Məhkəmə qərarları › İş №2-1(118)-1254/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1254/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1254/2025 05.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə (Açar sözlər: hərbi xidmət dövründə xəstəliyinə görə vəfat etmiş şəxsin xidmətdə ölmüş hərbi qulluqçuların ümumi siyahısına əlavə edilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə qarşı “hərbi xidmət dövründə xəstəliyinə görə vəfat etmiş şəxsin xidmətdə ölmüş hərbi qulluqçuların ümumi siyahısına əlavə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 5 fevral 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. 15 iyun 1996-cı il tarixli, İV-ЖГ seriyalı, 410546 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X4 15 iyun 1996-cı il tarixdə ölmüşdür.

2. Quba rayon Hərbi Komissarlığının 1997-ci il tarixli arayışından görünür ki, X4 N fevral 1996-cı il tarixdə hərbi xidməti vəzifəsini yerinə yetirərək difteriya xəstəliyinə tutularaq vəfat etmişdir.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Quba rayon Hərbi Komissarlığının 30 iyul 2001-ci il tarixli, 1062 nömrəli arayışından görünür ki, X4 N fevral 1996-cı il tarixdə N saylı hərbi hissə, Gəncə şəhərində hərbi xidməti vəzifəsini yerinə yetirərək difteriya xəstəliyindən həlak olmuşdur.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Quba rayon Hərbi Komissarlığının 28 oktyabr 28 oktyabr 2005-ci il tarixli, H/210 nömrəli arayışından görünür ki, X1 şəhər N saylı hərbi hissənin Hərbi Hospitalında N fevral 1996-cı il tarixdə difteriya xəstəliyindən vəfat etmişdir.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 27 aprel 2021-ci il tarixli, **********9 nömrəli və 11 noyabr 2021-ci il tarixli, **********7 nömrəli “Birdəfəlik ödəmənin verilməsi haqqında” məktublarından görünür ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanın 5-ci hissəsinə əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edilərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir. Bildirilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim edilmiş siyahıda X2 adı aşkar olunmamışdır. Məsələyə aydınlıq gətirilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edilməsi tövsiyə olunmuşdur.

6. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Quba Rayon Şöbəsinin 30 sentyabr 2021-ci il tarixli, 494 nömrəli arayışından görünür ki, X4 26 oktyabr 1995-ci il tarixdə keçmiş Quba rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, N saylı hərbi hissəyə təhvil verilmişdir. N fevral 1996-cı il tarixdə “Kəskin ürək-damar-tənəffüs çatışmamazlığı” səbəbindən vəfat etmişdir.

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 27 oktyabr 2021-ci il tarixli, 1/B-19097 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu X4 N fevral 1996-cı il tarixdə difteriya xəstəliyindən N nömrəli hərbi hissədə (hospitalda) vəfat etmişdir. Şəhid və şəhid ailəsi statusunun verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları” ilə tənzimlənir. Həmin Qaydaların 1.2.6-cı bəndinə müvafiq olaraq atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Odur ki, mərhum X4 hərbi xidmət dövründə xəstəlikdən vəfat etdiyi üçün, ona “şəhid” statusunun verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən hazırda mümkün deyil. Qeyd edilir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin “a” bəndinə əsasən sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda - 100 faiz sığorta (11.000 manat) ödənişi verilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən sığorta ödənişlərinin alınması üçün sığorta edilən, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müvafiq sənədləri təqdim edir. Sığorta edilənin və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən 3 (üç) il keçənədək sığorta orqanlarına müraciət etmək hüququ vardır.

8. Azırbaycan Respublikasının Ədliyyə Nazirliyi Quba Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin 24 fevral 2024-cü il tarixli, 660 nömrəli arayışından görünür ki, 27 fevral 2024cü il tarixli. 8İ-4299 reyestr nömrəli ərizəyə əsasən, X5, İddiaçı və X3 N fevral 1996-cı il tarixdə vəfat etmiş X2 vərəsələri sırasına daxildir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

9. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müddətli hərbi xidmətdə olduğu dövrdə - N fevral 1996-cı il tarixdə difteriya xəstəliyinə tutularaq, vəfat etmiş X2 adının 1997-ci ilin avqustun 2-dək hərbi xidmətdə ölmüş hərbi qulluqçuların ümumi siyahısına əlavə olunaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi işin hallarına istinad edilərək (§1-8) onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı X4 müddətli hərbi xidmətdə olduğu dövrdə - N fevral 1996-cı il tarixdə difteriya xəstəliyinə tutularaq vəfat etmişdir. Lakin indiyə qədər X2 vərəsələrinə onun həqiqi hərbi xidmətdə olduğu zaman ölməsi ilə əlaqədar 11.000 manat sığorta ödənişi ödənilməmişdir. Göstərilənlərlə əlaqədar, X2 vərəsələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müraciətlərə cavab olaraq bildirmişdir ki, 1997-ci ilin avqustun 2-dək hərbi xidmətdə ölmüş hərbi qulluqçuların ümumi siyahısında X2 adı aşkar edilməmişdir.

11. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 12, 16, 25, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 27, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 151, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1, 4.1, 5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” 28 yanvar 2014-cü il tarixli Qərarına, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 8.1.3, 2.2.2, 33.1, 39.1-ci maddələrinə istinad olunmuşdur.

12. Azərbaycan Respublikası İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

13. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbinə dair cavabdehin münasibəti:

14. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

15. Etiraz onunla əsaslandırılmışdır ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş X4 N fevral 1996-cı il tarixdə difteriya xəstəliyindən N nömrəli hərbi hissədə (hospitalda) vəfat etmişdir. Hərbi xidmət dövrü müxtəlif səbəblərdən həlak olmuş şəxslərin adının Fərmanla nəzərdə tutulmuş ümumi siyahıya əlavə edilməsi nəzərdə tutulmadığı üçün, mərhum X2 adının müvafiq siyahıya əlavə edilməsi mümkün olmamışdır.

16. Etiraz maddi hüquqi əsası kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanına, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(102)-546/2020 nömrəli və 1 may 2024-cü il tarixli, 2-1(102)-737/2024 nömrəli Qərarlarına, prosessual hüquqi əsası kimi İPM-in 58.7, 68.2ci maddələrinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

17. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə etmiş, iddia ərizəsində qeyd olunan hallara istinad edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin, izahatında bildirmişdir ki, X4 hərbi xidmət zamanı difteriya xəstəliyindən hərbi hospitalında vəfat etmişdir. Bu barədə hospitaldan ailəsinə məlumat verilmişdir. Eyni zamanda, iş materiallarına əlavə edilmiş arayışlar da bu faktı təsdiq edir. Qeyd etmişdir ki, hərbi qulluqçuların sığortalanmasına dair qanunvericiliyə əsasən hərbi xidmət dövründə öldükdə, həmin şəxs dövlət tərəfindən sığortalanır.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsi ilə təmsil olunmamışdır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

20. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

21. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

22. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

23. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

24. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

25. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

26. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

27. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq

28. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

29. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar;

Maddə 29. Hərbi andiçmə (-) 29.3. Hərbi qulluqçular ancaq hərbi and içdikdən sonra döyüş növbətçiliyinə (döyüş xidmətinə) təyin edilə və ya döyüş tapşırığının yerinə yetirilməsinə cəlb edilə bilərlər və onlara silah və hərbi texnika təhkim oluna bilər.

30. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli, 1 nömrəli Fərmanının müvafiq müddəalarında nəzərdə tutulmuşdur:

1. 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra – birdəfəlik ödəmə) verilsin.

2. Birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

5. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. 5-1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş daxili işlər orqanları əməkdaşlarının siyahısını 2019-cu il fevralın 15-dək müəyyən edib Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.

31. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

32. Məhkəmə tərəflərin mövqelərini, məhkəmə prosesində iddiaçı tərəfin izahatını və iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

33. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə mərhum X4 müddətli hərbi xidmətdə olduğu dövrdə - N fevral 1996-cı il tarixdə difteriya xəstəliyinə tutularaq vəfat etdiyi üçün, o, hərbi xidmətdə ölmüş hərbi qulluqçuların ümumi siyahısına əlavə olunmalıdır.

34. Cavabdeh tərəfin mövqeyinə görə isə hərbi qulluqçu olmuş mərhum X4 N fevral 1996-cı il tarixdə difteriya xəstəliyindən hərbi hissədə (hospitalda) vəfat etməsi halı Fərmanla nəzərdə tutulmuş ümumi siyahıya əlavə edilməsi nəzərdə tutulmadığı üçün tələb təmin edilməməlidir.

35. Məhkəmə qeyd edir ki, adıçəkilən Fərmanın təsir dairəsi qeyri-məhdud deyildir. Fərmanın 1-ci bəndi 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra - birdəfəlik ödəmə) verilməsi ilə bağlı münasibətləri tənzimləyir.

36. Hazırki iş üzə mərhum X2 hərbi qulluqçu olması işin mübahisəsiz halıdır.

37. İşin digər mübahisəsiz halı isə mərhum X2 N fevral 1996-cı il tarixdə difteriya xəstəliyinə tutularaq vəfat etmiş olmasıdır.

38. Göründüyü kimi tələbin əsaslı olub-olmaması “hərbi xidmətdə dövründə hərbi qulluqçu olmuş şəxsin difteriya xəstəliyindən ölməsi” halının Fərmanın təsinə düşüb-düşməməsinin müəyyən edilməsindən aslıdır.

39. Məhkəmə cavabdeh orqanın etirazının dəlili ilə razılaşır, eyni zamanda nəzərə alır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin1999-cu il 24 sentyabr tarıxlı 154 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməsinin 43-cü bəndinə “ç” yarımbəndinə görə, “Xəstəlik (yaralanma, travma, kontuziya, xəsarət) hərbi xidmət dövründə alınmışdır” ifadəsinə aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, habelə şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və həmin orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən və ya yararsızlığına (o cümlədən müvəqqəti yararsızlığına) gətirib çıxaran dərəcəyə çatmışsa; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmət onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti) hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bilavasitə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışdırsa; əgər yaralanma (travma, kontuziya, xəsarət) hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınma şəraiti haqqında sənədlər yoxdursa. ...

40. Normanın məzmunundan da görünür ki, bütün xəstəliklər deyil, yalnız yaralanma, travma, kontuziya, xəsarətlə nəticələnən xəstəliklər “hərbi xidmət dövründə alınmış” xəstəliklər hesab olunur.

41. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hazırkı iddia tələbi təmin oluna bilməz.

NƏTİCƏVİ HİSSƏ

42. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müddətli hərbi xidmətdə olduğu dövrdə - N fevral 1996-cı il tarixdə difteriya xəstəliyinə tutularaq, vəfat etmiş X2 adının 1997-ci ilin avqustun 2-dək hərbi xidmətdə ölmüş hərbi qulluqçuların ümumi siyahısına əlavə olunaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar