Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1231/2025 05.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili X1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək, “xx.xx.1974-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Cəbrayıl “H.Z.Tağıyev” adına kolxozda və xx.xx.1994-cü il tarixdən xx.xx.2002ci il tarixədək “Speçhidroenerqomontaj” SC-nin Şimali Qafqaz filialında işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı yaşa görə əmək pensiyasiyasının təyin edilməsi üçün ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 16 may 2024- cü il tarixli, 3-17-1/2-Ə- 64727/2024 saylı cavab məktubundan da göründüyü kimi əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş yaş həddinə çatsa da, 25 il əmək stajına malik olmadığına istinad edilərək ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. Belə ki, cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının əyani təhsili, hərbi xidmətdə olduğu dövr və 1994-1998-ci illərdə Saatlı rayon “Sabir” adına kolxozda əmək fəailiyyəti nəzərə alınmaqla 8 il 6 ay 23 gün müddət sığorta stajı var. Lakin cavabdeh orqan xx.xx.1974-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Cəbrayıl rayon “H.Z.Tağıyev” adma kolxozdakı əmək fəaliyyətini və xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək olan sığorta stajını nəzərə almamışdır. Cavabdeh orqanın mövqeyi ilə bağlı bildirir ki, Cəbrayıl rayonu və kəndlərinin ermənilər tərəfindən 1993-cü il tarixdə işğal olunduğu işin mübahisəsiz halıdır. Bütün sənədlər işğal olunmuş rayonlarda da qaldığı üçün onların əldə edilməsi mümkünsüz olmuşdur. Buna görə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının həmin məlumatların olmamasına istinad edərək sığorta stajını nəzərə almaması qanunvericiliyin tələblərinə ziddir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili X2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: İddiaçı xx.xx.2023-cü il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə ərizə ilə yenidən Mərkəzi Filala müraciət edərək arxiv arayışı təqdim edib həmin arayışın ilkin müraciət ərizəsinə əlavə edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli 3- 17-1/2-Ə-64727/2024 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, onun qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalının olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qanunun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli Plenum qərarında qeyd edilir ki, dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. Eyni zamanda həmin qərarda sosial sığorta haqlarının ödənildiyi vəsaitlərin pensiya hesablanması zamanı nəzərə alındığı, məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının pensiya təyin edilərkən nəzərə alınmasının qanunvericiliyin tələblərinə uyğun olmadığı vurğulanır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-i il tarixli 175 nömrəli Qərarının 4.1-ci bəndində göstərilmişdir ki, xx.xx.2006-cı il tarixədək olan dövr üzrə "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən həmin dövr sığorta stajı kimi nəzərə alınır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. İş materiallarında olan H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ə- 64727/2024 nömrəli imtina məktubunda bildirilmişdir ki, təqdim edilən əmək kitabçası, hərbi bilet, attestat, X9 filialının arayışının surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən sığorta stajı (xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək əyani təhsil illəri, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğu müddət və 1994-1998-ci illər üzrə əmək fəaliyyəti dövrü nəzərə alınmaqla) 8 il 6 ay 23 gün təşkil edir. Eyni zamanda qeyd olunmuşdur ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 7 il 11 ay 23 gün sığorta stajına uyğun olaraq 7391.27 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək (7 ay sığorta stajına uyğun olaraq) 1691.71 manat olmaqla, ümumilikdə 9082.98 manat təşkil edir ki, bu məbləğ İddiaçı pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı Ə.X6 təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1974-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Cəbrayıl rayon "H.Z.Tağıyev" adına kolxozda əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialı ilə Cəbrayıl rayon Dövlət Arxiv İdarəsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktına əsasən İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1974-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Cəbrayıl rayon "H.Z.Tağıyev" adına kolxozun arxiv sənədləri işğal zonasında qaldığından onun əməkhaqqı alıb-almadığın müəyyənləşdirmək mümkün olmamışdır. Eyni zamanda bildirirlər ki, İddiaçı xx.xx.2010-cu il tarixli müraciəti zamanı (əlilliyə görə əmək pensiyasının ilkin təyinatı zamanı) ******* nömrəli, xx.xx.2023- cü il tarixli müraciəti zamanı isə ******* nömrəli əmək kitabçasının surətini təqdim etdiyi üçün və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən onun əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1974-cü il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək (möhürlərin sonradan vurulduğuna əsaslı şübhələr olduğu üçün) olan dövrün İddiaçı sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. İddiaçı xx.xx.2023-cü il tarixli müraciəti zamanı təqdim olunmuş ******* nömrəli əmək kitabçasında ilk əmək fəaliyyətinə başladığı tarix xx.xx.1974- cü il qeyd olunsa da, əmək kitabçasının açılma tarixi xx.xx.1990-ci il kimi qeyd olunmuşdur. Həmçinin 4-cü qeyddə qaralama da mövcuddur. Eyni nömrəli digər əmək kitabçasının açılma tarixi xx.xx.1994-cü il kimi qeyd olunmuşdur. Bununla belə iddiaçı həm 1994-1998-ci il tarixli dövrlərdə Saatlı rayon "Sabir" adına kolxozda, həm də Rusiya Federasiyasında işlədiyini iddia edir. Bu da əmək kitabçasının mötəbər sübut kimi qiymətləndirilməsinin mümkün olmadığına dəlalət edir. Hazırki vəziyyətdə iddiaçının əmək kitabçasında olan aşkar pozuntular və onun əmək kitabçasının doldurulması qaydalarına əmək edilməməklə doldurulması onun mötəbər bir sübut kimi qiymətləndirilməsinə şübhə doğurur. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən, iddiaçının ümumi iş stajı qanunvericiliyin tələblərinə əsasən 25 ildən az olduğu üçün və fərdi hesabının sığorta hissəsində qanunvericiliklə tələb olunan minimum pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 öz izahatında 1974-1994-cü illər ərzində iddiaçı ilə birlikdə işlədiklərini, özünün mühasib, iddiaçının isə fəhlə olduğunu, özünün işdən çıxanda Əleymanın orada işlədiyini, kolxoz ləğv olunanadək onun orada işlədiyini, özünə pensiya təyin olunanda Cəbrayılda işlədiyi dövrlərin qeydə alındığını bildirmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: ИT-İ ******* saylı əmək kitabçası; cavabdehin iddiaçıya ünvanladığı 16 mart 2024-cü il tarixli imtina məktubu və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. 5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
İddianın əsaslılığı ilə bağlı məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün olmaqla bərabər, həm də əsaslı olduğundan, iddia təmin edilməlidir. Belə ki, iddiaçı xx xxxxxx 1958-ci il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini tələb edir. Cavabdeh inzibati orqan iddiaçının 25 il sosial sığorta stajına malik olmamasını əsas gətirərək iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd olunanları əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»yə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Hazırki iş üzrə iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olması; 01 dekabr 1974-cü il tarixdən 01 sentyabr 1993-cü il tarixədək; 15 mart 1977-ci il tarixindən 28 fevral 1978-ci il tarixinədək; 05 noyabr 2019-cu il tarixindən 08 may 2020-ci il tarixinədək əmək fəaliyyəti ilə məşğul olması yuxarıda sadalanan ИT-İ ******* saylı əmək kitabçası, ИВ № 048337 saylı, 05 iyul 1984-cü il tarixdə verilmiş diplom, 16 saylı, 09 iyun 1987-ci il tarixdə verilmiş diplom və НЗ № ******* saylı hərbi bilet ilə öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hazırki inzibati işdə iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçasında onun Cəbrayıl rayonunda işlədiyini təsdiq edən müvafiq qeydlər mövcuddur. Həmin sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi öz izahatında - iddiaçının Rusiyada işlədiyi dövrlərlə üst-üstə düşən 1994- 1998-ci il tarixədək Saatlı rayonu “Sabir” adına kolxozda əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərin əmək stajına daxil edildiyini bildirmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində iştirak edən X3 öz izahatında iddiaçı ilə birlikdə Cəbrayıl rayon “H.Z.Tağıyev” adına kolxozda birlikdə işlədiyini, ona pensiya təyin edildiyi zaman həmin dövlərin də iş stajı olaraq qəbul edildiyini bildirmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 65 yaşının tamam olduğu 01 noyabr 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu 01 noyabr 2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva