Məhkəmə qərarları › İş №2-1(118)-1232/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1232/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1232/2025 13.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: ölümün təhqiqinin aparılması, İZ (istehsalat zədəsi) formalı aktının verilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “ölümün təhqiqinin aparılması, İZ (istehsalat zədəsi) formalı aktının verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 13 fevral 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. AZ-İ seriyalı, 624485 nömrəli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, xx xxxx 1976-cı il təvəllüdlü İddiaçı və 21 sentyabr 1984-cü il təvəllüdlü X12 30 oktyabr 2010cu il tarixdə nikahlarını bağlamışlar.

2. 3 mart 2023-cü il tarixli, AZ-İİ seriyalı, 334653 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X12 17 fevral 2023-cü il tarixdə ölmüşdür.

3. Cavabdeh 27 fevral 2024-cü il tarixli, 3-17-5/2-A-11072/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, aparılan araşdırma ilə bağlı Siyəzən rayon F.Cəlilov adına Məşrif kənd tam orta məktəbinin işəgötürəni tərəfindən X18 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinə təqdim olunmuş 9 fevral 2024-cü il tarixli, 15 nömrəli məktubda həmin məktəbinin müəllimələri olmuş X12 və X5 17 fevral 2023-cü il tarixdə ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsinin baş verdiyi, həmin nəqliyyat vasitəsini idarə edən şəxs ilə müəllimlərin özləri tərəfindən məktəbə gəlib-getmək məqsədilə razılaşdıqları və onların Sumqayıt şəhərindən Siyəzən şəhərinə daşınması üçün məktəb tərəfindən hər-hansı avtomobil vasitəsinin təyin edilmədiyi qeyd edilmişdir. Araşdırma zamanı DƏMX-nin Quba-Xaçmaz regional şöbəsinə 2 fevral 2024-cü il tarixdə verdiyi izahatda mərhum həyat yoldaşı X8 18 oktyabr 2022-ci il tarixdən etibarən Siyəzən rayonu Məşrif kənd tam orta məktəbinə biologiya müəllimi vəzifəsinə təyin edildiyini, A.V.Vəliyevə ilə bərabər 6 nəfər müəllimin 17 fevral 2023-cü il tarixdə X2 idarə etdiyi **-CY-*** dövlət qeydiyyat nişanlı X23 markalı avtomobil vasitəsilə Sumqayıt şəhərindən Siyəzən şəhərinə işə gedərkən saat 07:20 radələrində Bakı-Quba avtomobil yolunun Siyəzən rayonu, Beşdam kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verdiyini, həmin nəqliyyat vasitəsinin Məşrif kənd tam orta məktəbinə məxsus olmadığını, müəllimlər öz vəsaitləri hesabına qeyd olunan avtomobili idarə edən şəxslə müvafiq məbləğin ödənilməsi müqabilində onları Sumqayıt-Siyəzən-Sumqayıt marşurutu üzrə aparıb gətirilməsi üçün şifahi formada razılaşdıqlarını qeyd etmişdir. Aparılan araşdırma zamanı Siyəzən rayonu Məşrif kənd tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi vəzifəsində işləmiş X13 DƏMX-nin Quba-Xaçmaz regional şöbəsinə 9 fevral 2024-cü il tarixdə verdiyi izahatda A.V.Vəliyevə ilə birlikdə Məşrif kənd tam orta məktəbində işlədiyini, A.V.Vəliyeva və 6 nəfər müəllim ilə birlikdə V.M.Abdullayevin idarə etdiyi **-CY-*** dövlət qeydiyyat nişanlı X23 markalı avtomobil vasitəsi ilə Sumqayıt şəhərindən Siyəzən şəhərinə işə gəlib-getdiklərini, onları aparıbgətirmək məqsədi ilə V.M.Abdullayevlə şifahi qaydada razılaşdıqlarını, 17 fevral 2023-cü il tarixdə həmin avtomobil ilə Sumqayıt şəhərindən Siyəzən şəhərinə gedərkən saat 07:20 radələrində Siyəzən rayonu, Beşdam kəndi ərazisində yolun qarlı-buzlu olması səbəbindən sürücü idarəetməni itirərək yolun əks istiqamətli hərəkət zolağına çıxdığını və opel markalı avtomobil ilə toqquşduğunu, hadisə nəticəsində avtomobildə olan hər kəsin xəsarət aldığını, onları X11 Mərkəzinə aparıldıqlarını və xəstəxanada X8 və X5 hadisə nəticəsində vəfat etdikləri xəbərini aldığını qeyd etmişdir. S.V. İmanov izahatında həmçinin V.M.Abdullayevin idarə etdiyi **-CY-*** dövlət qeydiyyat nişanlı X23 markalı avtomobilin Məşrif kənd tam orta məktəbinə məxsus olmadığını və həmin avtomobilin sahibinə onları Sumqayıt-Siyəzən- Sumqayıt marşurutu üzrə aparıb gətirilməsi məqsədi ilə məktəb rəhbərliyi tərəfindən hərhansı göstəriş verilmədiyini qeyd etmişdir. Bildirilir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli 1(124)- 533/2023 nömrəli Hökmünə əsasən, qeyd olunan yol-nəqliyyat hadisəsində X6 təqsirli bilinib 5 il 6 ay müddətinə azdlıqdan məhrum edilmişdir. Qeyd olunanlara əsasən bildirilir ki, mərhum həyat yoldaşı X9 17 fevral 2023-cü il tarixdə saat 07:20 radələrində ölümü ilə nəticələnmiş hadisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 1.2-ci bəndində nəzərdə tutulmuş hallara uyğun olmadığından, A.V.Vəliyeva ilə baş vermiş hadisə X18 Xidməti tərəfindən təhqiq edilmir.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

4. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli, 1(124)- 533/2023 nömrəli hökmü ilə X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, CM-nin 263.3-cü maddəsi ilə 4 il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X10 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış, X10 ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin cəzanın əvvəlinin onun tutulduğu vaxtdan, yəni 14 iyun 2023-cü il tarixdən hesablanması, X10 təyin edilmiş əlavə cəzanəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının onun əsas cəzanı çəkdiyi bütün müddətə və hazırkı hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilməsi, X7 təyin edilmiş əlavə cəza-nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X26 idarəsinin icra etməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 manat ekspertiza xərcinin X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməsi hökm edilmişdir.

5. Cavabdeh 27 fevral 2024-cü il tarixli, 3-17-5/2-A-11072/2024 nömrəli İddiaçı göndərilmiş məktubu (§3).

6. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 30 yanvar 2024-cü il tarixli, xxxxxxx240003 nömrəli “Müraciət vərəqəsi”.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinin İddiaçı dair ailə tərkibinə dair arayış.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə X17 izahatı.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə İddiaçı izahatı.

10. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 20 sentyabr 2024-cü il tarixli, 3-29-69/2-1349/2024 nömrəli məktubundan görünür ki, uzaq məsafəyə gedən müəllimlərin ölümü ilə nəticələnən baş vermiş yol-nəqliyyat qəzası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndində sadalanan hallara aid edilmədiyi üçün istehsalatda baş verən bədbəxt hadisə hesab edilmir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

11. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasını əsassız hesab etməklə həyat yoldaşı X9 Siyəzən rayonu, Məşrif kənd orta məktəbinə gedərkən ölümünün təhqiqinin aparılması və İZ aktının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi işin hallarına istinad edilərək (§1-3) onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X1 rayonu Məşrif kənd orta məktəbində müəllim işləmiş və o, 17 fevral 2023-cü il tarixdə səhər saat 07:20 radələrində işə gedərkən Bakı-Quba avtomobil yolunun Siyəzən rayonu, Beşdam kənd ərazisində baş vermiş yol-nəqliyyat qəzası nəticəsində X2 idarə etdiyi 77CY723 dövlət qeydiyyat nişanlı X25 markalı avtomobildə dünyasını dəyişmişdir. Göründüyü kimi, hadisə həyat yoldaşının dərs dediyi məktəbə getdiyi zaman baş vermiş və faktiki olaraq onun ölümü də əmək vəzifələrinin yerinə yetirilməsi ilə bağlı üzərinə qoyulan öhdəliyin icrası ilə bağlı olmuşdur. İddiaçı həyat yoldaşının ölümünün təhqiq edilməsi və istehsalatda bədbəxt hadisəyə dair İZ aktının verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin icrasından imtina etmişdir. İddiaçı cavadehin bu imtinası ilə razı deyil və bildirir ki, uzaq məsafədə yaşayan işçilərin işə gediş-gəlişinin tənzimlənməsi, bununla bağlı müvafiq tədbirlərin görülməsi işçinin işlədiyi müəssisəsinin (hazırkı halda həyat yoldaşının dərs dediyi məktəbin) vəzifəsi olmuş və məktəb tərəfindən bu prosesin təşkili ilə bağlı əgər müəssisə maşın təşkil etməmişsə və ya hər hansı bir nəqliyyat şirkəti ilə müqavilə bağlamamışsa bu halda işçi deyil, müəssisə cavabdehlik daşıyır. Əgər müəssisə işçilər üçün maşın ayırsaydı, lakin həmin maşından istifadə olunmasaydı bu halda məktəb cavabdehlikdən yayma bilərdi. Cavabdehin istinad etdiyi qaydalarda işçinin səhhətinin pozulması halında təhqiqatın aparılmadığı hallar sadalanmışdır, lakin konkret halda işçi dünyasını dəyişmiş və bu hadisə o, işə gedərkən yolda baş vermişdir. Bu da ona dəlalət edir ki, hadisə əmək vəzifələrini yerinə yetirərkən, həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən baş vermişdir, yəni şəxs özünün hər hansı bir şəxsi problemləri ilə bağlı deyil, əmək vəzifəsini yerinə yetirmək üçün dərs dediyi məktəbə gedərkən bu hadisə baş vermişdir.

13. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 saylı “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” haqqında Qərarının 1.2, 1.4, 1.5-ci bəndlərinə, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2, 14, 35-ci maddələrinə istinad olunmuşdur.

14. Azərbaycan Respublikası İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

15. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia tələbinə dair cavabdehin münasibəti:

16. Etiraz daxil olunmamışdır.

c) Tərəflərin iştirakı və izahatları:

17. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etmiş, iddia ərizəsində qeyd olunan hallara istinad edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi izahat verərək, imtina məktubunda qeyd edilənlərə əsaslanmış, iddianın təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

19. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

20. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

21. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

22. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

23. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 saylı “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” haqqında Qərarı: 1.2. İşçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay nəqliyyatlarının ekipaj və hava gəmilərinin heyət üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. ... 1.4. İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr. ... 2.6. Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır.

25. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

26. Məhkəmə tərəflərin mövqelərini, məhkəmə prosesində tərəflərin izahatını və iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

27. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə mərhum X9 ölümü ilə nəticələnmiş hadisə əmək vəzifələrini yerinə yetirərkən, həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən baş vermişdir, yəni şəxs özünün hər hansı bir şəxsi problemləri ilə bağlı deyil, əmək vəzifəsini yerinə yetirmək üçün dərs dediyi məktəbə gedərkən bu hadisə baş vermişdir. Bu səbəbdən də, qeyd olunan yolnəqliyyat qəzası istehsalatda baş verən bədbəxt hadisə hesab olunmalıdır.

28. Cavabdeh tərəfin mövqeyinə görə isə hadisə nəqliyyat vasitəsini idarə edən şəxs ilə müəllimlərin özləri tərəfindən məktəbə gəlib-getmək məqsədilə razılaşdırılmışdır. Onların Sumqayıt şəhərindən Siyəzən şəhərinə daşınması üçün məktəb tərəfindən hər-hansı avtomobil vasitəsi təyin edilməmişdir.

29. Hazırkı iş üzrə baş vermiş yol-nəqliyyat qəzasında X4 təqsirli olduğu və tərəfindən mərhum X14 ilə şifahi razılaşmaya əsasən iş yerinə istifadəsində olan nəqliyyat vasitəsilə daşınması, mərhumun iş yerindən hər-hansı avtomobil vasitəsinin təyin edilməməsi işin mübahisəsiz halıdır.

30. Göründüyü kimi tələbin əsaslı olub-olmaması “işə gedərkən yolda baş vermiş bədbəxt hadisə” halının “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın təsinə düşüb-düşməməsinin müəyyən edilməsindən aslıdır.

31. İşin araşdırılması məqsədi ilə məhkəmə tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə, Siyəzən rayonu Məşrif kənd tam orta məktəbinə müvafiq sorğular göndərilmişdir.

32. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, uzaq məsafəyə gedən müəllimlərin ölümü ilə nəticələnən baş vermiş yol-nəqliyyat qəzası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndində sadalanan hallara aid edilmədiyi üçün istehsalatda baş verən bədbəxt hadisə hesab edilmir.

33. Normanın məzmunundan da görünür ki, işə gedərkən, yaxud işdən qayıdarkən yalnız müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda baş vermiş bədbəxt hadisə istehsalatda baş verən hesab olunur.

34. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.

NƏTİCƏVİ HİSSƏ

32. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “cavabdehin imtinasını əsassız hesab etməklə həyat yoldaşı X9 Siyəzən rayonu, Məşrif kənd orta məktəbinə gedərkən ölümünün təhqiqinin aparılması və İZ aktının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar