Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1251/2024 04.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Kamal qızının katibliyi, İddiaçı və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etdiyinə görə alınmış əmək haqqının dördqat məbləğindən və əsas iş yerində saxlanılan əmək haqqından tam aylarda qazanılmış gəlir toplanaraq, ayların sayına bölünməklə alınan əmək haqqı məbləğinin 25,4-ə vurulmaqla müasirləşdirilərək, 01 yanvar 2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etdiyinə görə alınmış əmək haqqının dördqat məbləğindən və əsas iş yerində saxlanılan əmək haqqından tam aylarda qazanılmış gəlir toplanaraq, ayların sayına bölünməklə alınan əmək haqqı məbləğinin 25,4-ə vurulmaqla müasirləşdirilərək, 01 yanvar 2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və izah etdi ki, o, xx.xx.1964-cü il təvəllüdlüdür. 1986-cı ildə Çernobıl AES-də qəza baş verən vaxt o, Sumqayıt Evtikmə Kombinatında iştirak etmişdir və həmin qəzanın fəsadlarının aradan qaldırılması ilə bağlı Slavutiç şəhərinin tikintisi ilə bağlı fəal iştirak etmişdir. Bununla bağlı o, əmək haqqının dörd qatı həcmində 9011 rubl məbləğində pul ödənişi almışdır. xx.xx.1992-ci il tarixdə ll qrup əlil kimi işdən azad edilmişdir. Sonradan onun işlədiyi kombinat "xxxx" ASC-yə verilmişdir. Vəsiqələrin surətlərindən və digər sənədlərdən də görünür ki, o, Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etməklə ciddi şüalanmaya məruz qalmışdır və nəticədə İİ qrup ÇAES əlili olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991 -ci il tarixli 577 №-li qərarına əsasən bütün Çernobıl əlilləri kimi, ona də o vaxt işlədiyi müəssisədən əmək haqqının dörd qat məbləği qədər mükafat ödənilmişdir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 83-cü maddəsinə əsasən həmin dördqat əmək haqqından ÇAES əlillərinə pensiya hesablanması nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləği Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25,4-ə vurulmalıdır. Alınan məbləğ pensiyanın orta aylıq əmək haqqını təşkil edir. Dördqat məbləğin özü 4-ə vurulduğu üçün həmin əmək haqqı müasirləşdirilməklə alınmış məbləğ vətəndaşın pensiya hesablanması üçün orta aylıq əmək haqqı sayılır. Həmin Qanunun müvafiq maddəsinə əsasən xx.xx.1993-cü il tarixdən əvvəlki dövrdə pensiya hesablanması üçün 1996-cı ilin yekunun respublika üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş orta aylıq əmək haqqı məbləğinin pensiya hesablanması üçün nəzərə alınmış əmək haqqının ödənildiyi ildə mövcud olmuş orta aylıq əmək haqqının məbləğinə olan nisbəti dəfə artırılır.Ona görə də, bütün bunları nəzərə alaraq, qanunvericiliyə uyğun olaraq, iddiaçıya ödənilmiş pulun 4 qat məbləği 25,4-ə vurulmaqla Çernobl AES-də olduğu dövrün qiymətləri indeksi ilə indeksasiya edilərək 01.01,2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və 01.01 2008-ci il tarixdən bu günədək yaranmış fərqin iddiaçıya birdəfəlik ödənilməsini təmin etməkləri üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən 23 iyun 2023-cü il tarixli 3-17-1/- 2-144764/2023 saylı məktub ilə imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və idida tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və izah etdi ki, iddiaçı 31 may 2023-cü il tarixdə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının Çernobıl AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar ona ödənilmiş dördqat əmək haqqı nəzərə alınmaqla yenidən hesablanmasını xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının 23 iyun 2023-cü il tarixli, 3-17-1/2-Q-144761/2023 nömrəli cavab məktubunda N.Quliyevin əmək pensiyasının orta aylıq əmək haqqının 4 qatı mislində hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1 -ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi İş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 İyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin Qanunun 37.3.2-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13-cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1993-cü il 10 sentyabr tarixli məktubunda əmək pensiyasının dördqat əməkhaqqı məbləğində müəyyən edilmiş mükafat əsasında hesablanmasının qeyri-mümkün olduğu və bu səlahiyyətin “Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5-ci bəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991 -ci il 21 dekabr tarixli 577 nömrəli qərarına əsasən əməkhaqqının dördqat məbləğində mükafat ödənilir və əməkhaqqından pensiya hesablanması “Vətəndaşların pensiya təminatı haqqında Qanun"un 83-cü maddəsində nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləğ ÇAES günlərinin sayına bölünərək 25.4-ə vurulmalıdır. Alınan məbləğ pensiyanın orta aylıq əmək haqqını təşkil edir. Dördqat məbləğ özü müasirləşdirilərək ödənildiyi üçün həmin əmək haqqının müasirləşdirilməsinə yol verilmir. Yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 1993-cü il tarixli 255 nömrəli qərarına əsasən orta aylıq əmək haqqının müasirləşdirilməsi mümkün deyildir. xx.xx.2006-cı il tarixə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən iddiaçı N.Quliyevə xx.xx.1992-ci il tarixdə əlilliyə görə əmək pensiyası təyin olunmuş və xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi tətbiq edilməklə onun əmək pensiyasının ödənişi davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş : - 100121 seriyalı vəsiqədən görünür ki, İddiaçı 2-ci qrup Çernobl əlilidir. - İddiaçının adına açılmış P0202671 seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1986xx.xx.1986-cı il tarixlərdə 17 №-li TPM-də təhsil almış, xx.xx.1986-xx.xx.1992-ci illərdə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyi 3 №-li ETK-nın 104 №-li Tİ-də rəngsaz işləmişdir. -Sumqayıt Evtikmə Kombinatı tərəfindən verilmiş 1992-ci ilə aid 900 saylı arayışdan görünür ki, X1 şəhərinin tikintisində iştirak etmiş və mövcud qanunvericiliyə əsasən əmək haqqının 4 qatı həcmində pul ödənişi almışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəzanın fəsadlarının aradan qaldırılmasında iştirak etmiş və xx.xx.1992-ci ildən İİ qrup Çernobıl əlili kimi pensiyaya çıxmışdır. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun (2007-ci il 6 mart tarixli, 260- İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): 71-ci maddəsinə əsasən pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. 72-ci maddəsinə əsasən orta aylıq əmək haqqı 24 və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. 80-ci maddəsinin 2-ci abzasına əsasən, iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar pensiya almaq hüququna malikdirlər; 81-ci maddəsinin 1-ci abzasına əsasən, bu Qanunun 80-ci maddəsində göstərilmiş vətəndaşlara əlilliyə görə pensiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq səhhətinə dəymiş zərər müqabilində təyin edilir; 83-cü maddəsinə əsasən, pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bilər: 80-ci maddənin beşinci bəndində göstərilmiş şəxslərə — minimum əmək haqqının beşqat məbləğindən; 80-ci maddənin ikinci bəndində göstərilmiş şəxslərə — Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınmış maaşın dördqat məbləğində, yaxud Çernobıl AES-də və Slavutiç şəhərində aldıqları əmək haqqından və ya minimum əmək haqqının beşqat məbləğindən. Maddə 99. Təyin olunmuş pensiyaların yenidən hesablanması müddətləri Təyin olunmuş pensiyalar aşağıdakı müddətlərdə yenidən hesablanır: pensiyanın artırılması hüququ yarandıqda, ərizə bütün lazımi sənədlərlə birlikdə ayın 15-dək verilmişdirsə müraciət edilən ayın 1-dən, ayın 15-dən gec təqdim edilmişdirsə— növbəti ayın 1-dən; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 1991-ci il tarixli 577 saylı qərarına əsasən Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması üçün çalışanlara əmək haqqının dördqat məbləğində mükafat ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1-18 saylı 10 sentyabr 1993-cü il tarixli “Vətəndaşların bəzi kateqoriyalarına pensiyaların hesablanması Qaydaları”na (2-ci bəndi) əsasən isə Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması üçün çalışanlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 1991-ci il tarixli 577 saylı qərarına əsasən əmək haqqının dördqat məbləğində mükafat ödənilmişdir. Həmin əmək haqqından pensiya hesablanması Qanunun 83-cü maddəsində nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləğ Çernobıl AES-də olduğu günlərin sayına bölünüb 25,4-ə vurulmalıdır. Alınan məbləğ pensiyaçının orta aylıq əmək haqqını təşkil edir. Dördqat məbləğ özü müasirləşdirilərək ödənildiyi üçün həmin əmək haqqının müasirləşdirilməsinə yol verilmir, yeni dördqat məbləğdən hesablanmış orta aylıq əmək haqqının yuxarıda qeyd edilən səbəblərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 1993-cü il tarixli 255 saylı qərarına görə müasirləşdirilməsi qeyrimümkündür. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir (maddə 31.1, 32.1) “Əmək pensiyaları haqqında” Qanuna 2017-ci il 10 mart tarixli Qanunla əlavə edilmiş və 2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş 32.1-1-ci maddəyə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə (2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş redaksiyada) əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Bu Qanunun 32.1-1-ci maddəsinə əsasən Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. xx.xx.1993-cü il tarixli 762 №li “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş (30 kilometrlik zona daxilində) və həmin qəza nəticəsində yaranmış zərərli təsir zonasında olmuş şəxslərin dairəsini müəyyən etmişdir. Belə ki, həmin maddənin tələbinə əsasən sözügedən Qanun aşağıdakı vətəndaşlara şamil olunur:
1. Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəliyi keçirmiş, habelə əlil olmuş şəxslər, o cümlədən: a) köçürmə zonası hüdudlarında, yəni qəza mərkəzindən 30 kilometrlik radiusda olan ərazidə qəza nəticələrinin ləğvində iştirak etmiş (o cümlədən müvəqqəti göndərilmiş və ya ezam edilmiş), yaxud Çernobıl AES-in istismarında və ya stansiyada digər işlərlə məşğul olmuş şəxslər; b) köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyətindən olan şəxslər; v) göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı xüsusi toplanışlara çağrılmış və uzaqlaşdırma zonasında işlərə cəlb edilmiş hərbi qulluqçular (burada və bundan sonra bu kateqoriyaya aiddirlər: zabit heyəti, gizirlər, miçmanlar, müddətindən artıq xidmət hərbi qulluqçuları, qadın hərbi qulluqçular, keçmiş SSRİ silahlı qüvvələrində, keçmiş SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin qoşunlarında, daxili və dəmiryol qoşunlarında və digər hərbi birləşmələrdə həqiqi hərbi xidmətdə olan çavuşlar, sıravi heyət və hərbi vəzifəlilər); q) zərər çəkmiş vətəndaşların qəza baş verdikdən sonra doğulmuş və Azərbaycan Respublikası vətəndaşları olan övladları.
2. 1986-1990-cı illərdə, Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin köçürmə zonası hüdudlarında ləğv edilməsində, yaxud həmin dövrdə Çernobıl AES-in istismarında və ya digər işlərdə iştirak etmiş (o cümlədən, müvəqqəti göndərilmiş, yaxud ezam edilmiş) şəxslər, habelə xüsusi toplanışlara çağırılmış və həmin dövrdə görülən işin növündən və yerindən asılı olmayaraq, göstərilən qəzanın nəticələrinin ləğvi ilə bağlı işlərin görülməsinə cəlb edilmiş hərbi qulluqçular və hərbi vəzifəlilər, habelə köçürmə zonasında xidmət keçmiş daxili işlər orqanlarının rəis və sıravi heyəti.
3. 1987-ci il aprelin 21-dən 1990-cı il dekabrın 31-nə qədər olan dövrdə Slavutiç şəhərinin tikintisində iştirak etmiş şəxslər. İddiaçının Çernobıl AES-də baş vermiş qəzanın aradan qaldırılmasında iştirak etməsi və bununla əlaqədar xəstələnərək ona müvafiq əlillik təyin edilməsi işin mübahisəsiz halıdır. Yuxarıda istinad olunan xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 80-ci maddəsinin 2-ci abzasına əsasən, iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar pensiya almaq hüququna malikdirlər. Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 577 saylı qərarında isə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında çalışanlara əmək haqqının dördqat məbləğində mükafat ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçının iş yeri Sumqayıt Evtikmə Kombinatı tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, X2 AES-də baş vermiş qəzanın fəsadlarının aradan qaldırılmasında iştirak etmiş və ona həmin dövr üzrə 4 qat məbləğində əmək haqqı 9011 rubl ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı əmək pensiyasının yenidən hesablanmasıüçün xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. "Əmək pensiyaları haqqında” Qanuna 2017-ci il 10 mart tarixli Qanunla əlavə edilmiş və 2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş 32.1-1-ci maddəyə əsasən, Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. "Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə (2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş redaksiyada) əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1 -1 -ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Beləliklə, istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Çernobil AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar ÇAES-dəki işə görə əsas iş yerində saxlanan əmək haqqından tam aylarda qazanılmış gəlir toplanaraq, ayların sayına bölünməklə alınan və dördqat əmək haqqı nəzərə alınmaqla alınan əmək haqqı məbləğinin 25,4-ə vurulmaqla müasirləşdirilərək, xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və əmək pensiyası məbləğinin yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi xx.xx.2023-cü il tarix nəzərə alınmaqla xx.xx.2023-cü il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia qismən təmin edilsin. İddiaçı Çernobil AES-də qəzanın nəticələrinin ləğvi ilə əlaqədar ÇAES-dəki işə görə əsas iş yerində saxlanan əmək haqqından tam aylarda qazanılmış gəlir toplanaraq, ayların sayına bölünməklə alınan və dördqat əmək haqqı nəzərə alınmaqla alınan əmək haqqı məbləğinin 25,4-ə vurulmaqla müasirləşdirilərək, xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və əmək pensiyası məbləğinin yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi xx.xx.2023-cü il tarix nəzərə alınmaqla xx.xx.2023-cü il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.
Hakim Vəfa Əzizova