Məhkəmə qərarları › İş №2-1(118)-123/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-123/2021

22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-123/2021 22.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ev 14 mənzil 40da yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 14 saylı evdə yerləşən 40 saylı mənzilə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 14 saylı evdə yerləşən 40 saylı mənzilə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdiriliməsinə dair ərizə verərək tələbinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı yönəldiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əsaslandıraraq izah etdi ki, Bakı şəhəri, Nərimanov rayonu, Anaşkin küçəsi 17 saylı evdə yerləşən 4 saylı mənzil onun mülkiyyətində olmuşdur. Həmin mənzili o, 1993-cü il tarixdə mənzil dəyişmə müqaviləsinə əsasən qaynı X2 Abşeron rayonu, Xırdalan şəhəri (qəsəbəsi), 28-ci məhəllədə yerləşən 14 saylı evdə yerləşən 3 otaqlı 40 saylı mənzili ilə dəyişmişdir. Həmin vaxtdan mənzil onun və ailə üzvlərinin istifadəsindədir. Mənzilə dair 4151 A reyestr nömrəli qeydiyyat vəsiqəsi də verilmişdir. Lakin iddiaçı mənzilə mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh inzibati orqana müracitə etdikdə ona mənzilin ayrılmasına dair arxiv əsaslarının olmaması bildirilərək imtina cavabı verilmişdir. Bununla bağlı iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəməiclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya qarşı etiraz məktubunda göstərmişdir ki, araşdırma zamanı 4151a reyestr nömrəli qeydiyyat vəsiqəsində göstərilən mənzilə dair arxiv əsaslarının olmadığı və mülkiyyət hüququna dair müvafiq qeydiyyatın aparılmadığı aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan Abşeron rayon Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş və reyestr kitabında 4151 A nömrə ilə qeydə alınmış qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri (qəsəbəsi), 28-ci məhəllə, 14 saylı evdə yerləşən 3 otaqlı yaşayış sahəsi 47,3 kv m, köməkçi sahəsi 17,7 kv m olan 40 saylı mənzil Abşeron rayonXDS İcraiyyə Komitəsinin 08/08 saylı xx xxxxxx 1988-ci il tarixli qərarı əsasında İddiaçı adına qeydə alınmışdır. Məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sənədlərdən müəyyən edilir ki, Bakı şəhəri, Nəimanov rayonu, Ülvi Bünyadzadə küçəsi 17 saylı evdə yerləşən 4 saylı mənzil xx.xx.1989-cu il tarixli 105467 saylı orderə əsasən xx.xx.1993-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Abşeron rayonu 2saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 1-2-36 reyestr nömrəli xx.xx.1993cü il tarixli mənzilin dəyişdirilməsi müqaviləsinə əsasən mənzil xx.xx.1993-cü il tarixdə X3 adına qeydiyyatdan keçmiş və Bakı şəhəri 53 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. Abşeron rayon 2 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.1993-cü il tarixdə təsdiq edilmiş mənzillərin dəyişdirilməsi müqaviləsinə əsasən İddiaçı özünə məxsus Bakı şəhəri, Anaşkin küçəsi 17 saylı evdə yerləşən 4 otaqlı 4 saylı mənzilini qaynı X8 oöluna məxus olan Xırdalan qəsəbəsi, 28-ci məhəllə, 14 saylı evdə yerləşən 3 otaqlı 40 saylı mənzillə dəyişdirmişdir. Göstərilən mənzil dəyişmə müqaviləsindən görünür ki, Bakı şəhəri, Anaşkin küçəsi 17 saylı evdə yerləşən 4 otaqlı 4 saylı mənzil Bakı şəhər İnventarlaşdırma bürosunun xx.xx.1993-cü il tarixli 30/391 N-li arayışına və 30/4987 saylı qeydiyyat vəsiqəsinə əsasən İddiaçı, Xırdalan qəsəbəsi, 28-ci məhəllə, 14 saylı evdə yerləşən 3 otaqlı 40 saylı mənzil Abşeron rayon texniki inventarlaşdırma bürosunun xx.xx.1993-cü il tarixli 3202 saylı arayışına və 4151 saylı qeydiyyat vəsiqəsinə əsasən X4 məxsusdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı dəyişirdiyi mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Onun müraciətinə cavab olaraq cavabdeh özünün xx.xx.2020-ci il tarixli **********34 saylı məktubu ilə bildirmişdir ki, qeydiyyat vəsiqəsində göstərilən mənzilə dair arxiv əsaslarının olmadığı və mülkiyyət hüququnua dair müvafiq qeydiyyatın aparılmadığı aşkar edildiyindən iddiaçıya imtina bildirişi verilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə qeyd edir ki, hazırki işdə sözügedən mənzillərin dəyişdirlməsi işin mübahisəsiz halıdır. Mənzil dətişmə müqaviləsinin mzmunundan göründüyü kimi vətəndaşlar İddiaçı və X6 mülkiyyətlərində olan mənzillərin dəyişdirilməsi barədə müqavilə bağlamışlar. Həmin müqavilə qüvvədədir və ləğv edilməmişdi. Müqavilənin digər tərəfi olan X6 mənzil dəyişmə nəticəsində əldə etdiyi mənzili artıq özəgninkiləşdirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mənzil dəyişmə nəticəsində əldə etdiyi mənzil üzərində mülkiyyət hüququnu qeydə almaması onun hüquqlarını məhdudlaşdırır və mənzil üzərində sərəncam vermək hüququndan məhrum edir. Məhkəmə qeyd edir ki, mənzilə dair əvvəllər verilmiş qeydiyyat vəsiqəsinin həqiqiliyinə şübhə yaranması üçün əsaslar cavabdeh inzibati orqan tərəfinən təqdim edlməmişdir. İddiaçı mübahisəli mənzili zəbt etməmiş və mənzil dəyişmə orderi əsasında mülkiyyətində olmuş mənzili hazırda mübahisə predmeti olan mənzilə dəyişərək ailə üzvləri ilə birlikdə oraya köçmüşdür. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.12-ci bəndinə görə qanuna uyğun olaraq daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış vermək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə hesab edir ki, iddiaçının qanuni istifadəsində və sahibliyində olan mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən cavabdeh orqanın imtina etməsi nəticədə iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 14 saylı evdə yerləşən 40 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 14 saylı evdə yerləşən 40 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar