Məhkəmə qərarları › İş №2-1(118)-1249/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1249/2022

04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1249/2022 04.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Siyəzən rayon Polis şöbəsinə qarşı “X5 və X1, İddiaçı məxsus Siyəzən şəhər, T.İsmayılov küçəsi, 19 №-li evin 4-cü mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin Siyəzən rayon Polis şöbəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, X5 və X1, İddiaçı məxsus Siyəzən şəhər, T.İsmayılov küçəsi, 19 №-li evin 4cü mənzilindən qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 14 fevral 2022-ci il tarixli, 183-1662Q--3222 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. X9 və X6 zəruri cəbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Mənzil verilməsi barədə Siyəzən mənzilməişət komissiyasının 19/V-75-ci il tarixli qərarı haqqında” Dəvəçi rayon ZDS İcrayyə Komitəsinin 11 iyun 1975-ci il tarixli iclasının 18 №-li protokoluna əsasən Siyəzən şəhər, (indiki) T.İsmayılov küçəsi 19 №-li evin 4-cü mənzili iddiaçının ailəsinə verilmiş və ailə 23/Vİ 1975-ci il tarixli 67 nömrəli orderlə həmin mənzilə köçmüşdür (29.12.2021-ci il tarixli “Arxiv Çıxarışı”). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən “Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır”. İddiaçı hazırda yaşadığı mənzili özəlləşdirib şəxsi mülkiyyətinə keçirmək məqsədi ilə müvafiq sənədlər hazırlayarkən müəyyən olunmuşdur ki, mənzildə, ailə üzvüləri, o, cümlədən İddiaçı, X2, X7 və X3 başqa, ailə ilə, habelə mənzillə heç bir hüquqi bağlılıqları olmayan kənar şəxslər, qeydiyyatdadırlar. Dəqiqləşdirilidikdən sonra məlum olmuşdur ki, bu kənar şəxslər X10 və X6 yaşadıqları 19 nömrəli evin 15 nömrəli mənzildə yaşayan Vərəqə və Azada Ağayevlərin övladlarıdır. İddiaçı hesab edir ki, kənar şəxslər onların mənzilinə kobud səhlankarlıq nəticəsində əsassız mənzil qeydiyyatına salınmışdır. Hazırda kənar şəxslər, deyilənə görə Sumqayıt şəhərində yaşayırlar onlarla, habelə Siyəzən şəhəri, T.İsmayılov küçəsi 19 №-li evin 15 nöməli mənzildə yaşayan valideyinləri ilə onların qeydiyyatdan çıxmaları ilə əlaqədar aparılan söhbətlər bir nəticə verməmiş və onların evdən qeydiyyatdan çıxarılmaları bu günə qədər mümkün olmamışdır. Beləliklə bu şəxslərin əsassız mənzildə formal olaraq qeydiyyatda qalmaları səbəbindən iddiaçının gözlənilən real mülkiyyət hüquqları məhdudlaşmışdır. Başqa sözlə qeyd edilənlərə əsasən iddiaçının Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüquqları X10 və X6 tərəfindən əsassız olaraq pozulur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı) Bundan başqa X5 və X1 formal olaraq mənzildə qeydiyyatda qalmaları səbəbindən, iddiaçının “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsində təsbit olunmuş, şəxsi və ailə həyatına hörmət hüquqları pozulur. Belə ki, bu maddənin 1-ci hissəsinə görə “hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. “Vətəndaşa məxsus mənzildə onunla əlaqəsi olmayan şəxslərin mülkiyyəçinin iradəsi əleyhinə daimi qeydiyyatda olması vətəndaş üçün bir sıra neqativ nəticələr (həmin şəxslərə görə əlavə kommunal haddı ödəmək,məzili satacağı halda onların yazılı razılıq ərizəsini alması ,həmin şəxslərə ünvanlanacaq poçt göndərişlərinin vətəndaşa məxsus mənzilə gələcək olması və s.) yaradır. Bu isə istər beynəlxalq, istərsə də milli qanunlarda təsbit olunmuş “şəxsi həyata və ailə həyatına hörmət hüquqlarının pozulmasına səbəb olacaq. Habelə AR Mülki Məcəlləsinin 152.1-152.5-ci maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Odur ki,yuxarıda qeyd olunanaları əsas tutaraq, X10 və X1 mənzildən qeydiyyatdan çıxarılması ilə əlaqədar Siyəzən rayon Polis şöbəsinə yazlı olaraq müraciət etsə də, tərəflərindən məktubla imtina cavabı verərək, bildirilmişdir ki, adı qeyd edilən vətəndaşların qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etməlidirlər. (Siyəzən RPŞ- nin 14.02.2022-ci il tarixli cavab məktubu). İddiaçı hesab edir ki, hazırki iddiaya münasibətdə cavabdeh inzibati orqanın, iddia üzrə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtinası qanunsuzdur. Ona görə ki, üçüncü şəxslərin hazırda formal qeydiyyatda olduğu yerdə (mənzildə) hal-hazırda və ümumiyyətlə heç vaxt yaşamadığına görə onlar, Siyəzən şəhər, T.İsmayılov küç. 19 №-li evin 4-cü mənzilindən mübahisəsiz qeydiyyatdan çıxarılmalıdırlar, bu fakt, Siyəzən rayon İH-nin MİS tərəfindən verilən 2 №-li Forma ilə də təsdiq edilir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, hər bir şəxs yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alınmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı oğlu iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etiraz etmədiklərini bildirmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. İddianın mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, mübahisə predmetini təşkil edən mənzil- 19 №li evin 2 otaqlı 4-cü mənzili Dəvəçi rayon ZDS İcraiyyə Komitəsinin 11 iyun 1975-ci il tarixli iclasının 18 saylı protokol qərarı əsasında Sülh küçəsi 35-də kirayədə yaşayan, 1 №li RMTXS-də fəhlə işləyən İddiaçı verilmişdir. Belə ki, iddiaçının mənzilə gözlənilən hüququ mövcuddur. İddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi konstitusiya məhkəməsinin qərarında da mənzil mülkiyyətçilərinin hüquqlarının qorunduğu qeyd edilir. Lakin hazırda iddiaçı qeyd edilən mənzilə gözlənilən hüquqlarını əldə etmədən hazırkı iddianı qaldırmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı düzgün hüquq müdafə vasitəsi seçməmiş, üçüncü şəxslərin istifadə hüququna xitam verilməsini mülki məhkəmə icraatı qaydasında tələb edərək, həmin şəxslərin qeydiyyatdan cıxarılmasına hüquqi əsas əldə etmək imkanı olsada, mülkiyyət hüququ qazanılmadan hazırkı iddianı qaldıraraq inzibati orqanın hərkətlərini mübahisələndirmişdir. İddiaçıya izah edilsin ki, üçüncü şəxslərin iddiaçının istifadəsində olan yaşayış sahəsinə istifadə hüququnun itirilməsi ilə bağlı Siyəzən rayon Məhkəməsinə müraciət edə və bunun nəticəsinə uyğun olaraq təkrar inzibati orqana müraciət edə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar