Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1253/2025 01.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mərhum şəxsin mülkiyyət hüququnun qeydiyyata alınmasına dair arayışın verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mərhum şəxsin mülkiyyət hüququnun qeydiyyata alınmasına dair arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 1 dekabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Abşeron Rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 27 dekabr 1999-cu il tarixli, 56 nömrəli sərəncamından çıxarışdan görünür ki, vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Abşeron Rayon İcra Hakimiyyəti başçısının 19 iyun 1998-ci il tarixli, 149 saylı sərəncamı ilə Saray qəsəbə icra hakimiyyəti nümayəndəliyinin istifadəsi üçün ayrılmış 24 ha torpaq sahəsinin 187 saylı ərazisinin X10 0,10 ha sahənin ayrılması və yaşayış evinin tikintisinə icazə verilmişdir.
2. Abşeron Rayon Dövlət Arxivinin 5 fevral 2008-ci il tarixli, A/b-N-86 nömrəli məktubu ilə Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə nümayəndəliyi üzrə sərəncamından çıxarışın surəti göndərilmişdir (§1).
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinin 4 fevral 2024-cü il tarixli, 200 nömrəli məktubundan görünür ki, X6 21 oktyabr 2021-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsəsi - atası İddiaçı ərizəsi əsasında V- 195/2022 nömrəli vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 5 aprel 2024-cü il tarixli, 32/332/2-4226/24 nömrəli məktubundan görünür ki, aparılan araşdırma zamanı Abşeron Rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 27 dekabr 1999-cu il tarixli, 56 nömrəli sərəncamından çıxarış ilə vətəndaşa ayrılmış 0,10 ha torpaq sahəsinin ilkin baş planının və təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Həmçinin, təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olması müəyyən edilmişdir. Bundan başqa, sözügedən torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0,10 ha olduğu halda faktiki olaraq torpaq sahəsinin 0,0972 ha hissəsinin istifadəsində olduğu, həmçinin faktiki torpaq sahəsinin bir hissəsinin başqa şəxslərə məxsus sənədlər ilə üstüstə düşdüyü müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
5. Abşeron Rayon Dövlət Arxivinin 4 sentyabr 2024-cü il tarixli, 3-48-1RA/2-596/24 nömrəli məktubundan görünür ki, Abşeron Rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 27 dekabr 1999-cu il tarixli, 56 nömrəli sərəncamında İddiaçı adı aşkar edilməmişdir.
6. Abşeron Rayon Dövlət Arxivinin 17 sentyabr 2025-ci il tarixli, 3-48-1RA/2-1040/25 nömrəli arxiv çıxarışından görünür ki, vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Saray üzümçülük sovxozunun 21 oktyabr 1994-cü il tarixli, 59 saylı əmri ilə qəsəbə daxilində boş, istifadəyə yararsız torpaq sahələri və Abşeron Rayon İcra Hakimiyyətinin 19 iyun 1998-ci il tarixli, 149 saylı sərəncamı ilə Saray qəsəbə İcra nümayəndəliyinin istifadəsi üçün ayrılmış 24 ha torpaq sahəsindən X10 həyətyanı 0,10 ha ölçüdə 187 saylı torpaq sahəsi ayrılmış və həmin ayrılmış sahədə yaşayış evi tikməyə icazə verilmişdir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 3 oktyabr 2025-ci il tarixli, 3-21-3-32/2-16846/2025 nömrəli məktubu ilə torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinin arxiv sənədlərinin təsdiq edilmiş surəti və ortofoto xəritəsindən çıxarışlar qoşma şəklində göndərilmişdir.
8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 7 oktyabr 2025-ci il tarixli, 3-21-3-32/2-17169/2025 nömrəli məktubundan görünür ki, elektron məlumat bazasına əsasən faktiki koordinatlar daxilində yerləşən torpaq sahəsi, **********36 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə üst-üstə düşmür. Lakin faktiki koordinatlar daxilində yerləşən torpaq sahəsi, elektron məlumat bazasına əsasən, JN-1818, JN-3184 və JN-2320V nömrəli dövlət aktlarının sənəd üzrə (elektron məlumat bazasına əsasən) yerləşməsi üst-üstə düşür: - JN 1818 KOD 30800086 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”ndan görünür ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli, 16 nömrəli qərarı ilə X1, X12, X7, X8 0,5 ha torpaq sahəsi verilmişdir. - JN 2320 KOD 30800086 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”ndan görünür ki, Abşeron rayonu 1 saylı Dövlət Notariat Kontorunun 17 iyun 2002-ci il tarixli, 3M/354 və 3M/355 saylı alqı-satqı müqavilələri ilə X4 1 ha torpaq sahəsi satılmışdır. - JN 3184 KOD 30800086 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”ndan görünür ki, Abşeron rayonu 1 saylı Dövlət Notariat Kontorunun 2 oktyabr 2004-cü il tarixli, 4Ə/980 nömrəli alqı-satqı müqaviləsi ilə X13, X3, X9 0,22 ha torpaq sahəsi verilmişdir. - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 30 iyul 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,13 ha torpaq sahəsi X5 xüsusi mülkiyyətindədir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri:
9. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi işin hallarına (§1-4) istinad edilərək onunla əsaslandırılmışdır ki, cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinası qanunsuz və əsassız olmaqla, həm də ədalətsizdir. Belə ki, Abşeron Rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 27 dekabr 1999-cu il tarixli, 56 nömrəli sərəncamından çıxarışa əsasən X10 Abşeron rayonu, Saray qəsəbəsində 0,10 ha torpaq sahəsi ayrılmış və ona yaşayış evi tikməyə icazə verilmişdir. İddiaçının oğlu X6 21 oktyabr 2021-ci il tarixdə vəfat etməsi ilə əlaqədar ərizə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 saylı Bakı “Asan Xidmət” Mərkəzində yerləşən notariat ofisinə ərizə ilə müraciət edilmiş, həmin notariat ofisində vərəsəlik işi də açılmışdır.
11. İddia tələbinin maddi hüquqi əsası kimi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9, 10, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0, 12.1, prosessual hüquqi əsası kimi isə İPMin 73.1-ci maddələrinə istinad olunmuşdur.
12. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Abşeron Rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi icra nümayəndəliyinin 27 dekabr 1999-cu il tarixli, 56 saylı sərəncamı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum oğlu X10 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 4 sentyabr 2024-cü il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.
13. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
14. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri:
15. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti Saray qəsəbəsi üzrə nümayəndəsinin 27 dekabr 1999-cu il tarixli, 56 nömrəli sərəncamından çıxarışla iddiaçıya ayrılmış torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, həmin torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu, hüquq müəyyənedici sənəd üzrə 0,10 ha olduğu halda, faktiki olaraq torpaq sahəsinin 0,0972 ha hissəsinin iddiaçının istifadəsində olduğu, sözügedən torpaq sahəsinin bir hissəsinin başqa şəxslərə məxsus sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşdüyü, idarəyə mərhum X6 adına arayışın verilməsi ilə bağlı müraciət olunmasına baxmayaraq məhkəməyə təqdim edilmiş iddia ərizəsində iddiaçının adına mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsinin qeyd edildiyi müəyyən edilmişdir. c) Tərəflərin iştirakı və izahatları:
16. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.
18. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
19. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
20. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
21. Məhkəmənin 4 sentyabr 2024-cü il tarixli iclasında iştirak etmiş cavabdehin səlahiyyətli nümayəndəsi X14 etiraz dəlillərini müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
22. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
23. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
24. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
26. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-) Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (-)
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur: Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. (-)
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)
Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi (-) 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. (-) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-)
29. TM-in müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
Maddə 55.Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; (-)
Maddə 66.Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
Maddə 67.Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (-)
Maddə 68.Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
30. MM-in müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-)
Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar
139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)
31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
33. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)
Maddə 68. Məhkəmə qərarının əsası
68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
c) Məhkəmənin mövqeyi
34. Məhkəmə proses iştirakçılarının vermiş olduğu izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir.
35. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə, onun mərhum övladı X10 Abşeron Rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 27 dekabr 1999-cu il tarixli, 56 nömrəli sərəncamı əsasında Abşeron rayonu, Saray qəsəbəsində 0,10 ha torpaq sahəsi ayrılmış, üzərində fərdi yaşayış evinin inşa edilməsinə icazə verilmişidr. Qeyd edilən sənədlərin mövcud olduğuna baxmayaraq, cavabdeh tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə arayışın verilməsindən əsassız olaraq imtina edilmişdir.
36. Cavabdeh orqanın etiraz dəlilləri isə aşağıdakılardan ibarətdir: - Abşeron Rayon İcra Hakimiyyəti Saray qəsəbəsi üzrə nümayəndəsinin 27 dekabr 1999-cu il tarixli, 56 nömrəli sərəncamından çıxarışla iddiaçıya ayrılmış torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktı təqdim olunmuş sənədlər toplusuna əlavə edilməmişdir; - torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir; - hüquq müəyyənedici sənəd üzrə 0,10 ha olduğu halda, faktiki olaraq torpaq sahəsinin 0,0972 ha hissəsi iddiaçının istifadəsindədir; - torpaq sahəsinin bir hissəsi başqa şəxslərə məxsus sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşür; - cavabdeh orqana mərhum X6 adına arayışın verilməsi ilə bağlı müraciət olunmasına baxmayaraq, məhkəməyə təqdim edilmiş iddia ərizəsində iddiaçının adına mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsinin qeyd edildiyi müəyyən edilmişdir.
37. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 və 9.1.3-cü maddələrinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi qaydasında aparılır. Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.
38. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata dair iddiaların öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alınarsa qeyd edilməlidir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir.
39. Həmçinin, formalaşmış təcrübəyə əsasən, bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina və etirazına münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər.
40. Bu baxımdan İPM-in 12-ci maddəsinin tələbləri çərçivəsində təqdim edilən sənədlərin mötəbərliyinin yoxlanılması və mübahisəli halların həlli istiqamətində məhkəmə tərəfindən araşdırma aparılaraq aidiyyəti orqanlara sorğular verilmişdir.
41. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Abşeron Rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 27 dekabr 1999-cu il tarixli, 56 nömrəli sərəncamı ilə iddiaçının mərhum oğlu X10 187 nömrəli 0,10 ha torpaq sahəsi ayrılmış, üzərində yaşayış evinin tikintisinə icazə verilmişdir.
42. Məhkəmə prosesi dövründə iddiaçı hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsinin 0,10 ha olduğu halda, faktiki olaraq torpaq sahəsinin 0,0972 ha hissəsi olması ilə bağlı hər hansı bir etirazının olmadığını bildirmişdir.
43. Bu səbəbdən məhkəmə tərəfindən faktiki mövcud olan və iddiaçının da razılaşdığı torpaq sahəsinə münasibətdə araşdırmanın aparılması davam etdirilmişdir.
44. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, faktiki koordinatlar daxilində yerləşən torpaq sahəsi, digər torpaq sahələri ilə üst-üstə düşməsə də, həmin koordinatlar daxilində yerləşən torpaq sahəsi JN-1818, JN-3184 və JN-2320V nömrəli dövlət aktlarının sənəd üzrə yerləşməsi ilə üst-üstə düşür.
45. Məhkəməyə təqdim edilmiş JN 1818 KOD 30800086 dövlət aktına əsasən X1, X12, X7, X8 0,5 ha, JN 2320 KOD 30800086 dövlət aktına əsasən X4 1 ha, JN 3184 KOD 30800086 dövlət aktına əsasən isə X13, X3, X9 0,22 ha torpaq sahələri ayrılmışdır.
46. Göründüyü kimi, məhkəmənin sorğularına cavab olaraq göndərilmiş sənədlər əsasında iddiaçıya müvafiq sənəd üzrə torpaq sahəsinin ayrılması öz təsdiqini tapsa da, JN-1818, JN-3184 və JN-2320V nömrəli dövlət aktları mövcuddur və həmin sənədlər elektron məlumat bazasına görə hazırki mübahisə predmetinin əsası olan torpaq sahəsi ilə üst-üstə düşür.
47. Xüsusilə, bu üç aktdan biri – JN-3184 Aktla bağlı məhkəmə bildirməyi zəruri hesab edir ki, dövlət aktı ilə ayrılmış torpaq sahəsi hal-hazırda 30 iyul 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X5 xüsusi mülkiyyətindədir və torpaq sahəsinin plan-ölçü sənədi tərtib edilmişdir.
48. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
49. Hazırda iddia tələbi Abşeron Rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi icra nümayəndəliyinin 27 dekabr 1999-cu il tarixli, 56 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin faktiki vəziyyətinə uyğun mülkiyyət hüququnun mərhum oğlu X10 məxsus olması barədə arayışın verilməsindən ibarət olduğundan, istər iddianın mümkünlük şərtlərinin yoxlanılması və istərsə də tələbin əsaslı olub-olmaması istiqamətində məhkəmə araşdırması bu istiqamətdə aparılmışdır. Tələbdə qeyd olunmuş sənədlər mübahisələndirilmir, nə də ki aktlarının sənəd üzrə yerləşməsinə dair düzəlişin olunması və ya oxşar tələblərlə bağlı cavabdeh orqana müraciət edilməmişdir.
50. Nəzərə alınmalıdır ki, İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
51. Bununla da məhkəmə, İPM-in 12-ci maddəsinin tələbləri çərçivəsində işi araşdıraraq, toplanmış sübutlara məcmu şəkildə qiymət verərək, qanunvericiliyin normalarını, həmçinin yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə iddia tələbi təmin edilə bilməz.
NƏTİCƏVİ HİSSƏ
52. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova