Məhkəmə qərarları › İş №2-1(118)-1257/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1257/2022

30.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1257/2022 30.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Abşeron-Xızı regional filialına qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, 18 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Abşeron-Xızı regional filialına qarşı iddia qaldıraraq “cavabdehin xx.xx.2022-ci il tarixli, 18 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 325.25 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional Filialı tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli, 18 nömrəli qərara əsasən iddiaçıdan xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş cəmi 4553.50 (dörd min beş yüz əlli üç manat əlli qəpik) manat məbləğində sosial yardım tələb edilərək tələbkarın hesabına ödənilməsi qərara alınmışdır. Aşağıdakı əsaslara görə hesab edir ki, cavabdehin qəbul etdiyi qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, mübahisə predmeti olan qərardan aydın olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 və Audit Departamenti tərəfindən təkrar aparılmış ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı sosial yardım alan ailənin ailə tərkibində uyğunsuzluq aşkar edildiyi (təmsilçinin anası ərizə-bəyannamədə qeyd edilməmişdir) üçün iddiaçıya təyin edilmiş sosial yardımın ödənişi xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. İddiaçıya sosial yardım təyin edilməsi zamanı bilərəkdən yalnış məlumat verilməsi halı olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 və Audit Departamentinin əməkdaşları təkrar yoxlama gələn zaman iddiaçının anasının orada olduğunu müəyyən ediblər. Bununla bağlı iddiaçı yoxlamaya gələn şəxslərə anasının onunla birlikdə yaşamadığını, digər qardaşı X4 ilə birlikdə Sumqayıt şəhəri Yaşıldərə ərazisində Yeni Yaşayış massivində fərdi tikilidə yaşadığını, onun evinə bir neçə saatlıq qonaq gəldiyini bildirmişdir. Cavabdeh inzibatı orqanın əməkdaşları tərəfindən bununla bağlı heç bir araşdırma aparılmamışdır. Halbuki "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Azerbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə dövlət orqanlarının və qurumlarının (bundan sonra - qurumlar) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. İddiaçıya aztəminatlı ailə kimi sosial yardım təyin edilməsi zamanı iddiaçının ailə tərkibi cavabdeh inzibati orqan tərəfindən yoxlanılmış və hər hansı maneə aşkarlanmadığından iddiaçıya ünvanlı sosial yardım təyin olunmuşdur. Qeyd edir ki, mübahisələndirilən qərarı xx.xx.2022-ci il tarixdə almışdır. Bu səbəbdən də iddia verilməsi üçün inzibati prosessual qanunvericilikilə nəzərdə tutulmuş müddəti ötürməmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia tam əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər 325.25 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun Daxili Nəzarət və Audit Departamenti tərəfindən təkrar aparılmış ailənin maddi - məişət şəraitinin müayinəsi zamanı sosial yardım alan ailənin ailə tərkibində uyğunsuzluq aşkar edildiyi (təmsilçinin anası ərizə bəyannamədə qeyd edilməmişdir) üçün İddiaçı təyin edilmiş sosial yardımın ödənişi xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. İddiaçı təyin edilmiş sosial yardım xx.xx.2021-ci il tarixdən sosial yardım ödənişi dayandırıldığından aylar üzrə 325.25 manat heç bir əsas olmadan ödənilmiş 4553.50 manat məbləğin geri tələb edilməsi zərurəti ortaya çıxmışdır. “Ünvanlı Yardım” Alt Sisteminin təqdim etdiyi məlumatlara əsasən R.K.Ramazanova xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə 4553.50 manat vəsait təyin edilərək onun “Kapital” bankda olan kart hesabına köçürülmüşdür. Bu səbəbdən də İddiaçı artıq ödənilmiş vəsaitin geri ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmiş, lakin onun tərəfindən heç bir ödəmə həyata keçirilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 3.1.2-ci bəndinə əsasən, qəbul şöbələri vasitəsilə əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər va kompensasiyalarla bağlı müraciət edən vətəndaşlar tərəfindən təqdim edilən sənədlərin Filialın Pensiya təminatı və Sosial müavinət, təqaüd va kompensasiyaların təyinatını hayata keçirən müvafiq şöbələrinə çatdırılmasını təmin etmək, 3.1.3-ci bəndinə əsasən isə, sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması və bir növdən digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsaslılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 xx.xx.2022-ci il tarixli 18 nömrəli qərarından görünür ki, xx.xx.1987-ci il tarixdə Qərbi Azərbaycan Qafan şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan borclu İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 4553.50 manat məbləğində artıq ödənilmiş cəmi 4553.50 manat məbləğində sosial yardım tələb edilərək 10 gün müddətində Sumqayıt şəhər, 9-cu mikrorayon, Z.Hacıyev 266 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun X2 (bank hesabı AZ 91CTRE**********00********) hesabına ödənilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxs 1 saylı regional ərazi fililalının xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçıya artıq ödənilmiş 4553.50 manat vəsaiti könüllü surətdə dövlət büdcəsinə qaytarması tövsiyə olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya cavabdeh tərəfindən ünvanlı sosial yardım təyin edilmişdir. Sonradan cavabdeh tərəfindən ona təyin edilmiş sosial yardımın ödənişi dayandırılmışdır. İddiaçı təyin edilmiş sosial yardım dayandırıldığından, cavabdeh təşkilat iddiaçıya ödədiyi ümumilikdə 4553.50 manat məbləğin geri qaytarılması haqqında 18 nömrəli, xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. Həmin qərardan narazı qalan iddiaçı qərarın qanunsuz olduğu qənaətinə gələrək məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 18 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən: -10.1 Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. -10.2.Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. -10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. -10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. -10.5. Aztəminatlı ailənin üzvü “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünüməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət ərzində məhdudlaşdırılır. -10.6. Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın (bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlar istisna olmaqla) verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Göründüyü kimi qanunvericilikdə artıq ödənilmiş sosial müavinətin geri qaytarılmasının yalnız iki qaydası mövcuddu r- tərəfin razılığı ilə inzibati orqanın özü tərəfindən qəbul edilmiş qərar və tərəfin razılıq olmadığı təqdirdə həmin vəsaitin qarşı tərəfdən məhkəmə qaydasında tutulması. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ondan artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı razılığı olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın artıq ödənilmiş pulun geri qaytarılması ilə bağlı qərar qəbul edilməsində subyektiv hüququ yoxdur. Beləliklə, cavabdeh təşkilat hazırkı qərarın qəbul edilməsində haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin X2 “Əsassız ödənilmiş sosial yardımın geri qaytarılması” haqqında xx.xx.2022-ci il tarixli, 18 nömrəli qərarı ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin X2 “Əsassız ödənilmiş sosial yardımın geri qaytarılması” haqqında xx.xx.2022-ci il tarixli, 18 nömrəli qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar