Məhkəmə qərarları › İş №2-1(118)-1241/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1241/2021

12.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1241/2021 12.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı Quba rayon Aqrar İslahat Komissiyasının 01.11.1997-ci il tarixli 14 saylı qərarının Cavabdeh3 aid hissədə ləğv edilməsi barədə tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq Quba rayon Aqrar İslahat Komissiyasının 01.11.1997-ci il tarixli 14 saylı qərarının Cavabdeh3 aid hissədə ləğv edilməsi tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1963-cü il tarixində Quba şəhərində anadan olmuşdur. X5, anası X1r. 05.06.1991-ci ildə X9 ilə ailə quraraq, Məmmədova soyadını qəbul etmişdir. X6 10.09.1992-ci il tarixində, anası X2 04.12.1995-ci il tarixində vəfat etmişlər. Ondan başqa valideynlərinin vərəsəsi bacısı X4r. Quba rayon Notariat Kontorunun 01.07.2014-cü il tarixli 288 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı 01.07.2014-cü il tarixli 220 saylı ərizəsinə və Quba rayon İHB-nın Quba şəhəri üzrə nümayəndəliyi tərəfindən 25.06.2014-cü il tarixli 2327 saylı arayışa əsəsən İddiaçı 10.09.1992-ci ildə vəfat etmiş X10 qanun üzrə vərəsələri sırasına daxildir. Bizdən başqa bacı və qardaş yoxdur. X3 Quba rayonu Rustov inzibati Ərazi Dairəsinin 60 kv.m torpaq sahəsində 1918-ci ildə tikilmiş fərdi yaşayış evi var. Həmin yaşayış evi bir müddət ibtidai məktəb kimi istifadə edilmişdir. Sonradan atasına qaytarılmışdır Azərbaycan Respublikasının Dövlət Arxivinin Quba filialının 30.06.2014-çü il tarixli 1465 saylı arxiv arayışında qeyd olunmuşdur ki, Quba rayonu Rustov kənd Sovetinin Bağçaəli məhəlləsi üzrə 1948-1950-ci illərə aid təsərrüfatbaşına kitabında vətəndaş X11 aid səhifədə "həyətyanı torpaqların cəmi" qrafasında 1948-1950-cı illərdə torpaq sahəsinin olmadığı göstərilmişdir. Onun öhdəsində tikili altında 60 (altmış) kv.metr torpaq sahəsi olduğu bildirilmişdir. Quba RİHB-nin Rustov İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 iyun 2014-cü il tarixli arayışdan görünür ki, Quba rayonu Rustov İƏD-nin Bağça-əli kəndində köhnə, istifadəsiz ev mərhum atası X11 məxsus, binadan uzun müddət ibtidai məktəb kimi istifadə olunmuşdur. Həmin evin yerləşdiyi torpaq sahəsi daşınmaz əmlaka mülkiyyət hüququ ilə ona verilməsə də həmin torpaq sahəsindən faktiki olaraq onlar istifadə edirlər, torpaq sahəsi onların istifadələrindədir. Həmin fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciət etmişdir. 5 saylı Xaçmaz Ərazi idarəsinin əməkdaşları atasına məxsus fərdi yaşayış evini ölçmə işləri apararkən, onlara məxsus evə qonşu olan Cavabdeh3 və arvadı X7 ora gələrək, fərdi yaşayış evinin ölçmə işlərinin aparılmasına imkan verməmiş, onlara mane olmuşlar, evin ikinci mərtəbəsinə çıxan pilləkəni götürmüşlər. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsindən onlara ünvanlanmış 29.12.2015-ci iİ tarixli məktubla fərdi yaşayış evinə maneələr yarandığından ölçmə işlərinin aparılmasından imtina edilmişdir. Ona görə də hazırda onlara məxsus evə çıxarış ala bilmirlər. Qonşu tərəfindən olan maneələri aradan qaldırılması səbəbindən Quba rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Quba rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli 2(027)-67/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən aprel ayının axırlarında apellyasiya şikayəti verildikdə ona məlum olmuşdur ki, Cavabdeh3 Quba rayon Aqrar İslahat Komissiyasının 01.11.1997-ci il tarixli 14 saylı Qərarı əsasında 11.12.2019-cu il tarixində DƏDRX-İ tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən ********** qeydiyyat nömrəli "çıxarış" verilmişdir. Cavabdeh3 "çıxarış" aldığı torpaq ərazisində onun atasına məxsus olan ev mövcuddur. Bu səbəbdən Quba rayon Aqrar islahat Komissiyasının 01.11.1997-ci il tarixli 14 saylı Qərarının Cavabdeh3 aid hissəsi ləğv edilməlidir və onun əsasında 11.12.2019-cu il tarixində DƏDRX-i tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən ********** qeydiyyat nömrəli verilmiş "çıxarış" etibarsız hesab edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddianın mümkün sayılaraq işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İddia ərizəsində iddiaçı Quba rayon Aqrar İslahat Komissiyasının 01.11.1997-ci il tarixli 14 saylı qərarının Cavabdeh3 aid hissədə ləğv edilməsini xahiş etmişdir. İddiaçının mübahisələndirdiyi Aqrar İslahat Komissiyasının qərarı İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrdə qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İPM-in 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında olan tövsiyələri nəzərə alan məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddia müddəti buraxıldığına görə mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı Quba rayon Aqrar İslahat Komissiyasının 01.11.1997-ci il tarixli 14 saylı qərarının Cavabdeh3 aid hissədə ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar