Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1249/2024 04.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt bələdiyyəsinin 16 dekabr 2004-cü il tarixli 149 saylı iclasının qərarı ilə icarəyə verilmiş Sumqayıt şəhəri, 50A məhəllə ərazisində yerləşən 4800 kv m torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışının və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt bələdiyyəsinin 16 dekabr 2004-cü il tarixli, 149 saylı iclasının qərarı ilə istehsal sahəsi yaradılması məqsədi ilə İddiaçı icarəsinə ayrılmış Sumqayıt şəhərinin 50A məhəlləsi ərazisində yerləşən faktiki sahəsi 5400 kv m olan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və həmin hüquqa dair müvafiq reyestr çıxarışının və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Sumqayıt bələdiyyəsinin 16 dekabr 2004-cü il tarixli 149 saylı iclasının qərarı ilə icarəyə verilmiş Sumqayıt şəhəri, 50A məhəllə ərazisində yerləşən sahəsi 4800 kv m olan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışının və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt bələdiyyəsinin 16 dekabr 2004cü il tarixli 149 saylı protokol qərarı ilə Sumqayıt şəhəri, 50A məhəllə ərazisində yerləşən sahəsi 1,12 ha olan torpaq sahəsi istehsal sahəsi yaradılması məqsədi ilə məqsədi ilə İddiaçı icarəsinə verilmişdir. Həmin bələdiyyə qərarı qəbul edildikdən sonra Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən torpaq sahəsinin inşaat pasportu hazırlanmış, həmçinin Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 22 mart 2005-ci il tarixli, 67 nömrəli sərəncamı ilə həmin torpaq sahəsində istehsal sahəsinin yaradılması üçün obyektin tikintisinə icazə icazə verilmişdir. Qeyd edilən sənədlər əsasında İddiaçı ilə torpaq sahəsinin mülkiyyətçisi Sumqayıt bələdiyyəsi arasında müvafiq torpaq icarə müqavilələri bağlanılmışdır. Qeyd edilən tarixdən bu günədək iddiaçı tərəfindən torpaq sahəsindən istifadə olunur,mütamadi olaraq torpaq icarə haqqı məbləğləri onun tərəfindən Sumqayıt bələdiyyəsinə ödənilir. İddiaçı ilə Sumqayıt Bələdiyyəsi arasında sözügedən torpaq sahəsinə dair sonuncu dəfə bağlanılmış icarə müqaviləsinin qüvvədə olma müddəti 2053-cü ilin dekabr ayının 31-dək müəyyən edilmişdir. Bundan sonra İddiaçı tərəfindən ərazidə olan yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşən torpaq sahəsi çıxıldıqdan sonra faktiki istifadədə qalan 5400 kv m torpaq sahəsi üzərində icarə hüququnun dövlət dövlət qeydiyyatı üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət olunaraq hüququn dövlət qeydiyyatının aparılması xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, Sumqayıt Bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılması barədə xx.xx.2004-cü il tarixli 149 nömrəli qərar verilsə də, sənədləşmə həmin tarixdə mövcud olan qanunvericiliyin tələblərinə uyğun olaraq yekunlaşmamış, təqdim edilən xx.xx.2020-ci il tarixli 39 nömrəli torpaq icarəsi müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara zidd olaraq, Sumqayıt bələdiyyəsi ilə hərracdan kənar bağlanmışdır. Əlavə olaraq, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün sözügedən daşınmaz əmlaka müayinə baxışı keçirilən zaman torpaq sahəsinin 0,4013 ha hissəsinın 110 kV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşdüyü müəyyən olunmuşdur. İş materiallarında olan : -Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 22 mart 2005-ci il tarixli, 67 nömrəli sərəncamından görünür ki, Sumqayıt şəhəri, 50a məhəllə ərazisində İddiaçı ayrılmış 1,12 ha torpaq sahəsində obyektin tikitisinə icazə verilmişdir. -DT XK tərəfindən verilmiş A №631623 nömrəli plan və ölçü sənədindən görünür ki, İddiaçı istehsal sahəsi yaradılması məqsədilə icarəyə ayrılmış 11200 kv m torpaq sahəsinə dair tərtib edilmişdir. -xx.xx.2005-ci il tarixli 46 qeydiyyat nömrəli inşaat pasportundan görünür ki, İddiaçı istehsal sahəsi yaradılması məqsədilə icarəyə ayrılmış 11200 kv m torpaq sahəsinə dair tərtib edilmişdir. -Sumqayıt şəhər Bələdiyyə Şurasının 16 dekabr 2004-cü il tarixli, 149 nömrəli qərarından görünür ki, vətəndaş İddiaçı istehsal sahəsi yaradılması məqsədilə icarəyə ayrılmış 1,12 ha torpaq sahəsi ayrılmışdır. - Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin planından görünür ki, İddiaçı icarəyə ayrılmış 11200 kv m torpaq sahəsinə dair tərtib edilmişdir. -"xxxx" MMC Sumqayıt Regional İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı Sumqayıt şəhər 50A məhəllə ərazisində istehsal sahəsi yaradılması məqsədilə ayrılması nəzərdə tutulan torpaq sahasindən Sumqayıt Regional İstismar İdarəsinin balansında olan kabel elektrik veriliş xətti keçmir. -10 sentyabr 2021-ci il tarixli, 29 nömrəli torpaq icarəsi müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, məhəllə 50a ərazisində yerləşən ümumi sahəsi 11200 kv m olan torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. - xx.xx.2023-cü il tarixli İddiaçı ayrılmış 1,12 ha torpaq sahəsinin müayinə aktından görünür ki, torpaq sahəsinin bir tərəfi yol, digər tərəfləri qonşudur. 3 tərəfi şərti, digər tərəfləri mişar daşı ilə hasarlanıb. Texnik inventarlaşma işləri aparımış. Torpaq sahəsinin 4013 kv m sahəsi 110 kv-lıq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu 9-cu bənd: Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu : Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “İnzibati icraat haqqında” Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Sumqayıt bələdiyyəsi arasında hazırda icarə hüququnun qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinin də daxil olduğu 1.12 ha ölçüdə torpaq sahəsinə dair sonuncu dəfə bağlanılmış 10 sentyabr 2021-ci il tarixli icarə müqaviləsi yeni icarə müqaviləsi olmamaqla, iddiaçının 16 dekabr 2014-cü il tarixdə bələdiyyə ilə bağladığı icarə müqaviləsinin davamıdır. Belə ki, ilk dəfə tərəflər arasında icarə müqaviləsi 16 dekabr 2014-cü il tarixdə bağlanılmış, daha sonra bir neçə dəfə icarə müddətinin uzadılması barədə müqavilələr bağlanılmış, sonuncu müqavilə ilə icarə müqddəti 31 dekabr 2053-cü il tarixə qədər uzadılmışdır. Cavabdeh qeyd edilən halı təkzib edən hər hansı sübuutu məhkəməyə təqdim etməmişdir. Sözügedən torpaq sahəsinin Sumqayıt bələdiyyəsinin 16 dekabr 2004-cü il tarixli, 149 saylı protokol qərarı ilə İddiaçı icarəsinə ayrıldığından,həmin torpaq torpaq sahəsi üzərində İddiaçı yaranmış icarə hüququnun müddətinin uzadılmasına 2007-ci ilin dekabr ayının 1dən sonra bələdiyyə torpaqlarının ayrılmasına dair müəyyən edilmiş qaydalar tətbiq edilə bilməz. Qeyd edildiyi kimi,sözügedən torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin 16 dekabr 2004-cü il tarixli,149 saylı saylı protokol qərarı ilə istehsal sahəsi yaradılaraq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə İddiaçı icarəsinə ayrıldığından,həmin torpaq sahəsi üzərində İddiaçı yaranmış icarə hüququnun müddətinin uzadılmasına 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının hərrac,yaxud müsabiqə yolu ayrılmasına dair müəyyən edilmiş qanun normaları tətbiq edilə edilə bilməz. Məhkəmə torpaq sahəsinin bir hissəsinin yükək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşməsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin hissənin ümumi 1.12 ha hissədən çıxıldığını və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 0,883 ha təşkil etdiyini və hazırki iddia predmetini təçkil edən 4800 kv m torpaq sahəsinin yüksək gərginlikli elektri xəttinin mühafizə zolağına düşmədiyini izah etdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 8-cu bəndinə görə elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr (qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların, kolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir. Qaydaların 12-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi.... Beləliklə, Qaydaların tələbindən göründüyü kimi mühafizə zolağına aid məhdudiyyətlər tikililərin aparılması və s.ilə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin bu dəlilinin torpaq sahəsinə dair münasibətdə tətbiq edilməsi onun mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun : -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə hesab edir ki, Sumqayıt bələdiyyəsinin 16 dekabr 2004-cü il tarixli, 149 saylı iclasının qərarı ilə ayrılmış Sumqayıt şəhəri, 50A məhəllə ərazisində yerləşən sahəsi 4800 kv m olan torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və həmin hüquqa dair müvafiq reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt bələdiyyəsinin 16 dekabr 2004-cü il tarixli, 149 saylı iclasının qərarı ilə ayrılmış Sumqayıt şəhəri, 50A məhəllə ərazisində yerləşən sahəsi 4800 kv m olan torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və həmin hüquqa dair müvafiq reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1249/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1249/2024
04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver