Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1235/2024 31.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayənfəsi Nümayəndə Vaqif qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına müvafiq olaraq 265 manat məbləğdə pul kompensasiyası, habelə respublika üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxt üçün mövcud olan orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2017-2021-ci illərdə bakalavr təhsili, 2021-2023-cü illərdə isə magistr təhsili almışdır. Atası vafat etmiş, anası isə ikinci qrup əlildir. Bütün bunlara uyğun olaraq dövlət hesabına tam şəkildə pulsuz təhsil almış və təqaüd almışdır. Maddi vəziyyətinin ağır olması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlayaraq işə düzəlmiş və həmin müqavilə xx.xx.2021-ci il tarixdə qüvvədən düşmüşdür. Cavabdeh orqana birdəfəlik müavinətin verilməsi ilə bağlı rəsmi şəkildə müraciət etmiş və aidiyyəti üzrə baxılmışdır. Lakin cavabdeh birdəfəlik müavinətin verilməsindən imtina etmiş və onunla əsaslandırmışdır ki, ilk dəfə işə qəbul olunan tarixdə (xx.xx.2021-ci il tarixdə) əyani təhsil alınmadığı üçün (valideynlərini itirmiş və ya valideyin himayəsindən məhrum olmuş uşaq sayılmadığı üçün) sözügedən birdəfəlik müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Cavabdeh orqan xx.xx.2021-ci il tarixdə onun əyani təhsil almadığını qeyd etmişdir. Lakin ilk növbədə qanunda elə bir müddəa yoxdur ki, onlar mənin təhsil almadığımı əsas gətirirlər. Qanunda ilk dəfə işə düzələn zaman yazılmışdır. Lakin gətirdikləri dəlil də özlüyündə əsassızdır. Belə ki, avqust aylarında dərslər olmur. Üstəlik o, həmin ildə bakalavr təhsilini başa vurmuş və ardı ilə magistr təhsilini davam etdirmişdir. Bundan başqa iddiaçının həmin kateqoriya şəxslər siyahısında olmadığı qeyd edilmişdir. Halbuki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də görünür ki, qanunun tələbinə uyğun olaraq o, bir valideynini itirmiş, digəri isə 61-100 faiz orqanizmin funksiyaları pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər kateqoriyasına aid olmaqla bərabər 23 yaşı tamam olmayan bir vaxtda işə düzəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, İddiaçı cavabdeh inzibati orqana xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə müraciət edərək, ona orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin təyin edilməsini xahiş etmişdir. İddiaçıya birdəfəlik müavinətin təyin edilməsindən imtina edilmişdir. Belə ki, qeyd edilən kateqoriyalardan olan şəxslərin əmək hüququ üzrə təminatları “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il 179 nömrəli Qərarı ilə tənzimlənir və qeyd edilən qanunvericilik aktlarına əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə qəbul edilən zaman qanunvericiliklə müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əməkhaqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. İddiaçının ilk dəfə işə daxil olduğu tarixdə əyani təhsil alıb-almadığı məsələsinə aydınlıq gətirilməsi üçün cavabdeh tərəfindən Azərbaycan Respubliası Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-29/2-8146/2023 nöməli məktubda qeyd olunur ki, İddiaçı Sumqayıt Dövlət Universitetinin xx.xx.2017-ci il tarixli 10/Q əmrli ilə bakalavriat səviyyəsinə Maliyyə uçotu və audit ixtisası üzrə əyani təhsilalma formasına qəbul olunmuş, xx.xx.2021-ci il tarixli T-38/4 nömrəli əmri ilə oranı bitirmişdir. Həmçinin, o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xx.xx.2021-ci il tarixli 9/Q nömrəli əmri ilə ADMİU-nun magistratura səviyyəsinə Menecment ixtisası üzrə əyani təhsilalma formasına qəbul olmuş, xx.xx.2023-cü il tarixli 2/209 nömrəli əmri ilə oranı bitirmişdir. Yuxardakı xüsusatlardan bir daha aydın olur ki, İddiaçı ilk dəfə işə qəbul olduğu xx.xx.2021-ci il tarixdə əyani təhsil alan şəxs olmamışdır. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: -AZ № 106635 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki,iddiaçının atası X2 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. -№038391 seriyalı vəsiqədən görünür ki, iddiaçının anası X1 2-ci qrup əlildir. - İş materiallarından görünür ki, İddiaçı 2017-2021-ci illərdə bakalavr, 2021-2023-cü illərdə magistr təhsili almışdır. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Sumqayıt Dövlət Universitetinin (SDU) xx.xx.2017-ci tarixli 10/Q nömrəli əmri ilə SDU-nun bakalavriat səviyyəsinə Mühasibat uçotu və audit ixtisası üzrə əyani təhsilalma formasına qəbul olmuş, xx.xx.2021-ci il tarixli T-38/4 nömrəli əmri ilə oranı bitirmişdir. Bununla yanaşı İddiaçı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) xx.xx.2021 -ci il tarixli 9/Q nömrəli əmri ilə ADMİU-nun magistratura səviyyəsinə Menecment (teatr sahəsi üzrə) ixtisası üzrə əyani təhsilalma formasına qəbul olmuş, xx.xx.2023-cü il tarixli 2/209 nömrli əmri ilə oranı bitirmişdir. -DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş sosial arayışdan görünür ki, iddiaçı ilk dəfə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə əsasən işə götürülmüş və xx.xx.2021-ci il tarixdə həmin müqavilə qüvvədən düşmüşdür. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, göstərilən kateqoriyalardan olan şəxslərin əmək hüququ üzrə təminatları "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2001-ci il 179 nömrəli Qərarı ilə tənzimlənir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 693-İQ nömrəli Qanunu valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından 23 yaşınadək olan şəxslərin sosial müdafiəsi üzrə dövlət təminatının məzmununu, tədbirlərini müəyyən edir, həmin təminatın verilməsi və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun: 1-ci maddəsinə əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. 3-cü maddəsinə görə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur. Müvafiq icra hakimiyyəti orqanları valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların və onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə məqsədli proqramları hazırlayır və həyata keçirir, onlar üçün mərkəzləşmiş xüsusi yaşayış yerləri, habelə təhsil, sosial xidmət və digər müəssisələrin bazasında sosial uyğunlaşma və reabilitasiya üzrə dövlət müəssisələri yaradırlar. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə maliyyə xərcləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən minimum dövlət sosial standartlarına əsaslanır. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün qəyyumlara (himayəçilərə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydada və məbləğdə aylıq müavinətlər verilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər sosial müdafiə tədbirləri də müəyyən edilə bilər. Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara bədən tərbiyəsi-idman xidmətləri pulsuz göstərilir. 9-cu maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini onların özləri, qanuni nümayəndələri, qəyyumları (himayəçiləri), müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər və həmkarlar ittifaqı təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirirlər. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 188 nömrəli Fərmanının 2.3cü bəndinə əsasən həmin Qanunun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarili 179 nömrəli Qərarının: 2-ci hissəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə aşağıdakılar qərara alınmışdır: ... valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat” bölməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunsunlar. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 19 saylı qərarı ilə 179 nömrəli Qərarının 2-ci hissəsinin dördüncü abzasında "Təhsil xərcləri” sözləri "Sosial müdafiə və sosial təminat” sözləri ilə və "Təhsil Nazirliyinə” sözləri "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ilk dəfə işə düzələn zaman birdəfəlik müavinətin, normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya öz arzularına əsasən pul kompensasiyasının verilməsinə dair Təlimatın 1.3-cü bəndinə əsasən bidəfəlik müavinət və avadanlıqlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 yanvar tarixli 19 nömrəli Qərarının 2-ci hissəsinə uyğun olaraq, 1 yanvar 2022-ci il tarixindən sonra ilk dəfə işə düzələn valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara və onların arasından olan şəxslərə verilir. Beləliklə, göstərilən normanın dispozisiya şətləri ondan ibarətdir ki, həmin müavinət valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ilk dəfə işə düzələn zaman ödənilir. Lakin cavabdeh iddiaçının həmin şəxslərə aid olmasını, yəni onun işə düzələn vaxt əyani təhsil almadığına istinad edir. Belə ki, iddiaçı atasının vəfat etdiyini, anasının isə 2-c dərəcəli əlil olmasına və 2021-ci ildə magistr səviyyəsində əyani təhsil almasını bildirir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanununun tələblərinə görə .... bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. Məhkəmə qeyd edir ki, iddiaçı 2021-ci ilin iyul ayının 06-da verilmiş əmr əsasında ali təhsilin bakalavr pilləsini bitirmiş hesab edilmiş və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) xx.xx.2021 -ci il tarixli 9/Q nömrəli əmri ilə ADMİU-nun magistratura səviyyəsinə əyani təhsilalma formasına qəbul olmuşdur. İş materiallarına görə iddiaçınn əmək müqaviıəsi xx.xx.2021-xx.xx.2021-ci il tarixlərə təsadüf edir ki, iddiaçı ilk dəfə işə düzələn vaxt əyani təhsil alan şəxs olmamış, başqa sözlə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanununun 1-ci maddəsində qoyulan şərtlərə tam cavab verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1235/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1235/2024
31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver