Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1252/2024 19.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi XXX Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “iddiaçının pensiya məbləğinin yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “iddiaçının pensiya məbləğinin yenidən hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1960-cı il tarixdə Zəngilan rayonu, Muğanlı kəndində anadan olmuşdur. Hazırda Zəngilan rayonu, Rəbənd kəndində pasport qeydiyyatında olmaqla, faktiki Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Köhnə sürücülük məktəbi ünvanında yaşayır. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdeh tərəfindən “pensiya məbləğinin hesablanması haqqında” müraciətinə imtina etməsi ilə bağlıdır. Belə ki, cavabdeh təşkilata pensiya məbləğinin hesablanması ilə bağlı müraciət etmiş, cavabdehin 28 iyul 2023-cü il tarixli məktubu ilə müraciətinin icrasından imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki: “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş ərizənizə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajınız və xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 29.205, 30 manat pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanaraq xx.xx.2023-cü il tarixindən 363 manat 60 qəpik müəyyən edilmişdir. Pensiya işinizə daxil olan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən xx.xx.1975-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək əyani təhsil aldığınız illər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək faktiki siğorta stajınız 17 il 2 ay 5 gün olduğu halda, sizə Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Əlavə olaraq bildiririk ki, təqdim edilən xx.xx.2001-ci il tarixində doldurulmuş ******* nömrəli əmək kitabçasında 15 avqust 1979-cu il tarixindən xx.xx.1992-ci il tarixinədək olan dövr Zəngilan RTŞ üzrə şahidçilik aktı əsasında qeyd edildiyi üçün həmin dövrün siğorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Eyni zamanda xx.xx.2023-cü il tarixli müraciətiniz araşdırılarkən sizə yaşa görə əmək pensiyası təyin edilən zaman xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək fərdi hesabınızın siğorta hissəsində qeydə alınmış pensiya kapitalı 29.205,30 manat olduğu halda, 29.434,72 manat nəzərə alınaraq hesablanmışdır. Bu səbəbdən yaşa görə əmək pensiyanızın məbləğində xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək artıqödəmə müəyyən edilmişdir.” Hesab edir ki, cavabdehin imtinası əsassızdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi XXX Nümayəndə iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, idda tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, İddiaçı Zəngilan rayonu Yenikənd orta məktəbində işləməzdən əvvəl tanımışdır, özü isə 1975-ci ildən həmin məktəbdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı 1979-cu ildən 1991-ci il tarixinədək həmin məktəbdə müəllim kimi işləmişdir, o özünün həmin dövrlərdə əmək fəaliyyəti ilə məşğul olmasını, yəni 1977-ci ildən 1994-cü ilədək olan dövrləri məhkəmə qaydasında təsdiqlətmiş, həmin dövrlər əmək stajı kimi qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 ifadəsində bildirmişdir ki, o, Zəngilan rayonu Yenikənd orta məktəbində 1984-cü il tarixindən işləməyə başlamış, iddiaçını da oradan tanımışdır. Belə ki iddiaçı sinif müəllimi kimi işləmişdir. İddiaçı və o həmin məktəbdə 1992-ci ilədək işləmişlər, xanımın həmin dövrlərdə əmək fəaliyyəti ilə məşğul olmasına dair sonuncu qeydi əmək kitabçasında o imzalamış və yazmışdır. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ərizə ilə müraciət etmiş və həmin ərizəyə mərkəzi filialda baxılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2M-171688/2023 nömrəli məktuba əsasən İddiaçı xx.xx.2001-ci il tarixdə doldurulmuş ******* nömrəli əmək kitabçasında xx.xx.1979-cu il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövr əmək kitabçasında Zəngilan RTŞ üzrə şahidçilik aktı (№265 xx.xx.2001-ci il tarixli) əsasında qeyd edildiyi üçün həmin dövrün sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmadığından sözügedən dövlərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanmasının müsbət həlli mümkün olmayacağı bildirilmişdir. Eyni zamanda iddiaçının xx.xx.2023-cü il tarixli müraciəti araşdırılarkən ona yaşa görə əmək pensiyası təyin edilən zaman xx.xx.2006-ci il tarixdən 01,02.2023-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 29.205.30 manat olduğu halda, 29474.72 manat nəzərə alınaraq hesablanmışdır. Bu səbəbdən S,Məmmədovanın yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək artıqödəmə müəyyən edilmişdir. Beləliklə, iddiaçı iddia ərizəsində cavabdehin imtinasının əsassız hesab olunması, qeyd edilən dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 27-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinə yenidən baxıldıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınır. Sözügedən Qanunun 29.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi (o cümlədən bu Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH. Həmin Qanununun 10.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin (BH) məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (xx.xx.2016-cı il tarixə 110 manat müəyyən edilmişdir.) Həmin Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği SH = PSK/T düsturu ilə müəyyən edilir. T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı= 144 ay Sözügedən Qanunun 10.3-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq YH=PYK/T düsturu ilə müəyyən edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən: 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissələrinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilir. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun əsasən: 26.1.2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2.2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 26.3.2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 22-1.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən 365,20 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 39.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son 3 il üçün tutulur. Bildiririk ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 29.205,30 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2023-cü il tarixdən 363,60 manat müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, İddiaçı təqdim etdiyi xx.xx.2001-ci il tarixdə doldurulmuş ******* nömrəli əmək kitabçasında xx.xx.1979-cu il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövr əmək kitabçasında Zəngilan RTŞ üzrə şahidçilik aktı (№265 xx.xx.2001- ci il tarixli) əsasında qeyd edildiyi üçün həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Eyni zamanda bildiririk ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilən zaman xx.xx.2006-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 29.205.30 manat olduğu halda, 29474.72 manat nəzərə alınaraq hesablanmışdır. Nəticədə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək artıqödəmə aşkarlanmışdır. Bildiririk ki, iddiaçının təqdim etdiyi əmək kitabçası sonradan, yəni xx.xx.2001-ci ildə doldurulmuş və xx.xx.1979-cu ildə Yenikənd orta məktəbində işə daxil olması və xx.xx.1992-ci il tarixdə Yenikənd orta məktəbindən işdən azad olması barədə qeydlər şahid ifadəsinə əsaslanmış, heç bir hüquqi əsası mövcud deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 3.2-ci bəndinə əsasən işçinin /şə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında m&lumat tarixi (gün, ay, il) qöstərilməkla bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyqun aparılır. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən əmək müqaviləsinin, əmrin (sərəncamın) itdiyi və saxlanmadığı digər hallarda iş haqqında düzəliş başqa təsdiqedici sənədlərə əsasən aparılır. Şahid ifadələri əsasında əmək kitabçasında düzəlişlər edilməsinə yol verilmir Beləliklə, iddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövr əmək kitabçasında Zəngilan RTŞ üzrə şahidçilik aktı əsasında qeyd edildiyi üçün həmin dövrün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. İddiaçı, İddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surəti; ******* saylı, xx.xx.2001-ci il tarixində qeydə alınmış əmək kitabçasının surəti; X6 Təhsil İdarəsinin 16 noyabr 2023-cü il tarixli məktubu; 003643 saylı, xx.xx.1979-cu il tarixli diplomun surəti; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən iddiaçıya ünvanlanmış 28 iyul 2023-cü il tarixli məktubu və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edibetməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə inzibati iş materiallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırıb, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, İddiaçı xx.xx.1960-cı təvəllüdlü olmaqla, cavabdeh orqan tərəfindən ona xx.xx.2023-cü il tarixdən 363,60 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin cavabadeh tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilən zaman onun xx.xx.1979-xx.xx.1992-ci illərdə Zəngilan rayon Yenikənd tam orta məktəbində işlədiyi dövrlər nəzərə alınmamışdır. İddiaçı bu səbəbdən onun xx.xx.1979xx.xx.1992-ci illərdə Zəngilan rayon Yenikənd tam orta məktəbində işlədiyi dövrlər nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanmasını cavabdeh orqandan xahiş etmişdir. Lakin cavabdeh orqan özünün 28 iyul 2023-cü il tarixli məktubu ilə onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh orqan imtinasının əsası kimi iddiaçının xx.xx.1979-xx.xx.1992-ci illərdə Zəngilan rayon Yenikənd tam orta məktəbində işlədiyi dövrlərin əmək kitabçasında şahid ifadələri əsasında qeydə alınmasını göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmə iddiaçıya yaşa görə pensiya təyini ilə bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»yə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Əmək pensiyaları haqqında Qanunun 31.2-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Cavabdeh orqan iddiaçının sosial sığorta stajını hesablayarkən və ona yaşa görə əmək pensiyası təyin edərkən iddiaçının xx.xx.1979-xx.xx.1992-ci illərdə Zəngilan rayon Yenikənd tam orta məktəbində işlədiyi dövrləri nəzərə almamışdır. Lakin inzibati iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasından və X6 Təhsil İdarəsinin 16 noyabr 2023-cü il tarixli məktubunundan görünür ki, iddiaçı xx.xx.1979-xx.xx.1992-ci illərdə Zəngilan rayon Yenikənd tam orta məktəbində işləmiş və əməkhaqqı almışdır. Göründüyü kimi iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Bundan əlavə iddiaçının xx.xx.1979-xx.xx.1992-ci illərdə Zəngilan rayon Yenikənd tam orta məktəbində işləməsi faktı məhkəmə icraatı zamanı şahid qismində dindirilmiş X5 və X1 şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Bundan başqa müəyyən edilmişdir ki, Zəngilan rayon Məhkəməsinin 27 fevral 2015-ci il tarixli qətnaməsi ilə X3 1975-ci il traixdən 1993-cü il tarixə kimi Zəngilan rayon Yenikənd orta məktəbində müəllim işləməsi faktı müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçıya ona yaşa görə pensiya təyin edilən zaman onun xx.xx.1979-xx.xx.1992-ci illərdə Zəngilan rayon Yenikənd tam orta məktəbində işlədiyi dövrləri nəzərə almasından imtinası tam əsassız olmuşdur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya pensiya İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edilə bilər. İPM-in 12.3-cü maddəsinə görə məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə yuxarıda qeyd olunan hüquq normalarının müqayisəli təhlildən göründüyü kimi cavabdeh tərəfindən qəbul edilmiş 28 aprel 2022-ci il tarixli **********1 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar iddiaçıya münasibətdə akt əlverişsiz inzibati akt olmaqla, iddiaçının konstitusion hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı təyin edilmiş pensiya məbləğinin yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı təyin edilmiş pensiya məbləğinin yenidən hesablanması və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva