Məhkəmə qərarları › İş №2-1(118)-1244/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1244/2024

09.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1244/2024 09.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı qarşı iddiaçıya təyin edilmiş sosial müavinətin ödənilməsinin dayandırılmasının qanunsuz hesab edilməsi və dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçıya təyin edilmiş sosial müavinətin ödənilməsinin dayandırılmasının qanunsuz hesab edilməsi və dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından iddiaçıya ünvanlanan 28 iyun 2022-ci il tarixli məktubla sosial müavinətin təyin edilməsindən imtina olunmuşdur. İddiaçıya xx.xx.2018-ci il tarixdən 3 uşaq doğub 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial ümavinət təyin edilmişdir. İddiaçı əmək pensiyası hüququ olmayan və heç yerdə işləməyən fiziki şəxsdir. Lakin cavabdeh sonradan təyin etdiyi sosial müavinətin qanunsuz təyin edilməsinə istinad edərək 2022-ci ilin iyun ayından ödənilməsini dayandırmışdır. İddiaçı müraciət etdikdə ona adında aktiv VÖEN olması ilə izah etmişdir. Lakin o, hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Sadəcə olaraq, ünvanlı sosial yardımın təyin olunması üçün xx.xx.2017-ci il tarixdən vergi uçotuna alınmışdır. Ünvanlı sosial yardımın təyin olunması mümkün olmadığı üçün vergi uçotunun ləğv edilməsi haqqında müraciət etmişdir. Lakin, müraciəti gec yəni xx.xx.2020-ci ildə icra olunmuşdur. Vergi uçotunun ləğv edilməsi haqqında müraciət qeydə alındığı halda, səlahiyyətli orqan tərəfindən icra edilməməsinin məsuliyyəti həmin dövlət orqanının üzərinə düşür. Bu əhəmiyyətli hüquqi hal DSMF Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən nəzərə alınmamışdır. İddiaçının sosial vəziyyətinə görə sosial müavinət təyin edilərkən, “Sosial müavinətlər haqqında" AR Qanununun 1.0.2. və 7.0.2. maddələri sosial müavinətin təyin edilməsini şərtləndirirdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etmiş və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izah etdi ki, DSMF-nin Qobustan rayon şöbəsi tərəfindən iddiaçı xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2018-ci il tarixdən müddətsız yaşa görə sosial müavinət təyin edilərək xx.xx.2022-ci il tarixədək ödənilmişdir. İddiaçının xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinin tələbləri pozularaq xx.xx.2017ci il tarixdən xx.xx.2020-ci il tarixədək aktiv vergi ödəyicisı kimi qeydiyyatda olduğu (VÖEN **********) halda xx.xx.2018-cı ıl tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Bu səbəbdən “Sosial mavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 11.1.2-ci maddəsinə əsasən iddiaçının yaşa görə sosial müavinəti xx.xx.2022-ci il tarixdə dayandırılmışdır. Nəticədə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 6251.84 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir, bu Qanunun 11.1.2-ci maddəsinə əsasən şəxs əmək fəaliyyətinə başladıqda müavinətin ödənişi dayandırılır. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********5 nömrəli məktubu ilə daxil olan təlimatı izahatın 5-ci bəndinə görə “Aktiv" statuslu VÖEN-i olanlara yaşa görə müavinətin təyin olunmasından imtina edilir. İddiaçı adına xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Aktiv” statuslu VÖEN olduğu üçün xx.xx.2018-ci il tarixə münasibətdə iddiaçının yaşa görə müavinət hüququ yaranmamışdır. İş materiallarından məlum olur ki, - İddiaçıya verilmiş imtina məktubuda qeydi edilmişdir ki, xx.xx.2020-ci il tarixədək qüvvədə olan “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2ci maddəsinə əsasən sizə 10.01,2018-ci il tarixindən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. Xidməti yoxlama zamanı məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN: **********) olduğu halda sözügedən Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq sizə xx.xx.2018-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib. Bu səbəbdən sizə təyin edilən yaşa görə sosiai müavinətin ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Nəticədə xx.xx.2018-ci il tarixindən xx.xx.2022ci il tarixinədək 6251.84 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən "3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, qadınların yaşa görə müavinət hüququ xx.xx.2021-ci il tarixindən 62 yaş 6 ay müəyyən edildiyindən və beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyinizdən sizə yaşa görə sosial müavinətin təyin edilməsi qanunverilicivin tələbləri baxımından mümkün hesab edilmir. - Məhkəmə sorğusuna əsasən 4 saylı Ərazi vergilər idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı 4 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2017-ci il tarixdə ********** nömrəli VÖEN-lə uçota alınmışdır və vergi orqanına təqdim etdiyi xx.xx.2020- ci il tarixli ərizəyə əsasən, xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək fəaliyyətini dayandırmışdır. Eyni zamanda İddiaçı vergi orqanına təqdim etdiyi ərizəyə əsasən, xx.xx.2022-ci il tarixdə vergi uçotundan çıxarılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ Hər kəsin sosial təminat hüququ vardır; İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir; Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12.2. Müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir; Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur; Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət; Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli, 1703-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.2-ci maddəsi yeni redaksiyada verilmişdir. Maddənin yeni redaksiyasına əsasən, əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2020-ci il tarixə qədər qüvvədə olan 1.0.2-ci maddəsinin redaksiyasına əsasən, əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. Nəzərə alınmalıdır ki, hazırda İddiaçı adına aktiv VÖEN mövcud deyil və o,sahibkarlıq fəaliyyətini dayandırmışdır. Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, onun fəaliyyəti xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. İddiaçı yaşa görə müavinət verilərkən cavabdeh bütün halları yoxlamaqla müavinət təyin etmişdir. İddiaçı adına olan VÖEN cavabdeh tərəfindən yaşa görə müavinət təyin edilən vaxtdan əvvəl mövcud olmuşdur. İddiaçı adına VÖEN olsa da o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Hazırda iddiaçının adına aktiv VÖEN-nin olmamasını nəzərə alaraq, hesab edilir ki, heç bir səbəb göstərmədən cavabdeh tərəfindən müavinətin dayandırılması tamamilə qanunsuz və əsassızdır. Nəticə etibarilə, iddiaçının yaşa görə sosial müavinət təyin edilməsi ilə bağlı qanuni gözləntisi” olmuş və cavabdeh qurum müavinətin ödənişinin dayandırılmasına səbəb olan halların mövcudluğunu (iddiaçının əmək fəaliyyətinə başlamasını) məhkəmə araşdırması zamanı sübut etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya sosial müavinətin təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı hər hansı inzibati icraat aparılmamış, daxili araşdırma nəticəsində qanunsuzluğun müəyyən edilməsi əsası ilə iddiaçıya inzibati akt əsasında təyin edilmiş sosial müavinətin artıq ödənilmiş məbləğinin tutulmasına başlanmışdır. Halbuki, qanuni əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Bundan əlavə, cavabdeh “Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsinin “Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır” müddəasının tələbini pozaraq, artıq ödənilmiş məbləğin qaytarılmasını məhkəmə qaydasında təmin etmək imkanından istifadə etmədən, qanunsuz olaraq bunu öz qərarı ilə həll etməyə çalışmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı təyin edilmiş sosial müavinətin ödənilməsinin dayandırılması qanunsuz hesab edilsin və dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar