Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-123/2024 22.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Kamal qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 27.2 saylı qərarı ilə ayrılmış Abşeron rayonu Novxanı kəndində yerləşən 0,0781 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatat alınması, reyestrdən çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu Novxanı kəndində yerləşən ona məxsus 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatat alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 27.2 saylı qərarı ilə ayrılmış Abşeron rayonu Novxanı kəndində yerləşən 0,0781 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatat alınması, reyestrdən çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmsını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.08 ha torpaq sahəsi iddiaçının qanuni sahibliyində və istifadəsindədir. Həmin torpaq sahəsi Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 27.2 saylı qərarına əsasən iddiaçıya ayrılmışdır. Həmin qərara əsasən 0.08 ha həyətyanı torpaq sahəsinin X5 ayrılması və həmin torpaq sahəsində yaşayış evi tikməyə icazə verilməsi qərara alınmışdır. Qərar arxiv idarəsi tərəfindən təsdiq edilmiş, habelə torpaq sahəsinin yerləşmə yerini təsdiq edən sxem Novxanı bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq qaydada rəsmiləşdirilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə tələb olunan sənədlərlə birlikdə cavabdeh təşkilata müraciət etmiş, müraciəti qəbul olunaraq ********** nömrə ilə qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixli, **********82 saylı məktubla müraciətin icrasından imtina edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi əlavə olaraq izah etdi ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının ailə üzvü olan X4 mülkiyyətində olan torpaq sahələri arasında yerləşir və E.Qocayevanın mülkiyyətində olan torpaq sahələri arasında qaldığı üçün ailə daxili yol kimi istifadə edilmişdir. Həmin torpaq sahəsi faktiki olaraq heç vaxt ümumi yol kimi istifadə edilməmişdir. Bu barədə X7 Dövlət Agentliyindən də məktub alınmışdır. Cavabdehin nümayəndəsi X6 iddianı qəbul etmədi və izah etdi ki, aparılan araşdrıma zamanı Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin ayrılmasına əsas olmuş Abşeron rayon Novxanı kəndi XDS İcraiyyə Komitəsinin 30 yanvar 1991-ci il tarixli, 27.2 nömrəli qərarına dair ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilmədiyi; sözügedən torpaq sahəsinin ümumi yol kimi istifadə edildiyi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş : - Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 27.2 saylı qərarından çıxarışdan görünür ki, İddiaçı 0.08 ha torpaq sahəsi ayrılmış və yaşayış evi tikməyə icazə verilmişdir. -Abşeron rayon Dövlət Arxivinin F-623 saylı, 01.06,2022-ci il tarixli arxiv arayışından görünür ki, Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 27.2 saylı qərarına əsasən İddiaçı 0.08 ha torpaq sahəsi ayrılmış və yaşayış evi tikməyə icazə verilmişdir. -Abşeron rayonu Novxanı bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı ayrılmış 0.08 torpaq sahəsinə dair tərtib edilmişdir. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilmiş xx.xx.2024-ccü il tarixli məktubdan görünür ki, sözügedən torpaq sahəsinin ərazisi yaşayış məntəqəsi daxilində yerləşdiyi üçün həmin ərazidə avtomobil yolunun qorunma (mühafizə) zolağı müəyyən edilmir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Abşeron rayon Novxanı kənd XDS İK-nin xx.xx.1991-cı il tarixli 27.2 saylı qərarına əsasən İddiaçı ayrılmış 0,08 ha sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən həmin torpaq sahəsi naturada mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.Lakin məhkəmə tərəfindən təqdim olunmuş iş materialında Abşeron rayonu X1 planından çıxarışda göstərilən 0.08 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, İddiaçı tərəfindən tanıdılan 0,0781 ha torpaq sahəsi ilə naturada üst-üstə düşür. İddiaçının faktiki göstərdiyi torpaq sahəsinin konturları yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə uyğun gəlir. Məhkəmə tərəfindən təqdim olunmuş iş materiallarında olan Abşeron rayonu X1 Planından çıxarışda göstərilən 0,08 ha torpaq sahəsinin döngə nöqtələrini koordinatları daxilində və iddiaçı tərəfindən tanıdılan torpaq sahəsindən faktiki olaraq iddiaçı yol kimi istifadə edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, torpaq sahəsinə yerində baxış keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Cavabdeh idarənin xx.xx.2022-ci il tarixli **********82 saylı məktubunda iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmasının əsası kimi Abşeron rayon Novxanı XDS İK-nin 30 avqust 1991-ci il tarixli 27.2 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinə dair ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə olunmaması və sözügedən faktiki torpaq sahəsinin ümumi yol ərazisində yerləşməsi göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, ilkin baş planını və ya təsdiq edilmiş ayrıc aktınının qərarının olmaması müvafiq dövlət orqanlarının səlahiyyətlərinə aid məsələdir və iddiaçının mülkiyət hüququ bu səbəbdən məhdudlaşdırılmamalıdır. Məhkəmə tərəfindən mübahisəsi gedən torpaq sahəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin torpaq sahəsi iddiaçının istifadəsindədir, ümumi istifadədə deyil, bir tərəfdən bağlı (dalan) sahədir, ümumi yol kimi istifadəsi fiziki cəhətdən də mümkün deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş Siyahıda Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər..... 1.4 rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5-daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon Novxanı kənd XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 27.2 saylı qərarı ilə ayrılmış Abşeron rayonu Novxanı kəndində yerləşən 0,0781 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-123/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-123/2024
22.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver