Məhkəmə qərarları › İş №2-1(118)-1242/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1242/2021

06.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1242/2021 06.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, X1 Şaban qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun 07 iyul 1992-ci ildən 29 oktyabr 1992-ci ilədək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq “onun 07 iyul 1992-ci ildən 29 oktyabr 1992-ci ilədək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1967-ci il tarixdə Quba rayonu Zərqava kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər başlayandan sonra 07 iyul 1992-ci il tarixdə o da Vətənin azadlığı uğrunda gedən döyüşlərə qatılmışdır. 07 iyul 1992-ci il tarixdən 29 oktyabr 1992ci ilə qədər N nömrəli hərbi hissənin tərkibində olmuşdur. Əvvəlcə Fizuli rayonunda daha sonra isə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Daha sonra 29 oktyabr 1992-ci ildə geri qayıtmışdır. Ona görə də 07 iyul 1992-ci ildən 29 oktyabr 1992-ci ilədək döyüş əməliyyatlarında iştirak etdiyi üçün ona müharibə veteranı adının verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Müdafiə Nazirliyinin məktubunda ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Qeyd etdiyi illərdə o döyüşlərdə iştirak etmişdir. Lakin bu barədə onun hərbi biletinin yeddinci səhifəsində qeyd olunsa da, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ona verilən 04 mart 2021-ci il tarixli və 12 aprel 2021-ci il tarixli arayışlarda ona Mərkəzi Arxivin 04.03.2021-ci il tarixli 9/2-1924 nömrəli arayışına əsasən 01.09.1992-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin üzvlüyündən azad olunmağının səbəbi məlum olmadığı, Mərkəzi Arxivinin arayışında N nömrəli hərbi hissə komandirini əmrlərin nömrəsi hərbi biletinin 6-cı səhifəsində qeyd edilən əmr nömrələri ilə ziddiyət təşkil etdiyi bildirilərək ona veteran adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Halbuki, hərbi biletdə əmrin sırasında düzəliş etmək onun səlahiyyəti deyildir. O bir əsgər kimi sadəcə verilən əmrləri yerinə yetirmişdir. Hazırda o müharibə veteranı adı və vəsiqəsini ala bilmir. İş üzrə keçirilən məhkəmə iclasında iştiak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərə qatıldığını, 07 iyul 1992-ci il tarixdən 29 oktyabr 1992-ci ilə qədər N nömrəli hərbi hissənin tərkibində Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak etdiyini göstərmiş və bu səbəbdən ona müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə DövlətXidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. ‘Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında’ Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Fərmandan da görünür ki, müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etməlidir. Bundan başqa, “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışla çağırıldıqları gündən hərbi qulluqçu statusu əldə edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 37.2-ci maddəsinə əsasən Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Digər tərəfdən “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 1997-ci il tarixli 634 nömrəli Fərmanı ilə 1994-cü il iyunun 30-na qədər ordu sıralarına çağrılmış əsgərlər, matroslar və çavuşlar; ali təhsili olan və ordu sıralarında 1 il 6 ay və daha çox xidmət etmiş əsgərlər, matroslar və çavuşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər qoşun və birləşmələrinin sıralarından ehtiyata buraxılmışdır. İddiaçı, həqiqi hərbi xidmətdən buraxılması üçün güzəştli əsaslara malik olmadığı halda, 29.10.1992-ci ildə həqiqi hərbi xidmətdən buraxıla bilməzdi. Göstərilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən əsaslı və qanunu olaraq imtina etmişdir. 'Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci i! sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakı (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1 (102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 04.03.2021-ci il tarixli 9/2-1924 saylı arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin 07.07.1992-ci il tarixli 26 nömrəli əmrində Quba RHKdan səfərbər edilmiş çağırışçı İddiaçı hərbi hissənin şəxsi heyət üzvlüyünə qəbul edilməsi və bütün növ təminatlarla təmin edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin 29.10.1992-ci il tarixli 82 nömrəli əmrində Quba RHK tərəfindən səfərbər edilmiş çağırışçı İddiaçı 01.09.1992-ci il tarixdən hərbi hissənin şəxsi heyət üzvlüyündən azad edilməsi barədə məlumat vardır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 12.04.2021-ci il tarixli 1Q-9117 nömrəli məktubu ilə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 06.07.2021-ci il tarixli HP12/6685 saylı arayışında qeyd olunmuşdur ki, İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və təqsirləndirici material yoxdur. - İddiaçıya məxsus НЗ ******* saylı hərbi biletin 7-ci səhifəsində onun 07.07.1992-ci il tarixdən 01.09.1992-ci il tarixə kimi N nömrəli hərbi hissənin tərkibində Cəbrayıl ərazisində vuruşduğu qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin «Azərbaycan Respublikasının Silahlı Qüvvələri Haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Həmin qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 04.03.2021-ci il tarixli arxiv arayışında İddiaçı N nömrəli hərbi hissə komandirinin 07.07.1992-ci il tarixli 26 nömrəli əmrində Quba RHK-dan səfərbər edilmiş çağırışçı İddiaçı hərbi hissənin şəxsi heyət üzvlüyünə qəbul edilməsi və bütün növ təminatlarla təmin edilməsi, N nömrəli hərbi hissə komandirinin 29.10.1992-ci il tarixli 82 nömrəli əmrində Quba RHK tərəfindən səfərbər edilmiş çağırışçı İddiaçı 01.09.1992-ci il tarixdən hərbi hissənin şəxsi heyət üzvlüyündən azad edilməsi barədə məlumatın olduğu qeyd edilmişdir. Göründüyü kimi iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı, şəxsi heyətin üzvlüyündən azad edilməsi qeyd olunan arayışlarla öz təsdiqini tapır. İddiaçıya məxsus НЗ ******* saylı hərbi biletdə də onun 07.07.1992-ci il tarixdən 01.09.1992-ci il tarixə kimi N nömrəli hərbi hissənin tərkibində Cəbrayıl ərazisində vuruşduğu qeyd edilmişdir. Eyni zamanda iş materialları ilə iddiaçının hərbi hissəni özbaşına tərk etməsi müəyyən olunmur. Habelə məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Hərbi prokurorluğunun yuxarıda qeyd olunan məktubunda iddiaçı barəsində hər hansı bir cinayət işinin və ya təqsirləndirici materialın olmadığı qeyd olunmuşdur. Beləliklə, iddiaçının yuxarıda qeyd olunan sənədlərlə döyüş bölgəsində iştirakı öz təsdiqini tapır və ona müharibə veteranı statusu verilməsini istisna edəcək hər hansı bir hal müəyyən olunmamışdır. Cavabdeh iddiaçıya müharibə veteranı statusunun verilməsindən onun N nömrəli hərbi hissənin şəxsi heyətinin üzvlüyündən azad olmasının səbəbi kimi məlum olmadığını, Mərkəzi Arxivin arayışında N nömrəli hərbi hissə komandirinin əmrlərinin nömrəsi hərbi biletin 6-cı səhifəsində qeyd edilən əmr nömrələri ilə zidiyyət təşkil etdiyini əsas göstərərək imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının şəxsi heyət üzvlüyündən azad olunmasına dair əmr olduğu halda, həmin əmrdə iddiaçının azad olunmasının səbəbi barədə məlumatın olmaması və hərbi biletdə əmrin nömrəsinin düzgün qeyd olunmaması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya müharibə veteranı statusunun və vəsiqəsinin verilməsindən imtinası əsaslı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar