Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1254/2021 17.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Bakı şəhər 13 saylı Vəkil bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X2 (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində hüquqşünas işləyən, Bakı şəhəri, Azadlıq prospekti 47A) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı qeyri-yaşayış sahəsinə tikinti obyektlərinə verilən koda dair şəhadətnamənin verilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək qeyri yaşayış sahəsinə Tikinti obyektlərinə verilən koda dair Şəhadətnamənin verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4412/2021 saylı 28.04.2021-ci il tarixli qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək izah etdi ki, İddiaçı (VÖEN **********) Abşeron rayonu, Masazır kəndində xüsusi mülkiyyətində olan 0,16 ha torpaq sahəsində 685,54 kvadrat metr tikinti altı sahə, 622,99 kv m ümumi tikinti sahəsi olan anbar binaları və ofis binası (qeyri-yaşayış sahəsi) inşa etmişdir. Abşeron rayon İcra Hakimiyyətinin 16.07.2019-cu il tarixli 131/1 nömrəli “Tikinti obyektinin istismarına” icazə verilmişdir. İddiaçı MMC Abşeron rayonu Masazır kəndində xüsusi mülkiyyətində olan 0,16 ha torpaq sahəsində 685,54 kv m tikintialtı sahə, 622,99 kv m ümumi tikinti sahəsi olan anbar binalarına və ofis binasına (qeyri-yaşayış sahəsinə) dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair Şəhadətnamənin verilməsinə dair ərizəsini cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim etmişdir. Cavabdeh 30 dekabr 2020-ci il tarixli, 05/08-5997 nömrəli məktubu ilə iddiaçıya Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə verilən koda dair Şəhadətnamənin verilməsindən imtina etmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən obyektin tikintisinə verilmiş icazə məktub formasında verilmişdir. Həmin tikintiyə icazə ilə bağlı verilən məktub Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08.12.2016cı il tarixli 495 nömrəli qərarı ilə təsdiq edilmiş “Obyektin tikintisinə icazə” formasına uyğun deyildir. Bu səbəbdən də Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 11.12.2017-ci il tarixli 1877-T nömrəli məktub tikinti işlərinin başlanması üçün əsas ola bilməz. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2015-ci il tarixli nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması” Qaydalarının 4.2-ci bəndinə əsasən tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1 -ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən sözüged tikinti obyektinə dair sənəd və məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün hazırki günə qədər Komitəyə təqdim edilməmişdir. Lakin İddiaçı MMC tərəfindən müvafiq sənədlərin Reyestrə daxil edilməsinə 07.12.2020-ci il tarixdə Komitəyə müraciət edilmişdir. Bu səbəbdən də Komitənin 30.12.2020-ci il tarixli 05/08-5997 nömrəli məktubu ilə imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Məmmədov etiraza uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan : -Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, ”Technoak” MMC 12.12.2017-ci il tarixdə qeydiyyadan keçmişdir. -RX ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayon Masazır kəndində yerləşən torpaq sahəsi İddiaçı MMC-nin xüsusi mülkiyyətindədir. -DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd İddiaçı MMC-yə məxsus 0.16 ha torpaq sahəsi barəsindədir. -Fövqəladə Hallar Nazirliyi X1 Agentliyi Təhlil qrupu tərəfindən tərtib edilmiş 19.08.2020-ci il tarixli rəydən görünür ki, İddiaçı MMC–yə məxsus Abşeron rayon Masasız kəndi ərazisində yerləşən anbar binaların istismara yararlı olması barədə qərar qəbul edilmişdir. -Abşeron rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş tikinti obyektinin istismarına 131/1 saylı 16.07.2019-cu il tarixli icazə sənədindən görünür ki, İddiaçı MMC-yə məxsus Abşeron rayon Masasır kəndi ərazisində yerləşən anbar binaların istismarına icazə verilmişdir. Həmin sənəddə “Tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kofun nömrəsi” qrafası boş saxlanılmışdır. -"xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz layihədən görünür ki, həmin eskiz layihə İddiaçı MMC-yə məxsus mövcud anbar binalarına dair tərtib edilmişdir. -Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 30.12.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı MMC tərəfindən təqdim edilmiş tikinti obyektinin istismarına icazə sənədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2014-cü il tarixli 302 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin istismarına icazə formaları”nın 1 nömərli Əlavəsinə uyğun tərtib edilməmişdir. Belə ki, tikinti obyektinin istismarına icazə sənəndində Tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi qeyd olunmamışdır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2015-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 4.2-ci bəndinə uyğun olaraq tikinti obyektinə dair sənəd və məlumatlar reyestrə daxil edilməsi üçün tikintiyə icazə verən orqan, yəni Abşeron rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilməlidir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.14-cü maddəsinə əsasən tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (qurum) icazədə nəzərdə tutulmuş məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət Reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilir. Həmin Məcəllənin 102.7-ci maddəsinə əsasən tikinti obyektlərinin istismarına icazə verilməsi barədə qərar qəbul edildiyi gündən, habelə məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisinin başa çatması barədə sifarişçi tərəfindən məlumat verildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) 5 iş günü müddətində bu barədə vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət reyestrinə məlumat təqdim etməlidir. Həmin məlumatlar 3 iş günü müddətində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. Şəhərsalma və Tikitni Məcəlləsinin 103.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazədə aşağıdakı məlumatlar nəzərdə tutulur: 103.1.1. tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; 103.1.2. tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası; 103.1.3. tikinti obyektinin istismarına icazənin verildiyi tarix və icazənin nömrəsi; 103.1.4. tikinti obyektinin istismar təyinatı; 103.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri; 103.1.6. Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi. Məcəllənin 103.2-ci maddəsinə əsasən tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tikinti obyektinin istismarına icazədə nəzərdə tutulmuş məlumatları 5 gün müddətində Tikintilərin Dövlət reyestrinə təqdim edir. Bu məlumatlar ən geci 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin rəsmi internet səhifəsində yerləşdirilir. Tikintilərin Dövlət reyestrinin məqsədi tikilən, istismar edilən və sökülən tikinti obyektlərinin, habelə bu Məcəllənin 35-ci maddəsində nəzərdə tutulmuş qadağaların və məhdudiyyətlərin qeydiyyatını aparmaqdan ibarətdir. (104.1) Tikintilərin Dövlət reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır (104.2) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04 sentyabr 2012-ci i ltarixli 695 nömrəli Fərmanının 4.6ıc- bəndinə görə həmin Məcəllənin 32.4-cü maddəsində, 33.3-cü maddəsinin birinci cümləsində, 34.2-ci maddəsində (birinci halda), 44.1-ci (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə, onların ərazilərinə və mühafizə zonalarına münasibətdə isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı ilə) maddəsində (birinci halda), 59.1-ci, 73.1-ci, 104.2-ci maddələrində, 104.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Məhkəmə qeyd edir ki, iddiaçının inşa etdiyi tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində sadalanan tikikililərə aid olmadığından onun inşası üçün icazənin verilməsi zəruri olmuşdur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin : -75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. - 75.8. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. 75.9. Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirmək üçün ekspertiza müəssisəsinə göndərir. 75.10. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə tikintiyə icazədə siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər də nəzərdə tutulur. 75.13. Tikintiyə icazə barədə qərarın əsli və tikinti layihəsinin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanında (qurumda) saxlanılır. Bu qayda barəsində məlumatlandırma icraatının aparıldığı obyektlərin tikinti layihəsinə də şamil edilir. Göstərilən normaların məzmunundan göründüyü kimi müvafiq qanunvericilikdə bütün hallarda tikintiyə icazənin məktub şəklində deyil, müvafiq icra hakimiyyəti orqanının müvafiq qərarı (sərəncamı) əsasında verildiyi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, şəhərsalma və tikinti fəaliyyətini tənzimləyən qanunvericilikdə tikintiyə icazənin məktub şəklində verilməsi nəzərdə tutulmadığlından cavabdehin imtina cavabı əsaslı hesab edilərək iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hesab edir ki, iddianın təmin olunması üçün qanuni əsas müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi İddiaçı MMC-yə verdiyi imtina cavabı mahiyyətcə qanuna zidd olmamışdır. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1254/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1254/2021
17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver