Məhkəmə qərarları › İş №2-1(118)-1231/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1231/2020

06.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1231/2020 06.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Şəmşir qızının katibliyi, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 13/14 mənzil 24-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinini cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, xx xxxx 1992-ci il tarixdə könüllü dəstələrə qoşularaq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N saylı hərbi hissənin tərkibində atıcı kimi fəal iştirak etmişdir. Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi ilə onun döyüş əməliyyatlarında iştirak etməsi faktı müəyyən edilmişdir. O, bütün zəruri sənədləri topayaraq müharibə veteranı statusunu almaq məqsədi ilə cavabdeh Azərbaycan Respubılikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Lakin Müdafiə Nazirliyi ona imtina cavabı vermişdir. Bununla əlaqədar iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi iddia ərizəsinə münasibətində göstərmişdir ki, iddiaçının qanuni surətdə təxris olunması barədə sübut olmadığından onun müraciətinin təmin edilməsindən intina edilmişdir. Belə ki, müqavilənin pozulması xidməti vəzifələrini yerinə yetirməmək deməkdir. İş materiallarında olan : -iddiaçıya aid NZ ******* saylı hərbi biletdən görünür ki, o, xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək Dağlıq Qarabağda gedən döyüşlərdə iştirak etmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 9/2-9792 saylı məktubdan görünür ki, N saylı hərbi hissə komandirinin iyul-sentyabr 1992ci il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. -Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cl il tarixli qətnaməsindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etməsi faktı müəyyən edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi bildirmişdir ki, 1965-ci il təvəllüdlü İddiaçı xidməti Müdafiə Nazirliyinin Arxiv İdarəsi tərəfindən təsdiq edilmədiyi üçün onun döyüşlərdə iştirak etməsi barədə heç bir sənəd təqdim etməl mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh özünün xx.xx.2020-ci il tarixli 1/M-2964 saylı məktubu ilə bildirmişdir ki, iddiaçının həqiqi hırbi xidmətə çağırılması və qanuni əısaslarla ehtiyata buraxılması əmrlərlə təsdiqlnmədiyindən ona müharibə veteranı adı və vəsiqəsi verilməsi məqsədəuyğun deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək hərbi xitdmətdə olması hərbi biletdə qeyd edilsə də, onun döyüş əməliyyatlarında işirak etməsi və ya hərbi xidmətdən qanuni əsaslarla təxris edilməsi barədə əmrlər mövcud deyldir. Məhkəmə hesab edir ki, təqdim edilən sənədlər iddiaçıya müharibə veteranı vəsiqəsinin verilməsi üçün kifayət etmir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə muəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konullu qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gundən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Quvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil muəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nomrəli Qərarı ilə təsdiq edilmiş «Muharibə veteranı, silahlı quvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 11-ci bəndinin 8-ci yarımbəndində əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cu il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələr və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən cıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının qanunauyğun şəkildə təxris edilməsi barədə Müdafiə Nazirliyinin Mərkəzi Arxivində məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin x xxxxxx 1998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Məhkəmə hesab edir ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. Belə ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada təxris olmanı ehtiva edir. Müqaviləni pozmaqla ehtiyata buraxılması şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət vəzifələrini tam həyata keçirmədiyinə dəlalət edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh düzgün olaraq iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar