Məhkəmə qərarları › İş №2-1(118)-1238/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1238/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1238/2023 25.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə qarşı “onu və xx.xx.2020-ci il təvəllüdlü X1 Abşeron Rayon Polis İdarəsinin inzibati binasına yaşayış yeri üzrə pasport qeydiyyatına götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron Rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olmuşdur. Şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyindən, həmin vəsiqəni dəyişmək məqsədilə cavabdehə müraciət etmiş, lakin ona bildirmişlər ki, inzibati binaya qeydiyyat dayandırılmışdır. Bundan sonra iddiaçı ünvan 1 ünvana qeydiyyata salınması üçün müraciət etmiş və cavabdeh həmin evin hüquqmüəyyənedici sənədləri olmadığını əsas gətirərək, onun müraciətini müsbət həll etməmişdir. İddiaçının şəxsiyyət vəsiqəsi aktiv olmadığından heç bir sənədləşmə işlərini, konstitusion hüquqlarını həyata keçirə bilmir və bu səbəbdən də cavabdehə müraciət edərək, yenidən Polisin inzibati binasına qeydiyyata salınmasını xahiş etmiş, lakin cavabdeh onun xahişini təmin etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, hazırkı iddia tələbinə etirazının olmamasını və qanuni qərar qəbul olunacağı təqdirdə tərəfindən icra olunacağını bildirmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə göndərilmiş pretenziya məktubu, doğum haqqında şəhadətnamənin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İşin araşdırılan hallarından görünür ki, hazırkı mübahisə predmeti iddiaçının ilk dəfə cavabdehin inzibati binasına qeydiyyata alınması deyil, yenidən qeydiyyata alınması, dolayısı ilə əvvəllər aparılmış qeydiyyatının bərpa edilməsi barədədir. İş materiallarında olan iddiaçıya verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, o, 2015-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, 4E, 79 ünvanında qeydiyyatda olmuşdur. Həmin ünvandan iddiaçı məhkəmə qətnaməsi əsasında pasport qeydiyyatına xitam verilmişdir. İddiaçının və azyaşlı övladının yaşayış yeri olmadığından cavabdehin yerləşdiyi inzibati binaya pasport qeydiyyatına düşmək niyyətindədir Cavabdeh isə imtinasını onunla əsaslandırmışdır ki, iddiaçı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş sənədləri təqdim etdikdə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin olunacaqdır. Eləcə də, iddiaçı iddia ərizəsində cavabdehin ünvanına yenidən pasport qeydiyyatına alınmasını xahiş etsə də, cavabdehin ünvanına pasport qeydiyyatının bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s nömrəli sərəncamı ilə yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s nömrəli sərəncamı yalnız şəxsin yaşayış yeri olmayan statusuna malik olmasını zəruri edir ki, qeyd edilən hal hazırkı iş üzrə İddiaçı münasibətdə mövcuddur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun: -5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır:

1. yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;

2. başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;

3. ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında;

4. öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında;

5. yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;

6. qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

Göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması qaydası, 9-cu maddəsində isə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qaydası təsbit edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd edilən xx.xx.2003-cü il tarixli 55s nömrəli sərəncamı ilə iddiaçının İddiaçı şəxsində yaşayış yeri olmayan vətəndaşların DİN-in şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi qaydası müəyyən edilmiş və İddiaçı da bu sərəncamın tələblərinə uyğun olaraq cavabdehin inzibati binasına qeydiyyata alınmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə tətbiq edilməli olan norma sözügedən Qanunun 9-cu maddəsidir. Belə ki, 9-cu maddədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsasları konkret olaraq sadalanmışdır. Lakin, işdən görünür ki, cavabdeh tərəfindən iddiaçının qeydiyyatdan çıxarılması üçün ona münasibətdə həmin maddədə nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud olmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 228-ci, Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yuxarıda sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olması, onun yaşayış yerinə dair hüquqmüəyyənedici sənədlərinin olmaması Abşeron rayonu, Heydər Əliyev prospekti 6 ünvanında yerləşən cavabdehin inzibati binasına qeydiyyatda alınması üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı və onun azyaşlı övladı xx.xx.2020-ci il təvəllüdlü X1 Abşeron Rayon Polis İdarəsinin inzibati binasına yaşayış yeri üzrə pasport qeydiyyatına götürülməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı və iddia tələbi təmin edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı və onun azyaşlı övladı xx.xx.2020-ci il təvəllüdlü X1 Abşeron Rayon Polis İdarəsinin inzibati binasına (Abşeron rayonu, Heydər Əliyev prospekti 6) yaşayış yeri üzrə pasport qeydiyyatına götürülməsi öhdəliyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Abşeron Rayoni, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar