Məhkəmə qərarları › İş №2-1(118)-1234/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1234/2022

29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1234/2022 29.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “ASAN xidmət” X3 qarşı “xx.xx.1958-ci il tarixli, 142 saylı doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında adının “Məhəmmədiyyə”dən “Yadulla”ya düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Sumqayıt “ASAN xidmət” X3 qarşı iddia qaldıraraq “Qəbələ rayon Bum icra nümayəndəliyi tərəfindən 23.10.1958-ci il tarixdə tərtib edilmiş 142 saylı doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qarfasında adının “Məhəmmədiyə”dən “Yadulla”ya düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək xx.xx.1958-ci il tarixli, 142 saylı doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında adının “Məhəmmədiyyə”dən “Yadulla”ya düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1958-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda da yaşayır. Ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Bunun üçün o, Sumqayıt “ASAN xidmət” X3 müraciət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, ona məxsus doğum haqqında akt qeydində yalnışlıqlar var. Belə ki, Qəbələ rayonu Bum icra nümayəndəliyi tərəfindən 23.10.1958-ci il tarixdə tərtib edilmiş 142 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adı “Yadulla’’ deyil, “Məhəmmədiyə” kimi qeyd olunmuşdur. Bu səbəbdən də ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün olmamışdır. Sumqayıt "ASAN xidmət” X1 izah olunmuşdur ki, doğum haqqında akt qeydinə düzəliş alınması üçün məhkəməyə müraciət etməlidir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, cavabdeh orqan əsassız olaraq akt qeydinə düzəliş etməkdən imtina etmişdir. Belə ki, onun adı "Yadulla”dır. Bu ona məxsus şəxsiyyət vəsiqəsi, nikah haqqında şəhadətnamə, uşaqlan doğum haqqında şəhadətnaməsi, hərbi bilet, əmək kitabçası ilə öz təsdiqini tapır. Qəbələ rayonu Bum icra nümayəndəliyi texniki səhvə yol verərək onun adını akt qeydində düzgün qeyd etməmişdir. Ona görə də hesab edir ki, doğum haqqında akt qeydinə düzəliş olunmalıdır. Qeyd edir ki, doğum haqqında akt qeydinə düzəliş olunması ona təkrar olaraq doğum haqqında şəhadətnamə almaq üçün lazımdır. O, xüsusi icraat qaydasında ərizə ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir. Lakin məhkəmə belə qənaətə gəlmişdir ki, işə inzibati məhkəmədə baxılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, İddiaçı Sumqayıt “ASAN xidmət” X3 təkrar doğum haqqında şəhadətnamənin istənilməsi ilə bağlı müraciət etmişdir. Vətəndaşın barəsində Qəbələ rayonu Bum icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 23.10.1958-ci il tarixli, 142 saylı doğum haqqında akt qeydində adın “Yadulla” deyil “Məhəmmədiyə”, doğum tarixinin ”xx.xx.1958-ci il” deyil ”22.09.1958ci il”, ana ata adının ’’Mollaməmmədhüseyn” deyil “M.Söyün” yazıldığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik Qaydası” nın 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin seçdikləri qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Yuxarıda qeyd olunanlara əsasən qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydinə düzəliş olunmasına kifayət qədər əsaslar olmadığından Sumqayıt Cavabdeh qeydiyyat şöbəsi vətəndaşa yaşadığı yerin məhkəməsinə müraciət etməsini tövsiyyə etmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı münasibətdə işə onların iştirakı olmadan baxılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Cavabdeh qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı 23.07.2021-ci il tarixli məktubunda iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - İddiaçıya məxsus AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində, НЗ №3588134 saylı hərbi biletdə, AЗ-İ 099314 saylı 10 iyun 1974-cü il tarixli Səkkizillik təhsil haqqında şəhadətnamədə iddiaçının adı “Yadulla” kimi qeyd edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş iddiaçıya məxsus xx xxxxxxxx 1958-ci il tarixli 142 saylı doğum haqqında akt qeydində iddiaçının adı “Məhəmmədiyə” kimi qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Göründüyü kimi, İddiaçı doğum akt qeydi ilə şəxsiyyət vəsiqəsi və digər sənədləri arasında uyğunsuzluq mövcuddur (iddiaçının adı bir sənəddə “Məhəmmədiyə”, digərində isə “Yadulla” göstərilmişdir) və iddiaçı doğum akt qeydində adının “Yadulla” kimi düzəliş edilməsi ilə bağlı yaşayış yeri üzrə qeydiyyat orqanı kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “ASAN xidmət” X3 müraciət etmişdir. Cavabdeh inzibati orqan məsələnin həllindən imtina etmiş, iddiaçı isə hazırda həmin imtinanı mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh inzibati orqandan tələbi formal olaraq, doğum akt qeydində düzəliş edilməsi (adın düzəldilməsi) olsa da, əslində mahiyyət etibarilə məsələ iddiaçının adı ilə bağlı uyğunsuzluğun aradan qaldırılması barədədir. Odur ki, hər bir halda iddiaçının adına münasibətdə qanunvericiliklə “adın dəyişdirilməsini istisna edən hallar”ın mövcudluğu məsələsinə qiymət verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə isə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, məhkəmə icraatı zamanı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Cavabdeh qeydiyyat şöbəsi tərəfindən iddiaçının adına düzəliş edilməsinə, yəni onun arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğuna dair məhkəməyə sübut təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər (maddə 63.1). İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər (maddə 63.2). İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin müvcudluğunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Məhkəmənin mövqeyinə görə iddiaçı adının dəyişdirilməsinə münasibətdə qanunvericiliklə adın dəyişdirilməsinin yolverilməzliyi hallarının (cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi barədə məlumatlar) hazırkı mübahisə üzrə müəyyən edilmədiyindən, iddiaçının adı ilə bağlı doğum akt qeydindəki uyğunsuzluq onun iradəsindən irəli gəlmədiyindən, həmin uyğunsuzluq aradan qaldırılmaqla, onun adının doğum haqqında akt qeydində onun adına “Məhəmmədiyə”dən “Yadulla”ya düzəliş edilməsindən cavabdeh tərəfindən imtina edilməsi qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçıya məxsus doğum haqqında akt qeydində adı “Məhəmmədiyə” kimi qeyd olunsa da, ona məxsus digər sənədlərdə iddiaçıya məxsus AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində, НЗ ******* saylı hərbi biletdə AЗ-İ 099314 saylı 10 iyun 1974-cü il tarixli Səkkizillik təhsil haqqında şəhadətnamədə onun adı Yadulla kimi qeyd edilmişdir. Bir sənəddə adının “Məhəmmədiyə”, digərlərində isə “Yadulla” kimi qeyd olunması iddiaçıya bir sıra hüquqlarının həyata keçirilməsində maneələr yaradır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı xx.xx.1958-ci il tarixli, 142 saylı doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında düzəliş edilərək “Məhəmmədiyə” adının “Yadulla” kimi yazılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Cavabdeh qeydiyyat şöbəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1958-ci il tarixli, 142 saylı doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında düzəliş edilərək “Məhəmmədiyə” adının “Yadulla” kimi yazılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Cavabdeh qeydiyyat şöbəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar