Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1231/2021 05.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndələri X3 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Quba rayonu Qonaqkənd kəndində iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi 0.14 ha torpaq sahəsinin İddiaçı adına hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin üzərinə öhdəlik olaraq qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu, Qonaqkənd kəndində fərdi yaşayış evinin yerləşdiyi 0.14 ha torpaq sahəsinin İddiaçı adına plan və ölçünün tərtib olunaraq və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, məhkəmədən “Quba rayonu Qonaqkənd kəndində iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi 0.14 ha torpaq sahəsinin İddiaçı adına hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin üzərinə öhdəlik olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1933-cü ildə Quba rayonu, Qonaqkənd kəndində anadan olmuşdur. Beləki yaşadığı yerdə, Quba rayonu, Qonaqkənd qəsəbəsində fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0,14 ha torpaq sahəsi var. Həmin fərdi yaşayış evi və həyətyanı sahədən fasiləsiz olaraq istifadə etmişdir. Fərdi yaşayış evinin texniki pasportu və qeydiyyat vəsiqəsi vardır. Həmin texniki pasportda arxiv arayışında və digər hüquqmüəyyənedici sənədlərdə 0.14 ha həyətyanı sahə qeyd olunmuşdur. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. İnzibati orqanın **********77 saylı 19.03.2021-ci il tarixli və **********51 saylı 12.04.2021-ci il tarixli məktubları ilə iddiaçıya imtina verilmişdir. İmtina məktubunda göstərilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0.14 ha kimi qeydiyyata alınması üçün təqdim olunan sənədlərdə uyğunsuzluqlar aşkar olumuşdur. Hesab edir ki, imtina əsassızdır. Belə ki, lazımi olan hüquqmüəyyənedici sənədlər inzibati orqana təqdim edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndələri X4 və X5 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı JN-169A KOD 30302018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin qeydiyyatdan keçib-keçməməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 19.03.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Ərizəyə 19.03.2021-ci il tarixli **********77 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Sizin JN-169A KOD 30302018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin qeydiyyatdan keçib-keçməməsi ilə bağlı 11 mart 2021-ci il tarixli sorğunuza 5 saylı Xaçmaz Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, sizin və ailə üzvlərinizin adına olan 0.12 ha torpaq sahəsinə verilmiş JN-169A KOD 30302018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabından qeydiyyatdan keçmişdir.” İddiaçının 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət məktubunun məzmunu daşınmaz əmlaka dair arxiv məlumatlarının əldə edilməsi bağlıdır və Ərazi İdarəsi tərəfindən cavab məktubu hüquqların dövlət qeydiyyatının aparılmasından imtina olunması barədə deyildir. Bundan sonra İddiaçı səlahiyyətli nümayəndəsi X1 rayonu Qonaqkənd kəndi ərazisində daşınmaz əmlakın 0.14 ha olduğu halda, sənədlərdə 0.12 ha göstərildiyindən ona çıxarışın verilməsinə köməklik göstərilməsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 02.04.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə 12.04.2021-ci il tarixli **********51 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Sənədlərin ekspertizası zamanı məlum olunmuşdur ki, ərizənizdə qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0.14 ha kimi qeydiyyata alınması üçün təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar olduğu üçün mümkün olmamışdır. Belə ki, fərdi yaşayış evinin yerləşdiyi 0.12 ha torpaq sahəsinə dair İddiaçı və ailə üzvülərinin adına Quba rayon Aqrar İslahat Komissiyasının 01.11.1997-ci il tarixli 14 saylı qərarı əsasında ləğv edilmiş DTXK-nin Quba rayon şöbəsi tərəfindən JN-169A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" hazırlanmışdır. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1 ci maddəsinə əsasən “Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. ”Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən şəhadətnamələr Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.Azərbaycan Respublikası “Torpaq İslahatı haqında” Qanununun 22-ci maddəsin əsasən torpaq islahatı barədə yerli və rayon aqrar islahatı komissiyasının qərarı ilə razılaşmadığınız təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə məhkəməyə şikayət etmək səlahiyyətiniz vardır.Nəzərinizə çatdırırıq ki, 0.12 ha torpaq sahəsinə aid JN-169A “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də düzəliş edilərək torpaq sahəsinin 0.14 ha ölçüdə bərpa edilməsi Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və Azərbaycə Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinə əsasən mülkiyyət hüquqlarına xitam məhkəmənin qərarı əsasında aparılır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunu 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıda qaydada aparılır: 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətləri habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanunun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilmə əsasında aparılır. Qeyd edilənərə əsasən iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı verilmiş iddia ərizəsinə etiraz edirlər. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan məhkəmə iclasında nümayəndəsinin iştrakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hazır ki, mübahisəyə cavabdehin nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - “Torpağın mülkiyyətə verilməsinə dair” JN-169A KOD 30302018 saylı şəhadətnamədən görünür ki, İddiaçı və onun ailə üzvələrinin adına verilmiş 0.12 ha torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 14 saylı qərarı əsasında verilmişdir. - Azərbaycan Respublikası Dövlət X6 sorğuya əsasən göndərdiyi 14.07.2021-ci il tarixli 695 saylı arxiv arayışından görünür ki, Quba rayon AİK-nin 01.11.1997-ci il tarixli 14 saylı protokolunda vətəndaş İddiaçı 0.12 ha torpaq sahəsi aldığı haqqında məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 12.04.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizəsinin icrasından imtina edilmişdir. - Quba rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Quba rayonu, Qonaqkənd kəndində yerləşən ümumi sahəsi 67.6 kv.m olan yaşayış evi Quba rayon Qonaqkənd İƏD-nin “Şəxsi mülkiyyət hüququna malik olan vətəndaşların siyahısı”na əsasən İddiaçı adına qeydə alınmışdır. -03.08.2009-cu il tarixli Azərbaycan Respublikası Daşınmaz əmlakın texniki qiymətləndirilməsindən görünür ki, Quba rayonu, Qonaqkənd qəsəbəsində yerləşən, İddiaçı adına qeydə alınmış yaşayış evi 0.14 ha torpaq sahəsi üzərində yerləşməklə 134.68 kv.m sahədən ibarət olmuşdur, həmçinin aparılan təhlil və hesablamalar göstərir ki, qiymətləndirilən obyektin inventar dəyəri 18.000 manat müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Dövlət X6 sorğuya əsasən təqdim etdiyi 23.08.2021-ci il tarixli 841 saylı arxiv arayışından görünür ki, Quba RİHB-nın Qonaqkənd qəsəbə İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Qonaqkənd kəndi üzrə 3 №li təsərrüfatbaşına kitabda vətəndaş İddiaçı 196 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində ümumi sahəsi 129 kv.m, o cümlədən yaşayış sahəsi 68 kv.m olan yaşayış evi və xüsusi mülkiyyətində, istifadəsində 0.14 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Bundan əlavə, məhkəmə, cavabdehin iddia ərizəsinə etirazda əsaslandığı dəlillərinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində yazılı məlumat verilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cu il 10 avqust tarixli, 113 nömrəli Fərmanının 4.2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsində nəzərdə tutulmuş “qeydiyyat orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həyata keçirir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 13.11-ci maddəsinə əsasən Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Torpaq mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanla təsdiq edilmiş eyniadlı Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4, 10, 11-ci bəndlərinə görə, torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerqurluşu Lahiyə İnstitunun arxivində müddətsiz olaraq saxlanır. Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydə almanın rayon (şəhər) torpaq şöbələri həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən, 2006cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verilməlidirlər. Göründüyü kimi, torpaq üzərində hüquqlara dair Dövlət aktlarının hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş DTXK tərəfindən aparıılmışdır. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DwJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir. Məhkəmə hesab edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə tədqiqatı zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Dövlət X6 sorğuya əsasən göndərdiyi 23.08.2021-ci il tarixli 841 saylı arxiv arayışından bəlli olmuşdur ki, Quba RİHB-nın Qonaqkənd qəsəbə İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Qonaqkənd kəndi üzrə 3 №li təsərrüfatbaşına kitabda vətəndaş İddiaçı 196 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində ümumi sahəsi 129 kv.m, o cümlədən yaşayış sahəsi 68 kv.m olan yaşayış evi və xüsusi mülkiyyətində, istifadəsində 0.14 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, arxiv arayışları və iddiaçının təqdim etdiyi sənədlərin dövlət reyestrində saxlanılan məlumatlarla uyğunsuzluğu iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Beləliklə, şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Quba rayonu Qonaqkənd kəndində iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi 0.14 ha torpaq sahəsinin İddiaçı adına hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1231/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1231/2021
05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver