Məhkəmə qərarları › İş №2-1(118)-1239/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1239/2020

26.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1239/2020 26.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ xx xxxxxx 2020-ci il Sumqayıt şəhəri Sumqayıt İnzibati Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Hakim köməkçisi Ağasıyeva Ülviyyə Şəmşir qızının katibliyi, İddiaçı (Siyəzən rayonu Qara Siyəzən kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Siyəzən rayonu Zarat bələdiyyəsinə qarşı Siyəzə rayonu Zarat bələdiyyəsinin ehtiyat fonduna aid örüş torpaqlarından 200 ha torpaq sahəsinin heyvandarlıq məqsədi ilə 25 il müddətinə icarə müqaviləsi əsasında verilməsi barədə xx xxx 2001-ci il tarixli 06 saylı müqaviləsinin ləğv edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və həmin müqavilə üzrə öhdəliyin ən azı müqavilədə göstəriləm müddətə qədər davam etdirilməsi vəzifəsinini cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Siyəzən rayonu Zarat bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Siyəzə rayonu Zarat bələdiyyəsinin ehtiyat fonduna aid örüş torpaqlarından 200 ha torpaq sahəsinin heyvandarlıq məqsədi ilə 25 il müddətinə icarə müqaviləsi əsasında verilməsi barədə xx xxx 2001-ci il tarixli 06 saylı müqaviləsinin ləğv edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və həmin müqavilə üzrə öhdəliyin ən azı müqavilədə göstəriləm müddətə qədər davam etdirilməsi vəzifəsinini cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Siyəzən rayonu Qara Siyəzən kəndi ərazisində yaşamaqla fərdi təsərrüfatında heyvandarlıqla məşğul olur. Bu məqsədlə o, cavabdeh Zarat bələdiyyəsinə müraciət edərək bələdiyyənin ehtiyat örüş torpaqlarından heyvandarlıq məqsədi ilə ona 200 ha örüş torpağının icarəyə verilməsini xahiş etmişdir. Beləliklə, onun müraciətinə baxılmış və xx xxxxx 2001-ci il tarixli 06 saylı protokola əsasən onunla bələdiyyə arasında xx xxx 2001-ci il tarixli 06 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Zarat bələdiyyəsinin ehtiyat örüş fondundan 200 ha torpaq sahəsi heyvandarlıq məqsədi ilə ona 25 il müddətinə icarəyə verilmişdir. İddiaçı 2001-ci ildən həmin torpaqdan təyinatı üzrə istifadə edir, hər il üçün icarə haqqını vaxtında ödəyir. İddia qaldırmamışdan bir neçə gün əvvəl ona məlum olmuşdur ki, cavabdeh Siyəzən rayon Zarat bələdiyyəsi özünün xx xxxxxx 2020-ci il tarixli 2 saylı iclasında özünün xx xxx 2001-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul etmişdir. Qərarın ləğv edilməsi üçün əsas kimi müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınmaması və müvafiq hüquqi sənədlərin olmaması göstərilmişdir. Bu günə kimi həmin qərar ona təqdim edilməmişdir. Bununla bağlı iddiaçı müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh Siyəzən rayon Zarat bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. İş materiallarında olan : -Siyəzən rayon Zarat bələdiyyəsinin xx xxx 2001-ci il tarixli 07 nömrəli qərarından görünür ki, vətəndaş İddiaçı Əsgər oğlunun bələdiyyəyə daxil olmuş xx xxxxx 2001-ci il tarixli ərizəsi və Zarat bələdiyyəsinin xx xxxxx 2001-ci il tarixli 06 saylı protokolu nəzərə alınmaqla İddiaçı Əsgər oğluna 25 il müddətinə 200 ha torpaq sahəsi ayrılmışdır. -xx xxx 2001-ci il tarixli 06 saylı torpaq icarə müqaviləsindən görünür ki, İddiaçı Əsgər oğluna 25 il müddətinə heyvandarlıq məqsədi ilə 200 ha torpaq sahəsi icarəyə verilmişdir. -Siyəzən rayon Zarat bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli 02 nömrəli iclas protokol qərarından görünür ki, Xaçmaz Regional Ədliyyə İdarəsinin Zarat bələdiyyəsinə ünvanladığı təklif xarakterli məktub nəzərə alınaraq Zarat bələdiyyəsinin mülkiyyətində olan və yaşayış məntəqəsi torpaqlarından heyvandarlıq məqsədi ilə 200 ha torpaq sahəsinin 25 il müddətinə müvafiq icra hakimiyyəti orqanlarının rəyi alınmadığı və müvafiq hüquqi sənədin olmadığı üçün İddiaçı Əsgər oğlunun icarəsinə verilməsi barədə xx.xx.2001-ci il tarixli 07 saylı qərar ləğv edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 47-ci maddəsinin 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 3cü bəndində göstərilir ki, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə bələdiyyə mülkiyyətini bələdiyyələr idarə edirlər və bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi qaydasını və şərtlərini bələdiyyə müstəqil surətdə müəyyənləşdirir. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 13-1-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alqı-satqı qaydasında verilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxxxx 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§ 71). Qerasimova Rusiyaya qarşı iş üzrə xx xxxxxxxx 2004-cü il tarixli yekun qərardadında isə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya orqanlarının formalaşmış presedent hüququna əsasən yerli özünüidarə orqanları şübhəsiz dövlət orqanlarıdır, bu mənada ki, onlar ümumi (publik) hüquq ilə idarə olunur, Konstitusiya və qanunlarla onlara həvalə olunmuş dövlət funksiyalarını həyata keçirir. Avropa Məhkəməsi qeyd etmişdir ki, beynəlxalq hüquqa əsasən “dövlət orqanı” anlayışı yalnız mərkəzi icra hakimiyyəti orqanları ilə məhdudlaşmır. Dövlət hakimiyyətinin bəzi vəzifələrinin yerli orqanlara verildiyi (desentralizasiya) hallarda bu anlayış dövlət funksiyaları həyata keçirən istənilən milli hakimiyyət orqanına şamil olunur. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2009-cu il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, ««Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanunun 48-ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Göründüyü kimi, qeyd olunan müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz». Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin XİV və XV fəsillərində torpaq sahələrinin geri alınmasının və torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının məhdudlaşdırılması və xitamının ümumi qaydalarını, hallarını və əsaslarını tənzimləyən xüsusi normaları təsbit edilmişdir. Lakin bələdiyyə həmin normaları nəzərə almadan torpaq sahəsinin iddiaçıya icarəyə verilməsinə dair qərarını ləğv etmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, bələdiyyənin vətəndaşı xəbərdar etmədən birtərəfli qaydada öz qərarı ilə torpaq sahəsinin iddiaçıya icarəyə verilməsinə dair qərarını ləğv etməsi qanunsuz olmuşdur. Bununla bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli və mübahisələndirilən inzibati akt iddiaçıya aid hissədə ləğv edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən mübahisələndirilən inzibati akt barədə iddiaçıya məlumat verilməsini təsdiq edən hər hansı sənəd təqdim edilmədi. Bununla yanaşı məhkəmə iddia tələbinin müqavilə üzrə öhdəliyinin ən azı müqavilədə göstərilən müddətə qədər davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə hissəsinin təmin edilməsinə zəruri hesab etmir. Belə ki, mübahisələndirilən qərar iddiaçıya aid hissədə ləğv edildikdən sonra torpaq icarə müqaviləsi və torpağın icarəyə verilməsinə dair bələdiyyənin qərarı və müddəaları qüvvədə qalır və bununla bağlı ayrıca qərar qəbul edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Siyəzən rayon Zarat bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli 02 saylı qərarı Siyəzən rayon Zarat bələdiyyəsinin mülkiyyətində olan 200 ha torpaq sahəsinin 25 il müddətinə İddiaçı Əsgər oğlunun icarəsinə verilməsi barədə xx xxx 2001-ci il tarixli 07 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Siyəzən rayon Zarat bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli 02 saylı qərarı Siyəzən rayon Zarat bələdiyyəsinin mülkiyyətində olan 200 ha torpaq sahəsinin 25 il müddətinə İddiaçı Əsgər oğlunun icarəsinə verilməsi barədə xx xxx 2001-ci il tarixli 07 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar