Məhkəmə qərarları › İş №2-1(118)-1240/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1240/2025

26.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1240/2025 26.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Torpağa Mülkiyyət Hüququna dair” JN-873 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmış (1,55 ha torpaq sahəsindən çıxarışlar verilmiş 0,30 ha torpaq sahəsi çıxılmaqla yerdə qalan) 1,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədnin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Torpağa Mülkiyyət Hüququna dair” JN-873 KOD 30320018 nömrəli Dövlət Aktında qeyd edilən koordinantlar daxilində (Quba Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(027)- 41/2023 saylı qətnaməsində qeyd edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquluşu Layihə - Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin C-76 nömrəli, 08 aprel 2021 tarixli mütəxəssis rəyində göstərilmiş koordinantlar daxilində) Quba rayonu İİ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə iddiaçılara və vərəsəsi olduqları X5 verilmiş 1,55 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və qeyd edilən torpaq sahəsi ilə bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ““Torpağa Mülkiyyət Hüququna dair” JN-873 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən (Quba Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(027)-41/2023 saylı qətnaməsində qeyd edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquluşu Layihə - Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsinin C- 76 nömrəli, 08 aprel 2021-ci il tarixli mütəxəssis rəyində göstərilmiş koordinantlar daxilində) Quba rayonu İİ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə iddiaçılara və vərəsəsi olduqları X5 verilmiş baza məlumatlarında olan DWJ xəritələrində qeyd edilmiş (1,55 ha torpaq sahəsindən çıxarış verilmiş 0,30 ha torpaq sahəsi çıxılmaqla yerdə qalan) 1,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədnin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli 01 noyabr tarixli 14 nömrəli qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair JN-873 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 1,55 ha torpaq sahəsi X5, İddiaçı3, İddiaçı1 və X7 ayrılmışdır. X9 01 avqust 2019-cu il tarixində ölmüşdür. Vəfat etdikdən sonra İddiaçı3, İddiaçı1 Mənsur oğlu və İddiaçı2 Mənsur qızı adlı vərəsələri qalmışdır. Həmin torpaq sahəsini bir müddət yaxın qohumları X6 istifadə etmişdir. Sonradan həmin torpaq sahəsini dəfələrlə Dəyanət Hacıyevdən tələb etsələr də, o iddiaçılara torpaq sahəsini qaytarmaqdan imtina etmişdir. Dəyanət Hacıyevin torpaq sahəsini iddiaçılara qaytarmadığını görüb özləri torpaq sahəsini ölçərək hasarlamaq qərarına gəlmişdirlər. Bu məqsədlə torpaq sahəsinin sərhədlərinin dəqiq müəyyən edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Xaçmaz Layihə Tədqiqat İdarəsinə müraciət etmişdirlər. Həmin idarənin və İİ Nügədi bələdiyyəsinin əməkdaşlarının iştirakı ilə iddiaçılara məxsus Torpağa Mülkiyyət Hüququna dair JN-873 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən Quba rayonu 11 Nügədi kəndi ərazisində yerləşən 1,55 ha torpaq sahəsinin sərhədləri ölçülmüşdür. Lakin torpaq sahəsi ölçülən zaman həmin torpaq sahəsinə manələr yaradılmışdır. Bundan sonra iddiaçılar torpaq sahəsinə maneələrin aradan qaldırılması ilə bağlı iddia tələbi Quba Rayon Məhkəməsinə müraciət etmişdirlər. Quba Rayon Məhkəməsində işin icraatı zamanı torpaq sahəsi ilə bağlı mübahisənin aydınlaşdırılması üçün mütəxəssis rəyi almışdır. Bundan sonra Quba Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(027)- 41/2023 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, Torpağa Mülkiyyət Hüququna dair JN-873 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə iddiaçılar İddiaçı1, İddiaçı3 qızma, İddiaçı2 qızma və X5 verilmiş 1,55 ha torpaq sahəsinə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquluşu Layihə - Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin C-76 nömrəli, 08 oktyabr 2021 tarixli mütəxəssis rəyində göstərilmiş koordinantlar daxilində) Dövlət Reyestrindən Çıxarışın alınmasına cavabdehlər X8 və X12 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13 fevral 2024-cü il tarixli məktubuna əsasən iddiaçılara Torpağa Mülkiyyət Hüququna dair JN-873 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən çıxarış verilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 1,55 torpaq sahəsinin faktiki istifadə vəziyyəti torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) uyğun deyil kəskin fərqli olması göstərilmişdir. Bundan başqa torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) dövlət reyestridən digər şəxslərin adlarına verilmiş çıxarışlarda göstərilən torpaq sahələrinin cizgiləri ilə kəsişdiyi qeyd edilmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13 fevral 2024-cü il tarixli imtina məktubu ilə razılaşmırlar. Həmin imtina məktubu əsassız olaraq verilmişdir. İddiaçıların torpaq sahəsi Torpağa Mülkiyyət Hüququna dair JN-873 KOD 30320018 nömrəli Dövlət Aktının koordinantları qeyd edilən ərazidədir. Bununla bağlı Quba Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2(027)-41/2023 saylı qətnaməsində qeyd edilmişdir. İddiaçıların başqa ərazidə pay torpaq sahələrri yoxdur. İmtina məktubunda qeyd edilmiş 1900 metr məsafədə olan torpaq sahəsi barədə məlumatları yoxdur. Cavabdeh təşkilatla aralarında yaranan mübahisəni başqa qaydada aradan qaldıra bilmədikləri üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdurlar. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İddiaçıların nümayəndəsi-vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasını onun iştirakı olmadan baxıb iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, İddiaçı3 və digərlərinin iddiasına qarşı münasibətin (etirazın) bildirilməsi ilə bağlı sərəncamın icrası ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş məktubunuza baxılmışdır. Bildirirlər ki, İddiaçı3 etibarnamə üzrə nümayəndəsi Vəkil Quba rayonu, 2-ci Nügədi kəndi ərazisində yerləşən 1.55 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahələrinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2023-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz, JN-873 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən 1.55 ha torpaq sahəsinin faktiki istifadə vəziyyəti torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) uyğun deyil kəskin fərqlidir. Bildirirlər ki, 1.55 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) azalaraq 1.44 ha ölçüdə öz əksini tapmışdır. Bundan əlavə, torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) dövlət reyestrindən digər şəxslərin adlarına verilmiş çıxarışlarda göstərilən torpaq sahələrinin cizgiləri ilə kəsişir. Qeyd etmək istəyirlər ki, torpaq sahəsinin elektron məlumat bazasında olan məlumatı ilə torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) olan məlumatı arasında 1900 metr məsafə fərqi var. Həmin ərazi digər şəxslər tərəfindən hasara alınaraq həyətyanı kimi istifadə olunur. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-1480/2024 məktubla imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd olunanları nəzərə alaraq İddiaçı3 və digərlərinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı verilmiş iddia ərizəsinə etiraz edirlər və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: cavabdeh orqanın iddiaçıya ünvanladığı 13 fevral 2024-cü il tarixli imtina məktubu; JN 873, KOD 30320018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nin surəti; cavabdeh orqanın mütəxəssisləri tərəfindən tərtib edilmiş müayinə aktı və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 13 fevral 2024-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Quba rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Quba rayon Aqrar İslahat Komissiyasının 14 saylı, 01 noyabr 1997-ci il tarixli qərarı ilə X9 və ailə üzvləri İddiaçı3, X13, İddiaçı1 Quba rayonu İİ Nügədi kəndində yerləşən 1.55 ha torpaq sahəsinin ayrılması qərara alınmış və həmin vaxtdan qeyd olunan torpaq sahəsi iddiaçı və ailə üzvlərinin istifadəsində və sahibliyində olmuşdur. Buna dair X4 adına JN 873, KOD 30320018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. AZ-İİ № 021837 saylı “Ölüm haqqında şəhadətnamə”dən aydın olur ki, X9 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Mərhum vəfat etdikdən sonra hazırki iş üzrə iddiaçılar İddiaçı3, X13, İddiaçı1 onun vərəsələri elan edilmişlər. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıların qanuni sahibliyinə verilməsi iş materiallarında olan yuxarıda qeyd edilən dövlət aktı ilə də təsdiq edilir. İddiaçılar hazırda mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 13 fevral 2024-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsasları kimi mübahisə predmeti olan 1.55 ha torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) azalaraq 1.44 ha ölçüdə öz əksini tapdığını, torpaq sahəsinin elektron məlumat bazasında olan məlumat ilə torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) olan məlumat arasında 1900 metr məsafə fərq olduğunu qeyd etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız və formal olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.1, 1.2 və 1.3-cü bəndlərinə əsasən yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri və şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxildir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edir ki, inzibati iş materiallarına əlavə edilmiş JN 873, KOD 30320018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”dan görünür ki, Quba rayon, İİ Nügədi kəndində yerləşən 1.55 ha torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 14 saylı, 01 noyabr 1997-ci il tarixli qərarı ilə X9 və ailə üzvləri İddiaçı3, X13, İddiaçı1 ayrılmışdır. Məhkəmə torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədlərin arxiv nüsxəsinin mövcud olub-olmadığını araşdırmaq məqsədilə müvafiq sorğular ünvanlamış, sorğuya cavab olaraq yuxarıda qeyd edilən sənədlərin arxiv nüsxəsi məhkəməyə təqdim edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş müayinə aktında aşağıdakılar qeyd edilmişdir: “Faktiki olaraq iddia olunan torpaq sahəsi gediş-gəliş yolu və həyətyanı sahələr kimi digər şəxlər tərəfindən istifadə olunur. Kameral araşdırma nəticəsi olaraq bildiririk ki, JN- 873, KOD 30320018 saylı Dövlət Aktında göstərilən torpaq sahəsi baza məlumatlarında olan DWJ xəritələrinə əsasən X11 torpaq sahəsidir. Həmin nömrəli Dövlət Aktı baza məlumatlarında olan DWJ xəritələrində öz əksini tapmışdır və DBF siyahısında göstərilmişdir. Qeyd edək ki, JN-873 nömrəli Dövlət Aktına əsasən torpaq sahəsi baza məlumatlarında olan DWJ xəritələrinə əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi ilə eynilik təşkil etsə də torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) həmin ərazidə deyil kəndin digər massivində göstərilmişdir və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS göstərilmiş JN-873 nömrəli Dövlət Aktına əsasən torpaq sahəsi iddiaçılar tərəfindən istifadə olunmur. Bildiririk ki, baza məlumatlarında olan DWJ xəritələrinə əsasən göstərilmiş JN-873 nömrəli Dövlət Aktına əsasən torpaq sahəsinin daxilində **********37, **********17, **********02, **********76 və **********77 reyestr nömrəli çıxarışlar mövcuddur. Qeyd olunmuş çıxarışlar aşağıdakı mülkiyyətçilərin adına hüquqları tanınmışdır. **********37 reyestr nömrəli çıxarış - X14 adına; **********17 reyestr nömrəli çıxarış- X2 adına; **********02 reyestr nömrəli çıxarış- X10 adına; **********76 reyestr nömrəli çıxarış - X3 adına; **********77 reyestr nömrəli çıxarış - X1 adına”. Məhkəmə yuxarıda qeyd edilən halların araşdırılması məqsədilə cavabdeh orqana müvafiq sorğular ünvanlamışdır. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən 20 may 2025-ci il tarixli məktuba əlavə edilmiş müayinə aktında aşağıdakılar qeyd edilmişdir: “Kameral araşdırma nəticəsi olaraq bildiririk ki, JN-873, KOD 30320018 saylı Dövlət Aktında göstərilən torpaq sahəsi baza məlumatlarında olan DWJ xəritələrinə əsasən X11 torpaq sahəsidir. Həmin nömrəli Dövlət Aktı baza məlumatlarında olan DWJ xəritələrində öz əksini tapmışdır və DBF siyahısında göstərilmişdir. Qeyd edək ki, JN-873 nömrəli Dövlət Aktına əsasən torpaq sahəsi baza məlumatlarında olan DWJ xəritələrinə əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi ilə eynilik təşkil etsə də torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) həmin ərazidə deyil kəndin digər massivində göstərilmişdir və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS göstərilmiş JN-873 nömrəli Dövlət Aktına əsasən torpaq sahəsi iddiaçılar tərəfindən istifadə olunmur. Bildiririk ki, baza məlumatlarında olan DWJ xəritələrinə əsasən göstərilmiş JN-873 nömrəli Dövlət Aktına əsasən torpaq sahəsinin daxilində **********37, **********17, **********02, **********76 və **********77 reyestr nömrəli çıxarışlar mövcuddur. Qeyd olunmuş çıxarışlar aşağıdakı mülkiyyətçilərin adına hüquqları tanınmışdır. **********37 reyestr nömrəli çıxarış (0.08ha)-X14 adına; **********17 reyestr nömrəli çıxarış (0.08ha)-X2 adına; **********02 reyestr nömrəli çıxarış (0.08ha)-X10 adına; **********76 reyestr nömrəli çıxarış (0.05ha)-X3 adına; **********77 reyestr nömrəli çıxarış (0.01ha)-X1 adına. Ümumilikdə 0.30 ha” Məhkəmə cavabdeh orqanın qeyd etdiyi mübahisə predmeti olan torpaq sahəsinin digər şəxslərlə üst-üstə düşməsi məsələsinə münasibətdə bildirir ki, iddiaçılar məhkəməyə ərizə təqdim edərək 1,55 ha torpaq sahəsindən çıxarışlar verilmiş 0,30 ha torpaq sahəsi çıxılmaqla yerdə qalan 1,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını məhkəmədən xahiş etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1- 24.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Torpağa Mülkiyyət Hüququna dair JN-873 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə iddiaçılara və vərəsəsi olduqları X5 ayrılmış (1,55 ha torpaq sahəsindən çıxarışlar verilmiş 0,30 ha torpaq sahəsi çıxılmaqla yerdə qalan) 1,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədnin verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Torpağa Mülkiyyət Hüququna dair JN-873 KOD 30320018 nömrəli Dövlət Aktına əsasən Quba rayonu İİ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə iddiaçılara və vərəsəsi olduqları X5 ayrılmış (1,55 ha torpaq sahəsindən çıxarış verilmiş 0,30 ha torpaq sahəsi çıxılmaqla yerdə qalan) 1,25 ha torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədnin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar