Məhkəmə qərarları › İş №2-1(118)-1250/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1250/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1250/2024 13.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mizəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar ÇAESdəki işə görə əsas iş yerində saxlanan əmək haqqından tam aylarda qazanılmış gəlir toplanaraq, ayların sayına bölünməklə alınan və dörqat əmək haqqı nəzərə alınmaqla alman əmək haqqı məbləğinin 25,4-ə vurulmaqla müasirləşdirilərək, xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nə dair iddia ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı “Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar ÇAESdəki işə görə əsas iş yerində saxlanan əmək haqqından tam aylarda qazanılmış gəlir toplanaraq, ayların sayına bölünməklə alınan və dörqat əmək haqqı nəzərə alınmaqla alman əmək haqqı məbləğinin 25,4-ə vurulmaqla müasirləşdirilərək, xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə qanunvericiliyə əsasən əmək pensiyasının 4 qat məbləği miqdarında hesablanması tələbi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tebeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tebeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı keçmiş qanunvericiliyə əsasən əmək pensiyasının 4 qat miqdarında hesablanmış imtina veriləcəyi təqdirdə bu barədə rəsmi blankda məlumatın verilməsi ilə bağlı olduğu, eyni zamanda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müraciətə baxılacağı bildirildi, müraciətdən sonra ***-***-**-** telefon nömrəsinə zəng edillərək bildiriləcəyi qeyd edilmişdir. Müraciətinə cavab olaraq bildirilib ki, əmək pensiyası ona 1992-ci il tarixdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq hesablanmışdır. Eyni zamanda bildirilmişdir ki, əmək pensiyasının orta aylıq əmək haqqının 4 qat mislində hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Hesab edir ki, cavabdeh hərəkətləri qanunsuz olmaqla, onun hüquqlarının pozulmasına əsas olmuşdur. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında cavabdeh orqanın mütəxəssisi X1 bildirmişdir ki, 17 mart 1993-cü il tarixdə iddiaçıya Çernobil AES-də iştirak etdiyinə görə və əmık qabiliyyətinin 60% itirməsinə görə ona üçüncü qrup əlillik təyin olunmuşdur. 2002-ci ildə ona təyin edilmiş üçüncü qrup əlillik əmək qabiliyyətinin 80% itirilməsi ilə əlaqədar ikinci qrup əlilliyə dəyişdirilmişdir, hal-hazırda o, ikinci qup əlil kimi pensiya alır. Əlavə olaraq da iddiaçıya pensiya təyin edilməsi qaydasına izahat vermişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən 01.01,2006-cı il tarixinə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə müvafiq olaraq İddiaçı Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar olaraq 01,04.1993-cü il tarixdə orta aylıq əməkhaqqı əsasında ikinci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli 377 saylı Fərmanı əsasında xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsi tətbiq edilməklə İddiaçı əmək pensiyasının ödənişi davam etdirilir. Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirrlir. Qanuna 01.01 2023-cü il tarixdə əlavə edilmiş 26.4-cü maddəyə əsasən, 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023- cü il tarixdən 285,28 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 327,21 manata çatdırılmışdır. Sadalanan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir, mövcud qanunvericliyə əsasən əlilliyə görə əmək pensiyasının əməkhaqqının 4 qat məbləğdə yenidən hesablanması mümkün hesab olunmur.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər: İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qey olunan sənədlərə: AZE******** saylı şəxsiyyət vəsiqəsi; ИТ-İ № ******* saylı əmək kitabçası; 15 aprel 1992-ci il tarixli arayış; 05 noyabr 2001-ci il tarixli akt; 23 iyun 2023-cü il tarixli müraciət vərəqəsi; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 04 avqust 2023-cü il tarixli imtina məktubu və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Hazırki inzibati iş öhdəliyin icrası haqqında idda növünə aidddir və iddiaçının yaşayış ünvanı Sumqayıt şəhəri olduğundan, məhkəmə hesab edir ki, işə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçıya cavabdeh inzibati orqanın 04 avqust 2023-cü il tarixli məktubu ilə iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün olmaqla bərabər həm də əsaslı olduğundan, iddia təmin edilməlidir. Belə ki, iddiaçı xx xxxx 1965-ci il təvəllüdlü olmaqla, Çernobil AES-də 16 oktyabr 1987-ci ildən 23 noyabr 1987-ci il tarixədək qəzanın aradan qaldırılmasında iştirak etmişdir və ona birdəfəlik mükafat və həmin dövrdəki orta əmək haqqı məbləğinin 5 qatı hesablanıb ödənilmişdir. İddiaçı daha sonra cavabdeh orqana müraciət edərək, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsini xahiş etmişdir. Cavabdeh özünün 04 avqust 2023-cü il tarixli məktubu ilə iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157-ciu maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı – işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə – əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat –əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 30.1-ci maddəsinə görə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 31.1-ci maddəsinin hazırda qüvvədə olan tələblərinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 1 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş 31.1-1-ci maddəsinə əsasən bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Həmin Qanunun 37.7-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun (həmin Qanun Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüşdür) 13-cü maddəsinin “v” bəndinə görə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında köçürmə zonasında iştirak etmiş şəxslər və onlara bərabər tutulanlar (kişilər – 52 yaşına çatdıqda və ümumi iş stajı azı 20 il olduqda, qadınlar – 47 yaşına çatdıqda və ümumi iş stajı azı 15 il olduqda) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Həmin Qanunun 83-cü maddəsinin birinci hissəsinə görə pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Həmin maddənin ikinci hissəsinə görə müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bilər: - Qanunun 80-ci maddəsinin ikinci bəndində göstərilən şəxslərə – Çernobıl AESdə və Slavutiç şəhərində işə görə alınnış maaşın dörd qat məbləğindən, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və minimum əmək haqqının beşqat məbləğindən. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanının 2.3-cü bəndinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli 853 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. İşin hallarından göründüyü kimi, İddiaçı əmək pensiyası 01 yanvar 2006-cı il tarixindən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununu qəbul edilmədən əvvəl təyin edilmişdir. Həmin müddətdə əvvəl qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunununda aşağıdakı qaydalar müəyyən edilmişdir: - Qanunun 71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş şərti maliyyə vahidi və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır; - Qanunun 73-cü maddəsinə əsasən mövcud qaydalara görə sığorta haqları hesablanan əmək haqqının və mükafatın bütün növləri, o cümlədən əvəzçiliyə, istirahət və bayram günlərində işə, iş vaxtından əlavə işə görə və mülki hüquq müqavilələri üzrə verilən əmək haqqı pensiya hesablanarkən gəlirin ümumi məbləğinə daxil edilir. Bu zaman birdəfəlik ödənclər (istifadə edilməyən məzuniyyətə görə pul əvəzi, işdənçıxma müavinəti və s.) nəzərə alınmır; - Qanunun 78-ci maddəsinə əsasən, pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınır; - Qanunun 80-ci maddəsinə əsasən, pensiya almaq hüququ olan şəxslərə iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar aid edilmişdir: Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslər, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər. Sadalanmış müddəaların tələblərindən göründüyü kimi, pensiyanın orta aylıq əmək haqqından faiz nisbi ilə hesablanması müəyyən edilmişdir. Orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənclərə sığorta haqları hesablanan bütün gəlirlər aid edilmişdir. Xüsusi qayda kimi isə gəlirlərə birdəfəlik ödənclərin aid edilməməsi və pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqının nəzərə alınması qeyd edilmişdir. 01 yanvar 2006-cı ildə qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində əmək pensiyasının baza, sığorta və yığım hissələrindən ibarət olduğu müəyyən edilmişdir. Həmin Qanunun 26-cı maddəsində “Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: - Qanunun 26.1-ci maddəsinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir; - Qanunun 26.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğindən aşağı olduqda, əmək pensiyasının yeni məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğinə bərabər tutulur. Maddələrin tələblərindən göründüyü kimi, 01 yanvar 2006-cı il tarixindən əvvəl hesablanmış pensiya məbləğlərinin yenidən hesablanması qaydasına uyğun olaraq onların baza və sığorta hissələrinin müəyyən edilməsi zəruri olmuşdur. Yenidən hesablama aparıldıqda isə, əvvəl hesablanmış pensiya məbləğinin ümumi məbləğinin dəyişdirilmədən saxlanılması bir halda, digər halda isə ümumi məbləği baza hissəsinin məbləğindən aşağı olduqda, əmək pensiyasının yeni məbləği əmək pensiyasının baza hissəsinin məbləğinə bərabər tutulması müəyyən edilmişdir. İstinad edilən maddəyə “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 06 noyabr 2007-ci il tarixli Qanunu ilə dəyişiklik edilərək 26.2-ci maddəsi yeni redaksiyada verilmiş, əvvəlki 26.2-ci maddəsi isə 26.3-cü maddəsi kimi hesab edilmişdir. Aşağıdakı yeni qaydalar müəyyən edilmişdir: - Qanunun 26.2-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd: Qanunun 26.2-ci maddəsi 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. Maddənin məzmunundan göründüyü kimi, 01 yanvar 2006-cı il tarixinə qədər təyin edilmiş pensiyaların orta aylıq əməkhaqqına məhdudiyyət nəzərə alınmadan yenidən hesablanması müəyyən edilmişdir. Yeni qaydaya görə əməkhaqqının tam məbləği əsas götürülməklə hesablanması və onun 01 yanvar 2008-ci il tarixindən tətbiq edilməsi nəzərdə tutulmuşdur. İddiaçı hesab edir ki, bu dövrdə onun pensiyası üzrə yenidən hesablama aparıldıqda orta aylıq əmək haqqı hesablanarkən onun Çernobıl qəzası nəticəsində əlil olduğu üçün aldığı tarif dərəcəsinin 5 qat məbləğində pul ödənişləri inzibati orqan tərəfindən əsassız olaraq nəzərə alınmamışdır. Məhkəmənin qənaəti belədir ki, iddiaçı orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınmalı olan məbləğə həmçinin onun aldığı tarif dərəcəsinin 5 qat məbləğinin də hesablanmalı olduğunu iddia etməkdə haqlıdır. Çünki yuxarıda istinad edilmiş qanunvericiliyin tələblərinə əsasən, sığorta haqları hesablanan həmin ödənişlər gəlirin ümumi məbləğinə daxil edilməlidir. Yalnız birdəfəlik ödənclərin (istifadə edilməyən məzuniyyətə görə pul əvəzi, işdənçıxma müavinəti və s.) həmin məbləğlərə daxil edilməməsi qanunvericlikdə əks olunmuşdur. Habelə, qanunvericiliklə Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması üçün çalışanlara əmək haqqının dördqat məbləğində mükafatın ödənilməsini və əmək haqqında pensiyanın hesablanması zamanı həmin dördqat mükafat məbləğinin vətəndaşın Çernobıl AES-də olduğu günlərin sayına bölünməklə 25,4-ə vurulmasını müəyyən edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 27 oktyabr 2009cu il tarixli Qanunu qəbul edilmiş və həmin qanunun 8-ci bəndi ilə yuxarıda istinad edilmiş 26.2-ci maddə və həmin maddənin «Qeyd» hissəsi çıxarılmış, 26.1 və 26.3-cü maddələr isə dəyişdirilmədən saxlanılmışdır. Qanunvericilikdə aparılmış bu dəyişiklik yalnız onu ehtiva etmişdir ki, 2006-cı il 1 yanvar tarixinə qədər təyin edilmiş pensiya məbləğləri orta aylıq əmək haqqının tam məbləği əsasında hesablanması 01 yanvar 2008-ci il tarixindən nəzərdə tutulmuş və ümumi məbləğlərin dəyişdirilmədən saxlanılması, yalnız baza və sığorta hissəsi dəyişdikdə isə, onun yalnız artırılması müəyyən olunmuşdur. 27 oktyabr 2009-cu il tarixli Qanunla «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə də dəyişikliklər edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsi 01 iyul 2017-ci il tarixinədək olan redaksiyasında “Qanunun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydalarını” tənzimləmişdir. Həmin maddələrin tələbləri 01 yanvar 2006-cı ilədək pensiya təyin edilməmiş şəxslərə münasibətdə onların pensiya hüquqularının təmin edilməsi üçün zəruri olan əmək stajının, əmək haqqının, sosial sığorta göstəricilərin Qanunun müddəalarına əsaəsn şərti çevrilməsi qaydalarını tənzimləmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddiaçıya əmək pensiyasının həmin qaydada hesablanmasından imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Yaranmış fərq məbləğinin ödənilməsi məsələsi ilə bağlı isə məhkəmə qeyd edir ki, bunun “hesablanması” ilə bağlı mübahisəli hal olmadığından, ödənilmə müvafiq qaydada, yəni Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31, 37.7ci maddələrinin həm 1 iyul 2017-ci il tarixədək, həm də hazırda qüvvədə olan tələbləri nəzərə alınmaqla aparılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3, 33.1, 33.2 və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilərək, İddiaçı əmək pensiyası məbləğinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 1991-ci il tarixli 577 nömrəli qərarına əsasən Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş beşqat və birdəfəlik ödənilən 10,000 manat məbləğ Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25,4-ə vurulmaqla həmin dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə 1 yanvar 2008-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı əmək pensiyası məbləğinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 1991-ci il tarixli 577 nömrəli qərarına əsasən Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş beşqat və birdəfəlik ödənilən 10,000 manat mükafatın Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25,4-ə vurulmaqla həmin dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə 1 yanvar 2008-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar