Məhkəmə qərarları › İş №2-1(118)-1233/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1233/2022

08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1233/2022 08.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı “cavabdehin 07/04- 39 nömrəli, 31 may 2020-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 fevral 2022-ci il tarixdə çalışdığı müəssisəyə onun barəsində Abşeron rayon İcra və probasiya şöbəsindən icra qərarının daxil olduğunu öyrənmiş, mühasibatlığa dəvət edilən zaman məlum olmuşdur ki, Xırdalan Bələdiyyəsi tərəfindən ona məxsus olan Bakı- ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərində yerləşən obyekt ilə bağlı guya 2015-ci ildən hesablanmaqla 2106 manat əmlak, 1093 manat, 92 manat torpaq vergisi 973.3 manat həmin vergilərin faizi olmaqla cəmi 4173,2 manat verginin tutulması barədə qərar qəbul etmiş həmin qərarı icra edilməsi üçün Abşeron rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Bildirdi ki, qərarı alan zaman təəccüblənməyinə səbəb olan hal baş vermişdir ki, guya 16 iyun 2020-ci ildə sonuncu bildirişi ünvanına yollamışdırlar buna da cavab vermədiyi və borcu ödəmədiyi üçün ödənilməmiş verginin ondan tutulması barədə qərar qəbul edilmişdir. Mülkiyytində olan torpaq sahəsi və əmlak onun xüsusi mülkiyyətidir, eyni zamanda Bələdiyyə əmlakına və mülkiyyətində olan torpaq sahəsinə görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada düzgün şəkildə vergini hesablamamışdır. Onun ümumiyyətlə bu məbləğdə vergi hesablanmasından məlumatı olmamışdır ki, həmin vergi üzrə 973,3 manat faiz hesablanması da qanunsuzdur bildirir ki, həmin faizin nə cür hesablanması da hələ məlum deyildir. Yaşadığı və mülkiyyətində olan əmlak müəssisəsi yerləşən ünvana heç bir bildiriş təqdim edilməmişdir. Qəbul edilmiş qərar qanunsuz olduğundan, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə prosesində eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı ərizəsində 31.05.2020-ci il tarixli, 07/04-03 nömrəli qərarının ləğv olunmasını məhkəmədən xahiş etmişdir.Lakin sözügedən qərarla bağlı iddiaçı, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən ünvanına göndərilmiş 13.07.2020-ci il tarixli, 93068/2020-27- 24-7H nömrəli “tələbin könüllü icrası haqqında” bildiriş, o cümlədən 15.09.2020-ci il tarixli, 17/7520207H nömrəli çağırış vərəqəsi ilə xəbərdar edilmişdir. Buna baxmayaraq iddiaçı Abşeron rayonu Xırdalan Bələdiyyəsinin sözügedən qərarı ilə bağlı bildirişi və çağırış vərəqəsini qəbul etməkdən imtina etmişdir. Bu barədə, çağırış vərəqəsini əmlak sahəsinin istifadəçisinə (Vasif müəllimə) təqdim edilməsi və adıçəkilən şəxs tərəfindən qəbul edilməməsini sübut edən icraçı tərəfindən əlyazma ilə qeyd edilmiş qeyd mövcuddur. Hesab edir ki, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən ünvanına göndərilmiş 13.07.2020-ci il tarixli, 93068/2020-27-24-7H nömrəli “tələbin könüllü icrası haqqında” bildiriş, o cümlədən 15.09.2020-ci il tarixli, 17/7520207H nömrəli çağırış vərəqəsi ilə xəbərdar edilən iddiaçı tərəfindən Xırdalan Bələdiyyəsinin 31.05.2020-ci il tarixli, 07/04-03 nömrəli qərarının mübahisələndirilməsi iddia müddətinin ötürülməsi ilə bağlı düzgün deyildir. İddiaçı tərəf prosessual müddəti ötürmüşdür. Daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilən 09.06.2015-ci il tarixli, seriya RX N ******* nömrəli çıxarışdan da görünür ki, ünvan 4 ünvanında yerləşən 1170,8 kv.m ümumi sahə və 0,2279 ha torpaq sahəsindən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydə alınmışdır. O cümlədən, sözügedən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən 1170,8 kv.m ümumi sahə və 0,2279 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Belə olduğu halda İddiaçı vergi subyekti olaraq mülkiyyətində olan əmlak və torpaq sahəsinə görə əmlak və torpaq vergisini ödəməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 07/04-39 nömrəli, 31 may 2020-ci il tarixli qərarın surəti, cavabdehin etirazı, DƏDRX tərəfindən verilmiş **********64 nömrəli çıxarışın surəti, İcarə müqavilələrinin surəti, tədiyyə bildirirşi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı, iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun barəsində bələdiyyə tərəfindən 07/04-39 nömrəli, 31 may 2020-ci il tarixli qərarının qəbul edildiyi vaxtdan yaranmışdır. Abşeron rayonu Xırdalan Bələdiyyəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, mübahisə predmeti olan qərar Xırdalan Bələdiyyəsi tərəfindən qəbul edilmişdir. Belə olduğu tədqirdə Xırdalan Bələdiyyəsi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də iddiaçı tərəfindən qərarın ləğv edilməsi ilə bağlı prosessual müddətlərə riayət edib-etməməsi ilə bağlıdır. Belə ki, Xırdalan Bələdiyyəsi tərəfindən qəbul edilmiş 07/04-39 nömrəli, 31 may 2020-ci il tarixli qərar 23.02.2022-ci ildə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi verilməklə mübahisələndirilmişdir. İddiaçı müvafiq qərar haqqında məlumatı onun işlədiyi “K.Y.Fərəcova” adına elmi tədqiqat pediatriya institutuna Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən göndərilən 02.02.2022-ci il tarixli borcun iddiaçının əmək haqqında yönəldilməsi haqqında məktubundan sonra bilmişdir. Göründüyü kimi inzibati aktın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 30 günlük prosessual müddətə riayət olunmuşdur. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı hissəsinə dair məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qərar Xırdalan Bələdiyyəsi tərəfindən qəbul edildiyinə və həmin təşkilatın yerləşdiyi ərazi Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyası aid olduğuna görə hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı, iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: İddiaçı mübahisə predmeti olan qərarın ləğv edilməsi üçün gətirdiyi arqumentiddiaçıdan tələb edilən əmlak vergisi ilə bağlı Xırdalan bələdiyyəsi tərəfindən tədiyyə bildirişinin onun pasport qeydiyyatında olduğu ünvan 6 ünvanına göndərilməməsi və X2 ilə "xxxx" MMC adından X5 arasında bağlanmış icarə müqaviləsinin 12-ci bəndinə əsasən qeyri-yaşayış sahəsi ilə bağlı vergi haqlarının "xxxx" MMC tərəfindən ödənilməli olmasından ibarət olmuşdur. İddiaçı tərəfindən gətirilən 1-ci arqumenti araşdıran məhkəmə qeyd etməyi zəruri bilir ki, Xırdalan Bələdiyyəsi tərəfindən tədiyyə bildirişinin iddiaçının pasport qeydiyyatında olduğu ünvana göndərilməməsi iddiaçının qeyri-yaşayış sahəsi ilə bağlı ödəməli olduğu əmlak və torpaq vegisinin ödəməkdən azad etmir. Nəzərə alınmalıdır ki, mübahisə predmeti olan qərarın icrası ilə bağlı Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən 15.09.2020-ci ildə "xxxx" MMC çağırış vərəqəsi təqdim edilmiş, lakin şirkətin səlahiyyətli şəxsi olan və qeyd olunan icarə müqaviləsini imza edən X5 həmin çağırış vərəqəsini almaqdan imtina etmişdir. Bundan başqa o da nəzərə alınmalıldır ki, əmlak sahibi kimi mülkiyyətində olan qeyri-yaşayış sahəsinə görə dövlət vergilərini ödəməsi iddiaçının Azərbaycan Respublikası Konstitusiyasından irəli gələn vəzifəsidir və vergi borcunun vətəndaşdan tələb edilməsi zamanı bələdiyyə tərəfindən prossessual pozuntuya yol verilərək vergi ödəyicisinə göndərməməsi vergi ödəyicisini vergi ödəməkdən azad etəmir. Həmin prosessual pozuntunun baş verməsi qeyd olunan vergi borcuna gecikməyə görə hesablanacaq faiz və cərimə borcundan azad edilməsi üçün əsas hesab edilə bilər. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 150-ci maddəsinin İİ hissəsinə əsasən Bələdiyyələrin qəbul etdiyi aktın icrası onun ərazisində yaşayan vətəndaşlar və onun ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir. İddiaçının mübahisə predmeti olan 31 may 2020-ci il tarixli qərarın ləğv edilməsi üçün təqdim etdiyi 2-ci arqumentə münasibətdə məhkəmə qeyd edir ki, X2 ilə "xxxx" MMC adından X5 arasında bağlanmış icarə müqaviləsinin 12-ci bəndinə əsasən qeyri-yaşayış sahəsi ilə bağlı vergi haqlarının "xxxx" MMC tərəfindən ödənilməsi ilə bağlı öhdəlik müqavilənin tərəfləri üçün məcburidir. X3 həmin müqavilənin tərəfi olmadığına görə həmin müqavilədən irəli gələn öhdəliyin "xxxx" MMC tərəfindən icra edilməməsi ilə bağlı tələbin iddiaçıya qarşı deyil "xxxx" MMC-yə qarşı irəli sürməsində haqlı ola bilməzdi. Həmin müqavilənin mövcudluğu və müqavilə üzrə əmlak vergi borclarının "xxxx" MMC tərəfindən ödənilməsi ilə bağlı Xırdalan Bələdiyyəsində hər hansı bir məlumat olmadığına görə tələbin İddiaçı qarşı irəli sürməsində Xırdalan Bələdiyyəsi haqlı olmuşdur. İcarə müqaviləsində göstərilən tələbin yerinə yetirilməməsi ilə bağlı İddiaçı icarə müqaviləsinin digər tərəfi olan "xxxx" MMC qarşı mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ var. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi ikinci arqumentdə mübahisə predmeti olan 31 may 2020-ci il tarixli qərarın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur.Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən vergi dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 196-cı maddəsinə əsasən bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Həmin məcəllənin 200.1 -ci maddəsinin 2-ci hissəsinə əsasən fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Həmin Məcəllənin 200.5-ci maddəsinə əsasən cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. Həmin Məcəllənin 200.6-cı maddəsinə əsasən fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. Həmin Məcəllənin 203-1-ci maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində hesablanır. Həmin Məcəllənin 203.2-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar. Həmin Məcəllənin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1 -ci maddəsinə əsasən yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən vergi ödəyicisi - bu Qanuna uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəyən fiziki və hüquqi şəxslərdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar icra sənədi sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 -ci maddəsinə əsasən bələdiyyələr inzibati orqan hesab edilir. Həmin Qanunun 81.1 -ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Həmin Qanunun 81.5-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın icrası ilə bağlı qanuni tələbləri bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 82.1 ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “icra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə görə hu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı “cavabdehin 07/04- 39 nömrəli, 31 may 2020-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar