Məhkəmə qərarları › İş №2-1(118)-1250/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1250/2021

26.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1250/2021 26.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi, X2 oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X3 İdarəsinə qarşı “X3 İdarəsinin 25 oktyabr 2017-ci il tarixli qərarının ləğv olunması və iddiaçının məcburi iş buraxma müddəti dövrü üçün əmək haqqı ödənilməklə əvvəki işinə bərpa olunması öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Qusar rayon Mədəniyyət Mərkəzinin onun işdən azad edilməsi barədə 07.07.2017-ci il tarixli 40 saylı əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməklə, onun X3 və Turizm İdarəsinin Qusar rayonu Cibir kənd klubunun müdiri vəzifəsi üzrə işə bərpa olunmağına” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 10 yanvar 2008-ci il tarixdə Qusar rayon X5 rayon Cibir kənd klubunun müdiri vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddət ərzində heç bir nöqsanlara yol verməmiş, barəsində hər hansı intizam tədbiri tətbiq edilməmişdir. Qusar rayon Mədəniyyət Mərkəzinin 07 iyul 2017-ci il tarixli 40 saylı əmri ilə 16.06.2017-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin və işdən azad edilməyinin əsası kimi Azərbayca Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin d) bəndinə istinad edilmişdir. Həmin əmrin surəti iddiaçıya təqdim edilməmiş, yalnız bundan xeyli müddət keçdikdən sonra əmək kitabçası ona təqdim edilmişdir. Əmrin verilmə əsasını da iddiaçı əmək kitabçasına nəzər salarkən görmüşdür. O, işdən azad edilərkən cavabdeh təşkilatdan bunun səbəbini soruşduqda elə bir səbəbin olmadığını, sadəcə iddiaçı ilə işləmək istəmədiklərini bildirmişdirlər. Bundan sonra, ailə vəziyyətində olan çətinliklərlə bağlı başı uzun müddət qarışıq olmuş, əmrin surətini əldə edə və məhkəməyə müraciət edə bilməmişdir. Belə ki, iddiaçının 06.01,.2000ci il təvəllüdlü övladı Mehman Mirzəbəyov xəstələnmiş, onun ətraflarında qıcolmalar, huşunu itirmə halları yaranmış və oğlunun müalicəsi ilə əlaqədar uzun müddət Rusiya Federasiyasına, Bakı şəhərinə müxtəlif xəstəxanalara getmiş, sonda 2019-cu ilin iyul ayında oğluna 2-ci qrup əlillik təyin edilmişdir. Hazırda da oğlunun mülicəsi davam edir və daima onun nəzarətindədir, tez-tez onu həkim müayinəsinə aparır. Bundan başqa iddiaçı özü də müharibə zamanı aldığı yaralara görə 2-ci qrup əlildir, özü də mütəmadi olaraq həkim müayinəsindən keçir. Bildirir ki, o, Qarabağ Müharibəsi veteranı olmaqla 2-ci qrup əlildir, Prezident təqaüdçüsüdür, əlilliyə görə müavinət alır. Lakin, əmək qabiliyyəti tam itirməmişdir, məhdud əmək qabiliyyətlidir. Əmək qabiliyyəti Qusar rayon Cibir kənd klubunun müdiri vəzifəsində işləməyə tam yol verir. İddiaçı işə qəbul olunarkən də həmin vəziyyətdə olmuşdur, həmin işdə işləmək üçün əmək qabiliyyətli olmuşdur. Ümumiyyətlə, işlədiyi müddətdə həmişə əmək funksiyalarını yerinə yetirmək iqtidarında olmuşdur. Bundan başqa, onun əmək müqaviləsinə xitam verilməsi əsası kimi qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin 74-cü maddəsinin d) bəndində göstərilir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəalyyət qabiliyyətsizliyi təsdiq edildikdə əmək müqaviləsinə xitam verilir. Lakin, onun fəaliyyət qabiliyyətsizliyi heç bir məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilməmiş, ümumiyyətlə bu barədə heç bir məhkəmə qərarı olmamışdır. Bununla da Qusar rayon Mədəniyyət Mərkəzinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmuş, heç bir qanuni əsas olmadan, qanunsuz olaraq onun əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq- hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Qusar rayon Mədəniyyət Mərkəzinin 07 iyul 2017-ci il tarixli 40 saylı əmrinin surəti indiyədək ona təqdim edilməmişdir. Bununla da, cavabdeh təşkilat tərəfindən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri də pozulmuşdur. Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquqi bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin həmin Maddəsinin 2-ci hissəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, iddiaçı hesab edir ki, Qusar rayon Mədəniyyət Mərkəzi tərəfindən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verildiyindən, həmin Mərkəzin iddiaçının işdən azad edilməyi barədə 07.07.2017-ci il tarixli 40 saylı əmri ləğv edilməli, iddiaçı tutuduğu Qusar rayon Cibir kənd klubunun müdiri vəzifəsinə bərpa olunmalıdır. Bundan başqa, məcburi iş buraxma üçün ona əmək haqqı ödənilməlidir. Bundan başqa, yuxarıda qeyd etdiyi kimi, özünün və övladının xəstəliyi ilə əlaqədar uzun müddət Rusiya Federasiyasına və Bakı şəhərinə gedib-gəlməyindən hazırki iddianı irəli sürə bilməmişdir. Ona görə də, həmin hallar nəzərə alınmaqla pozulmuş hüququ müdafiə olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək X3 İdarəsinin 25 oktyabr 2017-ci il tarixli qərarının ləğv olunması və iddiaçının məcburi iş buraxma müddəti dövrü üçün əmək haqqı ödənilməklə əvvəki işinə bərpa olunması öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 20 sentyabr tarixli məhkəmə baxışında cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, cavabdeh 25 oktyabr 2017-ci il tarixində yeni bir əmr verərək 7 iyul tarixli əmrin səhv olduğunu göstərərək özü əmri ləğv etmişdir. Həmin tarixdən də cavabdeh 175/02 saylı yeni əmrlə iddiaçını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin "ç"bəndinə əsasən işdən azad etmişdir. Ona görə də iddia ərizəsinə dəqiqləşməyə dair ərizə vermişdir. Əmək Məcəlləsinin 74-cü maddəsinin "ç" bəndi ilə işdən azad edilməyinin əsası kimi cavabdeh Qusar rayon məhkəməsinin 29 iyun 2017-ci il tarixli qərarının əsasında X3 və Turizm İdarəsinin rəisinin yazdığı 07.07.2017-ci il tarixli, 373 saylı məktubu əsas tutmuşdur. Halbuki həmin vaxt iddiaçı məhkum olunmamışdır, məhkəmə hökmü mövcud deyildir və mövcud qanunvericiliyə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxs məhkum sayıla bilməzdi. Hazırki, ləğvini tələb etdiyi 25 oktyabr 2017-ci il tarixli əmrdə də eyni əsas göstərilmişdir, lakin bu əsas, 74-cü maddəsinin "d" bəndi ilə işdən azad olunmuş olduğu 17 iyul tarixli əmrdə əsas kimi götürülmüşdür, yeni əmrdə isə artıq bu məktub hüquqi qüvvəsini itirmiş olur və başqa, yeni bir əsas da mövcud deyildir və iddiaçının "d" bəndi ilə işdən azad olunmağı da əvvəlki əmr kimi qanunsuzdur. Bundan başqa, Qusar rayon məhkəməsinin 4 oktyabr 2017-ci il tarixli hökmü ilə mən AR CM-nin 131.2-ci maddəsi ilə təqsirli bilinib 400 manat miqdarında cərimə cəzasına məhkum olunmuşdur və bu cəriməni də 01 noyabr 2017-ci il tarixli qəbzlə ödəmişdir (qəbz əlavə olunur). Artıq,bundan sonra da, iddiaçının işdən azad olunmağı üçün heç bir əsas qalmamışdır. Həm də ona görə ki, AR Cinayət Məcəlləsinin 83-cü maddəsinin normasına əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Məhkumluğun ödənilməsi və ya götürülməsi isə məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İddiaçı isə cəriməni ödəmiş olduğu tarixdən məhkumluğu da ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinin normasına əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada pozulmuş hüquqlarının bərpa edilməsi barədə məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 300-cü maddəsinin normasına əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə... vasitəsilə işçi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpasını tələb edə bilər. Beləliklə, iddiaçının cavabdeh tərəfindən işdən çıxarılmağı qanunsuz olduğundan məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hazırda Qusar rayon mədəniyyət mərkəzi ləğv edilərək səllahiyyətləri cavabdeh idarəyə verilmişdir. AR inzibati Prosessual Məcəlləsinin 33-cü maddəsinin tələbinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. AR İnzibati Prosessual Məcəlləsinin 34-cü maddəsinin tələbinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini də tələb edə bilər. Məhkəmə iclasında iddiaçı və onun vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin iddiaya münasibəti ondan ibarətdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ararşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İddiaçı Qusar rayon Mədəniyyət Mərkəzinin onun işdən azad edilməsi barədə 07.07.2017-ci il tarixli 40 saylı əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməklə, onun X3 və Turizm İdarəsinin Qusar rayonu Cibir kənd klubunun müdiri vəzifəsi üzrə işə bərpa olunmasını istəyir. Məhkəmə araşdırması əsasında müəyyən edilmişdir ki, iddiaçı dövlət qulluqçusu deyil, onunla cavabdeh arasında olan mübahisə əmək münasibətlərindən meydana gəlmiş mülki hüquq mübahisəsidir. Bu mübahisələr isə inzibati məhkəmə icraatının araşdırma predmetinə daxil deyildir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmamışdan əvvəl mülki məhkəmə icraatı qaydasında “əmrin ləğv edilməsi və və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa” tələbinə dair iddia ilə Xaçmaz rayon Məhkəməsinə müraciət etmişdir. Xaçmaz rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli, 2(067)-1083/2020 saylı qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş və iddiaçıya izah edilmişdir ki, X3 və Turizm İdarəsinə qarşı əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Yekun olaraq, Sumqayıt Apelyasiya Məhkəməsinin 21.09.2020-ci il tarixli, 2(105)- 2618/2020 saylı qərardadı ilə Xaçmaz rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli, 2(067)-1083/2020 saylı qərardadından İddiaçı verdiyi şikayət təmin edilməmiş, Xaçmaz rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli, 2(067)-1083/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları olduğuna görə hüquqi müəyyənlik prinsipi baxımından hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilsə belə, iddia müddəti ötürüldüyü əsası ilədə iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı isə bu müddəti ötürmüş və ötürülmüş müddətin bərpası ilə əlaqədar tutarlı əsas göstərə bilməmişdir. Bundan başqa qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddiada İPM-nin 2.2.1–ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İddiaçı işdən azad edildikdən sonra faktiki olaraq işləməmiş və bir il keçdikdən sonra məhkəməyə müraciət etmiş, iddiaçının ötürülmüş müddətin bərpası ilə bağlı ərizəsi məhkəmə tərəfindən təmin edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar