaz Kəmərləri İdarəsinə texnoloji qurğuların təmiri üzrə çilingər işləmişdir. Cəmi stajı 21 il 07 ay təşkil edir. İşlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na əsasən X1 xx.xx.1984-cü ildən xx.xx.2005-ci ilədək işlədiyi peşələr (kompressor stansiyasının maşinisti, texnoloji qurğuların təmiri üzrə çilingər) zərərli istehsalat sahəsi sayılır. - ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (ystehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişlər 57 yaşına çatdıqda, azı 25 il sıorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlər yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəıxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İdida tələbindən görünür ki, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınını təyin olunmasını xahiş etmişdir. Yuxarıda göstərilən normaların məzmunundan aydın olduğu kimi iddiaçıya 57 yaşdan əmək pensiyasının təyin olunması üçün onun xx.xx.2006-cı il tarixə qədər azı 25 il ümumi, o cümlədən azı 12 il 6 ay xüsusi staja (əmək şəraiti zərərli və ağır olan digər işlərdə işləməsi) malik olması tələb olunur. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixədək 26 ildən artıq ümumi staja malik olmasını təsdiq edir. Lakin onun 1984-2005-ci illərdə işlədiyi kompressor stansiyasının maşinisti və texnoloji qurğuların təmiri üzrə çilingər peşələri güzəştli şərtlərlə pensiya almaq hüququnu verən peşələrə aid olmadığından ona 57 yaşdan əmək pensiyası təyin etməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahıda “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” adlanan 10.2-ci bölmədə istehsalatda məşğul olan texnoloji qurğuların təmiri üzrə çilingərlər peşəsi nəzərdə tutulmuşdur. Bundan başqa Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahı”nın “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” adlanan bölməsində kompressor qurğularıın maşinistləri (2130302a-13775) və texnoloji qurğuların təmiri üzrə çilingərlər (2130302a-18547) peşələri nəzərdə tutulmuşdur. Məhkəmə araşdırmazı zamanı müəyyən edildi ki, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınını təyin olunmasını xahiş etmişdir. Yuxarıda göstərilən normaların məzmunundan aydın olduğu kimi iddiaçıya 57 yaşdan əmək pensiyasının təyin olunması üçün onun xx.xx.2006-cı il tarixə qədər azı 25 il ümumi, o cümlədən azı 12 il 6 ay xüsusi staja (əmək şəraiti zərərli və ağır olan digər işlərdə işləməsi) malik olması tələb olunur. Cavabdehin mövqeyinə görə iddiaçı xx.xx.2006-cı il tarixədək 26 il 2 ay 14 gün ümumi staja, Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli Qərarla xx.xx.2007-ci il tarixli Qərarla təsdiq edilmiş Siyahıya əlavə edildikdən sonra 16 il 5ay 15 gün xüsusi staja malikdir. Məhkəmə hesab edir ki, iş materiallarında mövcud olan sübutlarla iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yaranması təsdiq edilir. Məhkəmə qeyd edir ki, təqdim ediilmiş inzibati icraat materiallarından iddiaçının müvafiq xahişlə cavabdeh inzibati orqana 2020-ci ilin oktyabr ayında müraciət etməsi görünür. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadından görünür ki, “Əmək pensiyaları haqqında”Azərvaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasınnı təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiyanın ödənilməsi onun müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 il, yəni xx.xx.2017-ci il tarixdən başlanması öhdəliyi cavabdehin üzrinə qoyulmalıdır. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın ödənilməsinin əvvəli 01 oktyabr 2017-ci il tarixdən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar