Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1240/2024 14.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının vəkili X9 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ona məxsus Quba rayonu, Zərdabi kəndində yerləşən 5.05 ha torpaq sahəsinə mülkiyyət hüquqlarına dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ona məxsus Quba rayon. Zərdabi kəndində yerləşən 5.89 ha sahəsi olan torpaq sahəsinə dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “ona məxsus Quba rayonu, Zərdabi kəndində yerləşən 5.05 ha torpaq sahəsinə mülkiyyət hüquqlarına dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4807/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X10, X38, X39, X28, X12, X5, X13, X21, X29, X14, X17, X22, X30, X18, X8, X15, X23 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2003-cü ildə 13 nəfər şəxsdən torpaq sahəsi almışdır. Həmin on üç alqı-satqı müqaviləsindən dördü notariusda itirilmişdir, hətta arxivdə də mövcud deyildir. Digər dörd alqı-satqı müqaviləsinin tərəfləri isə alqı-satqını inkar etmirlər, özləri də etiraf edirlər ki, alqı-satqı olmuşdur. Həmin on üç müqavilədən doqquzu isə onlarda vardır, lakin notarius arxivə təhvil verməmişdir. On üç alqı-satqı müqaviləsi əsasında o, özünə yeni dövlət aktı almışdır. Lakin dövlət aktının da bazada arxivi yoxdur. Dövlət aktı JN 1192, KOD 30316018 saylı dövlət aktıdır. Torpaq Quba rayonu, Zərdabi kəndində yerləşir. Torpaq Quba rayon DNK-nun xx.xx.2003-cü il tarixli, 4- С-244-252. 261-265 saylı alqı-satqı müqavilələri ilə satılmışdır. Təyinatı kənd təsərrüfatı torpaqları, ölçüsü 5.89 ha-dır. Hazırda, həmin torpaq sahəsinə dair ona çıxarış verilməsinə zərurət meydana gəlmişdir. Cavabdehə aidiyyatı üzrə tələblə müraciət etsə də, müsbət cavab ala bilməmişdir. Odur ki, həmin torpaq sahəsinə dair çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsinə zərurət meydana gəlmişdir. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etməli olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili X24 iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, torpaq sahəsinin bir hissəsinə cavabdeh tərəfindən çıxarış verilmişdir, yalnız 5.05 ha torpaq sahəsinə çıxarış verilməsinə dair iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında mübahisəli torpaq sahəsinin 25-26 sotu onun mülkiyyətində olmuş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənildiyindən Quba rayon Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında torpaq sahəsini iddiaçıya satdığını, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıya məxsus olduğunu bildirmişdir. İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında mübahisəli torpaq sahəsinin 29 sotunun əvvəlki mülkiyyətçisinin onun arvadı Bahar olduğunu, iddiaçını ona 29 sot torpaq sahəsini satanda tanıdığını, torpaq sahəsinin hal-hazırda iddiaçının istifadəsində olduğunu və torpaq sahəsinə dair hər hansı tələbinin olmadığını bildirmişdir. İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında şahid qismində dindirilmiş X25 izahatında mübahisə predmeti olan torpaq sahəsinin 26 sotunun qardaşı tərəfindən iddiaçıya satıldığını, alqı-satqı müqaviləsini imzaladığını xatırlamasa da, alqı-satqı prosesində iştirak etdiyini, torpaq sahəsinin qardaşının adına olduğunu, torpaq sahəsinin dəyərinin iddiaçı tərəfindən ödənildiyini və torpaq sahəsinin hal-hazırda iddiaçının istifadəsində olduğunu və torpaq sahəsinə dair hər hansı tələbinin olmadığını bildirmişdir. İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında şahid qismində dindirilmiş X21 izahatında iddiaçının keçmiş həyat yoldaşı olduğunu, torpaq sahəsinin onun adına alındığını və sonradan iddiaçının adına rəsmiləşdirildiyini, buunla bağlı notariusa gedərək imza atdığını və hal-hazırda torpaq sahəsinə dair hər hansı tələbinin olmadığını bildirmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Quba rayonu, Zərdabi kəndində yerləşən JN-1192 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda qeyd olunan 5.89 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-M-0531-8/2023 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Ərizənizə əlavə olunmuş JN-1192 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ərazi İdarəsi tərəfindən araşdırılmışdır. Məlumat üçün bildiririk ki, qeyd olunan JN-1192 nömrəli “Torpağa mülkiyyət hüquq a dair Dövlət Aktı" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış Dövlət Aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Qeyd olunan səbəbdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.” Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri (üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Yuxarıda qeyd edildiyi kimi, JN-1192 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” elektron məlumat bazasında da öz əksini tapmamışdır. Bununlada, torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb- düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmiş, məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: JN 1192, KOD 30316018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”; Quba rayon DNK-nun 4-Ə-246 reyestr nömrəli; 4-Ə-244 reyestr nömrəli; 4-Ə-247 reyestr nömrəli; 4-Ə-248 reyestr nömrəli; 4-Ə-250 reyestr nömrəli; 4-Ə-249 reyestr nömrəli; 4-Ə-251 reyestr nömrəli; 4-Ə-261 reyestr nömrəli və 4- Ə-262 reyestr nömrəli, 27 dekabr 2003-cü il tarixli alqı-satqı müqavilələri; JN 885, KOD30316018 saylı; JN 899, KOD30316018 saylı; JN 900, KOD30316018 saylı; JN 906, KOD30316018 saylı; JN 910, KOD30316018 saylı; JN 915, KOD30316018 saylı; JN 917, KOD30316018 saylı; JN 922, KOD30316018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”ları və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. İnzibati iş materiallarında olan 12 iyul 2023-cü il tarixli poçt göndərişindən görünür ki, iddiaçı tərəfindən cavabdeh DƏDRX-in 5 saylı Ərazi İdarəsinə həmin tarixdə müraciət edilmiş, lakin cavabdeh tərəfindən iddiaçıya qanunla müəyyən edilmiş 35 (otuz beş) gün müddətində cavab verilməmiş və iddiaçı 24 avqust 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İPM-nin 39.1-ci maddəsin əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Göründüyü kimi, iddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətindən 35 gün keçməsinə baxmayaraq cavab verilmədiyindən, məhkəməyə müraciət etmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Quba rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan Quba rayonu, Zərdabi kəndində yerləşən 5.89 ha torpaq sahəsi ayrı-ayrılıqda JN 885, KOD30316018 saylı; JN 899, KOD30316018 saylı; JN 900, KOD30316018 saylı; JN 906, KOD30316018 saylı; JN 910, KOD30316018 saylı; JN 915, KOD30316018 saylı; JN 917, KOD30316018 saylı; JN 922, KOD30316018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”larına əsasən X6, X3, X11, X1, X7, X4, X2 və ailə üzvlərinin mülkiyyətlərinə ayrılmışdır. Həmin torpaq sahələri alqı-satqı müqavilələri əsasında iddiaçıya satılmış və iddiaçının adına JN 1192, KOD 30316018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən müraciəti təmin edilməmişdir. Cavabdeh orqan imtinasının əsası kimi JN-1192 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış Dövlət Aktlarının qeydiyyat kitablarında qeydə alınmamasını, ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamasını göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız və formal olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.1, 1.2 və 1.3-cü bəndlərinə əsasən yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri və şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxildir. Məhkəmə inzibati işin araşdırılması zamanı Quba rayon DNK-nun 27 dekabr 2003-cü il tarixli 4-ə-244—252, 261—265 saylı alqı-satqı müqavilələrinin təqdim edilməsi üçün aidiyyatı üzrə dövlət orqanlarına sorğular ünvanlasa da, alqı-satqı müqaviləsi məhkəməyə təqdim edilməmişdir. Lakin məhkəmə icraatı zamanı yuxarıda sadalanan alqı-satqı müqavilələrinin bir qisminin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, məhkəməyə təqdim edilməsi mümkün olmayan alqı-satqı müqavilələri üzrə şahidlər dindirilmiş, şahidlər qeyd olunan torpaq sahələrinin iddiaçıya satıldığını öz ifadələrində bildirmişdirlər. Göründüyü kimi araşdırma zamanı mübahisə predmeti olan torpaq sahəsinə dair hər hansı mübahisə halı müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1- 24.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Quba rayonu, Zərdabi kəndində yerləşən 5.05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyatda alınmaqla, adına çıxarış verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Quba rayonu, Zərdabi kəndində yerləşən 5.05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyatda alınmaqla, adına çıxarış verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva