Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-123/2022 13.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli, 193 saylı qərarı ilə əvəzsiz olaraq iddiaçının mülkiyyətinə verilmiş Abşeron rayonu, Novxanı kəndinin ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli 193 saylı qərarına əsasən Abşeron rayonu Novxanı kəndinin ərazisindən kənd təsərrüfatına yararsız sahədən 0,12 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün iddiaçının mülkiyyətinə ayrılmışdır. İddiaçının maddi imkanı zəif olduğuna görə həmin torpaq sahəsində fərdi yaşayış evi tikə bilməmişdir. Hazırda iddiaçı mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata almaq və torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyir. Bu məqsədlə iddiaçı cavabdeh orqana müraciət etsə də, həmin orqandan müsbət cavab ala bilməmişdir. Belə ki, imtina məktubunda ayrıc aktının olmaması və torpaq sahəsi yararsız olduğu üçün çıxarışın verilməsinin mümkün olmadığı qeyd edilmişdir. İddiaçı ilkin hüquqmüəyyənedici sənədlərin əsillərini (torpaq sənədləri – qərar, arxiv arayışı, torpaq sahəsinin yerquruluşu planından çıxarışı, bələdiyyədən məktubu) təqdim etməsinə baxmayaraq iddiaçının mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtina etdilər. Reyestr idarəsinin gətirdiyi dəlillər qanunvericiliyə görə torpaq sahələri üzərində hüquqların qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Bu imtina Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanına, “Torpaq islahatı haqqında” Azərbyacan Respublikası Qanununun 9 və 10-cu maddələrinə ziddir. Bundan əlavə 30 il öncə iddiaçıya XDS tərəfindən torpaq sahəsi ayrılarkən ayrıc aktının verilməməsinin təqsiri iddiaçıda deyildir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının 29 aprel 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı vətəndaşa 0,12 ha torpaq sahəsinin Abşeron Novxanı kənd XDS İK-nin 31 oktyabr 1991-ci il tarixli, 33.2 saylı qərarı ilə ayrıldığı məlum olmuşdur və torpaq sahəsinin ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna daxil edilmədiyi müəyyən edilmişdir. Qanunvericiliyə əsasən torpaq sahəsi ayrılması üçün həmin sahənin istifadəyə, icarəyə və ya satılması məqsədi ilə müvafiq qərar qəbul edilənə qədər torpaq sahəsi yerdə və xəritədə müəyyən edilir. Tərtib edilmiş torpaqayırma planı həmin sahənin istifadəyə, icarəyə və ya satılması barədə müqavilənin ayrılmaz hissəsi hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən fərmanın birinci hissəsindəki sənədlərin siyahısı”nda torpaq sahələrinin ayrılması barədə kənd/qəsəbə nümayəndəliklərin qərarları nəzərdə tutulmamışdır. Həmçinin, baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin yararsız (şoranlıq) ərazidə yerləşdiyi aşkar edilmişdir. Məlumat üçün bildirilir ki, vətəndaşın adına ləğv edilmiş DT və XK tərəfindən torpağa mülkiyyət hüququna dair şəhadətnamə tərtib olunmuşdur. JN-697A, KOD 30800118 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında iddiaçıya 0,09 ha torpaq sahəsi Abşeron rayon Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli, 28 nömrəli qərarı ilə ayrılmışdır. Əlavə olaraq bildirilir ki, İddiaçı Abşeron Novxanı kənd XDS İK-nin 30.08.1991-ci il tarixli, 17.2 saylı qərarı ilə kənd təsərrüfatına yararsız sahədən 0,08 ha torpaq sahəsi ayrılmış və sözügedən qərar əsasında həmin torpaq sahəsi üzərində inşa edilmiş 40 kvadrat metr olan fərdi yaşayış evinə dair İddiaçı adına Abşeron rayonu X1, Mülkiyyət hüquqlarının Qeydiyyat və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 575 nömrəli, 18477 nömrəli reyestr kitabında qeydə alınmış Qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra 03.04.2014-cü il tarixində iddiaçının nümayəndəsi tərəfindən 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilmiş və sözügedən Qeydiyyat vəsiqəsi və JN-697A, KOD 30800118 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında Abşeron rayonu, Novxanı kəndi, Əbülfəz Əliyev küçəsi ərazisində olan 0,09 ha torpaq sahəsi üzərində yeni inşa edilmiş 195.90 kvadrat metr, 5 saylı fərdi yaşayış evi üzərində daşınmaz əmlakın dövlət reyestrində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququ qeydiyyata alınmışdır. İddiaçı mülkiyyət hüququ 19.04.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********86-10301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, torpaq sahibliyi və torpaqdan istifadə məsələlərinin həll edilməsi İcra Hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir, səlahiyyətsiz şəxs Saray qəsəbəsi üzrə Nümayəndəliyinin sərəncam verməsi həm də o dövrdə qüvvədə olan Mülki Məcəllənin 59-cu maddəsinin tələblərinin kobud şəkildə pozulması deməkdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazla eyniməzmunlu izahat verərək təmin ediməməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara daxildir: AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1963-cü ildə, Ermənistanın Sisian rayonunda anadan olmuş, hazırda Abşeron rayonunun Novxanı kəndində qeydiyyatdadır. Cavabdehin **********20 nömrəli, 19.05.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişinə əsasən iddiaçıya ayrılmış torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyata alınmasından imtina edilmişdir. Abşeron rayon Novxanı Bələdiyyəsinin 02.11.2019-cu il tarixli, 108 nömrəli məktubuna əsasən vətəndaşın mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsinə bələdiyyənin etirazının olmadığı müəyyən edilmişdir. 28.10.2020-ci il tarixli F-772 nömrəli Abşeron rayon Dövlət Arxivindən çıxarışa əsasən 31.10.1991-ci il tarixli Novxanı kənd XDS İcraiyyə Komitəsinin qərarı ilə iddiaçıya 0.12 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarına, həmçinin, Abşeron rayonu Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarış və torpaq sahəsinin ayrıc aktı (13.06.2021-ci il tarixli) da əlavə edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilmiş Abşeron rayon XDS İcraiyyə Komitəsinin 20.09.1991-ci il tarixli, 193 nömrəli qərarı ilə Novxanı kənd XDS İcraiyyə Komitəsinə həyətyanı torpaq fondunun ayrılması müəyyən edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması haqqında 31.10.1991-ci il tarixli Novxanı kənd XDS İcraiyyə Komitəsinin qərarının verildiyi vaxtdan yaranmış olur. Cavabdeh iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti həmin idarəyə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və inzibati orqanın 2**********20 nömrəli, 19.05.2021-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı oğluna Abşeron rayon XDS İcraiyyə Komitəsinin qərarı ilə 0,12 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. Cavabdeh orqan isə iddiaçının ərizəsinin icrasından imtina edir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının ərizəsindən imtinası əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir (maddə 67). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (maddə 68). Məhkəmə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin torpaq sahəsinə dair gətirdiyi imtinasının əsası kimi Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərinin sərəncamları nəzərdə tutulmadığı hissəsini araşdırmasını məqsədəmüvafiq hesab etmişdir. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, torpaqdan istifadə və torpağa sahiblik məsələlərinin həll edilməsi İcra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Hazırkı halda isə mübahisəli torpaq sahəsinin səlahiyyətsiz şəxs tərəfindən ayrıldığı müəyyən edilmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 20.09.1991-ci il tarixli, 193 nömrəli qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Novxanı kənd XDS İcraiyyə Komitəsinin sədrinə torpağın sxemasının, baş planının tərtib edilməsi və torpaqların ona uyğun paylanılması tapşırılmışdır. Lakin qeyd edilməlidir ki, torpaq sahəsi ilkin növbədə müvafiq qaydada ayrıldıqdan sonra qanunçuluq tələblərinə riayət edilməklə paylanılmalıdır. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli, 193 saylı qərarı ilə əvəzsiz olaraq iddiaçının mülkiyyətinə verilmiş Abşeron rayonu, Novxanı kəndinin ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 20 sentyabr 1991-ci il tarixli, 193 saylı qərarı ilə əvəzsiz olaraq iddiaçının mülkiyyətinə verilmiş Abşeron rayonu, Novxanı kəndinin ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-123/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-123/2022
13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver