Məhkəmə qərarları › İş №2-1(118)-1256/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1256/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1256/2024 03.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması barədə 10 avqust 2023-cü il tarixli 3-17-1/3-3-16565/2023 saylı qərarının ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin iddiaçıya geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iddia qaldıraraq “cavabdeh tərəfindən tərtib edilmiş 08 avqust 2023-cü il tarixli aktın ləğv edilməsi və ondan 9569,69 manatın tutulmasının qadağan edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması barədə 10 avqust 2023cü il tarixli 3-17-1/3-3-16565/2023 saylı qərarının ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin iddiaçıya geri qaytarılması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh orqan 31 iyul 2023-cü il tarixli, 3-17- 1/2-H-172185/2023 saylı məktubla ona bildirmişdir ki, “Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşınızın tamamlandığı xx.xx.2011-ci il tarixində pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşınızın tamamlandığı 14,12.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub”. Qeyd edilən səbəbə görə xx.xx.2023-cü ildə Mərkəzi Filiala dəvət edilmişdir. O, araşdırma ilə əlaqədar olaraq cavabdehə müraciət etmişdir. Müraciətində bildirmişdir ki, “tərtib etdikləri akt əsassızdır. Ona xx.xx.2007-ci ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanununa müvafiq güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Xahiş edirəm nəzərə alasınız”. Cavabdeh 14 avqust 2023-cü il tarixli cavab məktubu ilə ona bildirmişdir ki, artıq ödənilmiş 9569,69 manat əmək pensiyasının tutularaq ödənilməsinə yazılı razılıq verməyinizi xahiş edirlər. O, cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, iddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. 1976-xx.xx.1980-ci ilə qədər Sumqayıt Kimya- Texnologiya Texnikomunda təhsil almış və təyinatla Sumqayıt Üzvi Sintez İB-уэ gənc mütəxəssis kimi işə göndərilmişdir. Həmin müəssisədə hal-hazıra qədər işləyir. May 1982- İyul 1984-cü ildə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1997-ci il tarixinə qədər ümumi iş stajı 21 il, zərərli istehsal sahəsində iş stajı 17 il olmuşdur. AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıya əsasən vətəndaşlar 20 il ümumi iş stajına və 10 il zərərli iş stajına malik olduqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə edirlər. Ona 50 yaşı tamam olan tarixdən, yəni xx.xx.2009-cu ildə güzətli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh orqan tərəfindən iddiaya qarşı yazılı etirazda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13- cü maddəsinin “a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını topladıqda, lakin 50 yaş həddinə dəyişiklikdən sonra çatdıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (52 yaş) uyğun təyin edilməlidir. Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2011 -ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170,00 manat götürülməklə xx.xx.2006- cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 29 il 1 gün təşkil edir. Bununla əlaqədar iddiaçının xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 34,24 manat (29 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 56,08 manat müəyyən edilməklə, üzərinə xx.xx.2006- xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3319,20 manat sığorta kapitalına uyğun 23,05 (3319,20:144) manat və baza hissəsi əlavə edilərək (85,00 manat) xx.xx.2011-ci il tarixinə 164,13 (56,08+23,05+85,00) manat (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinə 214,78 manat) məbləğində əmək pensiyası hesablanmalı olduğu halda, səhvən qanunvericiliyə zidd olaraq ona xx.xx.2009-cu il tarixinə 245,69 manat (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinə 352,47 manat)) məbləğində əmək pensiyası müəyyən edilərək artıq ödənilmişdir. Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2017-ci il tarixinə kişilər 63 il 6 ay) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar olaraq, iddiaçının işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 11372,85 manat sığorta kapitalına uyğun əmək pensiyanın xx.xx.2017-ci il tarixindən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 11372,85 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 141 (63 il 6 ay - 57 il 9 ay=69 ay+(144 ay-72 ay)) aya bölünməklə (11372,85/141=80,66 manat) qanuni əmək pensiyasının (214,78 manat) üzərinə əlavə edilərək (214,78+80,66=295,44 manat (indeksləşdirilərək və Qanunun 26.4- cü maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə 514,61 manat)) ona ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 17882,10 manat sığorta kapitalı qanunvericiliyə zidd olaraq 144 aya bölünərək (17882,10/144=124,18 manat) düzgün olmayan əmək pensiyasının (352,47 manat) üzərinə əlavə edilməklə (352,47+124,18=476,65 manat (indeksləşdirilərək və Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə 818,54 manat)) ona artıq əmək pensiyası ödənilmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 9569,69 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən olunub. Həmçinin iddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 514,61 manat təşkil edir. Eyni zamanda bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1,2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 8 avqust 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmiş, xx.xx.2023-cü il tarixində iddiaçının mülahizələri dinlənilmiş və bu barədə akt tərtib edilmişdir. Həmçinin iddiaçı barəsində xx.xx.2023-cü ildə əmək pensiyasının yenidən hesablanması haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, tərəfimizdən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; “Əmək pensiyasının yenidən hesablanması haqqında” 10 avqust 2023-cü il tarixli, 3-17-1/3-3-16565/2023 saylı qərar və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Qeyd edilməlidir ki, iddiaçının tələbi iki hissədən ibarət olsa da, birinci tələb (“mübahisələndirmə” növündə – “qərarın ləğvi barədə” iddia) əsas, digəri isə, ondan törəmə, asılı tələb kimi çıxış edir. İPM-lə yalnız “mübahisələndirmə” və “məcburetmə” haqqında iddialar üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən 10 avqust 2023-cü il tarixli, 3-17-1/3-3- 16565/2023 saylı qərar iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia müddətinə gəldikdə isə, nəzərə alınmalıdır ki, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını, o cümlədən hazırkı iddia tələblərinin İPM-in 37-ci maddəsi ilə uzlaşmasını nəzərə alaraq, məhkəmə iddianın mümkün sayılması nəticəsinə gəlir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə inzibati iş materiallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırıb, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla, cavabdeh orqan tərəfindən ona 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-16565/2023 saylı qərarla iddiaçıya təyin edilmiş pensiya məbləği azaldılaraq, ona 514 manat 61 qəpik pensiya təyin edilmişdir və iddiaçının aylıq pensiya məbləğindən tutulmalar aparılmışdır. İddiaçı ona təyin edilmiş əmək pensiyasından tutulmaların dayandırılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdehin ona ünvanladığı məktub ilə iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın qəbul etdiyi xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-16565/2023 saylı qərar üzrə inzibati icraat aparılmadığından və qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiya məbləğinin hesablanması zamanı inzibati icraat düzgün aparılmamışdır. Belə ki, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Lakin göründüyü kimi cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul edilən zaman, inzibati orqan tərəfindn inzibati icraatın prinsipləri pozulmuş, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməmiş və işdə onların iştirakını təmin etməmişdir. Həmçinin cavabdeh orqan tərəfindən inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verilməmiş və bu barədə onların mülahizələri dinlənilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd olunan hüquq normalarından göründüyü kimi qanunvericilikdə artıq ödənilmiş pensiyanın geri qaytarılmasının yalnız iki qaydası mövcuddur - tərəfin razılığı ilə inzibati orqanın özü tərəfindən qəbul edilmiş qərar və tərəfin razılıq olmadığı tədqirdə həmin vəsaitin qarşı tərəfdən məhkəmə qaydasında tutulması. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ondan artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı razılığı olmamışdır, nə də artıq ödənilmiş məbləğin tutulması ilə bağlı məhkəmə qərarı da mövcud deyildir. İnzibati iş materiallarından görünür ki, cavabdeh orqan iddiaçıya təyin edilmiş pensiya məbləğini dəfələrlə yenidən hesablamışdır, sonra isə öz mülahizəsi əsasında ödənilən artıq pensiya məbləğini iddiaçının əmək pensiyasından tutmağa başlamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın iddiaçıya ödənilmiş artıq pensiya məbləğini ona təyin edilmiş pensiyadan tutması tamamilə əsassız olmuşdur. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edilə bilər. İPM-in 12.3-cü maddəsinə görə məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə yuxarıda qeyd olunan hüquq normalarının müqayisəli təhlilindən göründüyü kimi cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-16565/2023 saylı qərar iddiaçıya münasibətdə əlverişsiz inzibati akt olmaqla, iddiaçının konstitusion hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3- 3-16565/2023 saylı qərar ləğv edilməli, əvvəlki pensiya məbləği bərpa edilməli və tutulmuş məbləğ iddiaçıya geri qaytarılmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı barəsində cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-16565/2023 saylı qərar ləğv edilsin. İddiaçı əvvəlki pensiya məbləği bərpa edilsin, pensiyasından tutulmuş məbləğ geri qaytarılsın. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar